80 yaşlı Tofiq İsmayılov   

 

 

 

İki il öncə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda rejissor Tofiq İsmayılovun anım günü keçirilirdi.

 

Rejissorun doğmaları, dostları, həmkarları onun haqqında çox xoş, işıqlı, sevgidolu xatirələr danışırdılar və mən hamı tərəfindən qəbul olunmağın, sevilməyin sirləri haqqında düşünürdüm. Daha doğrusu, o tədbiri də, orda danışılanları da indi, Tofiq İsmayılovun doğum günü ərəfəsində yada saldım və rejissorun həyat yoluna, yaradıcılığına nəzər salıb sirrini tapmağa, anlamağa çalışdım. Nə qədər pafoslu səslənsə də, hər şeyin kökü sevgidir, lap dəqiq söyləsəm, vətənə sevgi. Çünki məhz ürəyi sevgiylə döyünən insan, sənətkar xalqına məxsus sənəti təbliğ etməyə, yeni nəsillərə çatdırmağa çalışar.

Məndən ötrü Tofiq İsmayılov yaradıcılığında bu sevginin, həssaslığın ən ciddi göstəricisi uşaqlara münasibəti, onlarla işləməsi, onlar üçün işləməsidir. Bu mənada  "Şəhərimin daşları", "Gilas ağacı", "Məhəllənin oğlanları", "Mən mahnı bəstələyirəm", "Çarvadarların izi ilə", "Musiqi müəllimi", "Yaz günlərini xəzan yaradır", "Sürəyya", "Babalarımızın torpağı" kimi ekran əsərlərində balacaların dünyasına nüfuz, onların diliylə böyük problemləri, yaxud böyüklərin ağrılarını ifadə son dərəcə təsirlidir. Bu silsilədən "Mən mahnı bəstələyirəm" filmini xüsusi qeyd etmək istərdim. Şəxsən məndə və mənim nəslimdən olan, sənətə, incəsənətə meyli olan bir çox uşaqlarda bu film inam, iradə aşılayıb, onlarda nikbin duyğular yaradıb. Əslində, hadisə son dərəcə məişətvaridir... Səsi olan, şıltaq bir qız mahnı oxumaq, kənddən şəhərə getmək istəyir, atası icazə vermir. Hamı, hər kəs bu istedadı boğmağın, ona qadağa qoymağın günah olduğunu desə də, adi bir kənd kişisi olan ata heç vəchlə razılaşmaq istəmir. Amma nəhayətdə övladının həqiqətən istedadlı olduğunu görüb özü onu şəhərə aparır.

 

Beləliklə, bu film sənətin qələbəsi və eyni zamanda, millətin inkişafı, maariflənməsi haqqındadır. Axı bu mübarizənin yaşı az deyil?! Övladlarının oxumasına, incəsənətlə məşğul olmasına imkan verməmək nə qədər ağrılı olsa da, millətimizin çoxillik problemidir. Və bir çox maarifçilərimizin fəaliyyətində məhz bu məqam, millətə övlad böyütmək, tərbiyələndirmək, şəxsiyyət yetişdirməyin yolunu anlatmaq ideyası üstünlük təşkil edir. Bu mənada "Mən mahnı bəstələyirəm" bizlər, o dövrün uşaqları üçün həmyaşıdımızın qələbəsi idibu film  bizə stimul verirdi, inandırırdı ki, uşaq olsan belə arzuna çata bilərsən. Bu silsilədən adı çəkilən filmlərə indi, artıq böyüklərin gözüylə baxanda bir məziyyəti də hiss edirəm. Azərbaycan kinosunun 120 illiyi münasibətiylə silsilə yazılardan ötrü araşdırma aparanda onu gördüm ki, çağdaş kino sənətimizin ciddi problemlərindən biri də uşaqlardı. Son illərdə çəkilən bəzi filmlərdə rejissorların uşaqları "böyük-böyük" danışdırması, böyüklərin balacaları səsləndirməsi qüsurdu. Amma Tofiq İsmayılovun uşaq qəhrəmanları öz yaşlarında, öz dünyalarında görünürbuna uyğun danışırlar. Ona görə də məncə, rejissorun filmləri bu mənada da məktəbdir. Əslində, məktəbə çevrilmək hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Ancaq görünür, öyrətmək üçün, səbrlə, ardıcıl kiməsə nəyisə izah etmək üçün xüsusi xarakter olmalıdır.

