Üzbəüz   

 

 

 

"- Bəs, ilk  məhəbbətə həyatınızın  hansı  mərhələsində  düçar  olmusunuz?"

"- Atanız  ananızla  necə  tanış  olub?"

"- Heç fala  baxdırmısınmız?"

"- Sizin  fikrinizcə, qadının  ailə  qurması  mütləqdir?"

"- Toylarda oynayırsınız?"

"- Bəs Heydər Əliyev Ayaz Mütəllibova necə münasibət bəsləyirdi?"

"- Cavanlıqda ateist olmusunuz, bəs  indi?"

"- Ən  çətin  müsahibləriniz  kimlər  olub?  Müsahibə  vermək  istəməyənlər, sualdan  yayınanlar  nəzərdə  tutulur".

"- Uşaqlıqda  hansı  sənətin  ardınca  getməyi  düşünürdüz?"

"-Sonuncu  sual:  Siz  xoşbəxt  insansınızmı?"

Sadaladığım  bu  müraciətlər müxtəlif  zamanlarda, ayrı-ayrı  müxbirlər  tərəfindən millət  vəkili, Dövlət  mükafatı   laureatı Elmira  Axundovaya  verilən  sualların bəlkə    mindən  biridi;  o ki  qaldı bu  sorğuların  müfəssəl  cavablarına, onda  gərək E.Axundovanın hələ  ki,  kitab  dükanlarında   olan  "Həmkarlarımla  üz-üzə"  kitabını alıb  oxuyasınız. Onun  həyatı - çox  da  uzun  olmayan  bir  zaman  kəsiyində - həm  siyasət,  həm də  publisistika - ədəbiyyat  aləmində parlaması  örnəkdir. Hansı  cavan  ona  oxşamaq  istəməz  ki?

E.Axundova  ulu  öndərimiz  Heydər  Əliyev haqqında  romanlar  silsiləsi yaratsa da,  onun laiyqli davamçısı - prezidentimiz İlham  Əliyev, həyatdan  erkən getmiş  ziyalı, deputat,  ulu  öndərin  mərhum silahdaşı Əjdər  Xanbababyev  haqqında  əsərlər qələmə alsa  da, Zərifə  Salahova    Qalina  Mikeladzenin  tərtib  etdikləri "Epik  layihənin  vüsəti" kitabçasını  nəzərə  almasaq, onun  zəngin  həyat  yolu    şəxsiyyəti  haqqında hələ  araşdırılma  aparılmayıb. Amma "Həmkarlarımla  üz-üzə"  kitabında toplanmış  müsahibələr (25 çap  vərəqi  həcmində)  bu boşluğu  müəyyən qədər  doldurur. Sözün açığı,  mən məhz  bu  mənbədən  bəhrələnəndən  sonra  qərara  aldım  ki, düşüncələrimi  paylaşım.

Elmira  xanım  heç  bir  sualdan  qaçmır,  ən  naqolay  sorğular  belə  onu  diksindirmir. Hətta, ilk  məhəbbətlə  bağlı  sualı da  soyuqqanlı  qarşılayır. "Bəli,  yeddinci  sinifdə  oxuyanda,  bir  doqquzuncu  sinif  şagirdinə  vurulmuşdum" deyir. Məncə,  məhz bu  sayaq  səmimiyyətinə  görə,  mən    bu  müsahibələrin  heç  birinə  biganə  qala  bilmədim.

Lap erkən yaşlarında məhlədə  doğmaları ilə top-top  oynayanda, ondan  tələb  olunurdu  ki, qapını qorusun. O, bunu  bacardı. Valideynləri  istəyirdilər  ki, o da  məktəbdə qardaşları, bacısı kimi əlaçı olsun. O, bunun da öhdəsindən gəldi. Xoreoqrafiya məşqlərindən çıxandan  sonra  üzgüçülük hovuzuna  ona  görə  tələsirdi  ki,  gələcəkdə  ulduz  balerina  olmaq  üçün  tam  kompleksə  yiyələnsin. Amma qəfildən gözlərində problem  yarananda  ən  böyük  arzusu  ilə  vidalaşmalı  olur. Bakıda  orta  məktəbi  bitirəndə böyük  qardaşları, bacısı kimi ali məktəbə  Moskvada  daxil  olmaq niyyətində  idi,  amma istəkli  atasının tələbi bu  istəyinin də  üstündən  xətt   çəkir. Etirazını  "acıq"  etməklə, peşə  məktəbinə (stenoqrafçılıq  kursuna)  girməklə  bildirir. Amma  bu  gün  Elmira  xanım  buna  da peşman  deyil. Hətta müsahibələrinin  birində   yarızarafat  deyir  ki, heç  bir  işi olmasa,  kompüterdə yığıcı  işləyər. Bəlkə  ... Axı, o, səbrli insandır. Hətta qəfil  lik  məhəbbət  iztirablarında  da səbr,  dözüm  nümayiş etdirib; duyğu  ilə  düşüncənin  savaşında ikinciyə üstünlük verib.

