Azərbaycan romantizmi və onun təşəkkülü problemləri

 

Birinci məqalə

 

Azərbaycan romantizminin hüdudları

XVIII əsrin sonu, XIX əsrin əvvəlləri Avropa və Amerikada yaranmağa başlayan romantizm XIX əsr boyu Rusiya və Qərbi Avropada ən parlaq dövrünü yaşasa da, Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində zəngin bir inkişaf mərhələsi keçmişdir. Ona görə belə deyirik ki, ən son elmi ədəbiyyatlara qədər milli romantizmin yaranması bu dövrlə əlaqələndirilir. Əgər belədirsə; birincisi, gərək bunun səbəbləri aydınlaşdırılsın, arqumentlərlə sübut olunsun, ikincisi, yeni yaranmış hər hansı bir "izm" necə ola bilər ki, cəmi bir neçə il ərzində özünün ən yüksək inkişaf mərhələsini yaşasın?! O zaman belə bir sual ortaya çıxır; doğrudanmı, Azərbaycan romantizmi elmi-nəzəri ədəbiyyatşünaslıqda göstərildiyi kimi, XX əsrin əvvəllərində meydana gəlmişdir? Əgər elədirsə, nədən romantizmin ömrü belə qısa olmuşdur? Nədən Azərbaycan romantizmi tənqidi realizmlə eyni vaxtda yaranmış və bir cərəyan şəklinə düşmüşdür. Gülüstan və Türkmənçay müqavilələrindən (sovet tarixçiliyi və ədəbiyyatşünaslığı bunları sülh müqavilələri kimi qələmə verirdi) Rusiya ilə bir siyasi sistemə daxil olan, üzünü Rusiya, yaxud Rusiya ədəbiyyatı vasitəsilə Qərbə tutan maarif və bədii düşüncəmiz necə olur ki, bu böyük ədəbi "izm"i nəzərdən qaçırmışdır? Coğrafi cəhətdən bizə yaxın xalqların ədəbiyyatlarında romantizm XIX əsrdə yarandığı halda, nədən Azərbaycan ədəbiyyatında bu proses ən azından yarım əsr gecikmişdir? Fikrimizcə, romantizm yeganə ədəbi cərəyandır ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində hələ də yerinə düzgün oturdulmayıb. Bu cərəyan haqqında sosrealizm ədəbiyyatşünaslığının verdiyi qiymətdən, apardığı araşdırmalardan sonra bəzi məsələlərə aydınlıq gətirilməyib. Bu yanlışlıq bir neçə istiqamətdə davam edib:

1. Romantizmin başlanğıcı və yaranması tarixi düzgün müəyyənləşdirilməmişdir.

2. Romantizm vahid məzmuna malik cərəyan kimi götürülməmişdir.

3. Romantizm mürtəce, xırda burjua, mütərəqqi ifadələri ilə bir neçə yerə bölünmüşdür.

4. Romantizmin yaranması siyasi proseslərlə, bir qədər də dəqiqləşdirsək, 1905-ci il inqilabı ilə əlaqələndirilmişdir.

5. Romantizmin mövcudluğunun yalnız 1905-1907-ci illər arasında olduğu iddia edilmiş, hüdudları məqsədli şəkildə daraldılmış və bu şəkildə təhlilə cəlb edilmişdir.

Dəyərləndirmələrdə bir çox təmayüllər də var ki, bütün bunlar Azərbaycan romantizminin xüsusiyyətlərini olduğu kimi üzə çıxarmağa imkan vermir. Çünki həddən artıq ideolojiləşmiş sovet ədəbiyyatşünaslığı romantizmə ədəbi cərəyan olmaqdan ziyadə, siyasi, ideoloji bir proses kimi baxmışdır. Hər hansı bir məsələyə ideoloji-siyasi mövqedən baxdıqda isə, onun ömrü az olur, uzağı həmin ideologiyanın, yaxud siyasi mərhələnin ömrü qədər davam edir, mərhələ başa çatdıqda isə həmin konsepsiya da öz qüvvəsini itirir. İndi belə bir vəziyyət yaranmışdır: həmin ideologiya, siyasi mərhələ çoxdan başa çatmış, lakin bu dövrdən qalan nəzəri miras bəzi məsələlərdə hələ də davam edir. Halbuki hər hansı bir ədəbiyyatşünaslıq probleminin özü belə müəyyən zaman keçdikdən sonra yenidən qiymətləndirilməlidir. Ona görə də Azərbaycan ədəbiyyatında romantizmin başlanğıcı məsələsinə yenidən qayıtmaq lazım gəlir.

