Azərbaycan romantizmi və onun təşəkkülü
problemləri
III məqalə
Azərbaycan
romantizminin estetik prinsipləri
Azərbaycan romantizminin estetik prinsipləri onun
inkişafının ən parlaq dövründə yaranır
və formalaşır. Bu estetik prinsiplər, hər şeydən
əvvəl, onların yaradıcılıqlarındakı
mövzu və problematikasında, yazı üslubunda, təsvir
müxtəlifliyində, poetik sistemində özünü
göstərir. Uzun müddət romantizmin
nəzəri estetik prinsipi kimi, "sənət sənət
üçündür" fikri əsas
götürülümüş və bu ədəbi cərəyan
sənət üçün zərərli hesab olunmuşdur.
Lakin romantizmin dünya ədəbiyyatındakı
yeri və mövqeyini qiymətləndirərkən heç də
hər zaman bu estetik prinsipdən çıxış edilmir.
"Sənət sənət
üçündür" fikrinin təkcə romantizmin deyil,
ümumiyyətlə, ədəbiyyatın əsas problemlərindən
biri olduğunu nəzərə almış olsaq, o zaman
romantizmin hansı estetik prinsipə əsaslandığını
müəyyən etmək lazım gəlir. Məlumdur ki, həyatın, gerçəkliyin təsviri
hər hansı bir "izm"də müxtəlif şəkildə
təzahür edir. Dünya ədəbiyyatında
V.Hüqonun "Kromvel" dramına ön söz" əsəri
romantizmin manifesti hesab edilir. Onun 1827-ci ildə
yazdığı "Kromvel" əsəri və ona
yazdığı ön söz yeni ədəbiyyatın gəlişindən
xəbər verirdi. Məhz bu estetik bədii
düşüncə ilə romantizmin klassizm üzərindəki
üstünlüyünə nail olunmuşdur. V.Hüqo
burada xristian melanxolik ruhlu ədəbiyyatın istiqamətini dəyişəcək
yeni estetik prinsiplər irəli sürürdü. Onun estetik mesajlarında ədəbiyyatın
gerçəkliyə yanaşması, dili, poeziyanın
baxış bucağı müəyyənləşdirilir.
Avropada klassizmə qarşı yeni estetik
prinsipin əsaslarının qoyulması getdikcə şaxələnmiş,
maarifçiliklə birgə ədəbiyyatın müxtəlif
janr və formalarında təzahür etməyə
başlamışdır.
Azərbaycan ədəbiyyatında yeni ədəbiyyatın
anonsları hələ XIX əsrin ortalarından verilməyə
başlamışdı. M.F.Axundzadənin həm bədii
yaradıcılığında, həm də estetik
görüşlərində yeni ədəbiyyatın prinsipləri
müəyyənləşdirilirdi. Azərbaycan
mətbuatının yaranması ilə yeni estetik prinsiplər
formalaşmağa başladı. H.Zərdabi
dövrün poeziyasının ağır durumundan narazı
qalaraq "bülbülü və gülü tərif və
bir-birlərini həcv etməkdən əl çəkib, elm,
təhsil etməyin mənfəətlərindən"
şeir yazmağı məsləhət görərkən
köhnəlmiş bədii estetika ilə
razılaşmadığını bildirməklə
yanaşı, həm də yeni poetik prinsiplər irəli
sürürdü. XX əsrin əvvəllərində
yeni şeir şəkilləri (sonet, marş, mənsur
şeir, himn, romantik dialoqlar, lirik-romantik məktublar və s.)
poetik hissin təsvirini zənginləşdirdi. Nəsr və
dramaturgiyada da eyni proseslər baş verdi.
Ədəbiyyat
həyatın təsvirində sənət prinsiplərini zənginləşdirməyə
üstünlük verdi. Siyasi proseslərin
gedişi, ictimai proseslərdə cəbhələşmə ədəbiyyatın,
bədii düşüncənin də müxtəlifliyinə
imkan verdi. Bu ictimai proseslərdə
artıq bir neçə onillik yol gələn romantik
düşüncə yeni estetik prinsiplərini müəyyənləşdirməyə
çalışdı. Yeni ədəbiyyat
müstəvisində romantizmin baxış bucağı
getdikcə özünə yer tutdu.
