Azərbaycan ədəbi dili
tarixini öyrənən dərslik
Filologiya üzrə fəlsəfə
doktoru, professor, Əməkdar
elm xadimi Nizami Xudiyevin "Azərbaycan ədəbi dili tarixi" kitabı Ali məktəblər üçün
dərslik kimi nəzərdə tutulub.
Kitab
2018-ci ildə "Elm və
təhsil" nəşriyyatı
tərəfindən 632 səhifə
həcmində, 1000 tirajla
işıq üzü
görüb.
Nəşrin elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə
doktoru Tofiq Hacıyev, rəyçisi
AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə
doktoru Ağamusa Axundovdur.
Kitab Azərbaycan
Respublikası Təhsil
Nazirliyi tərəfindən
təsdiq edilmiş proqrama uyğun olaraq çap olunub. Kitabda mənbələr əsasında Azərbaycan
ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh
olunur. Dərslik "Azərbaycan ədəbi dilinin təşəkkül dövrü"
(qədim dövrlərdən
XIII əsrə qədər),
"Azərbaycan ədəbi
dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü"
(XIII əsrdən XVII əsrə
qədər) və
"Azərbaycan ədəbi
dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü"
(XVII əsrdən bu günə qədər) kimi üç mühüm bölümdən
ibarətdir.
Birinci bölümdə
Azərbaycan dilinin qədim tarixi araşdırılır, ədəbi
dilin təşəkkülünün
ilkin şərtləri
və Azərbaycan ədəbi dilinin təşəkkülü əsaslandırılır. Bu bölmədə Azərbaycan
ədəbi dili nümunəsi kimi "Kitabi- Dədə Qorqud" dastanlarının
dili öyrənilib.
İkinci bölmə özlüyündə
iki yarımbaşlığa
bölünüb. XIII-XIV əsrlər Azərbaycan ədəbi dilindən danışarkən müəllif
ictimai tarixi şərait, normalar, üslublardan və xüsusi olaraq, klassik və folklor üslublarından geniş bəhs edib. Ədəbi nümunələr kimi İzzəddin Həsənoğlunun,
"Dastani-Əhməd Hərami"nin və İmaddədin Nəsiminin
dili araşdırılıb.
XV-XVI əsrlər Azərbaycan
ədəbi dilinə
nümunə kimi Xətainin və Füzulinin dillərindən
danışılır.
Üçüncü bölmədə ilk olaraq,
XVII-XVIII əsrlərdən söz açılır. Burada bədii, elmi və rəsmi üslublar, M.V.Vidadi, M.P.Vaqif kimi sənətkarların və
"Şəhriyar" dastanının
dili öyrənilir.
Bölmənin XIX əsrə aid hissəsində
Qasım bəy Zakir, M.F.Axundov, S.Ə.Şirvanidən bəhs
edilir. Buraya qədər öyrənilən
üslublara daha bir üslub da əlavə olunub: publisistik üslub. Bu üslub
"Əkinçi" qəzetinin
dili fonunda şərh edilib. XX əsrin əvvəllərində
Azərbaycan ədəbi
dili öncəki üslublar və əlavə olaraq, satirik-realistlərin (mollanəsrəddinçilər),
lirik-romantiklərin (füyuzatçılar)
və maarifçilərin
dili fonunda öyrənilir.
XX əsrin 20-30-cu illərindən sonrakı
Azərbaycan ədəbi
dilində yeni normalar və onların inkişafı ilə yanaşı, epistolyar üslub da yaranıb ki, müəllif kitabın bu bölməsində ona xüsusi sərlövhə
həsr edib. Dərslik Cənubi Azərbaycanda
ədəbi dilimizin ümumi mənzərəsinin
təsviri ilə yekunlaşır.
Dərslikdən ali təhsil müəssisələrinin
müəllimləri, tələbələri,
elmi işçilər,
eləcə də dilimizin tarixi ilə maraqlanan hər kəs yararlana bilər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 10 aprel.- S.13.