Darıxmaq və qəfil gələn hədiyyə
Eşq,
xoşbəxtlik, ayrılıq,
yalnızlıq, hüzün,
darıxmaq... Həyatımızın əsas periodu bu ardıcıllıqdan ibarətdir. Biri bitir,
digəri başlayır,
o biri başa çatır, bu biri hərəkətlənir.
Bunların içərisində bircə
darıxmaqdır ki,
o, heç vaxt keçmir. Bədəninə yerləşir və
həm özünü,
həm də səni idarə etməyə başlayır.
Qədərini, gücünü özü müəyyənləşdirir.
İstər ən xoş
anında, istərsə
də şad günündə namərd
bıçağı kimi
kürəyinə saplanır.
Bəzən isə koramal
ilan kimi künc-bucaqdan, gizlin-gizlin
sivişərək gəlib
astaca çalıb yoxa çıxır.
Zəhər qana işlədikcə
təngənəfəslik, üşütmə, nəbzin
artması, başağrısı
başlayır, soyuq tər basır, qalırsan qıvrıla-qıvrıla.
Darıxmaq dəhşətli
hissdir! Adamı gündə neçə
yol quyunun dibinə salıb-çıxardır,
bilmirsən.
Dodağında, dilində son öpüşündən
bir iz axtarırsan. Cavabsız suallar,
təsdiqsiz şübhələr
içini didib-parçalayır.
Qərar
verirsən, silib atacam, kəsib tullayacam, artıq düşünməyəcəm deyirsən, bir də baxırsan ki, barmaqlarınla şəklinin üstünə
süzülən göz
yaşını qurutmaqla
məşğulsan.
Nə evin içinə sığırsan,
nə çölünə. Heç dünyada
da özünə yer tapa bilmirsən.
Darıxmağın böyüdükcə kainat gözündə kiçilib kibrit qutusu boyda olur. Artıq gündüzlərin də gecədən fərqi olmur, ikisinə də zülmət çökür.
Hə, darıxmaq dəhşətli
hissdir! Toxunmaq istəyirsən, amma əlin çatmır. Elə indicə
günəş kimi saçılan təbəssümü
ilə hardansa çıxacağını zənn
edirsən, amma gözləntin içində
boğulur. Çünki heç vaxt gəlməyəcəyini yaxşı
bilirsən.
Gecə özünə söz verirsən, səhər oyanacam, hərarətini, qoxusunu, öpüşünü,
dadını unudacam deyib, yatırsan. Səhər açılır,
nə verdiyin sözlər, nə çəkdiyin sədlər
yadına düşür.
Xatırladığın bircə O olur.
Bəzən özündən elə uzaqlaşırsan ki, nə qədər qaçsan da, çata bilməyəcəyini
görürsən. İzdihamın içinə qarışıb
minlərlə insanın
üzündə onu axtarırsan. Bəlkə indi
arxamdan gələnlərdən
biridir deyib, qarmaqarışıqlığın arasında dəli kimi dövrə vurursan. İndi, elə bu an
ətrafdakı binaların
hansınınsa balkonundan,
pəncərəsindən baxırmı
deyə, hər yeri baxışınla ələk-vələk edirsən.
Sən özünə
dərdli, hamı sənə dəli kimi baxır!
Nə musiqiyə
qulaq asa bilirsən, nə şeir oxumağa güc tapırsan. Bircə sözdən
büdrəyir, bir cümlədən yıxılırsan.
Bəzən ayağını yerə vura-vura ağlamaq istəyirsən.
Sonra uşaqlaşmağına hirslənir,
öz qulağından
tutub tənbeh etmək, ağıllan deyib küncə qoymaq istəyirsən.
Amma özünə sözün
keçmir, bütün
cəhdlərinin hamısı
hədər olur.
Bəzən isə dünya
yaranandan sən də varmışsan kimi nimdaş bir hissə qapılırsan. Bax, özünü
o qədər yorğun,
köhnəlmiş hiss edirsən.
Özünə təsəlli verə-verə
bütün ümidlərinin
axırına çıxırsan.
Azalırsan, tükənirsən,
bitirsən!