Azərbaycan romantik ədəbiyyatın bəzi nümunələri
yaranırdısa, onun estetik prinsipləri ilə bağlı nəzəri,
konseptual fikirlər səslənmirdi. Realist ədəbiyyatın
estetik prinsipləri müəyyənləşsə də,
romantik ədəbiyyatın nəzəri hüdudları
öz həllini tapmamışdı. Romantik
sənətkar hər hansı bir mövzunu qələmə
alarkən nələrə üstünlük verməli, nələrə
əsaslanmalıdır. "Molla Nəsrəddin"in
nəşri ilə realist ədəbiyyat öz yolunu tapdı.
Lakin gerçəkliyin təsviri təkcə
realizm vasitəsilə olmurdu, həm də romantizm vasitəsilə
olurdu. Elə bu zaman səhnəyə
"Həyat" və "Füyuzat" çıxdı.
Fikrimizcə, romantik ədəbiyyatın
manifestini də məhz burada axtarmaq lazımdır. Hərçənd, "Kromvel" dramına ön
söz" kimi burada Azərbaycan romantizminin estetik
konsepsiyası hesab olunan ayrıca bir manifest elan
olunmamışdır. Ancaq bu manifestin
ayrı-ayrı prinsiplərinin burada öz əksini
tapması, məhz bu jurnalın dərcindən sonra romantizm
nümayəndələrinin özünə meydan tapması
da göstərir ki, bu ədəbi cərəyanın estetik
prinsipləri burada formalaşmağa başlamışdır.
Bunu o adam edə bilərdi ki,
çağdaş dünya ədəbiyyatı ilə
tanış olsun, ədəbi prosesi və cərəyanları
yaxşı bilsin. Bu mənada Əli bəy
Hüseynzadə yaradıcılığını və fəaliyyətini
romantizmin nəzəri-estetik konsepsiyasının
formalaşması ilə əlaqələndirmək daha
doğru olardı. Azərbaycan ədəbi
prosesində Şərq və Qərb ədəbiyyatını
dərindən bilən və yaradıcılığında
onlara istinad edən Ə.Hüseynzadə "Həyat" və
"Füyuzat"da yeni ədəbiyyatın istiqamətini də
müəyyənləşdirməyə
çalışırdı. Bu mənada "Həyat"ın
ilk sayında baş məqalə kimi dərc etdirdiyi "Qəzetəmizin
məsləki" məqaləsində toxunduğu fikirlər
romantizmin sonrakı mərhələsi üçün də
əsas olur: "Məsləkimiz qəzetəmizin adından
da istidlal oluna biləcəyi vəchlə həyatın mənayi-həiqiqsinə
xidmətdir. Həyat isə mənən, fikrən
və maddətən daimi bir hərəkətdən, bir fəaliyyətdən,
cismani və ruhani bir nəşvü-nümadan, bizi bir
dövr kimi kamala yaxınlaşdıran mütəmadi bir nəşvü-nümadan
ibarətdir. Bir fərd üçün
belə olduğu kimi, bir cəmiyyət, bir millət, hətta
bütün bəşəriyyət üçün də
böylədir" (Ə.H. Qəzetəmizin məsləki.
"Həyat", 1905, ¹1).
Maraqlıdır ki, Ə.Hüseynzadə
"Füyuzat"ın birinci sayında yazdığı
baş məqaləsində də yuxarıda gətirdiyimiz məqaləsini
xatırladır və məhz həmin fikrin üzərində
dayanır, yuxarıda gətirdiyim sitatı yenidən gətirərək
yazır: "Sözümüzə diqqət buyurulsun: "Həyat
füyuzatdır" demiyoruz, "Həyat
meyli-füyuzatdır" diyoruz!.. Təbiri-axərlə həyat, füyuzati-vicdaniyyəyə
meyl arzusudur. Həyatın övsafından olan,
bütün mücahidat və mübarizatımız bu
şövqi-mənəvinin sövqü ilə vüqua gəlməkdədir.
