Xalq yazıçısı Elmira Axundovanın iki
kitabının təqdimatı keçirildi
Dünən Beynəlxalq Mətbuat
Mərkəzində Milli
Məclisin üzvü,
Xalq yazıçısı
Elmira Axundovanın "Həmkarlarımla
üz-üzə" və
rus dilində nəşr olunmuş
"Bizim tanıdığımız
Elmira..." ("Elmira, kakoy
mı eyo znayem...") kitablarının
təqdimat mərasimi
keçirildi.
E.Axundovanın bədii və publisistik yaradıcılığına
həsr edilən
"Bizim tanıdığımız
Elmira..." kitabında son 15 ildə müəllif haqqında dərc edilmiş əhəmiyyətli
materiallar - məqalə
və esselər toplanıb. Kitabın ilk səhifələrində müəllifin
kiçik qeydi var. O, kitabın ərsəyə
gəlmə səbəblərini
izah edir, kimlərdən ilham aldığını sadalayır,
yazıçı kimi
onlara olan mənəvi borcunu diqqətə çatdırır:
"Bu tipli "yubiley"
kitabçalarına həmişə
bir qədər şübhə ilə yanaşmışam. Fikirləşirdim
ki, bu, kimin
üçün maraqlı
ola bilər?
Amma sonra, ötən 15 il
ərzində mənim
və yaradıcılığım
barədə yazılmış
bütün materialları
bir yerə toplayıb onları bir daha oxuyanda,
səmimi deyirəm, həm təəccübləndim,
həm sevindim, həm də ruhlandım. Axı, Anar, Vaqif Səmədoğlu
kimi sanballı yazıçıları, Natiq
Rəsulzadə kimi populyar belletristi, akademik İsa Həbibbəyli kimi alimi, jurnalistikanın
Elmira Əliyeva və
Qalina Mikeladze kimi korifeylərini və bir çox
başqalarını mənim
barəmdə ətraflı,
dərin, səmimi məqalələr yazmağa
heç kəs məcbur etməyib. Deməli, əməyim, kitablarım,
publisistika sahəsində
səylərim onları
bu cür məqalə və oçerklər yazmaq üçün vaxt və qüvvə sərf etməyə sövq edib. Buna görə də
mətbuatda haqqımda
çıxan ən diqqətəlayiq və əlamətdar materialların
hamısını küll
halında dərc etdirməyi qərara aldım. Hər halda, bu, başqa
yazıçı və
publisistlər, ədəbiyyat
tədqiqatçıları üçün, eləcə
də çoxsaylı
dostlarım və həmkarlarım üçün
bir növ örnək ola
bilər. Ailəm də öz yerində..."
İkinci kitabı açıram. Gözümə
ilk dəyən Ümummilli
lider Heydər Əliyevdən sitat olur: "Yaz, Elmira, yaz, bu səndə
pis alınmır..."
Ardınca Ekzüperidən
sitat gəlir: "Yalnız ürək aydın seçir. Başlıca olanı gözlə
gözməzsən". Yazıçı Natiq Rəsulzadənin
yazısındandır gətirilən
sitatlar. Həmkarının
yaradıcılığından, onun ictimai fiqur
kimi tutduğu yerdən, qazandığı
uğurlardan danışılır...
... Dünənki tədbiri Xalq yazıçısı Elmira Axundova özü açaraq yaradıcılığını, ictiami-siyasi fəaliyyətini diqqətdə saxlayan, işıqlandıran jurnalistlərə, qələm adamlarına təşəkkürünü bildirdi: "Bu tədbirdə məhz sizi - jurnalistləri görmək istəyirdim. Xüsusən, bu kitabın ərsəyə gəlməsində əməyi olanları. Bu kitab tək mənim yox, sizin də kitabınızdır. Biz həmmüəllifik". Xalq yazıçısı vurğuladı ki, bütün statuslara rəğmən, o, özünü jurnalist hesab edir: "Bu, hərdən mənə gündəlik həyatımda problemlər yaradır. Çünki sözü həmişə birbaşa deyirəm. Əhatəmdə olan insanlar bunu irad da tuturlar ki, bir qədər diplomatik davranmaq, sözü yumşaq da demək olar. Cavab verirəm ki, bu, mənim jurnalistlik fəaliyyətin nəticəsidir. Bu Jurnalistika məni həm "korlayıb", həm də yetişdirib".
