Azərbaycan dilçiliyində mərhələ
AMEA-nın müxbir üzvü Zərifə
Budaqovanın 90 illik yubileyinə
Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar
elm xadimi Zərifə İsmayıl qızı Budaqova sovet dövrü
Azərbaycan dilçiliyində öz mövqeyi, dəst-xətti,
öz elmi məktəbi olan görkəmli dilçi-alim, elm təşkilatçısı,
əvəzsiz, səriştəli pedaqoq, qayğıkeş
ana, hər şeydən əvvəl isə gözəl şəxsiyyət
olmuşdur. O, XX əsr Azərbaycan dilçilərinin
üçüncü nəslinin nümayəndələrindən
biridir.
Professor Zərifə Budaqova Azərbaycan dilçiliyində
müasir Azərbaycan dili sahəsinin
yaradıcılarından, qrammatika sahəsinin aparıcı
mütəxəssislərindən biri olmuşdur. Onun elmi tədqiqatları,
əsasən, Azərbaycan dilinin morfologiyası, sintaksisi,
üslubiyyatı, dil əlaqələri, tətbiqi
dilçilik məsələləri, xüsusən punktuasiya məsələlərini
əhatə edir. Zərifə
Budaqovanın Azərbaycan dilçiliyinin və
türkologiyanın aktual problemlərinə dair beynəlxalq,
ümumittifaq və respublika nəşrlərində 10
monoqrafiya və dərsliyi, dilçiliyin nəzəri və əməli
məsələlərinə aid (habelə xaricdə) 150-yə
yaxın elmi əsəri çap olunmuşdur.
Azərbaycan dilinin qrammatikasının bir çox nəzəri-elmi
problemləri birinci olaraq professor Zərifə Budaqova tərəfindən
tədqiq olunmuş və əsaslı həllini tapmışdır. Zərifə
Budaqovanın sintaksis sahəsində də ən dəyərli
əsərləri vardır. Onun
"Müasir Azərbaycan dilində sadə cümlə"
monoqrafiyasını haqlı olaraq türk dillərinin
sintaksisi sahəsində yazılmış araşdırmalar
sırasında ən sanballı tədqiqatlardan sayırlar.
Onun rəhbərliyi altında onlarla namizədlik
və doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
Z.Budaqova Bakıda, Moskvada, Daşkənddə, Almaatada,
Aşqabadda bir çox dissertasiya işinin müdafiəsində
rəsmi opponent kimi iştirak etmişdir.
Zərifə
İsmayıl qızı Budaqova (qızlıq soyadı
Əliyeva) 1929-cu il aprel ayının 28-də
Yerevan (İrəvan) şəhərində, kəndli ailəsində
doğulmuşdur. 1946-1948-ci illərdə İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsində oxumuşdur. 1948-ci ildə Azərbaycan
türklərinin doğma yurdlarından - Qədim tarixi Azərbaycan
torpağı olan İrəvan şəhərindən və
Ermənistan adlanan respublikanın 23-dən artıq rayonundan və
yüzlərlə kəndindən deportasiya edilməsi
zamanı Zərifə xanımın da ailəsi bu faciəni
yaşamış, doğma yurdundan Bakı şəhərinə
köçürülür və 1948-1949-cu illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsində təhsilini davam etdirib, oranı fərqlənmə
diplomu ilə bitirir.
Z.Budaqova 1949-1953-cü illərdə Moskva şəhərində
SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun
türk dilləri sektorunun aspiranturasında təhsil
almış, 1953-cü ildə "Müasir Azərbaycan
dilində tərz kateqoriyası" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. Sonralar 1953-1955-ci illərdə
Azərbaycan SSR EA-nın Nizami adına Dil və Ədəbiyyat
İnstitutunun müasir Azərbaycan dili şöbəsində
böyük elmi işçi vəzifəsində
çalışmış, 1955-ci ildən Ədəbiyyat və
Dilçilik İnstitutunun Müasir Azərbaycan dili
şöbəsinə müdir təyin edilmişdir. Zərifə Budaqova 1963-cü ildə "Azərbaycan
ədəbi dilində sadə cümlə" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan
dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi
dərəcəsini almışdır. Ona
1968-ci ildə "Türk dilləri" ixtisası üzrə
professor elmi adı verilmişdir.