Əvvəlcə Azərbaycan ədəbiyyatında romantizmin yaranması məsələsinə nəzər yetirək. Sosrealist ədəbiyyatşünasları romantizmin yarandığı dövrü XX əsrin əvvəllərinə, konkret olaraq, 1905-ci il inqilabına bağlayaraq yazırdı: "1905-1907-ci illərdə Azərbaycan ədəbiyyatında tənqidi realizm ilə yanaşı, romantizm ədəbi cərəyanı da olmuşdur. Bu romantizm vahid bir məzmuna malik cərəyan deyildir. O, mürtəce, burjua-feodal romantizmi və mütərəqqi xırda burjua romantizmi adı ilə zidd cəbhələrə ayrılırdı" (Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, 2 c., B., Elm, 1960, s.763).

Sitatın ikinci hissəsini bir tərəfə qoyaraq (bu da ayrı bir müzakirə mövzusudur), yalnız romantizmin yaranması məsələsinə münasibət bildirək. Belə ki, öz dövrü üçün son dərəcə mütərəqqi və mükəmməl bir ədəbiyyat tarixi olan "Azərbaycan ədəbiyyatı tarixi"nin romantizmlə bağlı ilk cümləsində, demək olar ki, dövrün, ideologiyanın romantizmə baxışının bütün parametrləri öz əksini tapıb. Romantizm cərəyanının ilk və mükəmməl araşdırıcısı, akademik Məmmədcəfər Cəfərov da eyni kontekstdən çıxış edirdi. Azərbaycan romantizminin vaxtı keçmiş olmasına münasibət bildirən nəzəriyyəçi alim bununla razılaşmayaraq yazır: "Bu, vaxtı keçmiş deyil, 1905-1917-ci illərdə coşqun, mürəkkəb ictimai ziddiyyətlərlə dolu olan Azərbaycan həyatının xüsusi şəraitinin doğurduğu ədəbi hadisələrdən biri idi" (Cəfərov C., Seçilmiş əsərləri. 2 cilddə, I c., B., Azərnəşr, 1968, s.3). Romantizmşünas alim Vəli Osmanlı da Azərbaycan romantizminin təşəkkülü problemini əsrin əvvəlindəki inqilabla bağlayır və bunu Avropadakı romantizmin inqilablardan doğması anologiyaları ilə paralellər aparır. Görkəmli tədqiqatçı Y.Qarayev də romantizmin yaranmasını XX əsr hadisəsi hesab edirdi: "Beləliklə, XX əsr Azərbaycan romantizmi feodal əlaqələrinin və kolonioal asılılığın hələ davam etdiyi və bir də məhz elə buna görə milli burjuaziyanın (öz obyektiv tarixi missiyasının ziddinə olaraq!) son dərəcə zəif və qorxaq ictimai mövqe seçdiyi bir şəraitin məhsuludur. Bu zaman nəinki milli vəzifələrin maarifçilik proqramı, həmçinin, şəxsiyyət və insan kultu haqqında intibah təlimlərinin məqsədləri də hələ həyata keçməmiş qalırdı" (Qarayev Y. Seçilmiş əsərləri. 5 cilddə, I c., B., Elm, 2015, s.416) .