"Leyli və Məcnun"  içində  olmaqla, digər məhəbbət  dastanlarına  da can  qurban, amma reallıq  başqa  şeydir. Moskvada  yaşayan    rus  dilində  yaradan soydaşımız son  hekayələrindən  birində etik  çərçivələrə  bir  qədər  başqa  səmtdən  nəzər  salaraq  yazır  ki, nigah kimi müqəddəs bir  səddi sevgi  kimi  ötəri  bir  duyğuya  qurban  vermək şərəf  gətirməz. Bu, 60  yaşını  haqlamış  peşəkar  yazıçının  müşahidəsidir, amma  Elmira  xanımın müsaibəsindən  görünür ki, o, bu qənaətə elə orta məktəbdə  oxuyanda  gəlib. Örnəkdir, ya yox?

Müsahibələrdən  məlum   olur  ki, ADU-nu  fərqlənmə  diplomu  ilə  bitirib və  Az.TV-də  "Ekran"  yaradıcılıq  birliyində  işləməyə  başlayıb və burda  gələcək  ömür-gtün  yoldaşı,  tanınmış  rejissor  Ramiz Axundovla  qarşılaşıb. Hələ  balerina sevdası yuxularından  çıxmayan Elmira xanımın seçim  etməyə    qədər  şansı  olsa  da, özündən on altı yaş  böyük rejissoru  seçib. Etiraf  edir  ki, hökm  ürəkdən gəlib. İnanmamaq mümkün  deyil.

Mənim  yadımdadır, AYB-də Mirzə İbrahimov da, İmran Qasımov da, İsmayıl  Şıxlı  da  ona  son  dərəcə  nəzakətlə  yanaşırdılar.   idi  səbəbi? Onun  işgüzarlığı və məsuliyyət  duyğusu.

Namizədlik  dissertasiyasını Mirzə Cəlildən  yazması növbəti  uğurlu  seçimi  idi. Bundan  sonra   özünü  həmişə  Mirzə Cəlil sevənlərin, böyük  mütəfəkkiri  araşdıranların  çevrəsində   gördü. Bu dairə isə çox  geniş idi. Sonralar  həyatında  müstəsna  rol  oynamış İsa  Həbibbəyli ilə  də bu  dairədə  tanış  olur.

1989-91-ci  illərdə Sovetlər iflasa  uğrayanda və  bir  çoxlarımız (mən    içində olmaqla) cəmiyyətdə  özümüzə  yer   tapmayanda, Elmira  xanım  daha  əngin  üfüqlərdə  göründü; səsi Almaniyadan - "Azadlıq" radiosundan, "Literaturnaya  qazeta"dan, Rusiyanın müstəqil  qəzetlərindən  gəldi və  Heydər Əliyevin də diqqətini  bu  üfüqlərdə  çəkdi.

Müsahibələrdə  son  dərəcə həssas  məqamlar var. Müxbir  ittiham  edir; deyir  ki,  siz prezident  Elçibəyi bir dəfə də olsun,  tənqid  etməmisiniz. Və səbəbini  soruşur. Elmira  xanım  deyir  ki, prezident  ölkənin  simvolu - rəmzidir, onu  tənqid  etmək  olmaz. Yeri  gəlmişkən, prezidentlik  səlahiyyənin  uzadılması  ilə  bağlı verilən  "naqolay"  suala  da Elmira  xanımın  cavabı  diqqət  çəkir: "Müharibə  şəraitində həm  parlamentin, həm    prezidentin səlahiyyəti uzadıla  bilər".

"Həmkarlarımla  üz-üzə"  kitabı barəsində  iradlarımı da bildirməyə  ehtiyac  duyuram. Bu  nəfis toplunun təxminən üçdə biri Azərbaycan  dilindədir,  yerdə  qalanı  rusca. Bəyəm  rusca  mətnləri  ana  dilimizə  çevirtdirmək olmazdımı? Bu həqiqətdir  ki, bu  gün  rus  məktəblərində  oxuyan   azərbaycanlıları nəzərə  almasaq, gənc nəsil  rus  dilini  bilmir, çünki  ehtiyac  daha  çox  digər  əcnəbi  dillərədir.