E.Axundova daha sonra ölkəmizdə jurnalistika sahəsinin inkişaf etməkdə olduğunu bildirdi: "Əvvəllər jurnalistika sahəsi bir qədər diqqətdənkənar qalmışdı, inam yox idi. Amma indi həmkarlarımız o inamı, diqqəti bərpa etməyi bacarıblar. Artıq jurnalistika yenə dördüncü hakimiyyətdir. Öz sözünü eşitdirə bilir. Bəlkə də regiondakı ən güclü jurnalistika institutu bizim ölkədədir. Xüsusən, hazırkı dövrün çətinliyini nəzərə alsaq, bunun hansı zəhmətlərin hesabına başa gəldiyini anlamaq çətin olmaz. Hətta iqtidaryönümlü media qurumları belə, kifayət qədər tənqidi materiallara yer ayırır. Bir müddət əvvəl elə mən özüm də gənclərin problemləri haqqında məqalə yazmışdım, bir neçə nazirliyi tənqid etmişdim. Əvvəl müraciət etdiyim sayt çap etməyə çəkindi, başqa qurum, hakimiyyətə yaxınlığı ilə tanınan saytsa onu yayımladı. Bu misalı niyə çəkdim? Hazırkı jurnalistikamızın heç də kimlərdənsə asılı olmadığını, öz mövqeyini açıq şəkildə ortaya qoya bildiyini göstərmək üçün".
E.Axundova Jurnalistlər evinin yaradılması məsələsinə də toxundu: "Bunu xüsusi qabartmağınızı istəyirəm. Ölkədə yaradıcı insanlara xüsusi qayğı göstərilir. Məsələn, Yazıçılar evi, Rəssamlar evi var. Amma təəssüf ki, Jurnalistlər evi yoxdur. Mən hökumət nümayəndələrinə səslənmək istəyirəm ki, buna bir əncam çəkilsin. Düzdür, dövlətimiz jurnalistlərə kifayət qədər qayğı ilə yanaşır, müxtəlif media qurumlarına maddi yardım ayrılır, jurnalistlər üçün mənzillər tikilir, yüzlərlə jurnalistin ev problemi artıq həllini tapıb. Amma elə jurnalistlər var ki, işləmək üçün lazımi şəraiti yoxdur. Jurnalistlər evi yaradılsa, bu cür problemlər xeyli azalmış olar, həmkarlarımız rahat şəraitdə orada öz fəaliyyətlərini davam etdirərlər".
E.Axundova onu da vurğuladı ki, həmkarları ilə bağlı geniş yazılar yazmağı planlaşdırır: "Həmişə deyirəm, insanlara sağlığında qiymət vermək lazımdır. Siz də bunu bacarırsınız. Bəzən biz sizi, siz də eyni zamanda, bizi tənqid edirsiniz. Amma tənqidlərdən incimirəm, həmişə də qapım həmkarlarıma açıqdır".
Tədbirdə çıxış edən yazıçı Natiq Rəsulzadə bildirdi ki, Elmira Axundova elə yazıçılardandır ki, istedadı onu əzir, məcbur edir ki, o, daha çox işləsin: "Onun şah əsəri Heydər Əliyev haqqında yazdığı 6 cildlik kitabıdır. Elmira xanım bu kitabların üzərində 11 il çalışıb. Heydər Əliyev Elmira Axundova yaradıcılığının daimi mövzusu olub. Çünki nə qədər yazırsan-yaz, kifayət etmir. Arzu edirəm ki, bu kitabların sayı artsın..."
Yazıçı Səfər Alışarlı qeyd etdi ki, Elmira Axundova bugünkü ədəbiyyatımızın dəyərlərindəndir: "Təkcə yazıçı, publisist kimi deyil, bütövlükdə mənəvi dünyası, intellekti ilə hər zaman ədəbiyyatın, yaradıcılığın içində olub".
Daha sonra "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Kaspiy" (rusca) qəzetinin baş redaktoru İlqar Hüseynov, deputat Sahib Alıyev və başqaları çıxış edərək müəllifin yaradıcılığından danışdılar, ona bu yolda uğurlar arzuladılar.
Tədbir sual-cavab formatında davam etdi.
Cavid QƏDİR
525-ci qəzet.- 2019.- 13 aprel.- S.8.