Muğam islahatçısı - Seyid Şuşinski-130

 

 

Hörmətli redaksiya!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında" 4 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinskinin həm görkəmli xanəndə kimi, həm böyük pedaqoq kimi Azərbaycan mədəniyyəti incəsənəti sahəsində xidmətləri əvəzsizdir. Bu gün bu böyük xanəndənin, təkrarsız muğam ifaçısının, unudulmaz pedaqoqun irsini araşdırmaq, ifaçılıq xüsusiyyətlərini, pedaqoji fəaliyyətini elmi şəkildə analiz etmək musiqişünasların vəzifəsidir. Bu günə qədər Seyid Şuşinski haqqında kitablar, çoxsaylı məqalələr, xatirələr dərc olunub, lakin hələ onun ifaçılıq pedaqoji fəaliyyətinin mahiyyətini açıb göstərən bir monoqrafiya yazılmayıb.

Seyid Şuşinski haqqında bu günə qədər dərc olunmuş məqalələrlə tanış olarkən musiqişünas Xanəli Quliyevin ustad xanəndənin 90 illiyi münasibəti ilə "Ədəbiyyat incəsənət" qəzetinin 20 aprel 1979-cu il tarixli nömrəsində dərc etdirdiyi "Muğam islahatçısı" məqaləsi diqqətimi cəlb etdi. Bu məqalədə Seyid Şuşinskinin muğama gətirdiyi yeniliklər şərh olunur.

Xatırladaq ki, Xanəli Quliyev 1958-1961-ci illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində Seyid Şuşinskinin muğam Əhməd Bakıxanovun tar sinfində təhsil alıb. Daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi nəzəriyyəsi fakültəsini musiqişünaslıq üzrə bitirib. O, "Q.Qarayev yaradıcılığının milli xüsusiyyətləri" mövzusunda dissertasiya işi üzərində işləyib. Eyni zamanda, konservatoriyada XX əsr Azərbaycan musiqi tarixi xarici ölkələrin musiqi tarixi fənlərini tədris edib. Onlarla elmi, publisistik, elmi-pedaqoji məqalələrin müəllifidir. Çox təəssüf ki, bu istedadlı, milli ruhlu musiqişünas Xanəli Quliyev 1982-ci ildə 46 yaşında dünyasını dəyişib.

Hörmətli redaksiya!

Xanəli Quliyevin ustadı Seyid Şuşinskiyə həsr etdiyi "Muğam islahatçısı" məqaləsini sizə təqdim edərək qəzetinizdə dərc etməyinizi xahiş edirəm. Seyid Şuşinskinin 130 illiyi münasibəti ilə dərc edəcəyiniz bu məqalə hər iki sənətkarın ruhuna ən dəyərli hədiyyədir.

Muğam islahatçısı

Muğam olduqca çoxcəhətli, heyrətamiz xüsusiyyətlərə malikdir. O, xalqın tükənməz mənəvi qüdrəti, dərin düşüncələr aləmi, bütöv fəlsəfi konsepsiyasıdır. Bu əvəzsiz  sərvətin qondarma naqis təsirlərdən qorunması hər bir musiqi xadiminin mənəvi borcudur. Bunun üçün kifayət qədər zəruri praktiki nəzəri hazırlıqla klassik xanəndə sazəndə sənətini mütləq musiqi elminin müasir yüksək nailiyyətləri zəminində araşdırmaq tələb olunur. Çünki muğamın taleyində tarix boyu ən başlıca rolu ifaçılıq sənəti oynamışdır. Bədii kamillik, yüksək sənətkarlıq timsalı kimi muğam həmişə qüdrətli sənətkarların ifasında heyrət doğurmuşdur. Azərbaycan muğam ifaçılığı sənətində misilsiz xidmətləri olan məşhur xanəndə Seyid Şuşinski fitri istedadı müstəsna məharəti ilə bunu bir daha təsdiq etmişdir.

