Günəş olaram mən ...   

 

 

Son illər demək olar ki, uşaqlar üçün yazıram. Həm oxuyuram, öyrənirəm... Bu aləmə düşəndən özümü quş kimi yüngül, rahat hiss edirəm. Ətrafa boylanıram ağaclar, maşınlar, yollar, göyüzü - hərəsi bir nağıldı, şeirdi, nəğmədi...

 

Bəzən həyat acımasız olanda, böyüklər dünyanın düzənini pozmağa çalışanda, böyük şairimiz Vaqif Bayatlı Odər demiş, onda bir uşaq əllərinə söykənirəm... Biz uşaqları böyüdürük deyirik, amma sən demə, onlar bizi bu həyatda saxlayır. Bax elə bu gün harasa getməliyəm. Amma heç həvəsim yoxdu. Axırda balaca qızıma qoşulub həvəsə gəlirəm. Çünki onunla yol gedəndə darıxmıram, qəlbimə, necə deyərlər, yabani otlar hücum çəkə bilmir... Əslində, mən özümdən başlasam da, həmişə təzə-tər şeirləri ilə bizi ovsunlayan, uşaqlarımızın yoluna işıq saçan böyük, dəyərli uşaq yazarlarımızdan söhbət açmaq istəyirəm. Elə ilk ağlıma gələn ömrünü uşaq ədəbiyyatına həsr etmiş unudulmaz gözəl şairimiz Xanımana Əlibəylidir...

 

Söyüd, gəldim öyrənim

Mənimlə dost olursan?

Yox, olmuram sən mənim

Saçlarımı yolursan.

("Külək söyüd") 

 

Bu bircə bəndlik şeiri oxuyandan hər gün ürəyimdə səslənir. X.Əlibəyli nəinki öz dövrünün, elə bu günümüzün gözəl şairi kimi şeirləri ilə adı dillərdə dolaşır. Dərsliklərdə, sinifdənxaric oxu kitablarında uşaq mahnılarında, tamaşalarında uşaqlarımıza yol yoldaşı olur.

 

Kitab sanki bir quşdur

Mizin üstə qonmuşdur.

Kitaba salsan meyil

Səndən ayrılan deyil.

 

Onun "Kitab" şeiri 3-cü sinifin Azərbaycan dili dərsliyindən bizə tanışdır. Bu şeiri nəinki uşaqlar, elə böyüklər çox sevirlər. X.Əlibəylinin kitabını ötən il virtual "Kaspi" kitabxanasından tapıb oxumuşam. Qeyd edim ki, kitabı (2 cild) Mədəniyyət Turizm Nazirliyi 2008-ci ildə çap edib. X.Əlibəylinin əsərlərini oxuduqca ürəyimdə bir yazı da yazılmağa başladı. Amma həmin yazı bu günlərin qisməti imiş. Deyim ki, müəllifin əsərlərindən əvvəl qiymətli bir təqdimatla da rastlaşdım. Akademik Bəkir Nəbiyevin "Uşaq ədəbiyyatımızın xanım anası" adlı bu yazısı mənə bir oxucu kimi gözəl təsir bağışladı. Nəinki, onunla sevimli yazıçımızla tanış oldum, həm bu yazının aydın dilinə, səmimiyyətinə, ifadə tərzinə heyran oldum...

Görkəmli uşaq yazarı X.Əlibəyli 20 aprel 1920-ci ildə Bakının Keşlə kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, əvvəlcə həkimlik sənətinə yiyələnib. Amma illər ötdükcə onun qəlbində başqa bir arzu da böyüməyə başlayır. Odur ki, ikinci təhsil kimi o, ADU-nun filologiya fakültəsinə daxil olub. Onda onun Gülər adında balaca bir qızı da vardı. Görünür, X.Əlibəylinin özünü uşaq yazarı kimi bu sahəyə daha uyğun görməsində balaca Gülərin böyük təsiri olub. Mirvarid Dilbazi Mikayıl Rzaquluzadə kimi böyük uşaq yazıçılarının zəmanəti ilə o, SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunub. Beləliklə, yaradıcılıq dövründə X.Əlibəyli yüzlərlə uşaq şeiri, onlarla poema səhnə əsərləri ilə 30-dan çox kitabın müəllifinə çevrilib. Hələ Avropa uşaq ədəbiyyatından uşaqlar üçün tərcümələr edib. B.Nəbiyev qeyd edir ki, X.Əlibəyli peşəkar uşaq ədəbiyyatımızın  banisi hesab edilən Abdulla Şaiqdən sonra Teymur Elçin İlyas Tapdıq da daxil olmaqla bu üçlükdə adı birinci yerdə gəlir.

 

X.Əlibəylinin ilk kitabı olan "Balaca həkim" (Uşaqgəncnəşr. 1955) 30 min nüsxə çap edilib. İllərlə "Göyərçin" jurnalına rəhbərlik edib.      

