Azərbaycan romantizmi və onun təşəkkülü
problemləri
II məqalə
Məlumdur
ki, İ.Qutqaşınlının "Rəşid bəy və
Səadət xanım" hekayəsindən XIX əsrin
sonlarına qədər iki nəsr əsəri
yazılmışdır. Bunlardan biri A.Bakıxanovun "Kitabi
Əsgəriyyə", digəri isə M.F.Axundzadənin
"Aldanmış kəvakib" əsərləridir.
İstənilən bədii mətn təhlili bu əsərlərn
fərqli bir üslubda yazıldığını ortaya
çıxarır. A.Bakıxanovun hekayəsi lirik-romantik,
M.F.Axundzadənin əsəri isə maarifçi-realist
üslubda yazılmışdır. Bu əsərlərdən
sonra yazılan nəsr əsərlərində də romantizm
qabarıq şəkildə təzahür edir. Bu mənada
XIX əsrin sonlarında yaranan iki nəsr faktına nəzər
yetirmək kifayətdir: N.Nərimanovun "Bahadır və
Sona" və Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi".
Maraqlıdır ki, hər iki əsər roman janrında
yazılmışdır. "Bahadır və
Sona" əsərinin birinci hissəsi 1896-cı ildə
yazılmış və çap olunmuş, ikinci hissəsi isə
1899-cu ilin sonlarında yazılmış, 1900-cü ilin ilk
aylarında çap olunmuşdur. Bütövlükdə
əsəri yalnız 1905-ci ildən sonra çap etdirmək
mümkün olmuşdur. Bu tarixi ona görə
xüsusi qeyd edirik ki, fikrimizcə, bu romanda romantizm bir ədəbi
cərəyan olaraq bədii nəsrimizdə bütün
parametrlərilə təzahür etmişdir. Ona görə də romanı romantizm
estetikasının xüsusiyyətləri əsasında
araşdırmaq lazım gəlir. Romantiklərin
əsas mövzusu sevgi, məhəbbət olduğu kimi, bu
romanda da iki sevən gəncin həyatı, saf, ülvi məhəbbəti
əks etdirilir. Məsələ onda deyil
ki, bununla biz N.Nərimanovu romantizmin nümayəndəsi kimi qələmə
veririk. Məsələ burasındadır
ki, hər hansı bir yazıçının
yaradıcılığına bütöv bir "izm"lə
yanaşmaq doğru deyildir. Yəni
yazıçının hər bir əsərinə fərdi
yanaşılmalı və təhlil edilməli, yalnız
bundan sonra həmin əsərin hansı ədəbi
"izm"ə daxil olduğunu aydınlaşdırmaq olar.
Azərbaycan romantizminin görkəmli nümayəndəsi
A.Şaiqin həm romantizm, həm maarifçi realizm, həm də
sosialist realizmi kontekstində yazdığı əsərləri
xatırlamaq kifayətdir. Hətta onun
"Məktub yetişmədi" hekayəsini həm romantizm,
həm də realist nəsr nümunəsi kimi təhlilə cəlb
etmişlər. Bundan başqa, ötən əsrin
əvvəllərində satiriklərin həm də romantizm cəbhəsində
əsərlər yazdığının şahidi oluruq.
Ə.Müznibin, S.Mənsurun,
C.Cabbarlının və b. romantiklərin həm satirik, həm
də romantik şeirlərini xatırlamaq kifayətdir.
Romantizmşünas V.Osmanlı Azərbaycan romantiklərini xarakterinə
görə iki yerə ayırırdı: "Bizdə iki qrup
romantik sənətkarlar vardır: özlərinin sənətə
gəlişi ilə bilavasitə romantizm ədəbi cərəyanını
yaradanlar və onlardan təsirlənənlər, nisbətən
sonradan onlara qoşulanlar" (Osmanlı V. Azərbaycan
romantikləri. B., Yazıçı, 1985, s. 6).
Lakin Azərbaycan romantiklərinin üçüncü
qrupu da vardır. Bu da Azərbaycan romantizminin yaranmasına
qədərki mərhələdə yazan, ancaq sona qədər
bu cərəyanın nümayəndəsi olmayanlardır.
Bunlardan biri də N.Nərimanovdur. Onun "Bahadır və Sona" əsərində
romantizm estetikasının nəinki təzahürlərini, hətta
bütün "izm"in izlərini görmək
mümkündür. Məlumdur ki, romantizm
estetikasının bədii düşüncədəki ifadə
yolları vətən, millət, azadlıq, hürriyyət
anlayışları üzərindən olmuşdur. Bu cəhətdən hətta onlar realistlərlə
birləşirdilər. "Bahadır və
Sona" romanında da bu problemdən ikisi-vətən və
millət açıq şəkildə qoyulmuşdur. Yalnız azadlıq və hüriyyət burada öz əksini
tapmır ki, bu da tarixi şəraitdən asılı idi.
