Həyatda heç bir məna yoxdur və
olmayıb da
"Sevdiyim əsər" layihəsində
yazarların, elm, sənət adamlarının çox sevdikləri
əsərlər haqqında söhbət açırıq.
Budəfəki həmsöhbətimiz Xalq
yazıçısı Elçindir.
Elçin müəllimin sevdiyi əsər Migel de
Servantesin "Lamançlı Don Kixot" romanıdır.
- Migel de
Servantesin "Lamançlı Don Kixot" romanı hansı məziyyətlərinə
və bədii keyfiyyətlərinə görə sizin
sevdiyiniz əsərdir?
- Fərid,
mən məziyyət, yaxud keyfiyyət ölçüləri
ilə "Don Kixot" əsərinə yanaşmağı,
onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər
və keyfiyyətlər meyarından çox-çox
yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri
qiymətləndirmək olar, mənim aləmimdəki "Don
Kixot" isə həmin "adilikdən" yüksəkdə
dayanan bir əsərdir.
- Sizcə,
Don Kixot niyə məhz cəngavərlik romanları oxumaqdan
ağlını itirir və döyüşçü olmaq qərarına
gəlir?
- Yox,
burda söhbət ağlını itirməkdən getmir. Sən
hesab edə bilərsən ki, kimsə ağlını itirib,
amma həmin adam üçün onun
düşüncələri çox normal ola bilər. Yəni "Don Kixot" dəli və ya
ağıllı, qüvvətli yaxud zəif olmağın sərhədlərini
müəyyən etməyən bir əsərdir, onun dahiyanəliyi
də elə bundadır.
Bir dəfə
iclasımız gecəyə qədər uzandı,
iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə
də İncəsənət Muzeyinin yanında xətrini istədiyim
görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval
tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən,
haralardasan? Dedi ki, burda yox idim. Soruşdum
ki, hara getmişdin? Cavab verdi ki, səndən
həmişə müsbət dalğalar gəlir, ona görə
də sənə deyə bilərəm. Tam səmimi və
ciddi şəkildə barmağını göyə
uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim
ki, o, bəzən qəribə şeylər
danışır, ona görə də bir söz demədim,
başqa məsələlərdən danışdıq və
sağollaşıb ayrıldıq. Gecə
bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə
idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə
nə var, nə yox, kimləri görürsən? Dedim
bayaq filan yazıçını gördüm. O saat
soruşdu ki, necədi, deyirlər bir az qəribə
olub. Dedim ki, hə, bayaq mənə də deyirdi ki, Merkuriyə
getmişdim. İlyas Əfəndiyev heç nə
demədi, sonra da başqa söhbətə keçdik.
Bir azdan yatmağa gedəndə, birdən dayanıb,
gülümsəyərək: "Bura bax, - dedi, - nə bilirsən,
bəlkə o, elə düz deyir?" Bu
söhbət ona görə yadıma düşdü ki,
ağlı itirmək şərti bir məsələdir,
xüsusən də bu ifadəni Don Kixota şamil eləmək,
mənə görə düzgün deyil. Don
Kixot ağlını itirmir, o etiraz edir - həyata,
yaşayışa, ümumiyyətlə, həyatın
özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə
yox, ümumiyyətlə, həyatın özünə
qarşı.
- Əsərin parodiya kimi qələmə
alınması məsələsinə münasibətiniz necədir?
- XV-XVI əsrdə
İspaniyada cəngavərlik romanları yazmaq dəb idi. Həmin romanların çoxu aşağı səviyyəli
idi. Bu günə gəlib
çatmayıb, yəni tarixin sınağından
çıxmayıblar. Tədqiqatçıların
çoxu deyir ki, "Don Kixot" həmin əsərlərə
parodiya kimi yazılıb, ancaq mənim aləmimdə bu roman
parodiya deyil. Düzü, mən fikirləşirəm
ki, Servantes heç özü də bilməyib ki, o, necə
bir əsəri qələmə alıb, ona elə gəlib
ki, sadəcə, romanlara parodiya yazıb.
- Sizin
müsahibələrinizdən birində oxumuşdum ki,
"Don Kixot"u başqa planetə "göndərmək
istəyirsiniz..."
- Bir dəfə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində mənimlə görüş keçirirdilər.