Seyid Şuşinski xüsusi yaradıcılıq fərdiyyətinə malik böyük sənətkar idi. O, muğam ifaçılığı sənətinin yeni inkişaf mərhələsini səciyyələndirən güclü zəngin ənənə yaratmışdır. Həmin klassik ənənə nəinki xanənədə-sazəndə fəaliyyətində, həm müasir Azərbaycan professional musiqi yaradıcılığında dərin kök salmışdır. Belə ki, ustadın ölməz sənəti ən qiymətli milli mənbələrdir. Lakin təəssüflə etiraf etməliyik ki, hələ bu günə kimi Seyid Şuşinski sənətinin həqiqi mahiyyətini əsas xarakterini şərtləndirən ümdə xüsusiyyətlər hərtərəfli araşdırılmamışdır. Böyük xanəndənin yaradıcılığının səciyyəvi cəhətlərindən danışmağı daha zəruri hesab etdiyimiz üçün, onun bioqrafiyasına aid məlum faktları xatırlamağı lazım bilmirik.

S.Şuşinskiyə muğamın bütün tərkib hissələrini və bədii forma ünsürlərini tam, sintez halında birləşdirmək şərəfi nəsib olmuşdur. Yetkin, uğurlu traktovkasında dinlədiyimiz muğamların dərin dramatik və mürəkkəb psixoloji köklərə malik olması, onlardakı müxtəlifliyin daxili spesifik vəhdəti, çoxcəhətli assosiasiyalar axını, qeyri-adi fəlsəfi ümumiləşdirmə qüdrəti, kompozisiyanın sabitqeyri-sabit faktorlarını səciyyələndirən qanunauyğunluqlar sənətkarın adı ilə qırılmaz surətdə bağlıdır. O, bütün imkanlarını muğamın ümumi məzmununun dialektik mahiyyətinin açılmasına, muğamda zirvə səviyyəsinə qalxan duyğu və düşüncələrin təcəssümünə səfərbər edir. Ümumiləşdirmə, emosional dolğunluq, mütənasiblik, plastiklik, sərrast səs həmləsi, aydın tələffüz, əla frazirovka, səs palitrasının müstəsna zənginliyi - bütün bunlar Seyid Şuşinski ifaçılığının ən əsas xüsusiyyətləridir. Təfərrüata aludəçilik, lüzumsuz effekt, sərt ahəng, çılğınlıq, ümumiyyətlə, formal əlamətlər onun sənətinə tamamilə yaddır. Onun təfsirində muğamdakı daxili dinamika, xüsusi ifadəlilik (ekspressiya) olduqca qüvvətlidir. Burada fikirlə ifadə arasında bir əlaqə vardır. Çünki S.Şuşinski yaradıcılıq fəaliyyəti bütünlüklə idrak qaydalarına tabe olan sənətkar idi. O, muğamdakı fikrin dolğun, dəqiq ifadəsi üçün xalqın təfəkkür tərzinə, muğamın spesifikasına istinadən əsl cilalama işi aparmışdır.

Görkəmli sənətkar muğam şöbələrinin məzmun və xarakterinin düzgün verilməsi üçün onlardan hər birinin səs tərkiblərini - tematizmini ən incə bədii "rənglərinə" qədər diqqətlə nəzərə çarpdırırdı. Hər şöbəni daha çox səciyyələndirən intonasiyakadans dönümünü mümkün qədər dəqiq və aydın səsləndirməyə çalışırdı. Elə buna görə də hər şöbə özünün parlaq obrazlılığı, formaca yetkinliyi, orijinal ifadəliliyi ilə fərqlənirdi.