Azərbaycan romantizmindən yazan bütün tədqiqatçıların araşdırmalarında, demək olar ki, bu və buna yaxın elmi nəticələrə gəlinmişdir. Hətta, bu yanlışlıq Türkiyə araşdırmaçılarının əsərlərində də davam etmişdir. Türkiyəli tədqiqatçı Əli Erol romantizmlə bağlı yazdığı araşdırmasını "Azərbaycan şeirində romantizm (1905-1917)" adlandırır. Yəni Azərbaycan romantizminin yaranması və başa çatması məsələsində ədəbiyyatşünaslığımızın gəldiyi nəticələr mexaniki olaraq burada da təkrar edilmişdir. Bu cür yanaşma Azərbaycan tədqiqatçılarının əvvəlki tədqiqatlarına istinadən ortaya çıxmışdır. Bu fikrə ona görə gəlirik ki, tədqiqatçının romantizm problemi ilə bağlı fikirlərində otuz il əvvəlin yanaşması ilə rastlaşırıq. Ə.Erol Azərbaycan romantizminin yaranması və formalaşmasını 1905-1907 və 1917-ci illər inqilabları ilə bağlayaraq belə bir nəticəyə gəlir: "1905-1917-ci illər arasında Qərb təsirləri altına girən Azərbaycan ədəbiyyatında özəlliklə dil və üslub baxımından fərqli bir təmayül olaraq özünü hiss etdirən digər bir qol romantizmdir. Sosial, fəlsəfi, siyasi, əxlaqi, didaktik və lirik şeirləri ilə Rusiya və Türkiyə təsiri altında şəkillənən Azərbaycan romantik şeiri, ortaya qoyulan üslub, təvr və muhtava anlayışı etibarı ilə Azərbaycanda "mürtəce" və mütərəqqi olmaq üzrə iki qrupa ələ alınmış, sənət anlayışları etibarilə realistlərə yaxın olan mütərəqqi romantiklər, romantik şeir adına bəlirləyici qrup olaraq dəyərləndirilmişlər" (Ali Erol. Azerbaycan şiirinde romantizm (1905-1917). Azerbaycan Kültür Derneyi yayınları, İzmir, 2007, s. 54) .

Azərbaycan romantizminin köklərini bütünlüklə siyasətə və xalq kütlələrinin azadlığı probleminə bağlamaq və onun yaranışını XX əsrlə məhdudlaşdırmaq, fikrimizcə, milli romantizmin yaranma tarixini düzgün əks etdirmir. Ola bilsin ki, XX əsrin əvvəllərində milli romantizmdə vətəndaşlıq ideyalarının təzahürü bu fikri söyləməyə əsas versin, ancaq, o da məlumdur ki, romantizmin bütün mərhələlərində heç də hər zaman vətəndaşlıq mövqeyi əks etdirilməmişdir. Ümumiyyətlə, sovet dövründə yazılmış əksər tədqiqatlarda romantizmin yaranması 1905-ci il inqilabı ilə əlaqələndirilir. Burada bir analoji yanaşma da özünü göstərir. Belə ki, Qərb romantizminin yarandığı tarixi şəraiti Avropa burjua inqilablarına bağlayan ədəbiyyatşünaslıq, Azərbaycan romantizminin də yaranması üçün 1905-ci il inqilabını bir zəmin hesab etmişdir. Bu da onu göstərir ki, bu tarix romantizmin yaranmasının gerçək doğuşu deyil, ideologiyadan gələn zorən aid edilmiş bir tarixdir.

Lakin bu yanlışlıq sonrakı ədəbiyyatşünaslıqda da davam etmiş, nəticədə romantizmin yaranması ilə bağlı ziddiyyətli məqamlar ortaya çıxmışdır. Son illərin tədqiqatlarında romantizmin mövcudluğuna aid araşdırmalarda bu yanaşmanı daha doğru hesab etmək olar. Azərbaycan romantizminin araşdırıcısı V.Osmanlı bu uyğunsuzluğu ilk hiss edənlərdən olmuşdur. O, romantizmin bu cür dar çərçivəyə salınması ilə razılaşmayaraq (baxmayaraq ki, özü də vaxtilə bu yanaşmadan istifadə etmişdir!) "Romantizmə realistcəsinə baxaq..." məqaləsində bu fikrə etiraz edərək yazır: "Bizdə romantizmin belə dar çərçivəyə salınmasının iki başlıca səbəbi olmuşdur. Birincisi, rus və sovet ədəbiyyatşünaslığında ədəbiyyat tarixinin bu cür dövrləşmə şəklində, yəni iki inqilab arasındakı müddəti ayrıca mərhələ kimi öyrənmə təcrübəsi vardır. İkincisi, həmin illər Azərbaycan romantizminin daha parlaq inkişaf etdiyi dövrdür" (Osmanlı V. Romantizmə realistcəsinə baxaq... "Azərbaycan", 1997, N11-12, s. 167-171). Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov da bu fikirdədir ki, romantizmin hüdudlarını müəyyənləşdirmək üçün bu yanaşma doğru deyildir: "Azərbaycan romantizminin yaranma və başa çatma tarixi ilə bağlı ziddiyyətli fikirlər də mövcuddur. Belə ki, Azərbaycan romantizmindən danışarkən sosrealizm ədəbiyyatşünaslığı bu cərəyanın sərhədlərini 1905-1917-ci illər kimi müəyyənləşdirirdi... Bunun arxasında romantizm ədəbi cərəyanının yaranmasını Rusiyada baş verən inqilabla bağlamaq təşəbbüsü dayanırdı" (Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I c., B., 2011, s. 134). Göründüyü kimi, son illərin araşdırmalarında ədəbiyyatşünaslığımızdakı bu yanlışlıq aradan qaldırılmağa çalışılmış, lakin problemin təfərrüatına gedilməmişdir.