Bunu əsərin romantizm nümunəsi kimi qiymətləndirilməsinə
elə bir təsiri olmamalıdır. Çünki
XX əsrin əvvəllərində də elə romantiklər
vardır ki, onların şeirlərində də azadlıq və
hüriyyət məsələsi başlıca yer tutmurdu.
Ə.Cənnəti, A.Müniri və b. romantiklərin
yaradıcılığında daha çox vətən, millət,
keçmiş, dini təəssübkeşlik kimi faktorlar bədii
təsvir obyekti olurdu. Romanın süjet xəttində
Bahadırla Sonanın sevgi münasibətləri qurmasına
baxmayaraq, yazıçının məqsədi başqa bir
millətdən olan Sona ilə vətən və millət
amilini müqayisəli şəkildə təsvir etmək
olmuşdur. Vətən və millət
ideyası romanın əsas qəhrəmanı Bahadır və
Sonanın həyat kredosudur. Ən çox
da Bahadır xalqının, millətinin, vətəninin bu
gündə olması ilə barışmaq istəmir.
Əslində, onun faciəsi də buradan qaynaqlanırdı:
"Bir gün Bahadır millət sözünü bəyan edərkən
fikrə gedib ah çəkdi və yavaşdan farsca bunu dedi: -
Biçarə millətim!
Bunu deyib rəngi təğyir tapdı. Sona bunun sözünü
yaxşı eşitməyib sual etdi:
- Nə
üçün siz ah çəkdiniz və nə dediniz?
Bahadır bir az fikirdən sonra dedi:
- Sizə dair bir söz demədim, ona görə təvəqqe
edirəm ki, ürəyinizə bir şey gətirməyəsiniz"
(Nərimanov N. Seçilmiş əsərləri. B., 1973, s.215).
Bahadırın çəkdiyi ahın səbəbi millətpərəstlik
olduğu bildirilir. Buradan da onun xalqını, vətənini
dərindən düşünən bir ziyalı olduğunu
görürük. O, millətlə bağlı
yalnız ah çəkməklə kifayətlənmir, həm
də onu gələcəyə aparmanın yollarını
arayır, xristian aləmi ilə müsəlman
dünyasını müqayisə edir. Bahadırın
adını çəkmədiyi islam
filosofunun "Məhəmməd peyğəmbər hazırda
öz millətinə nəzər etsə, yəqin qoyduğu
dini tanımaz", - fikirlərində geriliyin səbəbi
kimi dini və mollaları görürdü. O, təkcə
öz millətinin yox, bütün müsəlman aləminin tənəzzülünün
səbəblərini axtarırdı. Hətta
bir çox fikirlərində bütün bəşəriyyəti
düşünür, ona səslənirdi. Bu cür yanğı yalnız M.Hadinin, A.Səhhətin,
A.Şaiqin romantik şeirlərində öz əksini
tapır. Bahadırın bəşəriyyətə
üz tutması romantizmin görkəmli nümayəndəsi
A.Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz!"
məşhur misrasını xatırladır.
Beləliklə, N.Nərimanovun "Bahadır və
Sona" əsərində sonralar romantizmin əsas xüsusyyətinə
çevrilən ictimai mövzu və problematika, millət, vətən
anlayışları və ona sevgi, ülvi, saf məhəbbət,
bəşəri hisslərin təsviri başlıca yer tutur. Həm Bahadır, həm də
Sona həyata, hadisələrə baxışları,
dünyagörüşləri etibarilə romantizm
estetikasının tələblərinə tamamilə
uyğun gəlir. Romantizm estetikasına məxsus
olan milli mövqe, üsyankarlıq, tərəqqi, şəxsi
azadlıq, vətənpərvərlik kimi keyfiyyətlər
"Bahadır və Sona" qəhrəmanlarının da əsas
xüsusiyyətlərindəndir. Ən
maraqlı cəhət milli ədəbiyyatşünaslığın
bu əsərdəki romantikanı görməsi, lakin buna
baxmayaraq, ört-basdır etməməsidir.
Romantizmşünas alim M.Cəfər "Bahadır və
Sona" əsərini təhlil edərkən yazır:
"Əsasən realist üslubda yazılmış olan bu
romanda zəngin bir romantika da vardır. Bu, bu günün
gözəl sabahından xəbər verən bir
romantika..." (Cəfərov C. Seçilmiş
əsərləri. 2 cilddə, I c., B., Azərnəşr,
1968, s. 212).