Güman  eləyirəm  ki, "Həmkarlarımla  üz-üzə" kitabının  gələcək   müfəssəl  nəşrində  mənim bu  iradlarım nəzərə  alınacaq və  şübhəsiz  orijinalı  rus  dilində  olan  müsahibələri tərcümə  etdirən  bir  qurum  da  tapılacaq.

Kitabı  oxuyub  başa çıxandan  sonra  bir    vərəqləyərkən gördüm  ki, bu  faydalı  yazılar Elmira  xanımın deputat  həmkarlarının maddi  dəstəyi  ilə  çap  olunub. Bu    dərəcədə  yaxşıdır,  söyləmək  istəməzdim. Amma  rəhmətlik  Maqsud İbrahimbəyov deyirdi  ki, "Bü-   tün yaxşılıqlara  ölüm!" Məncə, "Həmkarlarımla  üz-üzə"  kitabı  kimi  ümummilli  yazıların  nəşrinə dövlət  qurumları  yiyə  durmalıdır.

Əgər  dövlət  qurumları Dövlət  mükatı laureatının, deputatın   əlyazmasına da sahib çıxmırsa, bunun  adını    qoymaq  olar, görəsən? Məncə, bu  gün Elmira  xanımın  verdiyi  müsahibələrin  tərcümə olunması  da  dövlət  əhəmiyyətli işdir. Axı,  bu  müsahibələr  yeni  nəslə  ünvanlanıb: oxu, bala, oxu,  seçimini  elə.

Bəli, "Həmkarlarımla  üz-üzə"  kitabı  örnək  bir  ömür  yoludur. Yolundan  caymamaq, caydırmamaq  istəyirsənsə, bu  yola  bələd  olmalısan.

Bir  neçə  kəlmə  də, ümumiyyətlə,  müsahibə  janrı  haqqında. Mən 50 illik  qələm  təcrübəsi  olan bir  qələm  sahibi  kimi intervyünü   jurnalistikanın ən çevik janrı  bilirəm və  sevimli  qəzetim  "525"- in hər  sayında  müsahibə  görmək  istəyirəm. Burda  mətləb  daha tez  hasil  olur. Çünki  qarşı  tərəflə  üzbəüzsən: sən  səviyyəni  sualınla  ortaya  qoyursan, qarşı  tərəfin    səviyyəsi bu sorğunun  cavabıyla  üzə  çıxır. Bunu  hardasa,  duelə bənzətmək olar. Amma heç  bir  jurnalist  həmkarımı  məğlub  görmək  istəməzdim. Yeri  gəlmişkən, Elmira  xanımı bu məkanda  həmişə qalib görmüşəm və o, jurnalistika  janrlarında müsahibə  ustasıdır. Onun  ulu  öndərimiz Heydər  Əliyev  haqqında  beşcildlik  roman-epopeyası  da bu  janrın  üstündə  qurulub. Elmira  xanım, ümumiyyətlə,  təfsilatçılıqdan  uzaqdır. Müsahibə  janrında isə birbaşa  mətləbə  gəlirsən. Elmira  xanım  kimlərdən  müsahibə  almayıb? Dindirilməsi  müşkül  güman  edilən hansı   məmurları  dindirməyib?  Buna əmin olmaq  üçün  uzağa  getmək  lazım  deyil, "Şəxsiyyət    zaman: Heydər  Əliyev" roman-epopeyasını  sadəcə vərəqləmək  kifayətdir.

Bu  söhbətin  əvvəlində vurğuladım  ki, E.Axundova haqqında  kitab  yazmağın vaxtı çatıb. Gələcək  müəllifə ilkin ünvanı da nişan verə bilərəm: "Həmkarlarımla üz-üzə" kitabı. Yazıların  birindən bəlli olur  ki, Elmira  xanım hələ sovet  dönəmində Bakı körfəzində gəmi   saxlayırmış və  münasib  havalarda Xəzərin yaxın, uzaq adalarına həyat  yoldaşı  ilə  birlikdə səfərlərə çıxırmış. Bu səyahətlərin birində qəfildən  külək başlayır və  bir  kayut, bir  xırda  mətbəxdən ibarət olan bu gəmi  gilə  oturur. Bu elə  bir ada idi  ki, buraya  aylarla gəmi, qayıq  yan  almırmış, insan nəfəsi dəymirmiş.  Bəs  onlar  necə  xilas  olur? Bu  sualın  da  müfəssəl  cavabı  "Həmkarlarımla  üz-üzə"  kitabında  yer  alıb. Bu  məqam,   həm də E.Axundovanın   həyatını araşdıran  müəllif  üçün  astana  ola  bilər. Naçar  qalmış  cavan  ailə,  kayutda  dünyadan  xəbərsiz  uyuyan  körpə,  gilə  oturmuş  yaxta və  haçan  səngiyəcəyi  bəlli  olmayan  külək.