34 yaşlı qadın professor çox qısa müddətdə
Dilçilik İnstitutunun ən gərəkli, dərin
savadlı, elmi potensiallı, geniş erudisiyalı alimlərindən
biri olduğunu sübut etdi. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilməsi
onun dilçilik sahəsindəki misilsiz xidmətlərinə
verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
Buludxan Xəlilov ölkəmizdə və onun sərhədlərindən
də uzaqlarda da tanınan professor Z.Budaqova haqqında geniş
bir məqalə yazmışdır. Məqalə belə adlanır:
"Görkəmli dilçi alim Zərifə Budaqova".
Məqalədə
oxuyuruq:
"Zərifə Budaqova bütün ömrünü Azərbaycan
dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə
həsr edibdir.
Bütün həyatını Azərbaycan
dilinin tədqiq olunması yolunda xərcləyib, belə demək
olarsa, Azərbaycan dili - doğma ana dili naminə elmlə məşğul
olubdur. Bütün həyatını
sözün həqiqi mənasında bütünlüklə
bu yolda itiribdir. Ərəb xalqlarında belə bir
nağıl var: "Alim və dənizçi". Bu nağılın məzmunu belədir ki, alim gəmi
ilə səyahətə çıxır. O, səyahət
zamanı dənizçilərin birindən soruşur.
- Sən
qrammatikanı bilirsənmi?
- Yox,
bilmirəm, - deyə dənizçi ona cavab verir.
Alim deyir:
- Sən
ömrünün yarısını itirmisən.
Çox keçmir ki, fırtına qopur, gəmi
batmağa başlayır. Bu zaman dənizçi alimdən
soruşur:
- Sən
üzə bilirsənmi?
- Yox,
üzə bilmirəm, - deyə alim cavab verir.
Dənizçi
deyir:
- Sən
həyatını bütünlüklə itirdin.
Elm adamı əsl elm fədaisi olmaqla bütün həyatını
elm yolunda qurban verir, o, heç zaman özü
üçün yaşamır. Məhz belə alimlərimizdən
biri də Zərifə Budaqova olmuşdur".
B.Xəlilov elm adamı olan Zərifə xanımın
xidmətlərini çox sistemli və ardıcıl şəkildə
çatdırmış və onun Azərbaycan
dilçiliyinin bu gün üçün zəruri sayılan
problemlərini elmi baxımdan nəzərdən
keçirmiş, onların həlli yollarını öz təcrübəsində
açıqlamışdır.
Z.Budaqova Azərbaycan dilçiliyinin ayrı-ayrı
problemlərinin hərtərəfli tədqiqi ilə
bağlı bir sıra məsələlərinin
araşdırılmasında birincilərdən olmuşdur. Yeri gəlmişkən, deyək
ki, dilimizin bugünkü səviyyəyə yüksəlməsi,
təsəvvür olunmaz bir pilləyə çatması, onun
təkcə sözdə deyil, gündəlik həyatda da
işlək dilə, dövlət dilinə çevrilməsi,
beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə
çıxması, dünyanın mötəbər
kürsülərindən: elmi forumlarda, simpozium və
konfranslarda ana dilimizə aid, onun ayrı-ayrı problemlərinə
dair məruzələr kimi dinlənilməsi Azərbaycanının
bir çox ünlü alimlərinin xidmətləri sayıla
bilər. Əlbəttə, Azərbaycanın dünyada
tanınmış bir çox alimləri kimi, bu sahədə
AMEA-nın müxbir üzvü, professor Zərifə
Budaqovanın bu gün də öz dəyərini saxlayan xidmətləri
etiraf olunmaqdadır. Azərbaycan dilçiliyinin elə bir sahəsi
tapılmaz ki, Zərifə Budaqova o mövzuda öz
nüfuzlu, obyektiv sözünü deməmiş olsun:
Müasir Azərbaycan dilinin morfologiyası və sintaksisi,
leksikologiyası, məcazlar sistemi, üslubiyyat, ana dilinin tədrisi,
nitq mədəniyyəti, tətbiqi dilçilik (punktuasiya məsələləri),
Azərbaycan əlifbası və orfoqrafiya məsələləri,
dillərin qarşılıqlı əlaqələri və
s. Dilçiliyimizin tarixi yazılarkən görkəmli alimin
məşğul olduğu, öyrəndiyi həmin sahələr
dəqiqliklə və ətraflı şəkildə
işıqlandırılmalıdır. Prof.