Akademik M.Cəfər bu fikrini 1957-ci ildə
yazmışdır; bu o zaman idi ki, romantizm cərəyanına
ədəbi, ictimai-siyasi mühitdə kəskin münasibət
hökm sürürdü. Ə.Mirəhmədovun
M.Hadi ilə bağlı yazdığı tədqiqat işi ləğv
olunmuşdu. Azərbaycan alimləri
çox çətinliklə romantizmdən yazmağın
yolunu taparaq onu "mütərəqqi və mürtəce"
- deyə iki yerə bölmüşdülər və bu barədə
ilk araşdırmalar aparılırdı. Üstəlik,
bu dövrdə siyasi səbəblərdən N.Nərimanovun
da adı tutulmurdu. Ona görə də,
M.Cəfərin N.Nərimanovun bu əsərini realist üsubda
yazılmış əsər kimi dəyərləndirməsi
başadüşüləndir. Lakin
böyük alim əsərdəki romantik istiqaməti də
qeyd etməyə bilməmiş və beləcə əsərdəki
realizmlə birgə romantikanı da dəyərləndirmişdir.
Yaxşı haldır ki, bu dövrdə yaranan əsərlər
içərisində "Bahadır və Sona" romantizm bədii
düşüncəsini təkbaşına təmsil etmir. Əgər
belə olsaydı, bunu bir təsadüf də hesab etmək
olardı. Ancaq bu dövrdə yazılan
ikinci bir roman Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi"
əsəri Azərbaycan romantizminin XIX əsrin son onilliyinə
təsadüf etdiyinin ən yaxşı nümunəsidir.
Hər iki roman bir-birinə yaxın zamanlarda
yazılmışdır. Lakin N.Nərimanovun
"Bahadır və Sona" əsəri azərbaycanca
yazıldığı halda, bu əsər farsca
yazılmış və çap olunmuşdur. Bu roman da
bir çox xüsusiyyətlərinə görə on il sonra yazılan romantizm cərəyanına məxsus
əsərlərlə çox yaxınlıq təşkil
edir. Əsər həm bədii təsvir
üsuluna, ifadə vasitələrinə, məsələnin
qoyuluşu və bədii həllinə görə romantizm ədəbi
cərəyanının tələblərinə cavab verir.
Bahadır kimi, İbrahim bəy də daim vətəni,
milləti düşünür, onunla nəfəs alır,
onun yolunda xəstələnir və ölür. Vətən, xalq, millət, tərəqqi
anlayışları romanın baş qəhrəmanının
həyat kredosudur. Romanın müqəddiməsində
yazıçı qəhrəmanın həyat kredosunu belə
açıqlayır: "Bu gün hamıya aydındır
ki, Qərb millətlərinin tərəqqisinin əsas səbəbi
o xoşbəxt ölkələrin mətbuatının bərəkətindəndir.
Onlar vətənlərindəki bütün
nöqsanları, millətin hər hansı sinfinə və məmləkətin
hər hansı bir sahəsinə aid olmasından asılı
olmayaraq, gördükləri kimi yazırlar. Əgər eşitmiş olsalar, doğruluğunu
yoxlayıb tam arxayınlıq əldə etdikdən sonra
eşitdiklərini heç bir şəxsi mülahizə və
qərəzə yol vermədən mətbuat səhifələrində
əfkari-ümumin qarşısına çıxarıb, səlahiyyətli
dairələri bu nöqsanları aradan qaldırmağa
çağırırlar. Məsul məqamlar da mətbuatın
xəbərdarlığını eşidən kimi bircə dəqiqəni
belə fövtə vermədən əvvəlcə o mətləbin
doğruluğunu yoxlayır, sonra nöqsanı islah etmək
vasitələrini təşkil etməklə bərabər,
onu yazıb göstərənə təşəkkürünü
bildirir, əgər bir yanlışlıq baş vermiş
olsa, bunu xoş dillə qeyd edərək mətbuatın səhvini
düzəltməyə çalışırlar. Beləliklə, demək olar ki, o ölkələrin
xoşbəxt əhalisinin həm danışan dili, həm
görən gözü, həm də eşidən
qulağı var. Təəssüflər olsun ki, bədbəxtlik
üzündən biz bu nemətlərin üçündən
də məhrumuq" (Z.Marağayi. İbrahim
bəyin səyahətnaməsi. B., Elm, 1982, s.67).
Z.Marağayi romanda üzünü "işıq
zehinli bilik sahiblərinə" tutur və sözünün
onlara olduğunu bildirir və yer üzündə "millətlərin
tərəqqisi, mədəniyyəti, səadəti və
xoşbəxtliyinin" səbəblərini axtarır. Bu da romantiklərin
ən başlıca problemlərindən idi. İkinci əsas məsələ, baş qəhrəmanın
və müəllifin (o, həm də prototipdir) vətənpərvər
olmasıdır. Məlumdur ki, romantizmin əsas
xüsusiyyətlərindən biri də keçmişi idealizə
etmək, vətəni sevməkdir. İbrahim
bəy də Azərbaycanın ən böyük tacirlərindən
birinin oğludur. Atası əlli ilə əvvəl
ticarət məqsədilə Misirə gedib,
xeyirxahlığı ilə ad qazanıb. Özü
Misirdə olsa da, ürəyi həmişə vətəndə
olub. Bu vətənpərvər insan vəfat
etdikdə oğlu İbrahim bəyin iyirmi yaşı
vardı. O da atası kimi çox vətənpərvər
idi. Müəllifin də məqsədi onun vətənpərvərliyi
kontekstində İranda baş verən hadisələri
göstərməkdir. Romanda əvvəldən
axıra lirik-romantik üslub aparıcı olur. Vətən, millət, tərəqqi mövzusu və
vətəndaşlıq keyfiyyəti təsvir edilir. Romantiklərin əsas yaradıcılıq
xüsusiyyətlərindən biri də bədii mətndə
obrazla vətən arasındakı münasibətlərin təsviridir.