Bir fərddə, bir cəmaətdə, bir millətdə,
bütün bəşəriyyətdə
şövqi-füyuzat yox isə, o fərdi, o cəmaəti, o
milləti, o bəşəriyyəti ölü
sayılmalıdır. Hərəkət və fəaliyyət
göstərsə dəxi ölü
sayılmalıdır" ("Füyuzat", ¹1, s. 2).
Göründüyü kimi, romantiklər də
üzünü həmişə cəmiyyətə, millətə
və bəşəriyyətə tuturdular. Ə.Hüseynzadə
bununla bədii düşüncənin üfüqlərini
genişləndirməyi, cəmiyyəti, insanlığı təsvir
etməyi nəzərdə tuturdu. Ə.Hüseynzadə
dünya ədəbiyyatını yaxşı bilirdi,
başlatdığı ədəbi cərəyanın
xüsusiyyətlərinə də vaqif idi. Buna görə də, tərcümə etdiyi və
yaxud haqqında yazdığı əksər yazarlar romantizmin
nümayəndələri idi. Gete,
Şiller, Bayron kimi şairlərin
yaradıcılığına geniş yer verirdi. "İngilis əşarı türk dilində və
"Şilyon məhbusu" adlı məqaləsində əsəri
istibdadın ifşası və azadlığın tərənnümü
baxımından qiymətləndirirdi. Məlumdur
ki, Bayronun "Şilyon məhbusu" əsərində hadisələr
İsveç xalqının milli azadlıq mübarizəsindən
bəhs olunur. Şair İsveç
xalqının milli qəhrəmanı Bonivarın dililə
söylədiyi "...insanlar zəncirlər içində zəbun
olmaq üçün doğulmamışdır" fikirlərini
əsarətə qarşı üsyana
çağırış kimi dəyərləndirir. Əsəri türkcəyə Ə.Hüseynzadənin
türkiyəli dostu A.Cövdət tərcümə
etmişdi. Ə.Hüseynzadə bu əsəri əvvəlcə
"rus və Avropa dillərində mütaliə" etdiyindən
tərcümənin keyfiyyətindən
razılığını belə ifadə edirdi: "Lakin
heç vaxt o əşari büləndamal məzkur dillərdə
mənə öz dilimizdə olduğu qədər zövq və
ləzzət verməmiş idi. Mən bu andakı zövq və
məmnuniyyətimi tərif edəməm!.."
("Həyat" qəzeti, 1906, ¹68).
Bu irihəcmli məqalədə Ə.Hüseynzadə təkcə
A.Cövdətin tərcüməsi haqqında
danışmamış, həm də romantik şair Bayronun
yaradıcılığının mahiyyətini
açmağa çalışmışdır. Bayronun romantik
qəhrəmanları və onların həqiqətpərəstliyi,
hürriyyət aşiqi olması təqdir edilir,
poeziyasının ruhu, təsir vasitələri
açılır. Ən maraqlı cəhət
isə Bayron haqqında V.Hüqonun yazısından sitat gətirilir.
Bu sitatda romantizmin estetik prinsiplərinə istinadlar
edilir. Ə.Hüseynzadənin gətirdiyi
sitat böyükdür, görünür ki, müəllif
yeni "izm"in mahiyyətini açmaq üçün bu qədər
geniş sitata ehtiyac duymuşdur. Həmin sitatın bir
hissəsindən gətirdiyimiz nümunə də milli
romantizmin estetik prinsiplərinin haradan
qaynaqlandığının ən yaxşı sübutudur:
"Zəka və dühasındakı hüzn, təbiət
və səciyyəsindəki vüqar, həyatındakı
fırtınalar ilə Bayron bir növ şeirin ümumsəsidir.? Onun hər mənzuməsində
qare adətən bir ridayi-matəm arxasından müzlüm və
məğrur bir çöhrənin keçdiyini görər...
