Bakı
Xoşbəxt
adamın yol qeydləri
Rəssam Kamil Kamalla söhbət edirik, təbəssümlə bildirir: "Axı mən kitab tərtibatçısı deyiləm!" Buna baxmayaraq, tərcümə kitabının üz qabığı üçün dalğın Çin qadınının təsvirini ustalıqla yaradır. Xatırladıram ki, bu yaxında onun Vətəni Azərbaycanda olmuşam. Gözlərinə təbii işıq gəlir.
- Nə vaxt?
- Sentyabrın ortalarında.
- Lap əntiqə vaxtda olmusan ki!
- Hə...
Havalar mülayim idi, isti deyildi. Nar, feyxoa...
- Day demə!
Haralarda oldun, nələri gördün?
- Bakı
bulvarını, Xəzəri, Şirvanşahlar
sarayını, Ədəbiyyat muzeyini, Xalça muzeyini...
- Belə
de... Hələ bir adlarını da yadda
saxlamısan, - yenə qılıqla gülümsəyir.
...Əlbəttə,
necə yadda saxlamayasan axı! Səfərim
çoxdan planlaşdırılmışdı, gözləmədiyim
halda heyrətamiz və xoş oldu. Tez-tələsik
çıxmaq, asudə səfər havası udmaq istəyirdim...
Hələ üstəlik, qulaqlarımda da hansısa
mahnının sözləri cingildəyirdi: "Biz də
turistik - avantüristik!" Buna görə də
mümkün qədər özümüzlə az şey-şüy, yalnız lazım
olanları ("daraq-nəleyin-məleyin" triadasından
olan ləvazimatları) götürmək istəyirdik...
Hava
limanındakı pasport nəzarət məntəqəsində
ciddi görkəmli qadın deyəsən, bizi ölkədən
asanca buraxmaq istəmir - pasportda olduğu kimi imza
atmağı, yaşadığın ünvanı, anadan
olduğun günü, ayı, ili qeyd eləməyi,
sənədin verildiyi yeri dəqiq yazmağı tələb
edir. Mən də səbrsizəm, başlayıram əsəbiləşməyə;
pəncərənin önündə deyinirəm, az qala, çığır-bağır da
salmaq istəyirəm. Lakin çalışıram ki, əlində
propeller tutan cazibəli kişi kimi "təmkinli"
olum, özüm-özümə deyirəm: "Sakit ol,
yalnız səbrli olmaq gərək!" Aha, təhlükə
sovuşdu deyəsən! Lakin hər halda, pasportdakı şəklimi
dəyişdirməyin vaxtıdır...
Göy rəngli "Azal" təyyarəsi havaya
qalxır, yavaş-yavaş yüksəkliklərə baş
vurur; gülərüz təyyarə bələdçiləri
bizə konfet paylayırlar, sonra isə dadlı-ləzzətli
nahar. Yanımızda əyləşən
qonşularımız artıq konyak şüşəsinin
ağzını açıblar; əynində nazik idman
köynəyi olan qəşəng bir azərbaycanlı
qız da nəsə zümzümə edir, nə oxuduğunu
başa düşmürük, mən də şirin-şirin
mürgüləyirəm, elə bil, başımın
altındakı balış deyil, mənə yaxın
görünən səmadakı yumşaq buludlardır.
Budur, artıq enişdir və alqışlar... Bilmədim
üç saat ha vaxt gəlib keçdi (təfərrüata
görə bağışlayın).
Bizə otel təklif edən taksi sürücüsü
nəzakətlidir, həm də çox susqundur, mənə həddən
artıq "intelligent" kimi görünür; bizi
Bakının geniş mərkəzi küçələri
ilə aparır. Mən də tez-tez Denisin qolunu dürtmələyirəm,
uşaq kimi heyrətlənirəm: "Palmalara bax!" Müxtəlif formalı daşları, mərmərləri
göstərirəm. Axı "Briliyant əl"
filmini məhz Bakıda elə-belə çəkməmişdilər!
Xarici ölkədəki ekzotikanı
tamaşaçıya göstərmək üçün eləmişdilər
bunu.
