Sinif "o"

 

 

Ələsgər Əhməd 1996-cı il dekabrın 19-da Bakıda anadan olub. Orta məktəbdə oxuduğu illərdə şeirlərinə görə bir neçə diplomla təltif olunub.

2015-2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Universitetlər arasında keçrilmiş "Qış sədası" şeir müsabiqəsinin qalibi olub. Bugünlərdə "Bir ovuc suda" adlı şeirlər kitabı nəşr edilib.

 

Gözlərini qapıdan,

çəkməməkdən başlayar

Onun dərsə gəlməməyi

Əvvəl lövhədə həsrəti çəkilər,

Sonra ürəyi.

İkisini birləşdirib sevərsən

Təksən deyə, iki alarsan

Yanındakı boş stulda oturan olmaz

Ki, ayaqları

məktəbli formasındakı yoxluqdan başqa,

nəsə saxlaya bilməz.

Əlinin içində yuxulu olarsan

Pəncərəni,

top əvəzi sındırar - səhər

Dəftərindən bir vərəq qoparıb,

Qara saçlarına göndərərsən,

təyyarə təhər.

Bir söz belə yazmadan.

Çatsa, başa tez düşər

qayıtsa, qanadından tel düşər.

Suallar,

almadığın cavablardan verildikcə

Tənəffüsün səsi kəsilər,

Dəhlizin boşluğunda.

Müəllimə qələm verən dostuna, düşmən kəsilərsən

Qayıbla, jurnalın tanışlığında.

Bir partada sevgidən,

O birində darıxmaqdan danışılar

Barmağını qaldırıb, susarsan

Hisslərin evdə qalar.

Birdən tənhalığın səsin çıxararsan

Müəllim yox,

"Hər zaman yanındayıq" deyənlərin,

sükutu qovar.

Çiynində, özündən ağır ayrılıqla,

evə gələndə görərsən ki,

Xəyallar sevginin yol qırağıdır

Dayanmadan, tez keçərsən,

qəza təhlükəsi var.

 

Rebekka

 

Van Qoqun kəsilən qulağına and olsun

Arxamca dediyin bütün "gəl"ləri eşidirəm

Mənə olan nifrətinin səsi

Dodaqlarını bürüyür

Meyvəsindən günah dişlədiyimiz

Alma ağacı da çürüyür, Rebekka

Dünən yenə masadakı çərçivədən gəl çağırırdın

Mən şəkilləri eşidirəm

Dodaqlarının qırmızısı döşəməyə dağılırdı

Bildin hansı şəkil?

- Sol qolunla dünyanı qucaqlamışdın

Gözlərin sonuncu çağırışını edirdi

Açmağa gecikdiyim telefon zəngi kimi

Sağ qolunu məscidin divarından asmışdın

Heç nəyə yaramırdı - Çexovun tüfəngi kimi

Əllərim Antarktidan daha soyuqdu

Ovuclarımda buz salxımına dönüb

Siqaretimin qüllabından oğurladığım tüstü

Keçdiyin yollardan qəsdən keçsəm ,

Toqquşmamaq istəyim -

Gəmiçinin Aysberq qorxusundan da pisdi.

Məncə, elə susmağım

Əsrin ən yaxşı minacatıdı

Aramızdakı münasibət

Şimal buzlu okeanın plagiatıdı, Rebekka

Mən bir az getməyindən narazıyam

Bir az da, darıxa bilməməyindən

Yoxluğun da dağ boydadı

Zirvəsində bir göyərçin sülh axtarır

- Qanadı yoxdu -

Özümü atmağımın da adı yoxdu

Bilirəm ki, tutacam gəlməməyindən

Bir gün, yaşamaq üçün

Qəpiklərimizə güllə atacağıq

Muğayat ol, ölməməyindən, Rebekka.

 

Sıradan "bir gün"

 

Ovuclarımda bir quş azadlığı qanad çırpırdı

Səni gözlədiyim ağacın altında

Ayaqlarım siqaret almağa,

Əllərim saçımı qaydaya salmağa getdi.

 

Bir mağazanın qapısı gecikməyinə çırpıldı

Bir süpürgəçi xala ömrünü təmizlədi,

tıxacın altında.

Hər gün ayrı-ayrı evlərdə,

qapıları kilidlənən, bütün gözəl qadınlar da

Gözlərimə -

Tanrının səliqəsindən məktub yazırdı.

 

Maşınlar da,

sürət həddini düşəcəyin dayanacaqda pozurdu.

Qorxurdum.

Sən, o avtobusdan düşməsən

mən, avtobusdan düşənlərin,

üzündəki yorğunluğun hara gedəcəyini

Heç vaxt görüşməyənlərin

Görüşsələr, qızın köynəyin qırışlarına,

Oğlanın bəhanələri eşidib,

özünü susmaq haqqına, necə təqdim edəcəyini,

izləmək həvəsinə düşmüşdüm.

Biz bir budaqdan qopmuşduq

Sən Nyutonun başına,

Mən Adəmin mədəsinə düşmüşdüm.

Görüşmədik.

 

Güllələr günəşi qan damarına çevirdi

 

Üzündən günəş öpən qızın,

Üzündə qırmızı nöqtələr yarandı

Amma görmədi ki,

günəş qırmızı rəngdədi

Onu öpən dodaqları qandı.

O, çilli qız da öldü

Günəşin qırmızı bayrağa,

Torpağın qanlı su hövzəsinə dönüşdüyü yerdə

Qoca veteran da,

ordenlərini güllələrə sipər etdi

Günəş batan kimi döyüşdüyü yerdə

Qucağımızdakı körpələr, ayağımızda öldü.

Adamlar barıt qoxusuna alışandan

Bütün xəstəliklər sarılıq tutdu

Uzaqdan baxanda böyük,

Yaxından baxanda, ulduzlardan balaca günəş

O, çilli qızı da,

Qırmızıdan əvvəlki rəngini unutdu

Evlərimizdən bizi "sülh"lər qovsa da,

Müharibələrlə qapı-qonşu olduq

Bizə qələm tutmağı öyrətdilər

"Qələm" sındırmağa qarşı olduq

Yazdıq, dəridən-qabıqdan çıxdıq, alınmadı

Buludları günəşin üstünə yıxdıq, alınmadı.

Qaçmağı da bacarmadıq

Sərhədlər kəsdi ayaqlarımızı

Güllələr günəşi qan damarına çevirdi

Şair dostumu da öldürdülər,

O, günəşi sevirdi,

Mən də ki, çilli qızı.

 

 

Ələsgər ƏHMƏD

 

525-ci qəzet.- 2019.- 13 aprel.- S.23.