Düşünürəm ki, aradan keçən zaman və romantizmin yenidən araşdırılması bu məsələlərə yeni elmi-nəzəri kontekstdə baxmanı, yeni araşdırmalar aparmanı zəruri edir. Həm də ona görə ki, bu müddətdə romantizmin nəzəriyyəsi, ayrı-ayrı nümayəndələrinin yaradıcılığı ilə bağlı elmi dövriyyəyə xeyli yeni araşdırmalar daxil olmuşdur. Əvvəlcə, romantizmin yaranması tarixinə nəzər salaq. Belə ki, Qərbi Avropa və Rusiyada XIX əsr boyu öz çiçəklənmə dövrünü yaşayan romantizm ola bilməzdi ki, Azərbaycan ədəbiyyatında, cərəyan şəklində olmasa belə, bu və ya digər şəkildə təzahür etməsin. Həm də ona görə ki, Azərbaycan bədii düşüncəsi bu dövrdə Rusiya ədəbiyyatı ilə yaxından tanış olmağa başlamış, maarifçilik və realizm artıq bədii düşüncədə özünə yer etmişdi. Rus şairləri Karamzin, Jukovski, Puşkin, Lermontov və b. əsərləri ilə tanış olan Azərbaycan şairlərinin əsərləri ilə tanışlıq romantizmin, heç olmazsa, təzahürlərinin olmasını şərtləndirirdi. Elə isə romantizmin ilk təzahürlərini bəlkə bir qədər əvvəldə axtarmaq lazım gəlir!? Məsələ onda deyil ki, mütləq şəkildə romantizmin yaranmasını XIX əsrə aid etmək vacibdir. Ancaq aparılan araşdırmalarda bu tarixin 1905-ci il olması ilə heç cür razılaşmaq  da olmur. Çünki romantizm hər şeydən əvvəl, bir ədəbi hadisədir. Ədəbi hadisənin yaranması və formalaşmasını isə hər hansı bir tarixi hadisə ilə əlaqələndirmək çətindir.

Yəni 1905-ci il inqilabından dərhal sonra romantizmin yaranmasını və 1917-ci il fevral-burjua inqilabı ilə sona çatması fikri ilə razılaşmaq məsələyə konseptual yanaşmanı əks etdirmir. Həm də hər hansı bir cərəyanın yaranması və formalaşması, öz ömrünü başa vurması - bir ədəbi cərəyanın mövcudluğu üçün bu zaman çox qısadır. Hər hansı bir ədəbi cərəyanın yaranması və formalaşması, yaşamasının bir proses olduğunu nəzərə almış olsaq, məsələ bir qədər də aydınlaşmış olar.