Bu romanda da biz vətənlə vətəndaş
arasındakı münasibətlərin lirik-romantik əlaqəsini
görürük. Vətəndaş
öz vətəninə cani könüldən vurğundur,
onun haqqında hər hansı bir tənqidi eşitmək,
qüsuru görmək, eşitmək istəmir. O, vətəninə
aşiqdir, onu sevir, əzizləyir, lakin real gerçəkliklərlə
tanış olduqda, onsuz yaşaya bilmir. Bu cəhətdən "İbrahim bəyin səyahətnaməsi"
romanı XX əsr romantiklərinin əsərlərilə
eyniyyət təşkil edir. Hətta mən
deyərdim ki, qəhrəmanlar eyni platformadan, estetikadan
çıxış edirlər. Onların
yaradıcılığında olduğu kimi, İbrahim bəyin
vətənə münasibəti-aşiqin "sevgili məhbub"a
münasibətidir. Romantizmin bütün qəhrəmanları
kimi, İbrahim bəy də millət, vətən təəsübkeşidir.
Onun evində "Tarixi Nadir"in bir neçə
əlyazma nüsxəsi var. Hər gün "Tarixi Nadir"
oxuyur. Millət, vətən təəssübkeşliyi
onun gözünü o qədər qapamışdır ki, vətəni
ilə bağlı gerçəklikləri görmür,
görəndə isə halı pisləşir:
"Atasının vəfatından sonra, gözəl əxlaqı,
doğru-düzgünlüyü, xeyirxahlığı və
təmiz dolanmasına görə İbrahim bəyi
dost-düşmən barmaqla nişan verirdi. Bütün
işləri ölçülüb-biçilmiş, adamlarla
rəftarı olduqca mülayim və gözəl idi. Milli təəssübdə də İbrahim bəy
atasını ötüb keçdi. Belə ki, bir para
zarafatçı həmvətənləri onu pərt etmək
istəyəndə İranın bəzi eyblərindən onun
yanında danışmağa başlardılar...
Bəzən də bu zarafatçı adamlar hakimlərin
qəddarlığından, əhalini istədikləri
zülmə, işgəncəyə və talana məruz
qoymalarından, onların hədsiz-hüdudsuz zülmündən
xalqın baş götürüb cəlayi-vətən etməsindən
söhbət açır, özü də bütün bu
ürəyədəyən sözləri İbrahim bəyə
eşitdirirdilər. Biçarə İbrahim bəy bu sözləri
eşitdikcə hirslənir, onların bəzisini dinsiz, bir
parasını qeyrətsiz adlandırırdı. Elə
vaxtlar da olurdu ki, iş yaman-yovuzdan
yumruğa, çomaq davasına, hətta bir-birinin
saqqalını yolmağa və əlbəyaxa olmağa da
çəkirdi" (Marağalı Z. İbrahim bəyin səyahətnaməsi.
B., Elm, 1982, s. 68).
Lakin gerçəklikləri gördükdə
İbrahim bəyin halı pis olur, o, xəstələnir. Daim xəyalında
canlandırdığı, sevdiyi vətənində olarkən
gördüyü reallıqlar onu "ah" çəkməyə
məcbur edir. İbrahim bəyin bu halı M.Hadinin vətən
təəssüblü qəhrəmanlarının dünyagörüşü
ilə eynilik təşkil edir:
Ey atəşi-cəhalətə
büryan olan vətən!
Pirayeyi-ülümdən
üryan olan vətən!
Ey dideyi təəssürü
giryan olan vətən!
Baxdıqca
əhlinə ürəyi qan olan vətən!
(Hadi M. Seçilmiş əsərləri. B., Şərq-Qərb, 2005,
s. 245).
İbrahim
bəy vətənə səyahət edib öz gözləri
ilə görüb onun dərdlərini anlayarkən
hönkür-hönkür ağlaması və vətən
haqqında nalə çəkməsi romantik qəhrəmanın
naləsi kimi səslənir: "Məgər bütün
bunları şah bilmir?" - deyə
soruşdum. "O yazığın nədən xəbəri
var?" - dedi. Onun başını elə
qatmışlar ki, başını qaşımağa
macalı yoxdur. Bunları xarici işlər
naziri ilə sədr-əzəm əlbir olub satırlar".