Zənn olunur ki, onun qəlbi hər fikrə
açılır və yıldırımlar saçan bir
vulkan, bir yanar dağ kimi dərunundan atəşin fikirlər
fışqırır. Zəkayi-xarüqüladəsi,
ələləksər heç bir nöqteyi-məqsudəyə
mütəvəcceh olmaqsızın yürüyən,
yürürkən düşünən bir pəhrova bənzər
ki, mülahizati-dərununa müstəqpər bulunduğu
üçün keçdiyi məhəllərdən xatirində
ancaq məşkuk və namüəyyən bir xəyal
qalır. Lakin daima bir xəyal qanadsız
vüsuslu mümkün olmayan yüksəkliklərə vasil
olur. Qartal nəzərin zəmin üzərinə
rəks etsə də, aftabgir olan nigahi-ülvisini qayib etməz
(Seçmələr mənimdir-T.Ə.)" ("Həyat" qəzeti, 1906, ¹68).
Şübhəsiz ki, hər yazdığı əsərlə
öz ruhunun, xalq həyatının tərcümanı olan
Bayron həm də subyektiv düşüncəsini əks
etdirirdi və çox zaman qəhrəmanları özünə,
özü isə qəhrəmanlarına bənzəyirdi. Məhz bu
keyfiyyətlərinə görə də Ə.Hüseynzadə
onun əsərlərinin tərcüməsini verir, haqqında
yazır və yaradıcılığını təbliğ
edərək romantizmin tərəfində durduğunu bəyan
edirdi. Sovet ədəbiyyatşünaslığı isə
onun bu fəaliyyətini sənətdə realizmin əleyhinə
olmaq kimi dəyərləndirirdi: "Özünü bu nəzəriyyənin
("sənət sənət üçündür" nəzəriyyəsi
nəzərdə tutulur - T.Ə.) tərəfdarı kimi
göstərənlərdən biri Ə.Hüseynzadə idi. Ə.Hüseynzadə sənətdə realizmin əleyhinə
idi. O yazırdı ki, biz ancaq fikir və xəyalımızı
nur, məhəbbət, hüsn, ahəng, nizam aləmlərində
gəzdirmək... istər idik" (Azərbaycan ədəbiyyatı
tarixi. 3 cilddə, 2 c., B., 1960, s. 766-767). Göründüyü
kimi, Ə.Hüseynzadənin V.Hüqodan gətirdiyi sitatla
sovet ədəbiyyatşünaslığının onun
yaradıcılığından gətirdiyi sitat arasında
xeyli yaxınlıq vardır; bu yaxınlıq sənət
prinsiplərinin bir-birinə yaxın olmasına söykənirdi.
Sovet ədəbiyyatşünaslığı
isə bunu realizmin əleyhinə olaraq qiymətləndirir.
Halbuki Ə.Hüseynzadə həyatı
doğru-dürüst göstərməyin əleyhinə
olmayıb. Romantizm də heç zaman
gerçəkliyi əks etdirmənin əleyhinə deyildir.
Ə.Hüseynzadə "Qəzetəmizin məsləki"
adlı məqaləsində yazdığı "Qəzetəmiz
ancaq bu həyatın bir ayinədə olduğu kimi əks
etdirib göstərmək istər", - fikirlərini onun bədii
yaradıcılığına da aid etmək olar.
Füyuzatşünas alim Şamil Vəliyev Ə.Hüseynzadə
estetik prinsiplərinin romantik metoda söykəndiyini təsdiq
edərək yazır: "Ə.Hüseynzadə romantik bədii
metoda üstünlük verdiyindən bir sıra hallarda ictimai
həyat faktı və hadisələrindən daha çox sənətin
öz daxili qanunauyğunluqlarına diqqət yönəldirdi..." (Vəliyev Ş. Füyuzat ədəbi
məktəbi. B., 1999, s. 106).
Ə.Hüseynzadə heç də realizmin əleyhinə
getmirdi, heç bir məqaləsində realizm prinsiplərini
tənqid etməmişdir. O, mütərəqqi olan
bütün "izm"ləri təqdir və təbliğ
etmişdir. Hətta sənətdə ən son
yenilik saydığı dekadentizmi və onun görkəmli
nümayəndəsi Pol Varlen (1844-1896)
yaradıcılığını yüksək qiymətləndirmişdir.