Başqa bir tərəfdən necə olur ki, gürcü ədəbiyyatında romantizm XIX əsrdə baş verir, ancaq Azərbaycan ədəbiyyatında bu proses ən azından bir əsr geriləmiş olur. Ədəbi cərəyanlar qonşu və yaxın xalqların ədəbiyyatında həmişə bir-birinə keçmiş və müəyyən mənada təsir göstərmişlər. Məhz rus və qərb romantizminin təsiri altında gürcü ədəbiyyatında XIX əsrin əvvəllərində romantizm cərəyanının təzahürləri baş vermişdir. Gürcü romantizminin ilk nümayəndələri Aleksandr Çavçavadze, Qriqol Orbeliani, Nikolas Barataşvili və Vaxtanq Orbelianinin yaradıcılığında romantizmin ilk nümunələri yaranmışdır. Onların Jukovski, Puşkin, Lermontov romantizminin təsiri altında yaranan romantik şeirləri gürcü poeziyasına yeni bir poetik dünyagörüş gətirmişdir. N.Barataşvilinin "Gürcüstanın taleyi" poemasında xalqın tarixinin ən dramatik anları təsvir edilirdi. Y.Qarayevin belə bir fikri Azərbaycan romantizminin də əsasında maarifçiliyin durduğunu göstərir: "İstər gürcü, istərsə də erməni romantizminin təşəkkülü XIX əsrin əvvəllərinə təsadüf edir. Onların hər ikisi milli maarifçilik ideallarından ilham alır və Rusiya ilə ilhaqın nəticələrindən irəli gələn milli-mənəvi intibahın bədii fikirdə inikası kimi meydana çıxır" ( Qarayev Y. Seçilmiş əsərləri. 5 cilddə, I c., B., 2015, s. 501) .

Bu mənada Azərbaycan ədəbiyyatında romantizmin mövcud başlanğıcı və sonlandırılması ilə razılaşmaq olmur. M.F.Axundzadə, A.Bakıxanov, M.Ş.Vazehin Tiflis ədəbi mühitində yazıb yaratdığını, İ.Qutqaşınlının rus və dünya ədəbi mühitinə (ən azından fransız və polyak!) yaxından bələd olduğunu nəzərə alsaq, romantizmin təzahürlərini bu əsrdə axtarmaq daha doğru olardı. Əlbəttə, belə bir fikir söyləməkdən uzağıq ki, bu dövrdə romantizm bir ədəbi cərəyan səviyyəsinə yüksəlmişdir. Yox?! Ancaq romantizmin təzahürləri olan sentimentallıq bu dövrün ədəbiyyatında da bu və ya digər şəkildə öz əksini tapmışdır. İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət" xanım hekayəsini təhlil edərkən, nədənsə, bu əsəri realizm nümunəsi kimi təhlil etmişlər. Halbuki bu hekayə həm məzmunu, üslubu, həm də forması baxımından romantik bir əsərdir. Hətta mən deyərdim ki, bu hekayəni sırf romantik bir əsər, romantizm nümunəsi olaraq götürmək də mümkündür. Təkcə ona görə yox ki, əsərdə iki gəncin ülvi, saf məhəbbəti, sonluqla nəticələnən eşqi təsvir edilir, həm də ona görə ki, bu hadisələr hissi, romantik cizgilərlə, məhəbbət macəraları ilə göstərilir.

Məlumdur ki, İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsi fransız dilində yazılmış, uzun illərdən, hətta bir əsrdən sonra Azərbaycan dilinə tərcümə olunmuşdur. Görkəmli tədqiqatçı S.Mümtaz uzun müddət əsərin izinə düşmüş, yalnız 30-cu illərdə kitabı əldə etməyə müvəffəq olmuşdur. Repressiya olunduğundan hekayə yalnız 1939-cu ildə Səlim bəy Behbudovun tərcüməsində "Ədəbiyyat qəzeti"ndə dərc edilmişdir. S.Mümtazın əldə etdiyi nüsxədə M.F.Axundzadənin avtoqrafı vardır. Bu əsər M.F.Axundzadəni duyğulandırmalıdır ki, avtoqrafında rus dilində yazırdı: "Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram". 15 mart 1846. Mirzə Fətəli".

"Paqonlu maarifçi" İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsi yalnız 1956-cı ildə kitab şəklində çap olunmuşdur. Lakin bundan sonra da haqqında geniş tədqiqat aparılmamışdır. 1960-cı ildə dərc edilən "Azərbaycan ədəbiyyatı tarixi" kitabının ikinci cildində nə əsər haqqında məlumat verilmiş, nə də İ.Qutqaşınlı barədə oçerk getmişdir. Sonrakı illərdə də hekayə haqqında geniş araşdırmalar aparılmamışdır. Xüsusilə hekayənin dili, üslubu və hansı cərəyanda (romantik, realist və s.) yazılması ilə bağlı epizodik şəkildə fikir bildirilmişdir.