Daha dayana bilmədim. Hönkür-hönkür
ağladım. Burada millətin qeyrətli
övladlarından birinin vətən haqqında qoşduğu
təranədən iki beyt yadıma düşdü.
Münasib olduğu üçün yazdım:
Vətən,
behişt də sənin tək gözəl ola
bilməz,
Məhəbbətinlə vurur sinədə bu odlu ürək.
Tükənməz
hörmətinə kəc baxarsa hər bir kəs,
Başında
olmaya heç bir zaman papağı gərək"
(Marağalı Z. İbrahim bəyin səyahətnaməsi. B., Elm, 1982, s. 91).
Göründüyü kimi, əsasən romantik poeziyada
olan vətən təəssübkeşliyi, xalq, millət
sevdası İbrahim bəyin də həyat amalına daxildir. Vətənin
hüznlü əhvalı onu mütəəssir edir. Lirik-romantik qəhrəmana məxsus ovqat demək
olar ki, "İbrahim bəyin səyahətnaməsi"
romanı ilə romantik poeziyada bir-birinə çox
yaxındır, hətta bir çox məqamlarda eynidir.
Yazıçı İbrahim bəyin sevgisini (həm vətən,
həm də şəxsi) Şərq romantizminin baş qəhrəmanları
Leyli və Məcnun, Fərhad və Şirin, Mahmud və Ayaz
eşqindən başqa bir sevgini - Vətən sevgisini
anlatmağa çalışır: "Məhz buna görə
də İbrahim bəyin öz əziz vətəninə olan
eşqini əfsanə kimi qiymətləndirmək olmaz. Bu
eşqin yolunda can vermək ən böyük səadətdir.
Onun ağacının barı
"İbrahim bəyin səyahətnamə"sinin
axırında təəssübün səmərəsi
adlanan meyvədən ibarətdir (Marağalı Z. İbrahim bəyin
səyahətnaməsi. B., Elm, 1982, 445).
Onu da qeyd
etmək lazımdır ki, üç hissədən ibarət
roman on beş il ərzində
yazılmışdır. Əsərin birinci cildi ilə
üçüncü cildi arasında on beş
illik bir zaman vardır. İkinci və
üçüncü cildin yazıldığı dövrdə
romantizm artıq həm poeziyada, həm də nəsr və
dramaturgiyada özünü təsdiq etməkdə idi. Görünür, bunun təsiridir ki, əsərin
ikinci və üçüncü cildlərində realizm
azalır, romantik təsvirlər isə çoxalır. Əgər romanın birinci cildində İbrahim bəyin
vətən məhəbbəti təsvir olunursa, ikinci cilddə
İbrahim bəyin "doqquz ay İran yollarına göz dikib
yolunu gözləyən" Məhbubəyə olan məhəbbəti
göstərilir. Əsərin ikinci cildində
bu iki gəncin məhəbbətindən
danışılır. Uşaqlığından
bu evdə böyüyən Məhbubə İbrahim bəyə
sevgisinə son nəfəsinə qədər sadiq qalır.
İbrahim bəyi sağaltmağa cəhd
göstərsə də, mümkün olmur, İbrahim bəy
sevgilisinin qolları arasında can verir. Bunun da mənası
vardır; yazıçı iki məhəbbət xəttini
bir-birinə qarşı qoyur: vətən məhəbbəti
və şəxsi sevgisi. Yazıçı qəhrəmanını
öldürməklə birinci məhəbbəti hər
şeydən üstün tutur. İbrahim bəy
vətən yolunda fəda olur, şəxsi sevgisini vətən
məhəbbətinə qurban verir. Məhbubə
də onun dərdinə dözə bilməyərək həyata
vida edir. Müəllif bununla onları o
dünyada səadətə qovuşdurur.
Hər iki cilddə hadisələrin təsviri, eləcə
də bədii təsvir və ifadə üsulları romantik əhvali-ruhiyyədə
verilir. Hətta
romanın bu hissələrində çoxlu poetik mətnlərdən
istifadə edilir:
Ayağından öpmək qismətim olsa.
Cəhldir həm başdan keçmək, həm candan.
Vüsalın
qədrini nə bilsin ol kim,
Nə hicran çəkmişdir, nə dərdi-hicran.
Mənim
məsləkimdə diri odur ki,
Dost
yolunda etmiş canını qurban
(Marağalı Z. İbrahim bəyin səyahətnaməsi. B., Elm, 1982, s. 400).
