İki adam  

 

 

 

İndi isə keçək əsas məsələyə. Qarşıda iki böyük, enlikürək adam dayanıb. Deyilənə görə, bu iki adamdan biri o birinin kölgəsidir, onun qüsurlarından və üstünlüklərindən yaranıb, qorxusuyla güclənib. Hətta deyirlər ki, bir gün bu adam o birisini yeyib bitirəcək, amma hər şey qurtaranda o, özüqeyb olacaq.

 

Qarşımızda dayanan həmin iki adamdan birinin siması görünmür. Gördüyünü deyən bəzi dost-tanışlar iddia edirlər ki, o, çox gülərüz, həm də qorxaqcasına mülayimdir. Bir çoxunun fikrincə, qorxaqlığı o həddədir ki, hətta yaxınlaşan adamın özünü vahimə basır. Di gəl, hələ ona yaxınlaşan heç bir bəxtsiz geri qayıtmayıb. Bu iki adamın əcaib səsləri var. Birinin səsi eşidilmir, ümumiyyətlə, deyirlər, guya o, elə lal doğulub (hərçənd, doğulub-doğulmaması da şübhə yaradır). Çünki görənlər onu həmişə eyni cür təsvir edirlər. Təsvirlərində isə o susur, bəzən ağlamağa çalışanda gülməkdən uğunub gedir. Belə... çox əcaib və vahiməli. Ancaq o birisinin elə səsi var, gəl görəsən. Əfsanələrə görə, bu adamın səsi insanı karlal edəcək qədər, bəlkə də, ondan da ötə möhtəşəmdir. Bu səbəbdən də indiyədək onu dinləyən kimsə eşitdiyi səsin nəyə bənzədiyini izah edə bilməyib.

Qonşu kənddə danışırlar ki, qarşımızda dayanmış adamlardan biri o birindən daha güclüdür. Axşamlar - gün batanda dəhşətli dərəcədə əzəmətli olur, sonra - gecə düşəndə isə yoxa çıxır. Hara getdiyini bilmirik, yəqin heç vaxt da bilməyəcəyik. Amma onu da deyirlər ki, gecə düşəndə bu adam sükunət hökmdarına çevrilib bütün hayqırışları boğur, ona görə də qatil hesab olunur. Bəzilərinə görə, o, həbs edilməlidir. Fəqət, nədənsə, cəzasını verəcək biri yoxdur. Ya da var, özünü yoxluğa vurub. Bəzi ağzıgöyçək xalalara inansaq, bu adamlar qarşımızda yox, elə düz gözlərimizin qabağında dayanıb. Sadəcə, biz koruq. Onlar həddən ziyadə danışır, hələ axşamüstü saatlarla deyinirlər. Amma kimsə o xalaları dinləmir. Deyəsən, heç onlar da istəmirlər ki, kimsə danışdıqlarını eşitsin. Mən özüm təsadüfən eşitmişəm, hə, Tanrıya and olsun! Yaxınlarda evimizin qarşısındakı səki tərəfdə oturmuşdular, qonşularımızdan biri - yaşlı qoca nənə - stulları küçəyə çıxarmışdı, onlar da fürsəti töhfə verməyib həmin çürümüş meyvə iyi verən taxta yığınına pərçimlənmişdilər. Danışıqlarından eşitdim ki, bu iki adam heç gözümüzün qabağında da dayanmayıblar. Dəhşətdir, aralarında balacaboy biri vardı (onu görəndə əsəbləşirəm), deyirdi ki, belə adamların ümumiyyətlə, izi-tozu da yoxdur, axmaqların uydurmasıdır, vəssalam!

Açığı, mən kimin haqlı olub-olmadığını bilmirəm, amma inanıram ki, o adamlar ya arxamızda, ya da qarşımızda dayanıblar. Düzdür, dostum tez-tez, həmin iki adamın bizim özümüz olduğunu şiddətlə beynimə yeritməyə çalışır. Lakin yaxşı ki, təsiri olmur. Danışır da özüyçün. Əsas odur, atam dediyi kimi, haçansa bir gün mən də o iki adamı görə biləcəm. Və o zaman o balacaboya sübut edəcəm ki, həmin adamların ikisivar!

Mənə elə gəlir ki, o iki adam heç vaxt ölməyəcək. Bizim yaşadığımız kənddə adam olmaq çətin işdir. Onlar olmasa, biz necə adamlaşarıq? Yox, mümkün deyil. inanmıram...

 

Mirçingiz AĞAZADƏ

 

525-ci qəzet.- 2019.- 13 aprel.- S.23.