 

Bəs, görəsən, onun şeirlərinin belə sevilib, ürəklərə yol tapması, dərsliklərdə, oxu kitablarında öz xüsusi yerini tutması ilə bağlıdır? Sualın cavabını bax elə bu şeirlə vermək olar, deyilmi? 

 

Qışda şaxtada, buzda

Günəş çimir hovuzda.

Bərk istisində yayın

Çimir suyunda çayın.

Odur ki, par-par yanır,

Hər tərəf işıqlanır.

Qoy gətirim ləyəni

Su tök yuyundur məni.

Ay ana, böyüyəndə

Günəş olaram mən .

("Günəş olaram")

 

Bu şeirə bəstəkar Hökumə Nəcəfova mahnı da bəstələyib. Elə bu yazını yazanda həmin mahnını bir daha dinlədim. Balaca bir qızın ifasında mahnı elə gözəl səslənirdi ki, bir baxdım uşaqlar hərəsi bir tərəfimdə dayanıb mənimlə mahnını dinləyirlər... Ümumiyyətlə, X.Əlibəylinin misralarının içərisindən tez-tez günəş gülümsəyir. Bu da təsadüfi deyil, günəş onun qəlbindən boylanır. Səmimiyyət isə həmişə qalib gəlir... yaxud bu şeirdən fərqli olan başqa birisi

 

Görürsüzmü Mahmudu,

Necə yeyir armudu?

Qardaşı ona baxır

Ağzının suyu axır.

Bıçaq verir Mahmuda

Yalvarır: - Mənə kəs,

Mahmudsa uda-uda,

Gözlərini bərəldir.

Deyir: - n bilmirsən bəs,

Armud cana zərərdir?!

("Armud")

 

Bu şeiri kitabdan əvvəl "Göyərçin" jurnalında oxumuşdum, həm dönə-dönə... Hərdən evdə qızımla birgə söyləyirəm... Müəllif güldürə-güldürə uşaqlara paylaşmağın necə gözəl bir davranış olduğunu anladır. Əks halda isə sən Mahmud kimi qarınqulu olub gülünc bir vəziyyətə düşərsən... Yaxud da:

 

Fərhad, sənə sözüm var,

Danışan kəlbətindir.

Hər yerə vurma mismar,

Çıxarmaq çox çətindir.

("Kəlbətin")

 

Bu elə bircə bənd şeirdir. Amma görün müəllifin qələmində kəlbətin "narazılığını" necə səlis əmrlə ifadə edir... Həm kəlbətinin "ədasıyla" balaca oxucunu əyləndirərək oyunda, bir işdə israfçılığa yol verməməyə çağırır...

 

X.Əlibəylinin bütün şeirlərində Vətən sözü olmasa da, Yurdun özü var. İstər onun qəhrəmanlarının əməllərində, arzularında, istərsə Vətən təbiətinin çox incəliklə qələmə alınmış təsvirlərində bunu duymaq görmək olur. Müəllif dillər əzbəri, Vətən gözəli Şuşanı "Allah əmanəti" adlandırır.

 

Ey canım-gözüm Şuşa!

Ey şirin sözüm Şuşa! 

Dönüm bir qızıl quşa, -

Qoynuna uçum, Şuşa!

 

Məncə, uşaqlar üçün yazmağın özü bir vətənpərvərlikdi, qələmə-silah kimi sarılıb bir əsgərtək onu qorumaq, düşmənin qanlı caynağından almaq uğrunda ayrıca mübarizə növüdür. X.Əlibəylinin şeirlərini oxuduqca belə düşündüm. Onun yazılarından öyrənməli o qədər dəyərlər var ki...

 

Dəryalarca olarmı

Ananın məhəbbəti?

Bir günəşə dolarmı

İstisi, hərarəti?

Geniş göylər qədərdir

Balaya məhəbbəti,

Onu ölçmək hədərdir, -

Yoxdur bir nəhayəti.

("Bala məhəbbəti")

 

Onun bütün şeirləri, poemaları səhnə əsərləri hamısı hamısı bax, bu ana məhəbbətindən yaranıb...

 

Sanki Allah bir qarlı qış

Mənə şeir verdi baxşış.

O, qışımı yaz eylədi,

Bəxtimi bəyaz eylədi...

 

X.Əlibəyli imanlı bir insan olub. O, Yaradana minnətdarlığını "Yalvardım Allaha" adlı bu şeirdə belə ifadə edib. Doğrudan da, insan elinə-obasına faydalı olanda, xeyir işlər uğrunda çalışanda, lap əziyyət çəksə belə, özünü xoşbəxt sanır. Bu baxımdan, Əməkdar İncəsənət xadimi, iki dəfə dövlət Mükafatı Laureatı, 1996-cı İlin Qadını, Prezident təqaüdçüsü, unudulmaz uşaq yazıçısı Xanımana Əlibəyli bu gün xoşbəxt ədiblərdən biridir. Aprelin 20-si sevimli yazıçımızın doğum günüdür. Ruhu şad olsun, həmişə bizimlə olan ölməz şairimizin! 

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2019.- 10 aprel.- S.19.