Bu cür paralellər üzərində çox dayanmaq
olar. Lakin
bunlar da Azərbaycan romantizminin 1905-ci il
inqilabından başlanmasını istisna edir. Bütün
bunlar onu deməyə əsas verir ki, Azərbaycan ədəbiyyatında
romantizmin təzahürləri
İ.Qutqaşınlının "Rəşid bəy
və Səadət" xanım hekayəsi ilə
başlayıb mənbəyini oradan götürürsə,
bir cərəyan olaraq XIX əsrin son onilliyində
formalaşır. Demək olar ki, eyni zamanda yazılan N.Nərimanovun
"Bahadır və Sona" və Z.Marağayinin "İbrahim
bəyin səyahətnaməsi" əsərlərində
romantizm bütün parametrlərilə özünü
büruzə verir. Maraqlıdır ki, bu
dövrdə yazılan iki romanın ikisi də romantik
üslubda yazılmışdır. Baxmayaraq
ki, "İbrahim bəyin səyahətnaməsi" əsərində
tənqidi ruh da hakimdir. Bu da təbiidir.
Çünki hər iki əsərin qəhrəmanı
xarakterinə görə, həm də maarifçidir. Öz vətəninin, xalqının tərəqqisini
istəyir və buna çalışırdılar. "İbrahim bəyin səyahətnaməsi"ndə
qətiyyən satirik, yaxud tənqidi realist estetikanın bədii
təsvir və ifadə vasitələrindən istifadə
edilmir. Ədəbiyyat kimi ədəbiyyatşünaslıq
da daim dəyişir, inkişaf edir. Bu mənada
çağdaş ədəbi-elmi fikrimiz hər hansı bir
problemi yenidən araşdırmaq və doğru nəticələrə
gəlməlidir. Romantizm hadisəsi də
elmi-nəzəri fikrimizdə yenidən öz qiymətini
almalıdır.
Məlumdur ki, Azərbaycan romantizminin mənbəyini
götürdüyü və bəzi xüsusiyyətlərinin
təzahür etdiyi "Rəşid bəy və Səadət"
xanım hekayəsi ilk dəfə kitab şəklində
1956-cı ildə nəşr edilmişdir. Bu zaman
artıq Azərbaycan ədəbiyyatşünaslığında
romantizmin yaranması və nümayəndələri
haqqında müəyyən qənaətlər
formalaşmışdır. Xüsusilə, Azərbaycan
romantizminin yaranmasının 1905-ci il
inqilabına bağlanması alternativ fikri istisna edirdi. Romantizm tədqiqatçıları
da buna görə bu hekayəyə nəzər yetirməmiş
və bu hekayə onların nəzərindən
yayınmışdır. Romantizmşünasların
əsas diqqəti XX əsr romantiklərinin
yaradıcılığına yönəlmişdir. İdeoloji-siyasi təzyiq altında olan ədəbiyyatşünaslığımızın
bu çərçivədən çıxa bilməsi
üçün müəyyən vaxt və zaman lazım gəlmişdir.
Fikrimizcə, bu məsələ ətrafında
daha dərindən düşünmək, araşdırmalar
aparmaq lazımdır.
Romantizmin hüdudlarını müəyyənləşdirərkən
onun ədəbiyyatımızda sona çatması tarixi də
düzgün göstərilməyib. Belə ki, sovet ədəbiyyatşünaslığı
romantizmin başa çatmasını 1917-ci il
kimi göstərmişdir. Əslində isə
milli bədii düşüncəmizdə hər hansı bir ədəbi
cərəyanın başa çatmasını Rusiyada baş
verən bir inqilabla əlaqələndirmək doğru
deyildir. Bəs nədən bu
yanlışlıq baş vermişdir? Doğrudanmı
Azərbaycan romantizmi öz missiyasını onunla əlaqədar
olmayan hər hansı bir inqilabla sonlandırmışdır?
Azərbaycan romantizminin görkəmli nümayəndələri
Ə.Hüseynzadə, H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq,
Ə.Müznib, A.Müniri, S.Mənsur, Ə.Səbur,
İbrahim Azər, İbrahim Tahir Musayev və b.
yaradıcılığı bu tarixdə başa
çatmışmı? Yoxsa onlar dərhal
yazı üslubunu dəyişib realist, yaxud sosrealist
olmuşlar? Bu suallara aydınlıq gətirmək
də çağdaş ədəbiyyatşünaslığımızın
əsas vəzifələrindəndir.
Məsələ belədir ki, sovet ədəbiyyatşünaslarının,
demək olar ki, hamısı Azərbaycan romantizminin 1917-ci ildə
başa çatmasını iddia etmişlər. Xüsusilə,
ədəbiyyat tarixlərində romantizmin
hüdudlarının bu tarixdə başa
çatmasının göstərilməsi bu sahədə
yazılan araşdırmalar üçün də əsas sənəd
hesab olunmuşdur. Sovet ədəbiyyatşünaslığı
isə 1918-1920-ci illər ədəbiyyatının üzərindən
sükutla keçirdi. Yəni bu dövrdə
yazılan ədəbiyyat tarixlərində Cümhuriyyət
dövrü ədəbiyyatı araşdırmalardan kənarda
qalırdı. Yoxsa romantizmin ən parlaq
dövrü kimi Cümhuriyyət dövründə yazılan
əsərləri də təhlilə cəlb edərdilər.
