"Qələmsiz yazılanlar"a
sözardı
Bir neçə
həftədir, Feysbuk
statuslarımdan seçmələri
"525"in oxucularına təqdim edirəm. Bu müddətdə müxtəlif
səviyyələrdə çoxlu
reaksiyalarla qarşılaşdım.
Statusların qəzetdə dərcinə
münasibət bildirənlərin
arasında sosial şəbəkələrdən şikayətlənənlər də oldu, onun
mənəviyyatımıza vurduğu zərər barədə danışanlar
da. Münasibət bildirənlər içərisində ziyalıların
sosial şəbəkələrdə
fəal olmasını
arzulayanlar da var idi. Bu reaksiyalardan onu da hiss elədim ki, statuslar sosial
şəbəkələrdən uzaq insanlar üçün
daha yeni və maraqlı görünürdü!
On ildir Feysbukdayam! Tvitterdə bir müddət oldum, sonra davam
etmədim. Statusları çap
etdirdiyim ərəfədə
İnstaqrama da girdim - fərqin, üstünlüyün, kəm-kəsirin
görüm deyə.
Feysbuk mənə daha sivil məkan kimi gəldi. İnstaqram hər cür xırdavatın, kimin nəyi var, satışa çıxardığı "tolkuçka"nı xatırlatdı mənə.
Bu tipli bazarda
son dəfə İssık-Kuldan
- "Köçəri oyunları"
yarışlarından geri
dönərkən Bişkek
ətrafında olmuşdum.
Adı da qəribəydi, həm də, təsadüfdənmi,
ya nədənsə, mahiyyəti ilə assosiativ əlaqə doğururdu: "Durdom!"
İnstaqram da buna bənzər bir yerdir - ağız
deyəni qulaq eşitməyən xaotik bir məkan - əsl bazar! "Dünyanın sonu xaosla gələcək"
fikrini İnstaqramda bir də xatırladım.
Qısası, İnstaqramın
düzəlməsi mənə
imkansız göründü
və ümidsizlik doğurdu!
Feysbuk isə, bütün əyər-əskiklərinə baxmayaraq, düzələsi,
normal virtual düşüncə mübadiləsi mərkəzinə
çevrilməsi mümkün
olan bir məkandır! Siyasi maraqlar, məqsədli şərləyici qruplar-trollar,
bəsit fikirlilər daha çox meydan sulasa da,
Feysbukda ciddi, səviyyəli və istedadlı adamların da səsi eşidilir,
sözü diqqəti
cəlb edir! Düzdür,
burada da kölgədə qalan bəzilərinin özünüifadə
imkanları qazanması,
narazıların ürəyini
boşaltması, uğursuzların
kin-küdurət püskürməsi,
içinin xıltını
tökməsi üçün
əlverişli, münasib
şərait var. Bir çoxlarının reallaşmayan
arzularından doğan
qəzəbi, uğur
qazananlara qısqanclığı
burada da aydın hiss olunur. Bununla belə, Feysbukda maraqlı və fərqli fikirlər söyləyən səhifələr,
fəal profillər də - millət vəkilləri, siyasi xadimlər, yaradıcı
adamlar, ziyalılar var və get-gedə da onların
fəallığı artır.
Şəxsən mənim
Feysbukda statuslarını
müntəzəm izləyib
bəyəndiyim profillər
az deyil
və bir çox istedadlı gəncləri də məhz elə Feysbuk vasitəsiylə kəşf etmişəm.
Amma təbii ki, bunların sayının daha da çox
olmasını istərdim.
Statusların qəzetdə dərcinə
davam etməyim və kitab halında
nəşri ilə bağlı fikirlərimin
möhkəmlənməsində və qətiləşməsində
akademik İsa Həbibbəylinin rolunu xüsusi qeyd etmək istəyirəm. Şeirlərimə,
publisistik yazılarıma
böyük diqqət
ayıran, ayrıca haqqımda "Bütün
yönləriylə yaradıcı"
adlı kitab yazan və bununla
yaradıcılıq prosesinden
uzaqlaşmağımı istəmədiyini
deyən İsa müəllim məni bu dəfə də ruhlandırdı! Orxan Pamukun fikrini
bir qədər də inkişaf etdirib bu statusların
yeni bir janr olduğunu söyləməklə və
yazıların davamını
arzulamaqla məni
"Qələmsiz yazılanlar"ın
dərcinə həvəsləndirdi!
"Qələmsiz yazılanlar"ın
ikinci hissəsi isə "sms-esse"lərdən
ibarət olacaq. İndi sms-lər
keçmiş məktubları
əvəz edir, epistolyar janrın ən işlək və müasir variantıdır. Məktublara
nisbətən bəzən
daha lakonik və qısa ola bilər,
amma sms-lər də müasir poçtalyonlar - insan hiss və duyğularını
daşıyan göyərçinlərdir.
Forma dəyişir, duyğular, həyəcanlar,
emosionallıq qalır.
Ümid edirəm ki, “sms-esse”lər də maraqla qarşılanacaq, statuslar kimi müzakirələrə səbəb
olacaq.
Bir daha məni bu yazıların və kitabın çapına həvəsləndirən hörmətli akademik İsa Həbibbəyliyə və fikirlərini, müdrik məsləhətlərini söyləyən bütün dəyərli insanlara təşəkkürümü bildirirəm. Açığı, gözləmədiyim halda, statuslara çoxlu və maraqlı reaksiyalar oldu; Hörmətli Novruz Məmmədov statuslara münasibətini bildirdi və sosial şəbəkələrdə ziyalıların fəal olmasının vacibliyini vurğuladı. Ustad müəllimimiz Şirməmməd Hüseynov bunu "təzə janr" adlandırdı. Hörmətli Anar müəllim, Fikrət müəllim, şair Vaqif Bayatlı Odər öz reaksiyalarını bildirdilər. Statusların bəzilərində akademik Kamal Abdullanın esselərinin təsiri hiss olunurdu və bununla bağlı Kamal müəllimə öz təşəkkürümü çatdırdım. Onun da münasibəti məni mütəəssir etdi. Akademik Muxtar Kazımoğlu maraqlı və mənimçün gözlənilməz olan nüansları qeyd edərək təəccübümə səbəb oldu. Dilçi alim İsmayıl Məmmədov maraqlı mülahizələrini söylədi. Eləcə də xeyli ziyalılar statusları maraqla oxuduqlarını bildirdilər. Hamısı var olsunlar!
İndi isə "Qələmsiz
yazılanlar" kitabı üçün
seçdiyim bu
statusların qəzetdə dərcini dayandırıram. Ola bilsin, gələcəkdə
qəzetin bir neçə sayında
"sms-esse"lərdən də bəzi nümunələri
dərc etdirim. Tam halda isə kitab nəşr
olunanda görüşərik. Amma Feysbukda statuslar davam edəcək.
Fürsətdən istifadə edib
sosial şəbəkələrdən uzaq olan
ziyalılarımızı bu məkana dəvət
edir, onları yeni dövrün innovasiyalarından bəhrələnməyə
və gəlişləri ilə sosial
şəbəkələrə ciddilik,
nizam-düzən sarıdan öz töhfələrini
verməyə çağırıram.
Rəşad MƏCİD
525-ci qəzet.- 2019.- 6 aprel.- S.9.