İ.Qutqaşınlı haqqında yazılmış tədqiqatlarda bir yazıçı kimi maarifçi olmasına daha çox üstünlük verilmişdir. Lakin onun maarifçiliyi əsərin romantik üslubda yazılmasını inkar etmir. Elə XX əsr romantikləri də dünyagörüşü etibarilə həm də maarifçi idilər. Olsun ki, İ.Qutqaşınlı dünyagörüşündə bir maarifçi kimi çıxış etsin (hərçənd, hekayəni diqqətlə təhlil etdikdə burada maarifçilik elementlərinə çox az rast gəlinir). Bu təbiidir. Bu dövrün ziyalılarının birinci məqsədi maarifçiliyi yaymaq idi. Lakin bu o demək deyil ki, əsərlərində də yazıçı hökmən maarifçi kimi çıxış etməlidir. Bu mənada "Rəşid bəy və Səadət xanım" hekayəsinə üslub baxımından nəzər salmaq kifayətdir. İstənilən bədii mətnin maarifçi, realist, romantik olmasını müəyyənləşdirmək üçün mətni təhlil etmək kifayətdir. Hekayə belə başlayır: "May ayının gözəl bir günü idi. Bütün təbiətin canlandığı və bəzəndiyi bir zamanda Azərbaycan bəylərinin birinin Səadət adında yeganə bir qızı sübh vaxtı günəş şərq tərəfdən doğmağa başlarkən, kiçik, lakin gözəl bir evdən çıxıb xoş bir hava ilə oxşanmaq, çiçəklərin nəşə verən ətirlərini iyləmək və quşların nəvazişli nəğmələrini dinləmək üçün səfalı bir bağa girdi. Qız bağa girər-girməz bütün təbiət sanki başqalaşdı. Göyün üzü daha da gözəlləşdi. Şad və fərəhli quşlar ağaclardan onun ayağına töküldülər, hava lətif ətirlərlə doldu. Bütün təbiət sanki son dərəcə şən halda özünü ona bəyəndirmək istəyirdi. Belə bir gözəl vücuda özünü bəyəndirməyi kim istəməz!" (Qutqaşınlı İ. Əsərləri. B., Elm, 1967, s. 39).

Bu üslubun maarifçi realizm olması ilə bağlı fikir söyləmək çətindir. Maarifçilik estetikasının tələbləri ilə bu bədii mətn heç cür uyuşmur. İdeya kimi maarifçi düşüncə ola bilər, lakin üslub, bədii təsvir və ifadə vasitələri baxımından romantizmin təzahürləridir. İ.Qutqaşınlının bu əsərində maarifçi realizmdən daha çox romantik əhvali-ruhiyyə və düşüncə əsasdır. Hekayənin hər iki qəhrəmanı lirik qəhrəmanlardır və onların bədii platforması maarifçilik üzərində deyil, romantizm əhvali-ruhiyyəsindədir. Maraqlıdır ki, əsas qəhrəman Rəşid bəy də maarifçilik duyğusu ilə təsvir edilir. O, digər romantizm qəhrəmanları kimi keçmişlə nəfəs alır, onunla yaşayır, "Şahnamə" və başqa qəhrəmanlıq dastanını oxuyur və sevirdi. Onun iki arzusu içində heç bir maarifçi, yaxud realist cərəyanın proqramı yoxdur. İki arzusundan biri bütün məşhur igidlərə qalib gəlmək, digəri isə yoxsullara kömək etməkdən ibarətdir. İkinci qəhrəman Səadət xanımın da həyat fəlsəfəsində romantik proqram başlıca yer tutur. Səadət xanım daim qayğılıdır, qəm-qüssə içindədir, dərin xəyallara dalır, təbiətin gözəlliyinə aşiqdir. Onun üçün sevgisiz həyat yoxdur. Səadət xanımı düşündürən səbəblər içərisində maarifçi ideyalardan çox, şəxsi iztirab, sevgi başlıca yer tutur.