Dedim axı, darıxmaq dəhşətli hissdir!
Bir gün içib harada gecələdiyini yaddan çıxardırsan, bir
gün evinin yolunu unudursan. Başını yastığına qoyub, rahatlıqla yuxuya getdiyin günlər çoxdan buxarlanıb getmiş olur. İki nəfərlik olan o bumbuz yataq sənə
məzar kimi görünür. Orada özünü
isitmək məcburiyyəti
sənə qəbir əzabı kimi gəlir. Aynalara küsürsən, bir gün qarşısına
keçib özünlə
göz-gözə gələndə
saçından kirpiyinə
qədər süzülüb
tökülən acizliyinə
yanırsan. Düşdüyün vəziyyətə dəfələrlə
üsyan edib, intiharı düşünürsən.
Sənin
üçün lənətdən
fərqi olmayan dünyadan qaçıb canını qurtarmaq istəyirsən. Milyonlarla insanın
arasında təklik əzabı çəkirsən.
Dəvaların içərisində çarəsizcə oturub,
başını dizlərinə
söykəyib, qollarınla
ayaqlarına sarılırsan.
Təkliyin nə demək olduğunu özünü qucaqlamağa
başlayanda öyrənirsən!
Saysız uğurların, geniş
imkanların səni zərrə qədər həyəcanlandırmır, yarım-yamalaq
olduğunu hiss edirsən.
Ən böyük ehtiyacının
O olduğu hər addımda üzünə
çırpılır. Göynəmələr ürəyini rahat
buraxmır. Əzələlərin
o qədər sızıldayır
ki, az
qalırsan ətini sümüyünün üstündən
parça-parça qopardıb
atasan.
Nə yediyindən dad alırsan, nə içdiyindən, nə oxuduğun kitabları qavraya bilirsən, nə ağzından çıxan sözlərə nəzarət edirsən. Sənə həyatının ən böyük yoxluğunu göstərənə nifrət edirsən. Arxayın olduğun gücünün, söykəndiyin qüdrətinin çəkdiklərinin yanında necə zəif göründüyünə şahid olanda öz gözündən düşürsən. Ümidin oturaraq saatlarla gözünü bir nöqtəyə zilləyib, həmin an onun qarşına dikilməsi üçün bir möcüzə diləməyə qalır. Yoxluğuna savaş açır, həyatını alt-üst edirsən. Bir gün bu muharibədə qalib gələcəyinə inanır, amma məğlub və yaralı çıxırsan. "Kaş, gərək" sözləri qurduğun cümlələrin başından əskik olmur. Peşmançılıq yaxandan əl çəkmir. Xatirələr kölgə kimi arxanca sürünür. Qaçıb getmək istəyirsən, dünyanın insan yaşamayan yerləri ilə maraqlanmağa başlayırsan. Zaman hər şeyi həll edər deyirlər. Amma gün-günə calandıqca bu sözün cəfəngiyat olduğunu dərk edirsən. Bir müddətdən sonra taqətdən düşürsən. İçindəki fırtına, gözündəki kədər, canındakı ağrılarla yaşamağa öyrəşirsən. Sənə elə gəlir ki, dünyaya gələndən əlin, qolun, ayağın kimi onlar da sənin bir parçan olaraq doğulublar. Başına sığal, üzünə tumar çəkdiyin kimi əzablarını da əzizləyirsən.
Aradan illər keçir, yavaş-yavaş
baxışların, bir gün
gözünü unudursan.
Bircə darıxmaq canını rahat
buraxmır. Ən şad günündə,
ən xoş anında namərd
bıçağı kimi kürəyindən
sancılır. Ta ki həyatına
sehirli dəyənək toxunana
qədər... Bir gün
qapın döyülür. Açıb
görürsən ki, qarşında hədiyyə
qutusu var. Ehmalca götürüb, yavaş-yavaş açırsan. Gözlərinə
inana bilmirsən, içindən
çıxan xilasa heyrətlə
baxırsan. O gündən sonra günəş
yenidən bərq vurmağa
başlayır, həm göy üzündə,
həm təbəssümündə!
Türkan TURAN
525-ci qəzet.- 2019.- 10 aprel.- S.12.