Akademik Nərgiz Paşayeva:
"İdrakın ilhamı mənəvi impulslardan
güc alır"
Martın
25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində
(MDU) "Universitetlər, cəmiyyət
və bəşəriyyətin
gələcəyi" mövzusunda
beynəlxalq forum keçirilib.
1500-ə
yaxın iştirakçı
və qonağın -
Rusiyanın və xarici ölkələrin aparıcı universitetlərinin
rektorlarının və
prezidentlərinin, elmi
təşkilatların, akademik
dairələrin, dövlət
orqanları təmsilçilərinin,
tanınmış alimlərin
və ictimai xadimlərin iştirak etdikləri tədbirdə
MDU-nun rektoru, akademik
Viktor Antonoviç Sadovniçi,
Rusiya Rektorlar İttifaqının vitse-prezidenti,
Privoljsk Federal dairəsi
ali məktəblər
Şurasının sədri,
N.İ.Lobaçevski adına
Nijni Novqorod Dövlət Universitetinin prezidenti Roman Qriqoryeviç
Strongin, Bolqarıstan Elmlər Akademiyasının
sədri, Sofiya Universitetinin rektoru Blaqovest Sendov, Yaponiyanın keçmiş
Baş naziri, siyasətçi, fəlsəfə
doktoru Yokio Xatoyama və digər nüfuzlu elm və təhsil adamları çıxış
edib.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın
forumdakı plenar məruzəsi iştirakçılar
tərəfindən maraq
və rəğbətlə
qarışılanıb.
Məruzənin mətnini oxuculara təqdim edirik.
Təhsil məsələləri çoxcəhətlidir,
birmənalı deyil. İlk baxışdan
belə görünür
ki, tədris prosesinin idarə olunmasının bütün
reseptləri artıq yaradılmışdır. Belə düşünmək olar
ki, hər şey tamamilə aydındır və sadədir - biz bilikləri
toplamalı, ötürməli
və qiymətləndirməliyik.
Bəs, əsas nəticəyə - qazanılan
biliklərin insanın
şüur və təfəkkürünü zənginləşdirdiyi
və maarifləndirdiyi
pozitiv dönüş
nöqtəsinə necə
yetişməli? Axı, sonra
məhz şüur aparıcı olacaq və yalnız o, biliyi bu və
ya digər yolla aparacaqdır. Başqa sözlə, sadəcə,
yalnız konkret mütəxəssis hazırlamaq
deyil, mənəvi-əxlaqi prinsiplərə
və yüksək məziyyətlərə sahib olmaq
üçün insanı
necə öyrətməli,
necə savadlandırmalı?
Bu məsələni tarix kontekstində nəzərdən keçirsək,
tarixən ilkin impulsun və bazanın yalnız bilik deyil, həm
də səbatlı vicdan, dərrakənin gücü və əxlaqın olduğu proseslərin fərqini aydın görə bilərik.
Sovet dönəmində
bizlər - filoloqlar illərlə süni sosrealizm metodologiyasından
istifadə etmişik. "Sovet ədəbiyyatının
optimizmi" prinsipi nəinki saxta elmi formulu, doktrinanı
ehtiva edirdi, həmçinin, bir çox hallarda bu ştamp gənc
insanın beynini pozur, köhnə düşüncə sistemində
yaşayan insanları
barışmaz edirdi.
O zamanlar fərqli düşünən və
fərqli yazan insanların qarşısında
hələ çox maneələr dururdu. Çünki təhrif edilmiş
nəzəri biliklərin
doğurduğu aləm
ədəbiyyatşünaslıq dərslikləri ilə məşdudlaşmır, onlarla
bitmirdi. Vaxtilə bu
qəbildən olan biliklər milyonların şüurunu təhrif emişdi və heç kimin poza bilmədiyi tarazlığı yalnız
ideoloji ehkam, göstəriş və metodologiyalardan real şəkildə
azad olan sələf alimlərin həlledici təsiri bərqərar edirdi.