S.Şuşinskinin sənətkarlıq zirvəsinə doğru inkişafında xüsusi diqqət yetirdiyi yaradıcılıq məsələlərindən biri də "Bərdaşt" deyilən giriş epizodunu işləyib təkmilləşdirməsi olmuşdur. Sənətkar bu maraqlı hissəsini vokal ifaçılığı imkanları ilə zənginləşdirmiş, onun rolunu, dramaturji əhəmiyyətini artırmışdır. Bu mənada "Çahargah" muğamının "Bərdaşt"ı bədii kamillik nümunəsidir. Onun xüsusi ifadəliliyə malik mövzusu, dramatik məzmunu vardır: o, mayə şöbəsinin ideya-məna məzmununu qabaqlasa da, özünün səslənmə tərzi, xarakteri, ifadəliliyi, lad çərçivəsi, inkişaf miqyası ilə ondan çox fərqlənir. Ümumiyyətlə, S.Şuşinski muğam ifaçılığında əsaslı islahat etməklə şöbələr arasındakı təzadlığı artırmış, beləliklə də, muğamın dramaturji prinsiplərinin daha da zənginləşməsinə, ideya-fəlsəfi məzmunun çoxcəhətli və dolğun bir şəkildə ifadəsinə nail olmuşdur.

Böyük sənətkar epik melodiyalılığa, lirik-dramatik obrazlılığa, təzadlı səs-ahəng qarşılaşdırmalarının parlaqlığına və dərin əhəmiyyət kəsb edən incəliklərə həmişə xüsusi diqqət yetirmişdir. Sənətkarın ifasından tam şəkildə aydın olur ki, yalnız muğamın öz təbiətindən doğan əlavələr onu zənginləşdirən keyfiyyətlər sayıla bilər. Eyni zamanda, həmin əlavələr muğama böyük canlılıq, həyatilik, ifadəlilik gətirir. Məsələn, "Çahargah" muğamının "Bər-daşt"ında S.Şuşinski "Mənsuriyyə" intonasiyaları, gəzişləri ilə "Müxalif"in lirik-dramatik melodiyasını elə üslubda qarşılaşdırır ki, ondan yaranan dramaturji xüsusiyyət muğamın xarakterini dinləyiciyə daha qabarıq şəkildə çatdırır. Bunu həyata keçirmək üçün sənətkarın geniş vokal imkanlarından istifadəsini xatırlatmalı olsaq, onun uzun, son dərəcə ifadəli "nəfəs"lərini, coşğun, uyarlı zəngulələrini, heyrətamiz "xırdalıq"larını və başqa yüksək sənətkarlıq məziyyətlərini ayrıca qeyd etməliyik. S.Şuşinski bir daha sübuta yetirmişdir ki, muğam ifaçılığında xanəndə və sazəndənin yaradıcılıq bacarığı olduqca mühüm, həlledici rol oynayır. Təsadüfi deyildir ki, onun ifasında səslənən muğamlarda simfonizm inkişaf dialektikası, emosional dolğunluq, psixoloji dərinlik keyfiyyətində aşkara çıxır.

Müasirləri olan görkəmli xanəndə və tarzənlərdən eləsini təsəvvürə gətirmək mümkün deyildir ki, o, Seyid Şuşinski sənətinin güclü təsirindən faydalanmasın. Onlardan biri - A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik sinfində 23 il ərzində böyük sənətkarın özünü və şagirdlərini müşayiət etmiş mahir tarzən Kamil Əhmədov S.Şuşinskinin yaradıcılıq prinsiplərini, zəngin pedaqoji təcrübəsini gənc ifaçılara bu gün də öyrədir. Bu da maraqlıdır ki, şair Bəxtiyar Vahabzadə "Muğam" poemasını yazarkən S.Şuşinski sənətinə ehtiram əlaməti olaraq onun muğama gətirdiyi misilsiz nailiyyətlər barədə K.Əhmədovun məsləhətlərindən bəhrələnmişdir.

S.Şuşinskinin bənzərsiz xanəndəlik və pedaqoji ustalığından ətraflı söhbət açmaq xüsusi tədqiqatın işidir. Böyük xanəndə müstəsna istedadının gücüson dərəcə geniş sənət vüsəti sayəsində musiqi ifaçılığı tarixində xüsusi mərhələyə çevrilmişdir.

 

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2019.- 13 aprel.- S.18.