 

Dostları, doğmaları söyləyirlər ki, Tofiq İsmayılov ikinci dəfə həyata gəlsəydim müəllim olardım, özüibtidai sinif müəllimi - deyirmiş. Məncə, bu arzusu onun bütün yaradıcılığından görünən, yaxud onu hərəkətə gətirən detaldır.heç şübhəsiz ki, "Lahıc", "Palçıq vulkanlar", "Çovqan", sənədli, televiziya filmlərində bu xarakter, maarifçi yanaşması daha faydalıdır. Və əlbəttə ki, maarifçilikdən, milli-mənəvi dəyərlərimizin özünəməxsus şəkildə təqdimatından danışanda öz ssenarisi əsasında çəkdiyi "Oxuyur Müslüm Maqomayev" bədii-musiqili tammetrajlı filmini  xatırlamamaq olmaz. Bu ekran əsərində unudulmaz müğənni Müslüm Maqomayevin  aktyorluq istedadı, məharəti də üzə çıxmışdı və bu heç şübhəsiz, birbaşa rejissorun xidməti idi. Dünyanın 85-dən artıq ölkəsində nümayiş etdirilən film haqqında o zamanlar "Pravda" qəzeti yazırdı: "Azərbaycanfilm" studiyasının istehsal etdiyi "Oxuyur Müslüm Maqomayev" filmi Moskvanın 50-dən çox kinoteatrında göstərilmişdir. Tamaşaçılar ssenari müəllifi və rejissor Tofiq İsmayılovun və digər sənətçilərin əməyinə yüksək qiymət verir. Film M.Maqomayevin həyatı və sənəti haqqında seyrçilərdə tam təsəvvür yaradır". "Oxuyur Müslüm Maqomayev" çox az vəsaitlə araya-ərsəyə gəlmişdi, üstəgəl, dövrün də özünəməxsus qadağaları vardı, amma buna baxmayaraq, çox böyük uğur qazandı və Kiyevdə, Minskdə, Leninqradda, Bakıda çoxsaylı tamaşaçı marağına səbəb oldu.

Son zamanlarda istedadla zəhmətin faizi haqqında çox polemikalara şahid oluruq. Məncə, bunlar bir-birindən asılıdırlar - istedadın yoxdursa, zəhmət çəkməyə dəyməz, tənbəlsənsə istedad sənə kömək etməyəcək. Tofiq İsmayılovun sənətkar kimi əsas üstünlüyü bu ikisini birləşdirə bilməsidir. Elə bircə ömrünün Türkiyə illərinə nəzər salanda sənətkarın necə zəhmətkeş olduğunu anlayarıq. 1994-cü ildə Türkiyə Cumhuriyyəti Memar Sinan adına Gözel Sənətlər Universitetinə dəvət alan Tofiq İsmayılov 15 il burda çalışıb, milli kinomuzu təbliğ edib. "Türk Cumhuriyyətləri sinema tarixi" üçcildlik bir ensiklopedik kitabın müəllifi kimi misilsiz işlər görüb. Bu üçcildlikdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə kino sənəti tarixindən, bu ölkələrin filmlərinin təhlili və sənətkarların yaradıcılığından bəhs edib. Bundan başqa, ümumtürk filminin inkişafı, mədəni əlaqələrin yaranması üçüngördüyü təşkilati işlər, tədbirlər, festivallar xüsusi əhəmiyyətə malikdir;  İstanbulda "Türk dünyası kinofestivalları", "Ailə filmləri festivalı", "Fantastik filmlər festivalı", "Ç.Aytmatov əsərlərinin kinofestivalı", "Türk dünya teatro festivalı",  "Türk dünyası opera günləri", "Türk dünyası çağdaş ədəbiyyat günləri", "Türk dünyası ulduzları silsiləsi"ndən "Qara Qarayev", "Üzeyir Hacıbəyov", "Rəsul Rza", "Bəxtiyar Vahabzadə", "Adil İskəndərov", "Anar" günləri və s.