XXI əsrdə bilik
və təhsil vasitəsilə kütlələrin
şüurunu düzgün
idarə edə biləcəyikmi? Heç də sadə
olmayan bu sualın cavabı, şübhəsiz, müsbət
olmalıdır. Əks halda,
biliklər əsas missiyasından - cəmiyyətin
ləyaqətini, asayişini,
rifahını və inamını təmin etməkdən məhrum olacaqdır. Dünyanın
cari durumunda skeptiklər bu ali prinsipləri
sadəlövh və səmərəsiz adlandıra
bilərlər. Sirr deyil
ki, bəzən belə dayaz düşüncələr bütöv
bir həmfikirlər ordusu toplaya bilir. Təhsil prosesində ən
çətin məsələ
müasir tədrisin dağıdıcı, etinasız
praqmatizmə və praktisizmə yuvarlanmasına
yol verməməkdir.
Qəlb,
insan təbiəti, şəxsiyyət təhsil
sistemində bu çətin prosesin keyfiyyətinə, etibarlılığına
və funksionallığına
zəmanət verilməsinə
təsir edən əsas amillərdir.
İstənilən insan erkən uşaq yaşlarından
real həyati olayların
və durumların heç də birmənalı olmaması,
bəzən isə ağır olması faktı ilə, əvvəlcə, nəzəri,
sonra isə real şəkildə üzləşir. Və bu və ya
digər situasiyada fərdin hərəkət
və əməllərinin
özünütəşkilin və şəxsi intizamın hansı meyarları ilə şərtlənəcəyini heç
kim deyə
bilməz. İdealda, məhz məktəbdə
atılan ilk addımlar,
daha sonra isə biliklərin əldə olunmasına aparan yol, ən
müsbət keyfiyyətlərə
şövqləndirməklə insanı böyük aləmə hazırlamalıdır.
Bu mərhələdə yalnız kitablardakı müdrik fikirlər deyil, bu və
ya digər biliklərin daşıyıcısı
olan insanlarla şəxsi təmas da çox önəmlidir;
onların həyat fəlsəfəsi, baxışları,
daxili aləmləri və prinsipləri çox önəmlidir; təhsil mühitinin özü və onun atmosferi, biliklərin gücünə
inamın ruhu, energetikası önəmlidir.
İnnovasiya əsri olan hazırkı dönəmdə
məhz humanitar elmlər, sosial dəyərə malik elmlər qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Dəqiq elmlərin,
innovativ layihələrin
istənilən nailiyyətləri
və ya uğursuzluqları gec-tez humanitar tərkibli və müxtəlif problemlərlə üzləşir,
kəsişir. Hətta
dahi bir əqlin eyforiyası ali yönümlü
qadağanı pozmaq cazibəsi qarşısında
duruş gətirmədikdə,
humanitar təlimlərin
etik, əxlaqi və mənəvi ehkamları, humanitar elmlərin qiymətləndirmə
meyarları, dəyər
şkalaları əyləc
rolunu oynayır.
Bilirik ki, mütləq şəkildə
hamı üçün
ümumi olan ideyalar mövcud deyil. Bizə o da məlumdur ki, biliklər anadangəlmə
olmur, deməli, mənəvi-əxlaqi prinsiplər
də anadangəlmə
ola bilməz.
Yeni dövr fəlsəfəsində sensualizm
konsepsiyasının müəllifi,
XVII əsr ingilis alimi və mütəfəkkiri
Con Lokk yazırdı:
"Kimdəsə anadangəlmə
ideyalar varsa, həmin şəxsdən
onların necə və nə qədər olduğunu öyrənməyə şad
olardım". Yəni
onlar anadangəlmə
ola bilməz.
Çox
vaxt çılğın
dərk etmə, duyma istəyi, biliklərə meyl hissiyyatı təcrübə,
sensual qavrama sayəsində
meydana çıxır.
