Nərgiz Cabbarlının
yaradıcılıq hesabatı
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirilib.
Mərasimdə millət vəkilləri, AYB rəhbərliyi, tanınmış ədəbiyyatşünaslar, yazıçılar, AMEA-nın əməkdaşları, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi İlqar Fəhmi bu günü AYB-nin tarixində unikal hadisə adlandırıb: "Mənim yadıma gəlmir ki, bir tədbirdə bu qədər kitab təqdim olunsun. Nərgiz xanımı bir ədəbiyyatşünas, tədqiqatçı kimi xarakterizə edən əsas əlamət zəhmətkeşliyidir. O, hər yazdığı, araşdırdığı obyektə sevgiylə yanaşır".
AYB-nin katibi Rəşad Məcid deyib ki, N.Cabbarlı hər işində olduğu kimi keçirtdiyi tədbirlə də fərqlənməyi bacardı. O, təqdim olunan kitabları uzun zamandır aktiv fəaliyyətlə məşğul olan ədəbiyyatşünas, tərcüməçinin 15-20 ildə çəkdiyi zəhmətin layiqli nəticəsi olduğunu vurğulayıb.
Təqdimatda çıxış edən millət vəkili, akademik Nizami Cəfərov N.Cabbarlının ədəbi fəaliyyəti barədə danışıb: "Nərgiz Cabbarlı artıq sözü eşidilən ədəbiyyatçımızdır. O, əlinə qələm alandan sanballı əsərlər yazıb. Onun bir cümləsindən bilmək olur ki, bunu Nərgiz Cabbarlı yazıb. N.Cabbarlı ilk növbədə ədəbiyyat tənqidçisidir. İstedad olmasa, zəhmət təhlükəli hal alar. Nərgiz xanımda isə istedadla zəhmət vəhdətdədir. Onun bütün araşdırmalarının, işlərinin önündə "yeni" sözü işlənir. Bu yenilik onun yanaşma tərzinə də aiddir. Bununla yanaşı, tərcümələrinin dili çox yaxşıdır. Adətən, ədəbiyyatşünasların bədii əsərlərinin tərcüməsində bəzi problemlər olur, amma Nərgiz xanım yazıçının üslubunu mənimsəyə bilir".
N.Cabbarlının tərcümə etdiyi "Kassandra damğası"nı xüsusi qeyd edən N.Cəfərov bu işin çətinliyinə diqqət çəkib: "Çingiz Aytmatov rus dilində türkcə, qədim sintaksisdə yazıb. Azərbaycan dili isə bu qədim sintaksisdən çox uzaqlaşıb. Ona görə də onu Azərbaycan dilinə tərcümə etmək çox çətindir. Nərgiz xanım bu işin öhdəsindən layiqincə gəlib".
Akademik çıxışında N.Cabbarlının fəaliyyətinin digər sahələrindən də söz açıb: "Son zamanlar ədəbi tənqiddə xanımlar çox aktivdir. Bu, sevindirici haldır. Nərgiz xanım da bu sahədə kifayət qədər çox işlər görür. Onun müsahibələrinin hər biri elə bil ayrılıqda bir elmi əsərdir. O, verdiyi suallarla müsahiblərini də ağıllı, səliqəli danışmağa vadar edir. Bundan əlavə, onun uşaqlar üçün hazırladığı kitablar da çox əhəmiyyətlidir.
O, bütövlükdə cəmiyyətimiz, ədəbiyyatımız üçün işləyən və bununla fəxr edən tədqiqatçıdır. O, həm də özünə, savadına əmin olan düşüncə adamıdır".
Şair Vaqif Bəhmənli çıxışında təqdim olunan kitabların artıq əksəriyyətinin onun şəxsi kitabxanasında yer aldığını bildirib: "Ona görə əminliklə deyirəm ki, N.Cabbarlının üzərində çalışdığı 20 kitabın hər biri dəyərlidir və onların arasında bir dənə də olsun təsadüfi kitab yoxdur. Bu kitablar Azərbaycan ədəbiyyatı üçün çox faydalı nümunələrdir. Nərgiz xanım başqa tənqidçilərdən fərqli olaraq yazıçıya xeyli yaxındır. Həmişə onun yazılarında müəlliflə birgə özünü də duyuram. Nərgiz xanım ədəbiyyatımızı ev kimi göstərmək istəyən biridir. Yazılarında o səliqə-sahmanı həmişə qoruyur".