Bodlerin "Əzhari-fəna" əsəri və
dekadentizm haqqında məqaləsi də onu göstərir ki,
Ə.Hüseynzadə yeni cərəyanların tərəfdarı
olmuş və yeri gəldikcə bu əsərlərdən
parçalar vermiş, haqqında fikir yürütməyi
lazım bilmişdir. "Qırmızı
qaranlıqlar içində yaşıl işıqlar (12
dekabr)" məqaləsində son illərdə yaranmış
olan dekadentizm ədəbi cərəyanından bəhs edir.
Bu ədəbi cərəyanın estetik prinsiplərini izah edən
müəllif yazır: "Dekadentizma"ya "simvolizma"
dəxi diyorlar. Bu kəlmələr ərəbidən
alınma istilahat vasitəsilə türkcə ifadə etmək
istəsək, bunlara "məsləki-inhitatuyun" və
yaxud "məsləki-rəmziyun" demək lazım gəlir"
("Füyuzat", ¹5, s. 2).
Dekadentizmin
öncə Fransada yarandığını bildirən
Ə.Hüseynzadə onun görkəmli nümayəndələri
Marlen, Vellarmenin adını çəkir, Bodler və onun
"Flor de mal", yəni "Əzhari-fəna" əsərinə
istinad edir və dekadentizmin getdikcə dünyanın müxtəlif
xalqlarının ədəbiyyatında, konkret olaraq yapon və
türk ədəbiyyatında təzahür etdiyinə dair
fikirlər söyləyir. Ümumiyyətlə,
Ə.Hüseynzadənin bu böyük məqaləsindən
görünür ki, bu görkəmli fikir adamı dünya ədəbi
prosesindəki ədəbi cərəyan və istiqamətləri
yaxşı bilir və milli ədəbiyyatı da bu istiqamətdə
inkişaf etdirməyə çalışırdı.
Ə.Hüseynzadənin
romantizmin konsepsiyasına dair fikirləri "Füyuzat" məcmuəsində
də nəinki davam edir, bir az da dərinləşir
və sistemli xarakter alır. O, ədəbiyyatın
saflığına çalışır, sənət
prinsiplərinə üstünlük verirdi. "Füyuzat"
jurnalında çıxış edən müəlliflərin
yazılarında bu estetik prinsiplərdən
çıxış edilirdi. Ə.Hüseynzadə,
M.Hadi, Əhməd Kamal, Səbribəyzadə Xalid Xürrəm,
Sənətulla Eynullayev, Əhməd Midhət Rüfətov və
b. məqalə və bədii əsərlərində
romantizm prinsipləri formalaşmaqda idi. Yəni ədəbiyyat
siyasi-ictimai proseslərdən uzaq tutulmağa
çalışılır, xalq, millət, bəşəriyyət,
azadlıq mövzusu önə çəkilirdi. Bu ayrı məsələdir ki, bu müəlliflər
təbliğ etdikləri estetik prinsipləri nə dərəcədə
təmsil edə bilirdilər. Ə.Hüseynzadənin
başlatdığı bu yanaşma sosialist realizmi ədəbiyyatşünaslığında
doğru qiymətləndirilmirdi: "Ə.Hüseynzadə ədəbiyyata
da belə bir istiqamət verməyə,
yazıçıları ictimai-siyasi həyatdan tamamilə əlaqəni
kəsməyə, yalnız qəlbin doğurduğu həyəcanlarla
əlləşməyə, subyektivizmə
çağırırdı. Mühafizəkar
bir siyasi publisist olan Ə.Hüseynzadə siyasi
görüşlərinə uyğun olaraq, demokratik realist Azərbaycan
ədəbiyyatını açıqdan-açığa
inqilabdan, siyasətdən uzaqlaşdırmağa
çalışırdı" (Azərbaycan ədəbiyyatı
tarixi. 3 cilddə, 2 c., B., 1960, s. 767).