Z.Budaqova nədən yazırsa yazsın, istər sırf nəzəri
məsələ olsun, istərsə də dilin funksional və
ya sosioloji, əməl baxımdan vəzifələrindən,
perspektivlərdən danışsın, o, öz yeni elmi
baxışlarını, mövqeyini elmi ictimaiyyətə aydın
şəkildə çatdıra bilmişdir. Alimin irihəcmli əsərlərində söylədiyi
nəzəri fikirlər eyni səviyyədə onun elmi məqalələrində
də bəhs etdiyi mövzunu bütünlüklə şərh
etmək qüdrətindədir. Nümunə
üçün Z.Budaqovanın "Metafora və müqayisə
bədii təsvir vasitəsi kimi" adlı məqaləsindən
bir parçaya diqqət edək: "Müqayisə əsasında
əmələ gələn metaforalar, həmçinin də
ixtisar edilmiş və gizli saxlanılmış müqayisələr
üslubi mətləbləri yerindəcə həll edir. Yazıçının fərdi üslubi
metaforaları daha çox poetik gücə malikdir. Bu zaman insana aid əlamətlər təbiət
predmetləri üzərinə köçürülür.
Bu zaman təbiət hadisələri insan kimi
canlandırılır, yəni şəxsləndirilir".
Bu sətirlərlə
diqqətlə tanış olduqda metafora
kimi bədii təsvir vasitəsinin yaranması
üsullarını asanlıqla təsəvvür etmək
olar. Alim bu leksik vahidlərin təbiətini
öz təhlilində yığcam şəkildə təqdim
etmişdir.
Z.Budaqovanın dəyərli tədqiqatları heç də
təsadüfi deyil ki, Azərbaycan və türkoloji
dilçiliyin tanınmış nümayəndələri tərəfindən
öz yüksək qiymətini almışdır. Məşhur
türkoloqlardan professor Əthəm Tenişev, Məhərrəm
Ergin, Sadəttin Buluc və Zeynəb Qorxmazın onun
haqqında söylədikləri dəyərli fikirlərin
ümumi məzmunu belədir ki, professor Zərifə Budaqova həmişə
dilçilikdə öyrənilməsinə zərurət
duyulan aktual tədqiqatlar aparmış, öz obyektiv və qəbul
olunan sözlərini demişdir. Azərbaycan alimlərindən
akademik, dilçiliyimizin ağsaqqalı, professor Məmmədağa
Şirəliyev, akademik Ağamusa Axundov ("Vacib nitq mədəniyyəti
məsələsi"), AMEA-nın müxbir üzvü Afad
Qurbanov ("Zamanın tələblərindən doğan
kitab"), professor Məmməd Qasımov
("Yazımızın nöqtəsinə də,
vergülünə də fikir verək"), professor Mirəli
Seyidov, professor İsmayıl Məmmədli ("Ölməzlik")
və başqaları onun elmi yaradıcılığı
haqqında obyektiv və ürəkaçan sözlər,
fikirlər söyləmişlər.