Onda rəhmətlik Aslan Aslanov həmin
universitetin rektoru idi. Orda mənə sual
verdilər ki, siz başqa bir planetə getsəydiniz, yer
üzündəki həyatı əks etdirən hansı əsəri
özünüzlə aparardınız? Cavab verdim ki,
"Don Kixot"u. Çünki həyat nədir, sevinc nədir,
insan kimdir, yaşamağın mənası nədir, xoşbəxtlik
nədir, bədbəxlik nədir, xəyanət, sədaqət,
məhəbbət və sair nədir? - "Don
Kixot" bu suallara cavab verir: həyat mənasız bir
şeydir. "Don Kixot" deyir ki, bu həyatda
nə varsa - sevincindən tutmuş kədərinəcən -
hamısı nisbi şeylərdir, insanlar illüziyanın
içərisində yaşayırlar və dünyada əbəs
yerə məna axtarırlar, çünki həyatda heç
bir məna yoxdur və olmayıb da. Yəni
yaşayış bünövrədən mənasız bir
şeydir. Ona görə də deyirəm
ki, Servantes özü də bilməyib ki, nə yazıb,
hansı bəşəri suallara cavab verib. Fikir ver, əsərdə insana aid nə varsa,
hamısı saxtadır - sevgi, qəhrəmanlıq, sevinc, məğlubiyyət
- hər şey.
-
Elçin müəllim, sizcə, əsərdə Don Kixotun ən
böyük məğlubiyyəti hansıdır?
- "Don
Kixot"un ən böyük məğlubiyyəti
ölüm ayağında yenidən özünə gəlməsi
və adi bir insana çevrilməsidir. Bu fikir, əlbəttə,
"mənim Don Kixotum"a aiddir. Mariana
Svetayevanın məşhur məqaləsi vardı: "Mənim
Puşkinim". Həmin əsərdə
Svetayeva hər kəsin tanıdığı Puşkindən
fərqli bir Puşkindən danışır. Mənim də "Don Kixot"um kiminsə nəzərindəki
"Don Kixot"a uyğun gəlməyə bilər, bu,
çox normaldır. Yeri gəlmişkən, Mixail
Bulqakovun "Don Kixot" adlı dramı var. Bulqakov
böyük yazıçıdır, söz yox, ancaq o da roman
haqqındakı ümumi fikirdən kənara çıxa bilməyib,
çoxları kimi parodiyalarla bağlı məşhur məsələdə
ilişib qalıb. "Don Kixot" haqqında
yazılan elə bir bədii əsərə rast gəlməmişəm
ki, xoşuma gəlsin. Amma "Don Kixot" barədəki
musiqi əsərlərini bəyənirəm, Xüsusən
Ştrausun "Don Kixot" haqqında simfonik poemasını,
bir də Qara Qarayevin "Don Kixot qravürləri"ni. Qara Qarayev əvvəl o əsəri
Qriqori Kozintsevin "Don Kixot" filmi üçün bəstələmişdi,
sonra onu ayrıca işlədi.
-
Maraqlıdır, niyə bədii ədəbiyyatda yox, musiqidə
"Don Kixot"a müraciətlər sizi sənətkarlıq
baxımından qane edir?
-
Çünki Don Kixot aləminə konkret yanaşmaq
mümkün və düzgün deyil. Mənə
görə "Don Kixot"u məhz qeyri-konkretlik səciyyələndirir.
Musiqi dinləyicinin improvizasiyası
üçün imkan yaradır. Don Kixotun çoxlu
şəkillərini çəkiblər, mən çox rəssamların
bu mövzuda işləri ilə tanışam, amma onların
- həmin rəsm əsərlərinin heç biri mənim aləmimdəki
Don Kixot deyil, Çünki Don Kixotun qeyri-konkret obrazını
tapmaq lazımdır, onun bir qəhrəman, personaj və insan
kimi mahiyyətində qeyri-konkretlik var.
- Sizcə,
Don Kixot bütün etdikləri ilə nəyə nail olmaq istəyir?
- Don Kixot insanları mənasızlıqdan xilas etmək
istəyir və arzusuna da çatmır. Və insanlar
yenə də şərti sevinc və şərti kədərləri
ilə yaşayıb, ölüb, çıxıb gedirlər.
- Bu
yaxınlarda dövri mətbuatda sizin tərcümə və
təqdimatınızda Frans Kafkanın "Don Kixot" barəsində
"Sanço Pansa haqqında həqiqət" adlı
miniatürünü oxudum. Miniatürdə vurğulananlara
münasibətinizi bilmək istərdim...