Bütün bunlar onu göstərir ki, romantizmin
estetikası və nəzəri prinsipləri XX əsrin əvvəllərindən
formalaşmağa başlamışdır. Elə isə,
əvvəldə romantik ədəbiyyatın
başlanğıcı ilə əlaqədar irəli
sürdüyümüz fikirlərimizi təkzib etməli
olmuruqmu? İ.Qutqaşınlının "Rəşid
bəy və Səadət xanım", A.Bakıxanovun
"Kitabi əsgəriyyə"sindəki romantik
başlanğıcla, XIX əsrin sonlarında yaranan iki roman
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi"
və N.Nərimanovun "Bahadır və Sona" əsərlərinin
sırf romantik üslubda yazılmaları ilə estetik prinsiplərin
üst-üstə düşməməsi heç də
ziddiyyət təşkil etmir, bəlkə əksinə,
bir-birini tamamlayır. Dünya ədəbiyyatında
da öncə romantik ədəbiyyatın nümunələri
yaranmış, daha sonra isə onun nəzəri-estetik prinsipləri
formalaşmışdır. V.Hüqonun
romantizmin manifesti hesab edilən "Kromvel" dramına
ön söz"ünə qədər artıq Avropada
romantizm əlli ildən çox yol gəlmişdir. Azərbaycan ədəbiyyatında da belə
olmuşdur. Ə.Hüseynzadənin
romantizm estetikasının prinsiplərini
formalaşdırmasına qədər yuxarıda romantizm
nümunələri hesab etdiyimiz əsərlər
yazılmışdır. Mən burada
Z.Marağayinin "İbrahim bəyin səyahətnaməsi"
və N.Nərimanovun "Bahadır və Sona"
romanlarını nəzərdə tuturam. Hər
iki əsər nəsrdə, roman janrında
yazılmışdır. Bununla
yanaşı, həmin illərdə poetik nümunələr
də yazılmışdır. Bu şeirlərin
bir çoxu romantizm estetikasını müdafiə edən
Ə.Hüseynzadə tərəfindən qələmə
alınmışdır. Doğrudur, bu
şeirlərin bəziləri əlimizə gəlib
çatmamışdır. Ancaq əlimizə
gəlib çatan bir neçə poetik parçalardan da
görünür ki, Ə.Hüseynzadə poeziyasının
ilk nümunələri romantik üslubda qələmə
alınmışdır. 1892-ci ildə
Türkiyədə hərbi tibb məktəbində təhsil
aldığı illərdə yazdığı
"Turan" şeiri o zaman dərc olunmasa da, ziyalılar
arasında çox geniş yayılmışdı. Nəzərə alsaq ki, bu zaman artıq türk
romantizmi özünün ən yaxşı dövrünü
yaşayırdı, o zaman Ə.Hüseynzadənin romantik
üslubda şeir yazmasını tamamilə qanunauyğun hesab
edə bilərik. Müəllif yalnız
1904-cü ildə Misirdə çıxan "Türk" qəzetinə
göndərdiyi "Məktubi-məxsusi" məqaləsinə
bu şeiri də əlavə etmişdir. Məqalənin
sonunda müəllif belə yazmışdır:
"...yadıma vaxtilə türklügə dair yazmış
olduğum qitələr gəldi. Bunu məktubuma
əlavə edərək zati-alinizə göndərirəm.
İstanbulda təb və nəşri
mümkün olmamışdır. Qüsurlarına
baxmayıb qəzetənizə dərcini layiq görürsəniz,
bəndənizi minnətdar edərsiniz" (Hüseynzadə
Ə. Seçilmiş əsərləri. 2 cilddə, II c.,
Bakı, 2007, s. 83).
Lakin senzura səbəbindən şeir burada da çap
olunmamışdır. Ə.Hüseynzadənin böyük türkoloq Vamberiyə
yazılmış "Turan" şeiri, fikrimizcə, Azərbaycan
poeziyasında romantizmin ilk nümunəsi hesab edilə bilər:
Sizlərsiniz
ey qövmi macar, bizlərə ixvan,
Əcdadımızın
müştərək mənşəyi Turan!
