Ana dilim

 

 

1965-ci ildə Meşkin şəhərində anadan olub. Ali təhsil və yüksək lisans dərəcəsini doğulduğu şəhərdə alıb. Əsərləri müxtəlif dərgilərdə dərc edilib, 2000-ci ildə "Sabaha yol" adlı ilk şeirlər kitabı işıq üzü görüb. Nəsr sahəsində də yetənəkli yazar kimi tanınmış Fəriba İbrahimi Afaq, həm də istedadlı rəssamdır.

 

İran Azərbaycanı türklərinin sosial məsələlərinin həllində, hüquq-larının savunulmasında aktivdir və soydaşlarının haqlarının pozulma-ması uğrunda çalışır.

Sənlə yaşayıram, səninlə varam,

Həyat peykərimə göz, ana dilim.

Sənsən əski günüm, gələcəyim .

Yabançı sözlərə döz, ana dilim.

Həyat incəliyin, gül budağında,

Şirin nəğmələri yar dodağında,

Şe ir çiçəklərin, muğam bağında,

Söyləsən sevimli söz, ana dilim.

Yaltaqlıq qoxusu sənə çatmasın,

Qarşı çıx yasağa, haqqın batmasın,

Elə arxalan ki, səni atmasın,

Sənət dəryasında üz, ana dilim.

Səmadan genişsən, dənizdən dərin,

Gahdan atəş kimi, gahdan da sərin,

Yüksəlir səninlə igidin, ərin,

Bir gün qövr edəcək köz, ana dilim.

Kor olsun xor baxan gözləri sənə,

Düşməsin varlığın dumana, çənə,

Sevgilim, birlikdə deyək vətənə,

Yaşasın el-obam, öz ana dilim.

Söylə dərdimizi, tap dərmanında,

Güvənək qüvvəsinə, ellər yanında,

Qorqud Dədəmizin denən şanından,

Aşıqlar sazından söz, ana dilim.

Əsrlərdən başda bizə sarı ax,

Dostları sevindir, düşmənləri yax,

Afaqa yayılıb zənginliyin, bax,

İncilər misrada düz, ana dilim.

 

***

 

Tapdalanmış fikirəm mən,

 

ayaqlanmış bir çiçəyəm.

Qərinələr boyunca mən,

kor cəhalət torpağında

diri-diri basdırıldım.

İndisə qranit, qara yasa inkişafın məhbəsində

gözüm açıq, qolum bağlı,

duyğum duru, dilim bağlı,

koram, karam, şiləm,

Ancaq düşünürəm:

mən divari alçağamsa, fikir edirəm

bəs, varam mən...

 

***

 

Məndən doğur həyat, əmək,

 

məndən bitir min gül-çiçək,

məhəbbətin bulağıyam, nur səpirəm

ətək-ətək,

buludların dalısında,

şərəf, şüur, nəcabətin al günəşi,

qadınam mən...

 

***

 

Zaman darısqaldır

 

həyat ötəri

parlaq gələcəyə tələsirəm mən

o qızlı, oğlanlı, nəvəli çağa

danışdığım dildə yazıb pozmağa

bəxtəvər anlara, bəxtəvər günə

dərəyə, təpəyə, bağçaya, bağa

gülüşlü üzlərə, bülbül səsinə

ruhumun ən gözəl mərtəbəsinə

payız yarpağı tək zağ-zağ əsirəm

sevimli sabaha mən tələsirəm.

 

Bir dodaq nisgil

 

Boğulmuş damlayam, sel xəyalında,

Eldən qoparıldım el xəyalında,

Bir həzin segaham, sukutam, səsəm,

Sazdan ucalmışam tel xəyalında.

Anam tək bu torpaq əriyib canda,

Dərdinə qatlaşdım hər biz zaman da,

Koroğlu yalqızsa çəndə, dumanda,

Nigar havalıyam bel xəyalında.

Küləklər dəlidir, mən isə dolu,

Daranır fikrimin pərişan teli,

Yenə Araz axır Saray nəğməl,

Xan Çoban Muğanı mil xəyalında.

Sözlərim köz təkin bir ocaq eşqəm,

Gizli məhəbbətəm, lap qaçaq eşqəm,

Bir dodaq nisgiləm, bir dodaq eşqəm,

Belə doğulmuşam gül xəyalında.

Sevildim elimdə, mən sevəcəyəm,

Alçaqlar gözündə olmaz baş əyəm,

Bir uşaq önündə kövrək ürəyəm,

Zülmə qarşı tufan, yel xəyalında.

Mən özüm nağılam, həyatım şeir,

Bu şeir yasaqda dillərdən deyir,

Varlıqdan danışır dərddən söyləyir,

Danıldı, olmadı fel xəyalında.

Saralsa güllərim, zoğ, köküm sağlam,

Alqışlar elimə, alqışlar, salam,

Sorsan kimsən Afaq? - Söylə a balam,

Sicilimdir ana dil xəyalında.

 

Lalələr

 

Al qan boyalıdır alın örtüyün,

Yolunun çırağı yaşıl bayrağdır.

Cinin məktəbində dağlanıb canın,

Hicrət nəğməlidir, durna sayağdır.

Səmalar yorğunu, nur düşgünüsən,

Yaralı durnasan, yaran qan verir.

Tufanlar qıranmır sevda zəncirin,

O qanlı qatarda min quş can verir.

Yanır qanadların, əriyir canın,

Günəş sorağıyla, günəş fikriylə

Əngin üfüqlərdə uçub itirsən.

Bir nigar eşqiylə, onun zikriylə,

Torpaq sınırların aşıb keçirsən.

Deyirsən çəkilin buludlar, gedin,

Danırsan zülməti, danırsan zülmü.

Günəşdir, günəşdir, yalnız məqsədin,

Hasarlar, divarlar səninçin nifrət.

Səninçin boğanaq gətirir yadı,

İdrakın canına çəkilən paxır.

Səninçin qəfəstək çirkindiradı,

Titrəyir dünyanın ömür şüşəsi.

Mələklər diksinir mavi yuxudan,

Lalələr şeiridir axan dilində,

Eşqdir əzbərdən səni oxudan.

Haqqın sınağında hər an üzün ,

Tarixin qəlbindən mətin gəlirsən.

"Afaq"a şəhadət sirrini açıb,

Gəlirsən yenidən qan verirsənsən...

1367 (1988) - Meşginşəhər

 

Yağmurlu xəyal

 

Dumandır, çiskindir,

Yağışdır, çəndir.

Bürüyüb canımı yaz günləritək,

Yağmurlu xəyallar sıxır qəlbimi.

Bu qara buludlar haçan gedəcək?

Aldada bilmirəm özüm, özümü,

İlğıma, sehirə, möcüzəyə mən.

Külək olmaq gərək, bir şıltaq külək,

Yırtasan Günəşin qara örpəyin...

 

1/3/1370 (1991) Ərdəbil - Yağmurlu Bir Gün

 

FƏRİBA İBRAHİMİ (AFAQ)

 

525-ci qəzet.- 2019.-  12 aprel.- S.14.