Şair Əjdər Ol müəllifin "Ədəbiyyatdan intihara" kitabı haqqında danışıb, kitabın bütün dünyanı narahat edən bir mövzuya- intihara həsr edilməsini bu problemin həlli yolunda atılmış mühüm hadisə hesab edib.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli N.Cabbarlının yaradıcılığını ilk yazılarından izlədiyini deyib: "Onun ədəbiyyata gəlişi yeni səsdir. Mən ondan yaşca çox böyük olsam da, onun yazılarından bəhrələndiyim də olur. Nərgiz xanımın yazıları özünəməxsusluğu ilə seçilir. Elmi, publisistik üslubun vəhdətindən ibarət bir üslubu var ki, bu sayədə hər kəs onun yazılarını oxuyub anlaya bilər. O, hər bir yazıçının özəl keyfiyyətləri, öxünəməxsusluğunu aşkara çıxarmağa çalışır.
Nərgiz xanım bir tənqidçi kimi dünya, rus ədəbiyyatına yaxşı bələddir. Onların tənqidini də oxuyur və yeri gələndə onlardan sitatlar da gətirir, hətta onların fikirlərinə qüvvətli arqumentlərlə qarşı da çıxır. Onun üçün janr fərqi yoxdur".
Professor Əlizadə Əsgərli çıxışında deyib ki, N.Cabbarlı bu kitabları araya-ərsəyə gətirənədək əsl söz sahibləri kimi can və zəkasını yandırıb. Ona görə də haqqında deyilən bütün xoş sözlərə layiqdir.
"Azərbaycan" jurnalıın baş redaktoru İntiqam Qasımzadə keçirilən təqdimatı Nərgiz Cabbarlının yaradıcılıq hesabatı hesab edib: "O, istedadının və böyük zəhmətinin sayəsində layiqli tənqidçi, ədəbiyyatşünas, publisistdir. Onun yazılarının hamısında qadın zərifliyi, insani münasibət görürəm. Bu, onun ədəbiyyata, insana sevgisidir".
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq N.Cabbarlıdan tərcüməçi və redaktor kimi bəhs edib. O, deyib ki, N.Cabbarlı həm gənc nəsli sevir, həm də orta və yaşlı nəslə rəğbəti var. Bu da onun fəaliyyətinə özünün müsbət təsirini göstərir.
Daha sonra çıxış edənlərdən yazıçı Seyran Səxavət N.Cabbarlıdan "səmimi qələm adamı", Mustafa Çəmənli "əvəzsiz istedad", yazıçı, tərcüməçi Kamran Nəzirli "müəllifdən yox, mətndən danışan ədəbiyyatşünas alim", yazıçı Əlabbas isə "təvazökar şəxsiyyət, sözü kəsərli tənqidçi" deyə bəhs ediblər.
Sonda çıxış edən Nərgiz Cabbarlı bu günü özünün hesabatı adlandırıb, AYB rəhbərliyi başda olmaqla, tədbirin keçirilməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib: "Bu gün təqdim olunan 20 kitabdan 9-u müəllifi olduğum, 11-i isə tərcümə etdiyim kitablardır. 1994-cü ildən mətbuatda, 1997-ci ildən ədəbi tənqiddə olsam da, ilk kitabım 2006-cı ildə dərc olunub. Belə bir qərara gəldim ki, kitabların hamısının birgə təqdimatını keçirim. Bu, bir az da hesabat xarakteri daşıyır. İndiyə qədər nə yazmışam, nə işlər görmüşəmsə, bununla bağlı ədəbi ictimaiyyətə hesabat vermək istədim. Tərcümə etdiyim və müəllifi olduğum kitablarla yanaşı, redaktoru olduğum və tərtib etdiyim uşaq kitabları da burada sərgilənir. Bununla insanların diqqətini bu istiqamətə də yönəltmək istəyirəm. Çünki bizdə uşaq əsərlərinə, uşaqlarla bağlı nəşrlərə böyük ehtiyac var. Nə yazmışam, nə demişəmsə, sevgiylə etmişəm və bu gün də arxasındayam. Yanımda olan, iştirak edən hər kəsə təşəkkürümü bildirirəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 13 aprel.- S.13.