Tofiq İsmayılov yaradıcılığından bəhs edəndə bir mühüm məsələni də vurğulamaq lazımdır. Rejissorun musiqi duyumunu, bəstəkarlarla işləmək məharətini. Təsadüfi deyil ki, filmlərində istifadə olunan bir çox mahnılar, Tofiq Quliyev, Polad Bülbüloğlu kimi bəstəkarların musiqiləri bu gün xalqın malına çevrilib, sevilir. Bu da hər şeydən əvvəl filmlərin xalqa, onun xarakterinə, məişətinə yaxın olmasından irəli gəlir. Akademik Nizami Cəfərov rejissorun yubileyinə yazdığı məqalədə onun çoxqatlı, hərtərəfli istedadını dəqiq qiymətləndirirdi: "Janrından və mövzusundan asılı olmayaraq, onun çəkdiyi filmləri, zəngin yaradıcılığını göz önünə gətirəndə böyük istedada malik Tofiq İsmayılovun hərtərəfli sənət imkanları heyrət doğurur. Bəzilərinin ssenarisini yazdığı, "Babalarımızın torpağı", "Rəqiblər", "Torpağa dönüş", "Gəl" və başqa kino əsərləri çox sevimlidir, köhnəlməyəndir. XX əsrin sonlarının kino mədəniyyət tariximizin nə qədər xoşbəxt, nə qədər bərəkətli olduğu, təbii ki, XXI əsrin bir neçə on il sonrakı yüksəkliklərindən daha aydın görünəcək. Amma bu gün dönüb arxaya baxanda tarixintaleyin bizə münasibətdə necə səxavətli olduğu aydın görünür. Bu baxımdan Tofiq İsmayılov ömrünün 50 ilini sənətə həsr etdiyi dövr olduqca rəngarəng, zəngindir. Onun çoxsahəli yaradıcılığı milli kinomuzun inkişafına yönəlib. Filmlərindəki ehtirasların çarpışması, həyati konfliktlər, yüksək emosionallıq tamaşaçını gərgin vəziyyətdə saxlayır. İstər bədii, istərsə də sənədli filmləri olsun, onun heç bir əsərində artıq, yaxud da nə isə çatışmayan səhnələrə rast gəlmək mümkün deyil. Bu filmlər insanın - görənlərin hissinə və şüuruna eyni dərəcədə təsir göstərir. Çünki həmin ekran əsərlərində ağılla emosiya, beyinlə ürək qırılmaz vəhdət təşkil edir".

Nizami müəllimin bu dəqiq fikrini davam etdirib söyləmək olar ki, məncə, beyinlə ürəyin vəhdəti əslində, həyatla sənətin vəhdəti deməkdir. Yəni yaradıcı insan yaşaya-yaşaya öz işiylə məşğul olursa, gördüyü işdən həyat, həyatından sənət yağırsa, duyulursa, bu, öz bəhrəsini verir. Tofiq İsmayılov haqqında ən çox eşitdiyimoxuduğum fikirlərdən birionun ailəsinə, övladlarına hədsiz bağlılığıdır. Və tez-tez kino, sənət aləminə aid tədbirlərdə gördüyüm həyat yoldaşı Səidə xanıma, qızlarına baxanda mənə elə gəlir ki, bu bağ itməyib, üzülməyib, qırılmayıb. Uşaqlar üçün bir çox əsərlərin, ssenarilərin müəllifi olan Tofiq İsmayılovun ən böyük əsəri elə ailəsi, övladlarıdır. Yadımdadı ki, Aygül xanımın atasının vəfatına həsr etdiyi yazını oxuyanda xeyli təəssirlənmişdim və elə bu yazı da Tofiq İsmayılovun təkcə sənətində yox, öz həyat nümunəsində gerçək ailə dəyərlərini necə qoruduğunu bir daha təsdiq edirdi. Yazıçı Anar rejissorun vəfatından sonra qələmə aldığı "Tofiqin son fədakarlığı" essesində yazır: "Tofiqlə gənclik dostu olmaqdan başqa, həm də qohumuq, qudayıq. Ümumi nəvəmiz, Turalla Sevincin oğlu Rəsulu da nişanlamışdıq. Tofiqin xəstəliyi isə birdən-birə şiddətləndi, artıq çarəsiz və ümidsiz bir vəziyyət yarandı. "Bəlkə toyu təxirə salaq" deyə ona müraciət edəndə qəti şəkildə etiraz etdi. "Elə çıxır ki, mənim ölümümü gözləyirsiz. Mən o toyda iştirak edəcəm və hətta rəqs də edəcəm". Toya gələ bilməsə də, inanılmaz iradəylə toy gününə qədər yaşadı. Martın 16-da bir gözümüz ağlaya-ağlaya, bir gözümüz gülərək, Rəsulla Fidanın toyunu etdik. Toydan görüntüləri videoya çəkib xəstəxanada Tofiqə göstərdilər".

O toy da, Anar müəllimin Tofiq İsmayılovun adından cavanları təbrik etməsi də, bir neçə gün sonra rejissorun dünyasını dəyişməsi də yadımdadı. Və indi bu sətirləri yaza-yaza onu düşünürəm ki, daxilən bütöv adam, şəxsiyyət hər şeyi, həyatı da, ölümü də özünəməxsus şəkildə "yaşayır"... Və məncə, bu məqamda YAŞAYIR sözü yerinə düşür. Çünki elə bu gün Yazıçılar Birliyinin Natəvan klubunda Tofiq İsmayılovun 80 illiyi münasibətiylə keçirilən tədbirdə doğmalarının, dostlarının əsas sözü, fikri bu idi, ailəsinin - Səidə xanımın, qızlarının üzündəki ifadə də onun haqqında keçmiş zamanda düşünmədiklərindən xəbər verirdi. 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 6 aprel.-S.15.