- Həmin
miniatürdə Kafka yazır ki, "Axşam və gecə
saatları onu rıtsarlardan, quldurlardan bəhs edən
romanlarla əyləndirərək, heç vaxt da bununla
öyünməyən Sanço Pansa, gələcəkdə
Don Kixot adlandıracağı bu əcinnəsini illər boyu
o qədər özündən uzaqlaşdırdı ki, həmin
Don Kixot bir-birinin ardınca divanə hərəkətləri
törətməyə başladı və
sevilib-seçilmiş bir hədəfi olmadığı
üçün - həmin hədəf isə məhz
Sanço Pansa olmalı idi - bu hərəkətlərlə
heç kimə bir zərəri dəymədi. Azad
bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət
hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında
onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən
müşayiət etdi". Kafkanın
fikrincə, Don Kixotu Sanço Pansa yaradıb. Sanço Pansa kimdir? O, qarınqulu, aciz,
boş-boş şeylərdən həzz alan,
adi şeylərdən kədərlənən ibtidai biridir. Bu cür bəsit birinin Don Kixotu yaratmasını
iddia etmək çox təəccüb doğuran, ancaq eyni
zamanda, maraqlı olan bir fikirdir.
-
Norveç Kitab Klubu "Ədəbiyyat tarixinin 100 ən
yaxşı əsəri"ni müəyyən
etmək üçün sorğu keçirib. Sorğuda
50-dən artıq ölkəni təmsil edən 100-dən
çox tanınmış yazar iştirak edib. O cümlədən,
Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera da rəylərini
bildiriblər. Səslərin yarıdan
çoxunu dahi ispan yazıçısı Migel de Servantesin
"Don Kixot" əsəri toplayıb, birinci yeri qazanıb.
İstərdim ayrı-ayrı zövqlərin eyni nöqtədə
birləşməsinin səbəbindən
danışasınız...
- Mən
şübhə eləmirəm ki, o seçimi edənlərin
hərəsinin özünün ayrıca bir "Don
Kixot"u var. Onlardan biri bu əsəri yaxşı parodiya
nümunəsi kimi, digəri hansısa başqa bir, sənin
dediyin həmin məziyyətə, keyfiyyətə görə
qiymətləndirib. Mənim üçün
"Don Kixot" səmavi kitablardan sonra ən böyük əsərdir.
- Cəmiyyət
cəngavərlərdən qurtulsun deyə (həm də)
"Don Kixot" yarandı. Bəs Don Kixotlardan
qurtulmaq üçün necə bir qəhrəman
yaranmalıdı?
- Fərid,
səninlə mənim Don Kixotlarımız bir-birindən fərqlidir.
Mən Don Kixotluqdan xilas olmaq haqqında
düşünmürəm və dünyanın da "Don
Kixot" həqiqətindən qaçası yeri yoxdur.
- Don Kixot hərdən Sanço Pansaya deyir ki,
çalış çox fərman vermə, fərmanın
çoxluğu dövlətin zəifliyindən irəli gəlir. Bu müdrik sözləri
deyən Don Kixot çaxır tuluğunu div bilib deşir,
qırmızı çaxır yerə dağıldıqca isə,
elə hesab edir ki, axan divin qanıdır. Yaxud
karvansaranı qəsr sayıb özünü hidalqo - ispan zadəganı
kimi aparır. Bu paradoksal nümunələrin
sayını artırmaq da mümkündür. Əsərdə
əvvəldən axıracan elə bil, müdrikliklə sadəlövhlüyün
mübarizəsi gedir...
- Sadaladığın məqamlarda söhbət
müdriklik və sadəlövhlükdən getmir, mənim
fikrimcə, reallıq və irreallıqdan gedir. Don Kixotun iki adı və iki
dünyası var - real və irreal. Sonda o, irreal
dünyadan real dünyaya qayıdır və başa
düşür ki, onun bütün zəhməti heç
imiş. Və o, bunu - dünyanın
puç olmasını bizə öz taleyinin timsalında
göstərir.
- Sizə
görə Don Kixotluq nədir: İçində olduğu cəmiyyəti
tanımadan onu dəyişdirmək? Görmədiyi
qadına vurulmaq? Arzuları hesabına
özünü fəda etmək? Ona pislik
edənlərə təmənnasız yaxşılıq etmək?
