Dişi filin hikkəsi
GEDƏNİ SEYR ETMƏK
HƏMİŞƏ ƏZAB VERİR
Çində bir təbiət qoruğunda maraqlı hadisə baş verib. Ərazidəki dişi filin
yanına erkək fil gətiriblər. Əvvəl-əvvəl erkək fil
dişi filin sağına-soluna keçib.
Amma dişi filin naz-qəmzəsi bitməyib ki, bitməyib! Nəhayət, erkək fil
bu işvədən sıxılıb, dişi
fil vəziyyəti
hiss edən kimi özü ona doğru addım atmağa başlayıb.
Amma erkək fil yola gəlməyib, çıxıb gedib.
Elə həngamə də bundan sonra başlayıb.
Dişi fil hikkəsindən dəliyə dönüb. Qoruqdan çıxıb,
ətrafdakı maşınları
əzib, qarşısına
keçən nə varsa, vurub dağıdıb.
"New York Post"un bu xəbərini oxuyanda adamın beynində az qalır fırtına qopsun. Deməli, fillərin eşqi
də yaman olurmuş. Bəzən adama elə
gəlir ki, bütün canlılar ayrılığa, soyuqluğa
eyni reaksiyanı verir, qəbul etməkdə çətinlik
çəkirlər. Uzun müddət
bəslədiyin gülə
etinasız yanaşanda
solur. Evdə saxladığın it-pişiyə əvvəlki
diqqəti ayırmayanda,
isti münasibət göstərməyəndə aqressivləşir,
adama cırmaq atır, yemək yemir, su içmir,
ortalıqda ora-bura vurnuxur. Başqa canlıların sevgisizliyə
qarşı üsyan etməyini görəndə
sənə aydın olur ki, şüurlu
insanın tərk edilməyə və ayrılığa verdiyi reaksiyada heç də anormallıq yoxdur. Bircə iş əndazəni aşmaya.
Əndazəni nə vaxt aşırıq? Tutub möhkəm yapışanda,
qopmaq bilməyəndə,
vaz keçməyəndə!
Özümüzə nəzarəti itiririk,
çürüdürük, zəhlə tökürük,
ətrafdakıların da
yox, özümüzü
öz gözümüzdən
salırıq.
Aradakı münasibət tədricən
soyuyur, iki tərəfi birləşdirən
tellər yavaş-yavaş
qırılır. Əvvəlcə bədən özünü
geri çəkir, qarşılaşmaq, görüşmək
həvəsi qaçır.
Ardınca duyğular hər gün bir az başını götürüb
aradan çıxır.
Beləliklə, ayrılığın təməli atılır.
Onsuzluğu hiss edən
məqamda qabağına
keçəni xırd-xəşil
edən fil insanın yanında yalan olur. Təsəvvür elə, toxunmaq istəyirsən, baxırsan
ki, yoxdur. Zəng etmək üçün əlini telefona atırsan, uzun çağırışlar səssizliyə
calanır. Unutduğunu
sandığın həqiqətlə
hər dəfə göz-gözə gələndə
az qalırsan
havalanasan. Əslində, "ayrılıram" demək asandır, hünərin çatır
ardınca çalınan
havaya oyna görüm, necə oynayırsan. Tufarqanlı
Abbas demiş,
"Deyirdin, dözərəm yarsız,
Döz bağrı daş olan könlüm..."
Ayrılıqdan bir müddət sonra inkar etmək
mərasimi başlayır. Bitdiyini qəbul
etmirik, "mümkün
deyil", "məni
atıb gedə bilməz", "bəs,
sevirdi, mənsiz yaşaya bilməyəcəyini
deyirdi" kimi eqo dağarcığından
ibarət düşüncələr
beynimizi gəmirməyə
başlayır. Əsəb sinir
sistemlərimizin içində
yallı gedir. Özümüzə olan güvənimiz
azala-azala yoxsullaşır.
