"Nəsimi" kinofilmində musiqi

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərqin dahi şair və mütəfəkkirlərindən biri Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir.

Nəsimini dünya oxucularına sevdirən qüvvə onun insana, insanlığa bəslədiyi sonsuz sevgi və məhəbbətdir. Nəsimi şeirlərində insanı özünü, həqiqəti dərk etməyə çağırır, insanı ucaldır, ülviləşdirir.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yer tutması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirlər siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Ötən əsrin 70-ci illərində yubileylə bağlı dahi şairin obrazı ədəbiyatda, musiqidə, rəssamlıq və heykəltəraşlıqda, kino sənətində təcəssüm etdirilərək dəyərli sənət əsərləri yaradıldı. Şair Qabilin "Nəsimi" poeması, Fikrət Əmirovun "Nəsimi haqqında dastan" baleti, Cahangir Cahangirovun "Nəsimi" kantatası, Ağabacı Rzayeva, Tofiq QuliyevSüleyman Ələsgərovun romansları, Azər Rzayevin "Nəsimi" simfonik poeması, Mikayıl Abdullayevin "Nəsimi"nin portreti, Bakının mərkəzində ucaldılan Nəsiminin heykəli (T.Məmmədov və U.Zeynalov) Azərbaycan şairinin dünyada tanıdılmasında əhəmiyyətli rol oynadı. 1973-cü ildə İsa Hüseynovun "Məşhər" romanı əsasında Bakı kino studiyasının çəkdiyi "Nəsimi" filmibu yubilyə həsr olunmuşdu. Filmin rejissoru Həsən Seyidbəyli, bəstəkarı Tofiq Quliyevdir.

Məlumdur ki, Tofiq Quliyev Azərbaycan kino musiqisinin inkişafında özünəməxsus roluson dərəcə böyük əhəmiyyət kəsb edən xidmətləri olmuş sənətkarlardandır. 1941-ci ildə ilk dəfə "Səbuhi" filmində özünü sınayan bəstəkar ömrünün sonuna kimi yaradıcılığını bu janrla bağlamış və həmin sahədə çox məhsuldar çalışmışdır. Tofiq Quliyevin kinonun  müxtəlif formalarını və janrlarını əhatə edən 40-dan artıq bədii və sənədli filmlə yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir. Bütün yaradıcılığı boyu bu janra müraciət edən bəstəkar M.Mikayılov, H.Seyidbəyli, L.Səfərov, R.İsmayılov, R.Təhmasib, Q.Aleksandrov, F.Kiselyov, B.Kimyagərov kimi rejissorlarla əməkdaşlıq etmişdir. Bəstəkarın özünün dediyi kimi, Bakının demək olar ki, bütün kinorejissorları ilə işləmişdir. Ən çox da Həsən Seyidbəyli ilə.

Azərbaycanın görkəmli dramaturqu, ssenaristi, kino-rejissoru Həsən Seyidbəyli ilə Tofiq Quliyev gənclik dostları idi. Onların yaradıcılıq əməkdaşlığı "Qızılaxtaranlar" musiqili komediyasından başlamışdı. Bundan sonra Həsən Seyidbəylinin bilavasitə ssenari müəllifi, yaxud quruluşçu rejissoru olduğu filmlərin əksəriyyətində musiqi bəstələmək üçün məhz Tofiq Quliyev dəvət edilirdi. "Qızmar günəş altında", "Telefonçu qız", “Möcüzələr adası", "Sən niyə susursan", “O qızı axtarın", "Xoşbəxtliyin naminə" filmləri məhz Tofiq Quliyevin musiqi tərtibatında çıxmışdır. Tofiq Quliyev bu barədə söhbətlərin birində deyirdi:

"Həsənlə işləmək  mənim üçün çox xoş idi. Mən onunla işləməkdən yorulmurdum. Həsən musiqini çox gözəl duyurdu, özünün də yaxşı səsi var idi.

Ümumiyyətlə, bədii film bir neçə yaradıcı insanın birgə əməkdaşlığının məhsuludur. Onun müvəffəqiyyəti bu insanların bir-birinə etimadı, inamından asılıdır. Ona görə də kino rejissoru ətrafına yalnız özünün etibar etdiyi insanları yığdıqdan sonra filmin çəkilişinə başlamalıdır. Bu mənada H.Seyidbəyli ilə mənim yaradıcılıq birliyim çox məhsuldar olmuşdur. Doğrusu, onun filmlərinin çəkilişinə hansısa başqa bəstəkarın cəlb oluna biləcəyini heç ağlıma belə gətirməzdim. Heç bu, mümkündeyildi".