Professor Zərifə Budaqova böyük bir alim olmaqla yanaşı, o, həm də misilsiz bir pedaqoq idi, tələblərinin ən hörmətli, sevimli, bilikli, qayğıkeş müəllimi idi. Onda professional müəllimə xas olan bütün keyfiyyətlər - özündə olan elmi bilikləri, xəzinəni tələbələrinə, aspirantlarına öyrətmək, mənimsətmək bacarığı, qabiliyyəti, böyük və zəngin həyat təcrübəsi, əhatəli dünyagörüşü, nəzakətli davranışı, aydın və səlis nitqi var idi. Zərifə Budaqova Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) dolğun və məzmunlu, maraqlı mülahizələri ilə tələbələrinin sevimli müəllimi olmuşdur.
Professor Zərifə Budaqova AMEA Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri, direktor müavini və direktor kimi fəaliyyət göstərmişdir. O, həm də bacarıqlı elm təşkilatçısı və müdrik rəhbər olmuşdur. O, ömrünün sonuna qədər otuz üç il (1955-ci ildən) Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmiş, özünün müəllifliyi və redaktorluğu ilə 3 cildlik "Müasir Azərbaycan dili" adlı kollektiv monoqrafiya nəşr etdirmişdir.
Professor Zərifə Budaqova yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyi məkanında, habelə dünya miqyasında da tanınan, elmi xidmətləri yüksək qiymətləndirilən dilçi alim olmuşdur. Azərbaycan elmi ictimaiyyətində görkəmli alim barəsində formalaşmış qənaət və fikirlər kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, televiziya və radio vasitəsilə oxuculara və dinləyicilərə çatdırılmışdır. Zərifə xanımın alimləri konkret bir problemin həlli ətrafında toplamaqda da güclü və təsəvvürə gəlməz istedadı var idi. Əgər belə olmasaydı, Azərbaycan Elmlər Akademiyasına başucalığı gətirmiş Azərbaycan dilinin qrammatikasının üçcildliyi işıq üzü görə bilməzdi.
Azərbaycan EA-nın müxbir üzvü, professor Zərifə Budaqovanın Azərbaycan elmi və mədəniyyəti sahəsində xidmətləri yalnız onun monoqrafiya və kitabları ilə, elmi irsi ilə ölçülmür. Onun ən böyük xidmətlərindən biri də alimin yüksək keyfiyyətli, dərin bilikli elmi kadrlar yetişdirməsidir. Zərifə Budaqovanın rəhbərliyi ilə 25 nəfəri filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu gün bu kadrlar yalnız AMEA-da deyil, BDU-da, ADPU-da, Gəncə Dövlət Universitetində, Tibb Universitetində və b. təhsil ocaqlarında çalışırlar.
Professor Zərifə Budaqova ömrü boyu beynəlxalq, ümumittifaq forum və simpoziumlarda, ümumittifaq və respublika səviyyəli konfrans, müşavirə və elmi sessiyalarda iştirak etmişdir.
1983-1985-ci illərdə İstanbulda Beynəlxalq türkoloji konqresdə, Berlin şəhərində Beynəlxalq altayşünaslar konfransda (1984), Daşkənddə türkologiyanın nəzəri məsələlərinə aid Ümumdünya konqresində (1985) məruzələrlə çıxış etmişdir.
Professor Zərifə Budaqovanın elmi, pedaqoji və təşkilatçılıq fəaliyyəti haqqında qısa və yığcam şəkildə bəhs etdiklərimizdən bir daha aydın olur ki, o, Azərbaycan elmini, təhsilini və mədəniyyətini öz dəyərli əsərləri ilə zənginləşdirmişdir.
Təəssüflər olsun ki, böyük alim bu gün cismən bizimlə deyil. Əgər yaşasaydı, bu gün onun 90 illik yubileyini təntənə ilə qeyd edərdik. Təsəllimiz odur ki, onun ölməz elmi irsi bu gün də sağlığında olduğu kimi öyrənilir, təhlil edilir. Professor Zərifə Budaqova öz elmi əsərləri ilə dilçiliyimizi bəzəyir.
Ruhu şad olsun! Qəbri nurla dolsun!
İsmayıl
MƏMMƏDLİ
Professor
525-ci qəzet.- 2019.- 10 aprel.- S.16.