Beynimizdə xəritə çəkirik,
yollar cızırıq,
planlar qururuq. Yaşadıqlarımızı ən incə
ayrıntısına qədər
analiz edirik.
Bu durumdaykən bəzən
heç nə olmayıbmış kimi davranırıq. Məsələn, ayrılıqdan sonra acı yaşamırıqsa, bunun
səbəbi inkardır.
Çünki qəbul etsək,
itkimizlə üzləşmək
məcburiyyətində qalacağıq.
İnkara səbəb isə
acı çəkməkdən
qorxmağımızdır. Ardınca narahatlıqlar, yalnızlıq,
çarəsizlik, günahkarlıq
dönəmləri gəlir.
Münasibət bitdikdən sonra
qarşı tərəfə
nifrət, intiqam kimi duyğular davam edirsə, keçmiş olsun, deməli, hisslər çox da öləziməyib.
Diz çöküb üzr istəyəcəyini, xətasını
qəbul edib geri dönəcəyini düşünmək kimi
gözləntilərə qapılıb,
fantaziyalar qururuq.
Münasibətdə uduzduğunu, məğlub
olduğunu hiss edən
insanlarda bu fantaziyalar daha güclüdür. Bütün alışqanlıqların qəflətən bıçaq
kimi kəsilməsinə
öyrəşmək çətindir.
Amma bu bizə
ağlımıza gələni
etməyimizə əsas
vermir!
Mütəmadi olaraq, "son dəfə danışaq" bəhanəsi
ilə təkrar-təkrar
görüşürük. Əslində, bu zaman şüuraltında
ayrılmaq yox, eqomuza sığal çəkmək yatır.
Bu hal siqareti
tərgitməyə qərar
verib, bir yandan da "axırıncıdır, bunu
çəkim, sonra tərgidərəm" deməyə
bənzəyir.
Sosial şəbəkələrdə
dostluğumuzdan silmirik. Əgər ağrı
çəkiriksə, mütləq
bu bağlantını
sonlandırmaq lazımdır.
Əzab çəkə-çəkə baxmaq, onu qarabaqara
izləmək bizə
narahatlıqdan başqa
heç nə verən deyil. Xoşbəxt nəsə paylaşsa, "aha, mənsiz
gör necə yaxşı hiss edir" deyirik. Hüzünlü nəsə bölüşsə,
"aha, hələ də
məni fikirləşir
və acı çəkir" düşüncəsinə
qapılırıq. Yəni buluddan
yazsa, üstümüzə
çəkirik, ağacdan
yazsa, gölgəsinə
sığınırıq. Bu isə bizi
talan etməkdən başqa heç bir işə yaramır.
Kədərsiz ayrılıq olmur. Gedəni seyr
etmək həmişə
əzab verir. Sadəcə,
miqdarı və təsir gücü bir-birindən fərqlidir.
Çox vaxt əksər insanın etdiyi yanlışı biz də
təkrarlayırıq. Digər münasibəti
unutmaq üçün
yenisinə başlayırıq.
Bu isə həmişə
uğurla nəticlənmir.
Əlimizin altındakı insanı
sarğı bezi kimi istifadə etməklə həm onu, həm özümüzü
daha betər vəziyyətə salırıq.
Bu, bir növ
çay içməyə
bənzəyir. Stəkanda təzə
çay içmək
üçün əvvəlcə
dibindəki artıq qalan tullantını atmaq lazımdır. Üst-üstə süzərək
içəndə hamısı
bir-birinə elə qarışır ki, nə dadı olur, nə tamı, özü də buz kimi.
Doğrudur, sevdiyimiz
insandan ayrılmaq çətindir. Amma özümüzü fil kimi aparmağa
da gərək yoxdur. Yeri gəlmişkən, dişi
fil maşınları əzdi, ətrafa zərər
verdi, amma erkək fil qayıtmadı ki,
qayıtmadı!
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 13 aprel.- S.12.