"Nəsimi" filmi Tofiq Quliyev yaradıcılığında ən maraqlı məqamlardan biridir. Məsələ burasındadır ki, hər zaman lirik, romantik, şən, şux melodiyalar yazan bəstəkarın Nəsimi kimi şairin sufi ideyalarını hiss etməsi və musiqiyə "çevirməsi" bəstəkarın özünün sözləri ilə desək: "Nəsimi"nin ekran təcəssümündə iştirakıma razılıq versəm də, həyəcan keçirirdim. Çünki ağır filmdi, nəsə ona uyğun musiqi dilini müəyyənləşdirmək o qədər də asan deyildi. İmtina etməyi də özümə sığışdırmırdım. Qədim dostumu incik sala bilərdim. Həsən görünür, nəsə duymuş kimi, bir gün qəfildən soruşdu: "Qardaş, heç bir demirsən musiqinivaxt tamamlayırsan, necə işləyirsən?"

Onun bu sözləri sanki məni düşüncələrdən ayırdı. Qəti qərara aldım ki, həvəslə işə girişib, musiqini tamamlayım. Çox ciddi hazırlıqdan sonra bir ay müddətində "Nəsimi"nin musiqi parçalarını bitirib filmin rəhbərliyinə təhvil verdim”. Əslində, Tofiq Quliyevin çoxşaxəli, fitri istedadı hər mövzuda yazmağa, işləməyə hər zaman imkan verib. Bu mövzuda belə uğurlu musiqinin bəstələnməsi T.Quliyev istedadının daha bir təzahürüdür.

"Nəsimi" filmində cərəyan edən hadisələr Azərbaycanı 14 il əsarətdə saxlayan Teymurun oğlu Mirşahin hakimiyyəti dövrünə aiddir.

Azərbaycan xalqı Teymurləngdən azad olmaq uğrunda inadla mübarizə aparırdı. Bu dövrdə dini-siyasi hərəkət olan hürufilik meydana gəlir və sürətlə yayılmağa başlayır. Bu hərəkatın banisi Fəzullah Nəimi öz ideyalarını yaymaq üçün Şərq ölkələrini gəzib-dolaşır.

Belə ağır dövrdə yaşayan Nəsimi Bakıda Nəimi ilə görüşür, hürufilik təriqətini qəbul edir və siyasi-fəlsəfi şeirlərində hürufi fikirlərini qələmə alaraq cəsarətli, qabaqçıl ideyaları təbliğ edir, ömrünü yollarda, səfərlərdə keçirir, acı, işgəncəli bir həyat sürürŞeyx İbrahimin fitnəsi ilə faciəli şəkildə öldürülür.

Ədəbi ssenarini sənətkar həssaslığı ilə duymaq bacarığı T.Quliyevin kino musiqisinin mühüm xüsusiyyətlərindən biridir. Süjeti dəqiq izləyən bəstəkar, Nəsiminin haqq-ədalət uğrunda mübarizəsini dərin ümumiləşdirilmiş musiqi obrazları vasitəsi ilə çatdırır, əsas diqqəti onun ümumbəşəri motivləri, psixoloji və fəlsəfi mahiyyəti üzərində cəmləşdirir. Onu da qeyd etmək lazımdır ki, simfoniya, balet, opera, kantata kimi iri formalı musiqi janrlarında bəstəkarlar vaxt etibarilə sərbəstliyə malik olduqları halda, kinoda cərəyan edən hadisələri, mürəkkəb hiss və həyəcanları bir neçə dəqiqə ərzində lakonik şəkildə ifadə etmək, göstərmək onlardan yüksək professionallıq və istedad tələb edir. Bu mənada, Tofiq Quliyevin sənətkarlıq baxımından  istedadı çox qiymətlidir.

"Nəsimi" filminin musiqisi sadəcə müşayiət funksiyası daşımır, rejissor fikrinin tamamlanmasına, aktyor ifasının rəngarəng boyalarla təcəssümünə, ekranda cərəyan edən hadisələrin axarının təsirliyinə təkan verir. Filmin ideya məzmunu, qəhrəmanın təcəssümü bəstəkar tərəfindən məqsədyönlü musiqi dramaturgiyasında açılır.

Filmin musiqisi psixoloji dərinliyi və obrazlı-emosional baxımdan çoxcəhətliyi ilə diqqəti cəlb edir. Nəsiminin həyatını, Nəsimi poeziyasının fəlsəfi mahiyyətini açan bu filmdə Tofiq Quliyev, ekranda təsvir olunan hadisələrin gərginliyini, təsirini, onun nəhəng ideyalarını, söz ustadının faciəsini, şairin  duyğular və düşüncələr aləmini musiqi vasitəsilə qabarıq canlandıraraq, iti konflikt və mürəkkəb hisslər palitrasının təcəssümünə nail ola bilmişdir. Bəstəkar rejissorun tələblərinə cavab verərək filmin dramaturgiyası ilə musiqinin tam uyğunluğuna nail ola bilmişbununla da filmin bədii dəyərini artırmışdır.