Aydındır ki, romantizmin ideyaverici nümayəndəsi
Ə.Hüseynzadə 1910-cu ildə Türkiyəyə
getmiş və poetik yaradıcılıqla məşğul
olmamışdı. Bəs, M.Hadi ki, ömrünün
sonlarına qədər (1920) bu cərəyana mənsub
olmuş və Cümhuriyyət dövründə ən
yaxşı əsərlərini yaratmışdır! A.Səhhətin də bu dövrdə əsərləri
dərc edilmişdir. A.Şaiqin "Arazdan Turana",
"Birləşəlim, türk oğlu" və s. onlarla
poetik nümunələri bu illərdə
yaranmışdır. Əlipaşa Səbur,
Əliabbas Müznib, Səməd Mənsur,
Əbdülxalıq Cənnəti və b. onlarla romantik sənətkarlar
bu dövrdə yaşayıb yaratmışlar.
30-cu illərdə repressiyaya məruz qalan H.Cavid sovet tənqidçilərinin
tənqidinə məhz əski üslubundan qurtula bilməməsinə
görə məruz qalmırdımı? Əgər H.Cavid sona qədər
öz üslubuna sadiq qalmışsa, nədən romantizmin
1917-ci ildə başa çatması haqqında sovet ədəbiyyatşünaslarının
dedikləri təkrarlanmalıdır?! S.Mənsurun sona qədər
əvvəlki inersiya ilə yazıb yaratdığını kim inkar edə bilər? Bəs
sovet ədəbiyyatşünaslığının mürtəce
romantiklər kimi qiymətləndirdiyi A.Müniri,
Ə.Müznib, Ə.Cənnəti, İ.T.Musayev, Rza Zaki,
Hacı Səlim Səyyah, İbrahim Azər və b.
yaradıcılığını hansı "izm"ə
aid edək?! Onlar ki, sovet dövründə
yazıb yaratmışlar və onların bu yazdıqları
proletar, yaxud sosrealist ədəbiyyatına daxil edilməmişdir?
Mən hələ milli hərəkat və
Cümhuriyyət dalğasında ədəbiyyata gələn
gəncləri - C.Cabbarlı, Ə.Cavad, Ə.Abid,
Umgülsüm, Əliyusif, Davud, Ə.Dai və b. demirəm.
C.Cabbarlının "Trablis müharibəsi" və ya
"Ulduz", "Ədirnə fəthi", "Bakı
müharibəsi", "Aydın", "Oqtay
Eloğlu" kimi dram əsərləri, eləcə də
"Gülzar" hekayəsi romantizm "başa
çatdıqdan" sonra yazılmışdır. 50-ci illərə qədər yaşayan A.Şaiq
yeni dövrə aid müəyyən əsərlər
yazmışdır. Belə bir nəticəyə
gəlmək çətin deyil ki, romantizm 1917-ci ildə
başa çatmamış, bir müddət davam etmişdir.
Hətta Cümhuriyyət dövründə
özünün ən yüksək pilləsinə
çatmışdır. Sonrakı
dövrdə də romantizmə aid əsərlər
yazılmışdır.
H.Cavidin "Peyğəmbər", "Topal Teymur", "Xəyyam", "Səyavuş" dram əsərləri, "Azər" poeması və s. məhz romantizm nümunəsi deyilmi?! Mürtəce romantiklər adıyla adlandırılan digər romantiklər də yazıb-yaratsa da, onların əsərləri mətbuata çıxmamış, ədəbi prosesdən kənarda qalmışdır. Buna görə də, Azərbaycan romantizminin başa çatma dövrü kimi 1917-ci ili götürmək doğru nəticələrə gəlməyə imkan vermir. Doğrudur, romantizmin qaynağı kimi "Füyuzat" "Şəlalə", "Yeni füyuzat" kimi jurnal və qəzetlər sovet dövründə nəşr edilmədiyindən romantizm əvvəlki coşğunluqla davam etməmişdir. Lakin sosialist realizminin özünü təsdiq etməsinə qədər romantizm zəif də olsa mövcud olmuşdur. Fikrimizcə, romantizm bir ədəbi cərəyan kimi sovet dövründə mövcudluğunu sürdürməsə də, bədii nümunələrin yaranması onun hələ də bu ənənənin davam etməsini şərtləndirir. Bütün bunlar onu göstərir ki, Azərbaycan romantizminin hüdudlarını 1905-1917-ci illərlə məhdudlaşdırmaq düzgün deyil, onun hüdudları daha genişdir. Belə bir müqayisə aparmaq yerinə düşər ki, əgər dünya ədəbiyyatı və incəsənətində romantizmin hüdudları fərqli şəkildə olmasına rəğmən, ən parlaq dövrü XIX əsr olduğu kimi, Azərbaycan romantizminin də hüdudları yüzillik bir dövrü əhatə etməsinə rəğmən, ən parlaq dövrü XX əsrin əvvəlləridir. Lakin XX əsrin əvvəllərini də 1917-ci illə məhdudlaşdırmaq doğru deyildir.