Əlbəttə, indiki  kimi  mobil  telefon  şəbəkəsi  mövcud  olsaydı, kimisə  koməyə   çağıra  bilərdin... Amma  burda  iki  əlindən və  düşünən  beynindən  başqa yardımçı  yoxdur.

"Siz  xoşbəxtsinizmi?"  Bu  ənənəvi bir  sualdır və  bu  sorğuyla kimi  dindirirsən-dindir, cavabı  maraq  doğuracaq. Elmira xanımın  cavabı  da gözlənilməz  deyil,  amma  məntiqə  əsaslanır. "Əgər Şuşa  düşmən  tapdağındadırsa, tam  xoşbəxtlikdən  necə  danışmaq  olar?"   hiss  edirsən  ki, içdən  gələn  bir  sözdür,  ürək  sözüdür. Müsahib bu  sözü  belə  xırdalayır: "Yalnız  müəyyən  anlarda,  dəqiqələrdə - gözəl bir  əsər  oxuyanda, həssas  bir  filmə  baxanda - xoşbəxt anlar  yaşamaq  mümkündür". Həyat  həmişə  üzünə  gülmür. Tam  təminatın  isə  bəlkə    xoşbəxtliyə  heç  bir  dəxli  yoxdur.

Müsahibələrin  birindən  isə  məlum olur  ki, iki  dəfə  ulu  öndərdən  yüksək  məmur  vəzifəsinə   dəvət  alıb. Bəs  nəticəsi? "Həmkarlarımla  üz-üzə"  kitabında bu  müəmmanın  da cavabı kufayət qədər  işıqlandırılıb.

Beləcə  "Həmkarlarımla  üz-üzə"  kitabını   qatlayıb  qoyuram  bir  tərəfə. Amma  Xəzərin  uzaq,  kimsəsiz  adasında  gilə  oturmuş  yaxta və  onun   biri  körpə  uşaq  olmaqla  iki  sərnişini  ğözlərim  önündən  çəkilmir. Bəs, onlar  necə  xilas  olub? Elmira  xanım  bunu  təfsilatı  ilə   açıqlamır, amma  inanclı  insan  olmasından  danışır. Elə  bu  inanc  da  onu  müqəddəs  ziyarətə  aparmayıbmı? Özü də Heydər  Əliyevin  "komandasında". Sanki o bilirmiş  ki,  gün  gələcək,  bütün  bunları  yazıya alacaq və ulu  öndər  haqqında  beşcildlik roman-epopeya  tamamlayacaq.

Fikirləşirəm  ki, yeniyetmə  yaşında gözlərində  problem  yaranmasaydı, o, yəqin ki,  arzularının arxasınca gedib balerina  olacaqdı. Bəs sonra? Bu zəngin insan  teatr  səhnəsində  haçansa siyasət səhnəsindəki  yerini  görə biləcəkdimi? Kim  bilir.

Bir çoxları (xüsusən  vəzifə  adamları) müsahibədən  yayınmaq  istəyirlər. Çox  güman,  fikirləşirlər  ki,  niyə  ağrımayan  başımıza  dəsmal  bağlayaq, axı? Məlum  olur  ki, siyasi  büro  üzvü Yeqor Liqaçov, böyük  kürsü  sahibi  Nikolay Rıjkov, həmçinin, yenidənqurmanın  dırnaqarası  memarı Aleksandr Yakovlev müsahibədən  qaçırmışlar. Amma  nəticə  göz  qabağındadır: Elmira  xanım  onların  üçünü  də (başqa  çətin  müsahibləri  sadalamaq  istəmirəm) necə  lazımdır,  danışdıra  bilib. Məncə,  bu,  jurnalist  şücaətidir.

Təbii  ki, Elmira  xanımın  həmkarlarından  biri də mənəm və  ola bilsin  ki, haçansa  mən    onu  suallarla dindirdim.  Təbii  ki, yeni, zəruri   suallar meydana gələrsə... Hətta  fikirləşirəm  ki, haçansa Elmira xanımın  haqqında  kitab yazası müəllif təzə nə soruşacaq  ki, cavabı  "Həmkarlarımla  üz-üzə" kitabında  açıqlanmasın?

 

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2019.- 10 aprel.- S.9.