Bəlkə bunların hamısını
özündə ehtiva edən bəşəri bir dəyər?
- Sualında
sadaladıqlarının heç biri mənim
üçün Don Kixotluq deyil. Xüsusən də
sualının sonunda vurğuladığın "bəşəri
dəyər"i Don Kixot qəbul etmir. Don Kixotluq dərində
gizlədilmiş təhtəlşüur protestdir: insanın
özünü aldatmasına, hisslərin
saxtalığına, dəyərlərin mənasızlığına
qarşı.
-
Bütün məğlubiyyətlərə rəğmən
nikbinliyi zərrəcə əskilməyən bu əsərin
sonunda Don Kixot ölür. İstərdim, aqibətin
labüdlüyündən və ölümün əsərdəki
nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.
- Don Kixot ölmür, ölən Alonso Kexanodur. Əsər
Alonso Kexanonun Don Kixota çevrilməsiylə başlayır və
Don Kixotluqdan yenidən Alonso Kexanoya qayıdır. Don Kixot məğlub olur, ancaq ölmür, ölən
Alonso Kexanodur.
- Xorxo Luis Borxesin
"Don Kixot haqqında magiya" essesində belə bir sual
var: nəyə görə Don Kixotun "Don Kixot"un oxucusu
olması, Hamletin isə "Hamlet"in
tamaşaçısı olması bizi həyəcanlandırır?
Görünür, mən səbəbini tapmışam: bu tip
fikirlər belə bir qənaətə gəlməyimizə
kömək edir ki, uydurma personajlar oxucu və ya
tamaşaçı ola bilərlərsə,
onlarla müqayisədə oxucu və ya tamaşaçı
olan bizlər də, bəlkə, uydurmayıq". Elçin
müəllim, Borxesin Don Kixot haqqındakı bu fikrinə
münasibətinizi bilmək istərdim...
- Borxesin "Magiyalar" silsiləsindən
yazdığı o esse çox məşhurdur və "onun
Don Kixotu" "mənim Don Kixotum"a nisbətən
yaxındır. "Don Kixot"u "Hamlet"lə
müqayisə etməsi təbiidir, çünki onların
arasında yaxınlıq var.
- Bu əsərdə
çoxlu səyahətlər təsvir edilir, ancaq müəllif
romanı həbsxanada qələmə alıb...
- Bu,
prinsipial məsələ deyil, həbsxanada belə azadlıq
haqqında ən gözəl əsəri yazmaq olar. 10-15 il əvvəl çox yorğun idim, məzuniyyətə
çıxıb Kislovodska getdim ki, həm bir az dincəlim, həm
də müalicə alım. Və birdən-birə
başladım silsilə hekayələr yazmağa, özü
də məcburi köçkünlərin həyatı
haqqında. "Bayraqdar"ı, "Qarabağ şikəstəsi"ni yazdım. Onların sonunda
yazdığım məkanı qeyd eləmişdim. O
vaxt mətbuatda qara-guruh kampaniyası başladı ki,
Elçinə baxın, özü Kislovodska gedib, sanatoriyada
dincələ bilir, ancaq qaçqınların həyatından
yazır. Halbuki normal məntiq deyir ki, Azərbaycan
yazıçısı hətta müalicəyə gedəndə
də qaçqınlar haqqında düşünür,
onların həyatından yazır.
- "Bütün dünyada bu əsərdən dərin
və qüvvətli əsər yoxdur, bu, hələlik insan
fikrinin son və ən böyük sözüdür. Bu, insanın
ifadə edə biləcəyi ən acı kinayədir....
...insan dühasının yaratdığı bütün əsərlər
içərisində ən böyük və ən kədərli
kitabdır". Bu fikirləri Dostoyevski "Don Kixot"
əsəri barədə deyirdi...
-
Dostoyevski "Don Kixot"u ona görə sevirdi ki, hər ikisi
- həm Don Kixot, həm də Dostoyevski dünyada baş verənlərin
tənqidlə düzələcəyinə inanmırdı. Onlar bu baxımdan eyni bədii-fəlsəfi yolun
yolçularıdır. Servantes yox ha, Don Kixotla
Dostoyevski.
-
Rejissorlardan bəziləri "Don Kixot"da azadlıq məsələsini
qabardır, digəri insanın reallıq hissini itirməsi məsələsini.
