Nizami Xudiyevin
"Ömürdən səhifələr"i
Filologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin "Ömürdən səhifələr" kitabı 2018-ci ildə "Elm və təhsil" nəşriyyatında 704 (+40 səhifə rəngli) səhifə həcmində nəfis tərtibatda işıq üzü görüb.
Kitabda tanınmış alimin uşaqlıq illərindən bu günə qədər keçdiyi mənalı həyat yolundan səhifələr öz əksini tapıb. Oxucular burada müəllifin doğma yurdu Naxçıvan, Şahbuz, Badamlı və bu torpağın yetirmələri haqqında qeydlər, ailələri-anası, atası, qohumları barədə seçmələrlə də tanış ola bilərlər.
Adətən, belə kitablar bir neçə bölmədən ibarət olur. Birinci bölmə müəllifin yazdıqları, o biri bölmələr isə müəllif haqqında yazılanlardır. Həmin ənənəyə "Ömürdən səhifələr" kitabında da sadiq qalınıb.
Nəşrin redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rabil Novruzovdur.
Kitab müəllifin "Oxuculara" müraciətilə başlayır. Burada yer alan yazılar haqqında öncədən məlumat verən müəllif yazır: "Müxtəlif vaxtlarda qələmə alınmış ayrı-ayrı materialları, xatirələri gözdən keçirərkən bir daha bu qənaətə gəldim ki, hər bir yazı öz dövrünün ruhunu, düşüncə tərzini, həmin dövrün təfəkkürünü əks etdirir. Ona görə də yazıları toplayarkən onlara əl gəzdirməyi, yenidən işləməyi, hətta müəyyən cəhətdən bu günlə səsləşməyən nüansları, səhifələri ixtisar etməyi məqbul saymadım. Kitaba daxil edilmiş bu yazıların hər birinə öz dövrünün ab-havası çöküb.
Biz yazıları tarixi xronologiyaya görə deyil, mövzulara görə qruplaşdırmağa üstünlük vermişik. Buna baxmyaraq, kitabda verilmiş materiallar toplusuna, səhifələrə həm də müəyyən mənada, öz həyatımın kiçik bir salnaməsi kimi də baxıram.
Əziz oxucu! Belə hesab edirik ki, kitabdakı yazılar, hansı mövzuya toxunmasından asılı olmayaraq, öz dövrünün məhsuludur. Deməli, bu kitabı vərəqləməklə biz həm dünənimizə bağlanacaq, həm də sabahımız haqqında düşünə biləcəyik".
Kitabdakı ilk məqaləsini anası Müşkünaz Xudiyevanın xatirəsinə həsr edən müəllif, səyahətə "Uşaqlıqdan gəncliyə doğru" yol alaraq başlayır. Məqalənin ilk abzastı təkcə bütünlükdə "Ömürdən səhifələr" kitabının deyil, eləcə də hər birimizin həyatının mahiyyətini ifadə edir: "Gerçək həyat heyrət doğuran möcüzələrlə doludur. Reallıq bəzən qismətdən yuxarıda dayanır. Heç nəyə boyun əyməyən tale isə ömür həqiqətlərini öz ağuşuna alıb gedir, uzaq-uzaq səfərlərə aparır. Acı qışqırıqlar və şaqraq gülüşlər ömrümüzü bax beləcə ilmə-ilmə naxışlayır. Tanrının bizə əta etdiyi ömür karvanımızın hər bir səhifəsi bizi acılı-şirinli xatirələrə qaytarır".
Kitabın "Ömürdən səhifələr" bölməsinin digər yazılarında müəllif tələbəlik illəri, elmə doğru gedən yolları, əsgəri xidmət zamanı, ailə həyatı, atası ilə münasibətləri və atasız illəri, elmi tədqiqat dövrləri, pedaqoji mühiti və millət vəkili olduğu zamanları xatırlayır.
Nizami Xudiyev şəxsiyyəti daha sonra "Axtarışda keçən ömür"dən səhifələr", "Gənclik illəri. Elmdə inamlı addımlar", "Ədəbi dilimizin yorulmaz tədqiqatçısı", "Görkəmli alim, pedaqoq, ictimai xadim", "Azərbaycan dilçiliyi İran mətbuatında", "Ekran və efirin cazibəsində", "Lentin yaddaşından səhifələr" bölmələrində geniş və əhatəli şəkildə oxuculara təqdim olunur. Bu bölmələrdə A.Axundov, Y.Seyidov, R.Yusifoğlu, Y.Yusifov, Ə.Cəlilov, F.Məmmədli, M.Süleymanlı, Q.Məhərrəmli, Q.Kazımov, H.Əlizadə, Ə.R.Xələfli, B.Budaqov, M.Çobanlı, Q.Qeybullayev, Ş.Orucov, T.Mehdixanlı, H.Ş.Soytürk, İ.Alışanlı, E.İsgəndərzadə, T.Nəzərli, A.Mirzə, M.Muradxanlı və başqa müxtəlif qələm sahiblərinin, tanınmış alimlərin onun şəxsiyyəti və fəaliyyəti haqqındakı məqalələri yer alıb.
Kitabın son bölməsi "Biblioqrafiyadan bəzi səhifələr" adlanır. Burada Nizami Xudiyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, həyatı və qısa tərcümeyi-halı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, kitabları, məqalə və ssenariləri daxil edilib.
Müəllifin bu kitabı özü də dediyi kimi, çoxşaxəli və gərgin fəaliyyətlərlə əhatələnmiş həyat yolunun salnaməsi kimi xarakterizə oluna bilər. Kitabın əsas üstünlüyü ondan ibarətdir ki, burada həm müəllif öz fəaliyyəti, həyatı haqqında danışır, həm də buna şahid olan və dəyərləndirən insanlar.
Kitabda yer alan şəkillərdə Nizami Xudiyevin müxtəlif illərdə iştirak etdiyi görüşlər, tədbirlər, konfranslar və həyatının fərqli zamanları öz əksini tapıb. Oxuculara rəngli şəkildə təqdim olunan bu fotolar sözlərə hopmuş tarixi əyani şəkildə də gözlər önünə sərir.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 12
aprel.- S.13.