Hekayədəki təsvirlərlə XX əsrin əvvəllərinin romantizm təsvirləri arasında elə bir fərq yoxdur. Qəhrəman, süjet, qəhrəmanların dünyagörüşü, təsvir üsulları baxımından bu təsvirlər Divanbəyoğlunun "Can yanğısı" povesti, yaxud hekayələri ilə yaxınlıq təşkil edir. Hətta bu mətnlərin eyni vaxtda yazıldığını yəqin etmək olar. Bu ondan irəli gəlir ki, hər iki mətn lirik-sentimental üslubda yazılmışdır. Lirizm və musiqililik romantizmin əsas xüsusiyyətlərindən biridir. Filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev dünya romantizminin nəzəri əsaslarında  lirizm və sentimentalizmin yer tutduğuna diqqət çəkərək yazır: "Romantik yazıçıların və rəssamların əsərlərində insan şəxsiyyətinin təsviri lirizmə və musiqililiyə köklənmişdi. Onlar həm nəsrdə, həm də dramda qəhrəmanın xarici görünüşünü bütün təfərrüatı ilə təsvir etməkdən imtina edir, onun ovqatının adekvat şəkildə əks olunmasına can atırdılar" (Quliyev Q. Ədəbi cərəyanlar və istiqamətlər. B., "Ol" NPKT, 2019, s. 105) .

Əlbəttə, biz İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsini romantik hekayə hesab etməklə, heç də romantizmin bir cərəyan olaraq tarixini məhz bu dövrə çəkmək fikrində deyilik. İ.Qutqaşınlının bu hekayəsi bütün parametrləri ilə romantik hekayənin tələblərinə tam cavab verir. Lakin bu hekayənin Azərbaycan ədəbiyyatına, ədəbi prosesinə təsir etmək imkanı olmamışdır. Birincisi, bu hekayə fransız dilində yazıldığından ədəbi prosesə bir il sonra daxil olmuşdur; ikincisi, romantizmin xüsusiyyətlərini özündə əks etdirən o dövrdə yazılmış tək hekayədir. Əgər bir neçə müəllifin eyni vaxtda bu cür əsərləri yazılmış olsaydı, belə bir nəticəyə gəlməmək üçün elə bir əsas olmazdı. "Bir gül ilə bahar olmaz" deyimini nəzərə almış olsaq, romantizmin bir cərəyan olaraq, heç də XIX əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatında mövcudluğunu təsdiq edə bilmərik. Lakin bu əsəri romantizmin ilk mərhələsi kimi götürməməyə də elə bir əsasımız yoxdur. Əgər bu hekayə zamanında Azərbaycan dilində yazılmış olsaydı və yaxud tərcümə edilib ədəbi prosesə daxil edilsəydi, heç şübhəsiz, romantizmin bir "izm" kimi ədəbiyyatımıza gəlməsi tezləşərdi. Ən maraqlı burasıdır ki, "Rəşid bəy və Səadət xanım" hekayəsini yazıldığı zamandan bir əsr sonra əldə edən məşhur ədəbiyyatşünas Salman Mümtaz yalnız əsəri əldə etməklə kifayətlənməmiş, həm də onun üslubunu düzgün qiymətləndirmişdir. Görkəmli tədqiqatçı hekayənin taleyi ilə bağlı yazdığı məqaləsində onun üslubuna da toxunmuşdur: "Əldə edilən mənbə və məxəzlərə görə, Avropa üsul və təsirində (seçmə mənimdir - T.Ə.) ilk hekayə yazan ədibimiz İsmayıl bəy olduğu kimi, yenə də o təsirdə yazılan ilk hekayəmiz də, onun həyatımızdan götürərək ədibanə və şairanə surətdə yazmış olduğu (seçmə mənimdir - T.Ə.) "Rəşid bəy və Səadət xanım" adlı hekayəsidir" (Mümtaz S. Yüz il bundan əvvəl Azərbaycan nasiri. "Ədəbiyyat qəzeti", 1936, 11, 24 mart) .

Aydın görünür ki, S.Mümtaz ilk qiymətləndirməsindəcə hekayənin "Avropa üsul və təsirində", "ədibanə və şairanə" yazıldığını sezmiş və bunu ifadə edə bilmişdir. O, bu fikri işlədərkən Avropada geniş yayılmış romantizm ədəbi cərəyanını nəzərdə tuturdu. Təəssüf ki, hekayənin hansı üslubda və ya üsulda yazılmasının üzərində sonrakı araşdırmalarda geniş dayanılmamış, onun müəllifi daha çox maarifçi-realist yazıçı kimi qələmə verilmişdir. Əslində isə "Rəşid bəy və Səadət xanım" hekayəsinin realist-maarifçi deyil, lirik-romantik üslubda yazıldığını təsdiq edə bilərik.