Siz bu əsərin ekran və səhnə həyatında
hansı rakursun qabardılmasını vacib hesab edirsiniz?
- "Don Kixot" haqqında çəkilən filmlərin arasında və gördüyüm tamaşalarda "mənim Don Kixotum" olmayıb.
- Yazıçı olaraq Don Kixotun yaradıcılığınıza təsirini hiss etmisinizmi?
- Bunu konkret olaraq deyə bilmərəm ki, "Don Kixot"dan təsirlənib nəsə yazmışam, ancaq təhtəlşüurumda yəqin ki, hansısa təsiri var. Xüsusən "Baş" romanımda və son hekayələrimdə "Don Kixot"la yaxınlıq hiss edirəm.
- Don Kixotun romantik məhəbbət etiraflarına Dulsineya alma zərbələri ilə cavab verir. Sizcə, müəllif niyə alma simvolundan istifadə edir?
- Bu, çox maraqlı sualdır. Mən bu əsəri tez-tez vərəqləyirəm, amma 2-3 ildən bir yenidən oxuyuram. Sonuncu dəfə - 4-5 il əvvəl "Don Kixot"u yenidən oxuyanda fikrimdən keçdi ki, Həvva Adəmi alma ilə aldadıb. Servantes bəlkə də, alma məsələsini düşünərək yazmayıb, təhtəlşüürun gücü ilə yazıb, istedadı, fəhmi onu həmin məqama aparıb çıxarıb.
- Servantes zamanında İspaniyada zadəganlar üç əsas təbəqəyə bölünürdülər. Yuxarı təbəqə - senyorlar, orta təbəqələr kabalyerolar və aşağı təbəqələr - hidalqolar. Sizcə, müəllif niyə qəhrəmanını hidalqolar arasından seçib?
- Ola bilər ki, türməyə düşməsi, qolunun kəsilməsi, hətta casusluq da etməsi bunda müəyyən rol oynayıb. Servantes macərapərəst bir adam olub və ona görə də əsas qəhrəmanı özünə bab sinifdən seçib.
- Sizcə, Don Kixot əsərinin meydana çıxması ilə, intibahın sevgi, qəhrəmanlıq ideyalarının süquta uğraması arasında əlaqə varmı?
- "Don Kixot" renessansa da yüksəkdən baxan bir
əsərdir.
Don Kixotun nəzərləri ilə renessansa
baxanda, o da illüziyadan başqa bir şey deyil. İnsanın ən üst mərtəbəyə
qalxması, yaxud ən gözəl dövrdə
yaşaması hələ hər şey demək deyil. İnsan o aldanışların fövqündə
dayana bilmir, ona görə də qədim zamanlardan insanın
sevinci həmin sevinc, kədəri həmin kədərdir və
bütün zamanlarda belə olub. Yəni nə dünən
bu gündən yaxşı idi, nə sabah
bu gündən yaxşı olacaq, nə də bu gün
dünəndən və sabahdan gözəldir.
- Siz "Şekspir" pyesində yazırsınız ki, yalanla həqiqətin, dəliliklə ağlın qəti sərhəddini çəkmək mümkün deyil, bunu müəyyən edən meyar, ölçü yoxdur. Bu əsərinizi Don Kixot ideyalarının davamı kimi başa düşmək olarmı?
- Mən
"Şekspir"ə "Don Kixot"un
davamı deməzdim. "Şekspir"ə "mənim Don
Kixotum"un dünyagörüşünə
uyğun ideyaların daşıyıcısı demək daha
düzgün olar.
- İkibaşlılıq, qeyri-müəyyənlik daha
çox postmodernist düşüncəyə məxsusdur, Don
Kixot romanındakı ikibaşlılıq və qeyri-müəyyənlik
onu postmodernist bir əsər saymağa əsas verirmi?
-
Bütün "izm"lərin, mənim aləmimdə, məhdud
dövrü yoxdur. Həmin "izm"lərin
izini klassik ədəbiyyatda görmək olar. Bu mənada,
postmodernizm, bəlkə də, özünü "Don
Kixot"da daha çox ifadə edir, nəinki müasir
postmodernist əsərlərdə.
Söhbətləşdi:
Fərid Hüseyn
525-ci qəzet.- 2019.- 6 aprel.-S.10-11.