Görkəmli kinorejissor Tofiq İsmayılovun 80 illik yubileyi keçirildi

 

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda görkəmli kinorejissor ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib.

 

Tədbirdə rejissorun sənət dostları, tanınmış mədəniyyət adamları, yazarlar, sənətkarın ailə üzvləri media nümayəndələri iştirak ediblər.

AYB sədri, Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Tofiq İsmayılov haqqında xatirələrini bölüşüb, rejissorun həyat yaradıcılığı barədə fikirlərini söyləyib. T.İsmayılovu görkəmli kino xadimi kimi qiymətləndirən Anar onun yüksək insani keyfiyyətlərini vurğulayıb. O qeyd edib ki, T.İsmayılovun yubiley tədbirləri ilk olaraq Türkiyədə başlayıb: "Çünki Tofiq İsmayılov uzun müddət orada çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Türkiyədə onu çox sevir, çox yüksək dəyərləndirirlər. Azərbaycanda isə ilk biz burada keçiririk. Çünki o, həm Yazıçılar Birliyinin üzvü idi. O, Azərbaycan ədəbiyyatı, kinosu, sənəti, təhsili, televiziyası üçün çox böyük işlər görüb".

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxışında mərhum sənətkarı yaradıcıdan əlavə, gözəl insan, gözəl ailə başçısı kimi xarakterizə edib. O deyib ki, T.İsmayılov kimi sənətkarlar hər zaman yaşayır.

Xalq artisti, rejissor Eldar Quliyev T.İsmayılovu fəal, ünsiyyətcil, həssas insan, yüksək peşəkarlığa malik kino xadimi kimi səciyyələndirib: "O, çox aktiv, sevən insan idi. Son günlərinə qədər onunla danışanda yenə işlərdən, planlardan danışırdı. Onun "Oxuyur Müslüm Maqomayev" filmi tarixdə əbədi qalacaq. Onun filmləri yaşayır yaşayacaq da. Çünki o, filmlərini sevgiylə, açıq ürəklə çəkirdi". Rejissor deyib ki, T.İsmayılov həyatı çox sevirdi. Amma hər şeydən çox ailəsini sevirdi.

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev mərhum sənətkarla bağlı xatirələrini bölüşüb. Deyib ki, Tofiq İsmayılovun həyata, insana, hətta ən adi detallara çox dərin baxışları vardı. O, sənətə, kinoya, ədəbiyyata böyük məhəbbət bəslədiyi kimi, öz xalqına, türk dünyasına, xüsusən gənc nəslə bir o qədər sevgiylə yanaşardı. Xalq yazıçısı çıxışında yaradıcı insanları xoşbəxt adlandırıb. Çünki onlar ölmürlər, əsərləri yaşadıqca yaşayırlar.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov T.İsmayılovla bağlı xatirələrini, onunla tanışlıqdan, görüşlərdən aldığı təəssüratları paylaşıb, deyib ki, o, özündən sonrakılar üçün əsl örnək idi, hər bir işi, fəaliyyəti ilə sənətə, xalqına faydalı idi.

AYB-nin katibi Nazim İbrahimov T.İsmayılovu Azərbaycanın ən işıqlı, ən peşəkar insanlarından biri kimi xarakterizə edib.

"Oxuyur Müslüm Maqomayev" filmində T.İsmayılovla birgə çalışdığını xatırlayan Xalq rəssamı Rafiz İsmayılov onun haqqında, onun yaradıcılıq prinsipləri barədə danışıb. Rəssam, həmçinin, onun fəaliyyətinin Türkiyə dövründən də söz açıb. Orada Azərbaycan sənətini sevərək və böyük əzmlə təbliğ etdiyini, həm bir insan, həm sənətkar, həm də pedaqoq kimi yüksək keyfiyyətlər sərgilədiyini deyib.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə də mərhum sənətkarı sayğı və sevgi ilə yad edib, onun xatirəsinin əbədi yaşayacağını deyib.

Daha sonra digər qonaqlar T.İsmayılovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan sənətindəki xüsusi yerindən bəhs ediblər.

Mərhum sənətkarın ailəsi ona göstərilən diqqətə görə AYB-nin rəhbərliyinə, Xalq yazıçısı Anarabütün qonaqlara öz təşəkkürlərini bildiriblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 6 aprel.- S.13.