A.Bakıxanovun "Kitabi Əsgəriyyə" hekayəsinin də buna yaxın bir üslubda yazıldığını nəzərə almış olsaq, romantik ədəbiyyatın ilk təzahürlərini bədii nəsrimizdə axtarmaq daha doğru olardı. Azərbaycan poeziyasında romantikanın kökləri isə daha əvvələ gedib çıxır. Onsuz da Şərq poeziyası, o cümlədən, Azərbaycan klassik poeziyasının əsasını romantika təşkil edirdi. Əlbəttə, bu romantizm təzahürlərini XX əsrin əvvəllərindəki romantizmlə eyniləşdirmək fikrində deyilik. Heç belə bir fikrimiz də yoxdur. Çünki sonrakı romantizm nümayəndələri dünyanın, xalqın, millətin taleyini düşünür və təsvir edirdilər. Ancaq onu da görmək çətin deyil ki, əslində, XIX əsrin əvvəllərinə aid edilən gürcü və erməni romantizmi də heç bizim sonrakı romantizm anlayışımzla uyğun gəlmir. 1974-cü ildə Tbilisidə Qafqaz xalqlarının ədəbiyyatında romantizm probleminə həsr edilmiş konfrans keçirilərkən görkəmli alim Yaşar Qarayev də iştirak və çıxış etmişdir. Orada XIX əsrin əvvəllərində gürcü və erməni, XX əsrin əvvəllərində isə Azərbaycan romantizminin mövcudluğu ilə bağlı müzakirələr getmişdir. Lakin problemi yenidən araşdırdıqda gürcü və erməni romantizmi ilə XX əsr Azərbaycan romantizminin arasındakı fərqi görməmək olmur. Gürcülərin N.Barataşvili, A.Çavçavadze və b. romantik qəhrəmanları və onların idealları ilə M.Hadi və H.Cavid qəhrəmanlarını tərəzinin gözünə qoymağın düzgün olmadığını qətiyyətlə bildiririk. XIX əsrin əvvəllərində gürcü romantizminin də yalnız təzahür şəklində olduğunu və bu cərəyanın tələblərinə çətinliklə cavab verdiyini görməmək mümkün deyildir. Vaxtilə bu məhdudluğu hiss edən Y.Qarayev yazırdı: "İstər gürcü, istər erməni romantizminin təşəkkülü XIX əsrin əvvəllərinə təsadüf edir. Onların hər ikisi milli maarifçilik ideallarından ilham alır... Hər iki milli romantizm tipinin müəyyən ideya məhdudluğu ictimai-tarixi şəraitin öz xüsusiyyətləri ilə şərtlənir..." (Qarayev Y. Seçilmiş əsərləri. 5 cilddə, I c., B., 2015, s. 501-502). Müqayisə üçün gürcü şairi Qriqol Orbelianinin (1800-1883) "Muxambazi" şeirinə nəzər salmaq kifayətdir.

Uyuyaram, hey yuxuma vararsan,

Oyanaram... göz önümdə durarsan!

Kölən kimi vəfalıyam, səninəm,

İstər öldür, bir söz deməm - səninəm.

hara getsən, mən dalınca gəzərəm,

Görməsən də, bil ki, səni izlərəm.

Sakin olub səni ki incitmirəm?!

Asta səslə "nə gözəlsən" deyirəm (Ədəbi Gürcüstan. Tbilisi, "Universal" nəşriyyatı, 2007, s. 65) .

Gürcü romantizminə aid edilən bu şeir XIX əsrin əvvəllərində Azərbaycan maarifçiləri hesab edilən A.Bakıxanov və M.Ş.Vazeh poeziyasından, istər ideyasına, istərsə də bədii təsvir və ifadə vasitələrinə görə əsaslı şəkildə fərqlənmir. Bizə belə gəlir ki, bu barədə ayrıca araşdırma aparmağa ehtiyac vardır.

 

Timuçin ƏFƏNDİYEV

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor

 

525-ci qəzett.- 2019.-10 aprel.- S.14-15.