Yersiz xoruz banı

 

 

 

Əli qanlı ağsaqqal qəflət, zikr, zakir haqqında bir xeyli danışdıqdan sonra nidanı cümləsinin sonuna mıx kimi vurdu:

... amma yatmaq da lazımdı!

 

Sahibini tapıb, bir az da zarafatyana şikayətlənəndə heç ağlımın ucundan da keçməzdi ki, adam, banladığına görə tutub xoruzun başını kəsər. Yalvar-yaxarlarım da bir işə yaramadı, tutdu xoruzu, çığırda-çığırda saldı ayağının altına. Bıçağını itiləyə-itiləyə işini əsaslandırmağı da unutmadı: bu axmaq (xoruza işarə edirdi) adamları oyatmır, yox, onları yatmağa qoymur!

Düz deyirdi, vallah, düz deyirdi, gecə saat 3-dən səhər saat 8-ə qədər birdüzə banlamaq olar? Haqq olmaq sənə kobud, zalım, bezdirici olmaq bəraəti vermir axı, ay xoruz, ay yazıçı, ay ilahiyyatçı, ay vaiz, insanlara ilin on iki ayı, gecə-gündüz "oyan, oyan!" deyirsən, bəs bu bədbəxtlərin yatmaq ehtiyacı da var axı! Qəfil mənə elə gəldi ki, məsələ bir az da repertuarın yeknəsəqliyi ilə bağlıdı, yəni imanım əziz, bəlkə xoruz fərqli-fərqli ahənglərdə banlamış olsaydı, bu qədər narahatlığa səbəb olmazdı, haçana kimi eyni avazla "quqquli quu!" deyib-durmaq olar, axı, buna beyinmi dözər?!

Başı kəsilmiş xoruz yerdə çabalayır, kişisə söhbətləriylə sanki özünə bəraət qazandırmağa çalışırdı: Təsəvvür edirsən, oğul, neçə vaxtdı fikir verirəm, bizim qonşuluqda yaşayanların az qala hamısı günortaya yaxın dururlar yuxudan, niyə? Bax, bu mərdimazarın ucbatından! Bu yazıqlar gecəni doğru-dürüst yata bilmirlər deyə vaxtında oyana bilmirlər! Demirəm ki, banlamasın, amma ta gecə saat üçdən səhər səkkizə qədər yox da!

Hiss elədim ki, xoruza yazığım gəlir, hətta çabalamasını görüb özümü günahkar da sayıram, dərhal yuxusuz keçirdiyim lənət gecəmi xatırladım; gözümü yummaq istəyirəm, xoruz başlayır, mürgüləyirəm, xoruz banlayır; beynim dağılır, gözlərim qan qoyub, bədənim keyiyib... elə vəziyyətdəyəm ki, xoruzun (oxu: yazıçının) bütün dediklərinin altından gözüyumulu imza ata bilərəm, yetər ki, sussun mən bir az, bir damcı, bir çimdik yatım! Dəhşətdi! Bəs kor-koranə itaət necə yaranır ki? Bəlkə elə o da insanın ən təbii ehtiyacı - yatmaq ehtiyacından yaranır? Bəlkə oxucular yazıçıyla, dinləyicilər vaizlə ona görə belə çün-çerasız, rahat, tez razılaşırlar ki, bu qədər oyaq qalmaqdan gözləri göynəyir onlar bütün danışılanlara "optavoy" "" deyib nəhayət ki, adam balası kimi yatmaq, dincəlmək istəyirlər!

Ana kitabın buyuruşuna baxın:

... dünya payını da unutma!

Yəni ? Yəni oynamaq da, əylənmək , yeri gələndə yatmaq da lazımdı, lazımdı, qardaşım, biz yatmasaq bəs kim oyanacaq?

O gün danışırdılar ki, hansısa istirahət mərkəzinin qapısından belə bir elan asılıbmış: vaxtı işləmək, istirahət vaxtı dincəlmək lazımdı!

Əli qanlı ağsaqqal da, arifmiş-nəymiş, elə bunu dedi; zikrin, zakirin, oyaqlığın, fərqindəliyin fəzilətlərindən bir xeyli danışdıqdan sonra nidanı cümləsinin sonuna mıx kimi vurdu:

... amma yatmaq da lazımdı!

 

 

İlqar KAMİL

 

525-ci qəzet.- 2019.- 6 aprel.-S.17.