Bir dindəyiz,
hamımız haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə
Quran?
Cengizi
titrətdi bu afaq sərasər,
Teymurları
hökm etdi şahənşahlara yeksər
Fatehlərinə
keçdi bütün kişvəri qeysər
(Hüseynzadə Ə. Seçilmiş əsərləri.
2 cilddə, II c., B., 2007, s. 7).
Burada diqqət doğuran başqa cəhət də var;
belə ki, Ə.Hüseynzadənin yazdığından belə
məlum olur ki, XIX əsrin 90-cı illərində
yazdığı bu cür qitələri çox olmuşdur. Ancaq ondan bizə
gəlib çatanlar azdır. Bunlardan
yalnız əlimizdə "Ey ulu tanrı...",
"Yalavac", "Yalavac qızı" qitələridir
ki, bunları da üslub etibarilə romantizm nümunələri
hesab etmək olar. Şair digər romantiklər kimi,
üzünü Allaha tutaraq deyir:
Ey
zatı əbədi örtüdə gizli!
Ey əzəldən
bəri izləri bəlli!
Ey
mamütənahi, qüdrətin eylər,
Hər
yerdə, hər canda, hər an təcəlli...
Ey
zatı, əbədi örtüdə gizli!
Ey əzəldən
bəri izləri bəlli Sonsuz Ulu tanrı görünür
göydə
Yerdə,
təndə, canda ərkinin əli
(Hüseynzadə Ə. Seçilmiş əsərləri.
2 cilddə, II c., B., 2007, s. 7).
1893-cü
ildə yazdığı "Əski tibbiyyə" şeiri
də romantik üslubda yazılmışdır:
Gəl ey
Əşrəf, bu məktəbdə sən et
icrayı-tədqiqat
Hesabsız
anda mümkündür sana yazmaq
rübaiyyat.
Neçə
yıldır nəyi gördümsə bən ancaq dedim heyhat,
"Betəng
əz süxtən aməd demagəm dad əz in halat"
(Tərcüməsi:
Təngə gəldi yanmaqdan şüurum, fəryad etdi bu
hallardan)
Ə.Hüseynzadənin "Füyuzat" dərgisinin
birinci sayında dərc etdirdiyi "Heyrət, yaxud bir mələyin
insanlara xitabı" şeiri isə romantizmin ən yaxşı
nümunəsi hesab oluna bilər. Şeirin
"Füyuzat"da dərc edilməsi heç də həmin
illərdə yazılması anlamına gəlməməlidir.
"Dəli şair" imzası ilə
verilmiş şeir "Bir Osmanlı qəzetəsindən
görülmüşdür" qeydi ilə verilmişdir.
Bu da ən azından şeirin əvvəllər
Türkiyədə nəşr edildiyini, ya da əvvəllər
yazıldığını göstərməkdədir.
Ə.Hüseynzadənin "Heyrət, yaxud bir mələyin
insanlara xitabı" şeirini romantizmin bədii manifesti hesab
etmək olar:
Səmadan
bir mələk heyrətlə der: İnsanlar! İnsanlar!
Nədir
bu, ruyi-ərzi qaplıyor al qanlar, insanlar!
Şəhid
etdiyiniz ixvanınızdan almasın fəryad!
Əcəb kimdir şu xunalud olan bicanlar? İnsanlar!
Ölən
kim, öldürən kim, zülm edən
kim, ağlayan kimdir?
Bir az fikr eyləyin: Sizdən degilmi onlar?
İnsanlar!
("Füyuzat", 1906, ¹1).
Təsadüfi deyil ki, Ə.Hüseynzadənin bu
şeiri dərhal digər romantiklərin
yaradıcılığına da öz təsiri göstərmişdir. M.Hadi
"Tövsiyeyi-mürğ" şeirini eyni estetik-poetik
formada yazmışdır:
Xitab eylər
bizə bir mürğ, der: insanlar, insanlar!
Nədir tutmuş cahanı naləvü əfğanlar,
insanlar?!
