Hidayətin "Bu
dünyanın adamları" əsəri
Qırğızıstan səhnəsində
Qırğızstanın paytaxtı Bişkekdə Çingiz Aytmatov adına
Rus Akademik Milli Dram Teatrının səhnəsində hazırlanmış
Hidayətin “Bu dünyanın
adamları” tragikomediyası
uğurla göstərilir.
Tamaşanın premyerasından öncə
çıxış edən
teatrın bədii rəhbəri Akimbek Tekeşov bildirib ki, 1982-ci ildə Hidayətin yazdığı
bu qəmli komediya o vaxtlar televiziya tamaşası kimi təqdim edilib, lakin məlum
mövcud rejim tamaşanı dərhal bağlayaraq təkrar göstərilməsinə icazə
verməyib. Əsərin ən böyük
uğurları Azərbaycan
müstəqilliyini bərpa
etdikdən sonrakı dövrünə təsadüf
edib. Gələn
il 150 illiyi
yubileyini qeyd edən, Müsəlman Şərqinin ilk peşəkar
teatrı Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur
aktyorların ifasında
əsər 116 dəfə
oynanılıb. Qafqazda
ilk rus teatrı olan Səməd Vurğun adına
Azərbaycan Dövlət
Rus Akademik Dram Teatrında uzun illər tamaşa “Mənzil” adı ilə göstərilib. Azərbaycanın digər teatrlarında
da uğurlu tamaşaları var. Həmçinin,
əsər Türkiyənin
məşhur Ankara Bələdiyyə
teatrında səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Valeriy Kraynov, quruluşçu rəssamı
Jumabek Bazarbayev, bəstəkar Azərbaycanın
Xalq artisti Eldar Mansurovdur.
İkihissəli səhnə əsərində
Qırğızıstanın Xalq artistləri Anatoliy Adali, Larisa Lyubomudrova, Əməkdar artist Bolot Tentimışov, teatrın
gənc istedadlı, aparıcı aktyorları
Vladimir Kislyak, Stanislav
Kasyanov, Aleksandr Lebedev,
Vyaçeslav Sova, Olqa Osokina, Mark Qlikman, Viktoriya Şarqunova, Boqdan Stepanyuk, Anastasiya Malkova, Aleksandra Masyaqina və Nikita Salimbayev rol alıblar.
Tamaşaçılar arasında Qırğız
Respublikasında akkreditə
olunmuş diplomatik nümayəndəliklərin başçıları,
Qırğızıstanın tanınmış ictimai və mədəniyyət
xadimləri, görkəmli
ziyalıları, diasporamızın
üzvləri, ən əsas kütləvi informasiya vasitələrinin
nümayəndələri də
olublar.
Səhnə əsərindən çox
böyük zövq aldıqlarını söyləyən
qonaqlar, hadisələr
bir-birini əvəz etdikcə tamaşaçıda
da həyəcanın
artdığını, iki
hissəli tragikomediya janrında qoyulmuş əsərin çox yüksək səviyyədə
hazırlandığını və aktyorların böyük ustalıqla oynadığını vurğulayıblar.
Müəllif premyeradan sonra ərsəyə gətirilən
əsər üçün
peşəkar yaradıcı
kollektivə təşəkkürlərini
bildirib.
Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyasının “Ala-Too 24” proqramında,
həmçinin “NTS”, “ELTR” televiziya kanallarında tamaşadan süjetlər
nümayiş etdirilib. Ölkənin ən populyar qəzeti olan “Veçerniy Bişkek”də
jurnalist Nina Nikipirovanın
“Maskalar yırtıldı”
adlı samballı məqaləsi çap olunub. Bundan başqa, Qırğızıstanın
"Kabar", "For.kg”, “Knews.kg”, “24.kg”
və digər
KİV-ləri bu premyeranı ölkənin
mədəni həyatında
əlamətdar hadisə
kimi təqdim ediblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 10 aprel.- S.13.