Təkcə bunu demək kifayətdir ki, Azərbaycan romantizminin ən böyük nümayəndəsi H.Cavid yolundan (oxu: üslubundan, "izm"indən, poetik sistemindən! - T.Ə.) dönməmiş, yaradıcılığını repressiya olunana qədər davam etdirmişdir. Sosialist realizmi ədəbiyyatşünaslığının mürtəce romantiklər hesab etdiyi Ə.Cənnəti, A.Müniri kimi şairlərin də yaradıcılığı əvvəlki inersiya ilə davam etmişdir. Cümhuriyyət düşüncəsi ilə yoğrulan Ə.Abid (Gültəkin), Əli Yusif Rai, Əbdürrəhman Dai, Ümgülsümün yaradıcılığında romantizm hələ də qorunub saxlanılırdı. Seyidzadə Bədri, Səməd Mənsur yaradıcılığında da romantizm bütün parametrlərilə özünü göstərməkdə idi. 20-ci ilin əvvəllərində C.Cabbarlı sosialist realizmi yoluna hələ keçməmişdi. Hacı Kərim Sanılının şeirlərində romantik əhvali-ruhiyyə, keçmişin və təbiətin təsviri mühüm yer tuturdu. Ə.Cavadın şeirlərindəki simvolizm ilə romantizm nümayəndələrinin yaradıcılığı arasında bir əlaqə axtaran dövrün ədəbi tənqidi əbəs yerə "haray" çəkmirdi. Gəncliyin tutduğu bu yolu məqbul hesab etməyən Ə.Nazim yazırdı: "Bu qrupun aynası olan Cavid-Cavad ədəbiyyatındakı böhran, şübhəsiz ki, öz balasına da təsir etmiş və bu qrupun ədəbi fəalityyəti də böhran halını keçirmişdir" (Nazim Ə. Seçilmiş əsərləri. B., 1979, s. 63).
S.Vurğun, M.Müşfiq, A.İldırım yaradıcılığının ilk mərhələsində romantizm estetikasına əsaslanmaları bu ədəbi cərəyanın hələ də təzahürlərinin mövcudluğundan xəbər verirdi. Hətta bu təmayül ədəbi prosesdə o şəkildə qabarıq nəzərə çarpdı ki, tənqid və ədəbiyyatşünaslıq ona məcburən "inqilabi romantizm" adını verməli oldu. S.Vurğun Cavid ədəbi irsindən yararlanmanı bütün gənclərə aid edərək yazırdı: "Biz Cavidin yaradıcılığından istifadə etmiş və edəcəyik. H.Cavidin yaradıcılığında biz şairlər üçün öyrənməli şeylər çoxdur" ("Ədəbiyyat" qəzeti, 1936, 14 aprel) .
Gənc tənqidçi M.Hüseyn "Şeirimizdə sosialist realizmi və inqilabi romantizm" adlı məqaləsində ədəbiyyatımızdakı mövcud romantizm ünsürlərini sosialist realizmi ilə uyğunlaşdırmağa çalışırdı. Bu onu göstərirdi ki, romantizmin təzahürləri 30-cu illərdə gözlə görünür və onu inkar etmək çətindir. Ona görə də onun varlığını qəbul edərək inqilabi romantizm adı ilə adlandırırdı: "Sosialist realizmi inqilabi romantikaya zidd deyildir. Bəlkə əksinə, onu büsbütün qəbul edir. İnqilabi romantizm varlığımızın qələbələrini, kapitalizm əleyhinə apardığımız mübarizəni, quruluşumuzun gələcəyini göstərir. Bu romantizm hər cür mistikaya ziddir. Bu romantizm varlığımızın gələcək inkişaf perspektivlərini də ehtiva edən həqiqi bolşevik xəyalının bədii ifadəsidir" (Mehdi H. Seçilmiş əsərləri, 10 cilddə, IX c., B., Yazıçı, 1979, s. 129).
Burada önəmli olan tənqidçinin
dövrün romantizmini inqilabi prosesə bağlaması deyil,
onun varlığını zamanında görməsi və qəbul
etməsidir. Mövcud romantizmi sosialist realizmi ilə əlaqələndirməsi
isə yazılan nümunələri ideoloji təzyiqlərdən
sığortalamaqdan başqa bir şey deyildir. Fikrimizcə,
bütün bunlar müasir ədəbiyyatşünalığımızda
yenidən araşdırılmalı və milli romantizm həqiqi
qiymətini almalıdır.
Timuçin
ƏFƏNDİYEV
Bakı
Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi,
professor
525-ci qəzet.- 2019.- 12
aprel.- S.10-11.