Neçin gülzari-insaniyyəti eylərsiniz ehraq?
Nəyə lazım cahan bağında bu niranlar,
insanlar?!
Yanan kim, yandıran kim, nar olan kim, kül olan kimdir?
Bütün
ixvanınızdır sineyi-suzanlar, insanlar!
Silinmiş
lövhi-dildən sanki ixvaniyyət asarı,
Görünməz
hissi-şəfqət sizdə, ey ixvanlar, insanlar!
Atılmış
guşeyi-nisyanə nəssi-"təhkümu bil'ədl",
Ədalətdən
uzaqdır bu əbəs üdvanlar, insanlar!
Cahanı
təngna eylərsiniz vicdanı-cahil tək,
Nüfuz
etməz cahana pərtövi-ürfanlar, insanlar!
Yezidin dəsti
tək qanla müləmmə'dir vətən ruyi,
Səzadır
ağlasa qan, çeşmi-əşkəfşanlar, insanlar!
(Hadi M. Seçilmiş əsərləri. B., 2004, s. 42).
Göründüyü kimi, Azərbaycan
romantizminin estetik əsasları formalaşana qədər
müəyyən bir dövr keçmişdir. Lakin vaxtilə
bu nümunələr ədəbi dövriyyədə
olmadığından romantizm haqqında tədqiqatlara da daxil
edilməmişdir. Keçmişin təəssübkeşliyi,
vətən, millət, hürriyyət ideyası bu nümunələrdə
başlıca yer tutur. Onların bədii sənət
estetikasında Şərq və Qərb klassiklərinin
adı çəkilir, hörmət və ehtiram ifadə
olunurdu. Nizami Gəncəvi, Ömər Xəyyam, Füzuli,
Sabir, Gete, Şiller, Bayron, T.Fikrət, M.Ə.Yurdaqul,
Ə.Hamid, Puşkin, Lermontov yaradıcılığına
maraq məhz romantizm estetikasının tələblərindən
doğurdu. Romantizm nümayəndələri və yazılan
nümunələr çoxaldıqca sənətin estetik
prinsipləri daha da dərinləşmiş və zənginləşmişdir.
M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq və
başqalarının əsərləri nəşr edildikcə
romantizmin də estetik platforması bir qədər də şəkillənmişdir.
Romantik poeziya onların
yaradıcılığında gerçəkliyi əks etdirməyə
yönəlmiş, insanı azad, parlaq gələcəyə
səsləmiş və insanlığın keçmişini
və gələcəyini tərənnüm etmiş, bəşəri
ideyaları əks etdirməyə yönəlmişdir.
Akademik M.Cəfəriin yazdığı kimi: "Onlar
(romantiklər - T.Ə.) ədəbiyyatın mənbəyni də,
predmetini də birinci növbədə bəşəriyyətin
xeyirxahlıqları saydıqları əməlpərvər
filosofların, dahilərin, kəskin qələmə malik olan
mütəfəkkir yazıçıların
düşünüb irəli sürdüyü "parlaq
fikirlərdən" (Hadi), ümumbəşəri
ideyalardan ibarət hesab edirdilər. Başqa
sözlə, bədii təfəkkür, bədii ədəbiyyat
onların nəzərində hər şeydən əvvəl
real canlı varlığın, gerçəkliyin deyil, bəlkə
böyük başlarda doğan böyük fikirlərin
güzgüsü idi" (Cəfərov M.C. Azərbaycan
ədəbiyyatında romantizm. B., 1963, s. 53).
Epiqonçuluğa qarşı olan romantiklərin
yeni estetik prinsiplərində ədəbiyyat və sənət
canlı real həyatdan daha çox ideyalar aləmini təsvir
edir, predmetini işıqlı fikirlərdən, bəşəri
ideyalardan alırdı. Bütün hallarda tərəqqi və
təkamül, eləcə də maarifçilik bu
estetikanın əsasında dururdu.
Timuçin
ƏFƏNDİYEV
Bakı
Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi,
professor
525-ci qəzet.- 2019.- 13 aprel.- S.16-17.