"Nəsimi"də ilk növbədə filmin dramaturgiyasında mühüm rol oynayan müxtəlif rəngarəng mövzular, parlaq və mənalı bədii obrazlar diqqəti cəlb edir. Bəstəkar öz dəst-xəttinə uyğun musiqisi ilə qəhrəmanların daxili aləminin səciyyəsində müxtəlif mövzulardan istifadə edərək, gözəl simfonikləşdirilmiş musiqi lövhələri yaratmışdır. "TeymurŞirvanşah", "Tamerlanın məğlubiyyəti", "Nəsiminin həbsi", "Xalqın əzabı", “Axtarışlar", "Nəsiminin edamı" kimi simfonik lövhələr filmin kulminasiya məqamlarında gərgin dramaturji səhnələrin açımında mühüm əhəmiyyət kəsb edir.

"Nəsimi" filminin musiqisi bütövlükdə musiqi formasının inkişafında mühüm üsullardan biri, təzadlı mövzu-obrazların qarşıdurması prinsipi üzərində qurulmuşdur. Münaqişəli, ziddiyyətli mövzuların qarşı-qarşıya qoyulması əksərən tembr xüsusiyyətləri vasitəsilə əldə olunur.

Əsas qəhrəman Nəsiminin və xalqın obrazı cəsarətli, iradəli intonasiyalı, dəqiq ritmlərlə xarakterizə olunan parlaq mövzularla təsvir olunmuşdur. Bununla bəstəkar hər iki obrazın yaxınlığını göstərməyə nail ola bilmişdir.

Zəhmli hökmdar Teymurləngin musiqi xarakteristikası intonasiya gərginliyi və dəqiq ritmika ilə səciyyələnir. "Teymurləngin yürüşü" simfonik fraqmentində ritmik ostinato üsulundan istifadə edən bəstəkar insanlara zülm, fəlakət gətirən qəddar hökmdarın mükəmməl portretini yaradır.

Filmin ayrı-ayrı hissələrində mövzu materialının müxtəlifliyinə baxmayaraq, obraz baxımından müstəqil musiqi parçalarının intonasiya bağlılığı da diqqəti cəlb edir. Belə ki, "Vəsiyyət", "Səyahət", "Ləl-cavahirat yığımı", "Teymurləng və Şirvanşah" simfonik lövhələri ayrı-ayrı motivlərin mövzu təkrarlığı prinsipi üzərində qurulmuşdur. "Teymurləngin yürüşü", "Teymurləngin məğlubiyyəti" epizodlarında ritmik vəhdət prinsipi müşahidə olunur. Belə yanaşma musiqi materialının bütövlüyünü təmin edərək, filmin dəqiq kompozisiyasına imkan yaradır.

Yeni ifadə vasitələrinin daim axtarışında olan Tofiq Quliyev bu filmdə də folklor nümunələrindən özünə xas ustalıqla istifadə etmiş və obrazların fərdiləşməsinə nail olmuşdur.

Filmdə bəstəkar dərvişlərin yığıncağı səhnəsinə meyxana janrını daxil edərək,  obrazın emosional, fərdi təsvirini qabarıq şəkildə təqdim etmişdir. "Qafil oyan" səhnəsi, Nəsimini öz məclislərinə davət edən dərvişlərin "Gəl, ey könül, yar istəmə" deyib çalıb oxuması və bu səhnə ilə bütün dərviş ovqatını çatdırması bəstəkarın misilsiz xidmətidir. Ümumiyyətlə, filmə yazılan musiqidə bir sufi, dərviş, tərki-dünya "intonasiyası" var.

Bəstəkar filmdə böyük simfonik orkestrin imkanlarından istifadə edərək milli musiqimizin intonasiya zənginliyini tədbiq etmişdir. Filmin musiqisi zəngin, parlaq çalarlarla dolu melodiyası, lad-intonasiya, ritmik xüsusiyyətləri ilə cəlb edir. Filmdə Zeynəb Xanlarovanın ifasında səslənən "Yox-yox" mahnısı, bəstəkarın digər ekran əsərlərində olduğu kimi, ekran məhdudiyyətindən çıxıb müstəqil əsər olaraq bu günə kimi dillər əzbəridir. Bu da bir daha bəstəkarın yaradıcılıq potensialının aydın təzahürüdür.

"Nəsimi" filmi 1974-cü ildə VII Ümumittifaq Kino Festivalında ən yaxşı tarixi film nominasiyasında yüksək mükafata layiq görülmüşdür.

Nəsimi rolunun ifaçısı, xalq artisti, Rasim Balayev müsahibələrin birində qeyd edir: "Mən cəsarətlə deyə bilərəm ki, "Nəsimi" filminin tamaşaçılar tərəfindən sevilməsində, filmin uğurlu ekran həyatında Tofiq Quliyevin bəstəkar kimi rolu danılmazdır".

Tofiq Quliyev böyük sənətkar idi, bu günböyük sənətkardır, gələcəkdə də böyük sənətkar kimi xatırlanacaq. Onun musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi olaraq, daim yaşayacaq.

 

Zemfira ABDULLAYEVA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqionun tədrisi metodikası kafedrasının müdiri, professor

 

 

525-ci qəzet.- 2019.- 10 aprel.- S.17.