Aristotelin fikrincə, "ağıl
qavramağa başlayanda
ideyaları kəsb edir". Fikrimizcə, qavrayışın, ideyaların və mənəvi-əxlaqi qaydaların
ümumiliyi müasir təhsil prosesinin əməli müstəvisində
daha fəal və dərin təzahürünü və
tətbiqini tələb
edən mühüm platformadır. Qlobal baxımdan,
ümumbəşəri intellektual
mühit, məktəblər
və universitetlər,
elmi müəssisələr
müasir dünyanı
bir çox təhdidlərdən qoruyan
adekvat və xilasedici buferin qorunub saxlanmasını təmin edən qüvvələrdir, möhkəm
bazalardır. İnsanlar kin-küdurətdən, qətllərdən
və beynəlxalq intriqalardan beziblər.
Fikrimcə, mənəviyyat yolu ilə saflaşdırılan
şüura və ağıla inamın bilik vasitəsilə dəstəklənməsi müasir
təhsil və elmin əsas vəzifəsidir. Qlobal aləmdə bir-birimizlə
müasir elm və təhsil mühiti vasitəsilə dialoq apara bilib-bilməməyimiz
isə özümüzdən
asılıdır. Biz
istəməzdik ki, gələcək nəsillər
humanitar qavramanın və əldə olunan biliklərin mənəvi dərkinin önəmi barədə mücərrəd və dumanlı təsəvvürlərə
malik olsunlar. Bəzən kitablarda da səhvlər ola bilər.
Müəyyən mərhələdə biliklərin də bu və ya
digər dərəcədə
yanlış olması
mümkündür. İndi bəzən
elektron texnikayla davranmağı uşaqlar
bizə öyrədir.
Lakin mənəvi, yüksələn
dəyərlərin ötürülməsi
prosesi şəxsiyyəti,
gələcək nəsilləri
maarifləndirməyi, onlara
təhsil verməyi özünə vəzifə
seçmiş insanların
üzərinə düşməlidir.
Xəyali səcdəgaha çıxarılmış
bu sakral fikri baş verəcək heç bir yüksək texnoloji inqilab durdura bilməz. Çünki idrakın ilhamı
mənəvi impulslardan
güc alır. Daha çox mənəvilik, estetik tərbiyə, kreativlik, mücərrəd təfəkkür,
təxəyyül, sosial
açıqlıqdan keçən
ağıl fantaziyaları,
həyat sevgisi harmonik şəxsiyyətin
formalaşmasına yardımçı
ola bilər.
O zaman Diogenin gün işığında
yandırdığı fənər
axtarışda olanı
tapacaq.
Bəli,
biz bilirik ki, bütün yollar Məbədə doğru getmir, lakin ona
doğru aparan, Göy ilə Yer qarşısında bəraət qazanmış
Yol bizi bura - Moskva Dövlət
Universitetinə gətirdi!
***
Xatırladaq ki,
bu il fevralın 27-də
MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva
Rusiya Təhsil Akademiyası üzvlərinin
ümumi toplantısında Lomonosov adına MDU-nun rektoru akademik Viktor Sadovniçinin təqdimatı
ilə yekdilliklə akademik (əcnəbi üzv) seçilib. 4 il əvvəl - 2015-ci ildə isə 26 yanvar MDU-nun 260 illiyinin qeyd
olunması zamanı Nərgiz Paşayevaya
universitetin fəxri professoru
adı verilmişdi. Nərgiz xanım bu
münasibətlə demişdi: "Mən
özümü yalnız öz
sahəmin mütəxəssisi deyil,
müəllim, təhsilə xidmət edən bir
insan hiss edirəm. Moskva Dövlət Universitetinin
professoru adı qürurla
səslənir, çünki qlobal akademik dairələrdə
MDU kifayət qədər yüksək yer
tutur".
525-ci qəzet.- 2019.- 6 aprel.- S.8.