Nəhayət, çatdıq. Biz xudmani
hündürlükdə yerləşən kiçik bir oteldəyik,
burdan bütün şəhər görünür.
Otelin ətrafında şərablar, tərəvəz və
meyvələr, həyata sevinc gətirən müxtəlif ərzaqlarla
dolu mağaza və dükanlar var. Oralara baş çəkməyə
hələ vaxtımız olacaq! Otağa girən kimi
çarpayıya sərələnirik, kondisioner bərk vurur,
məəttəl qalırıq, əlbəttə, axı
bayırda 28 dərəcə isti var! Sonra tələsmədən
pal-paltarlarımızı yerbəyer edirik.
Qarşıda beş günümüz var.
Bununla belə, gözləməyə səbrimiz
çatmır! Və aşağıdakı
kafeyə girib qəlyənaltı edirik. Azərbaycan
mətbəxi qeyri-adi dərəcədə boldur - Azərbaycansayağı
"Sezar" salatı doyumludur, içinə çoxlu tərəvəz
və yumurta qatırlar.
Sonra şəhərin mərkəzinə
yollanırıq, köhnə Bakının qala divarları
boyu gəzirik, fontanları seyr edirik, sahil boyuna
çıxırıq. Xəzər gecələr daha möhtəşəm və
sehirlidir! Ay işığının yaladığı sular,
uzaqda hərəkətsiz görünən gəmilər,
dalğaların güclü, harmonik səsi... adamı tilsimləyir...
Burda dənizin qırağında
çoxları əlində gitara oxuyur, sadəcə,
oxuyurlar. Və yaxşı ki oxuyurlar.
Özü də duyumla, nəsə müasir bir
mahnıdır deyəsən, şərq motivləri hiss
olunur. Budur, açıq səmada konsert
verirlər. Maraqla baxırıq, sonra
bulvarla geri qayıdırıq, birdən parkda
gözümüz şahmat oynayanlara sataşır. Yarışdır. Kişilər
asfaltda şahmat xanaları çəkilmiş lövhələr
üzərindəki iri taxta fiqurların yerlərini dərin
düşüncələrlə dəyişdirirlər.
Sən demə, burda ənənəvi beynəlxalq "Baku Open"
şahmat festivalı keçirilir. Buna görə
də həvəskarlar üçün belə küçə
meydançaları düzəldiblər. Gecə
olsa da, xeyli tamaşaçı
yığışmışdı. Biz də həvəskarlara
qoşulduq... Hə, axı, təyyarədən
və gəzintidən sonra yatmaq da lazımdır.
Gün əməlli-başlı dolğun və məzmunlu
alındı! Badımcan rəngli London taksilərindən
birini saxlayırıq, taksi sürücüsü Natiq bizim
birinci "intelligent" sürücümüzdən fərqli
olaraq çox söhbətcildir. Yolboyu
ordan-burdan danışırıq.
- Sənə
paxıllığım tutur, yanındakı qız çox
gözəldir! Bəs sən nə
üçün belə saqqal saxlayırsan? Lap Rasputinə
oxşayırsan... -
Denisə deyir.
Ürəkdən gülürük, axırda bir-birimizin
telefon nömrələrini yazırıq,
razılaşırıq ki, əgər əsl kabab yemək
istəsək, Natiqlə əlaqə saxlayacağıq. Axı, Natiq elə bir restoran
tanıyır ki, orda barmaqlarını da yalaya bilərsən!
Növbəti günün səhəri gözəl bir
günəş vannasından soraq verir. Avtobusla mərkəzə
gedirik. Maraqlıdır ki, Bakıda ictimai
nəqliyyatda heç bir bilet satmırlar. Sürücünün
böyründə iri bir yeşik qoyulub, yeşiyin xırda
pulların nominallarına uyğun gözcükləri var, hər
bir sərnişin girib-çıxanda (kimə necə
rahatdır!) ora iyirmi qəpik atır. Camaata inanırlar!
Daha bir məqam: burda qadınlara yaşından asılı
olmayaraq oturmaq üçün hökmən yer verirlər. Bakıda istirahətdə olduğumuz bütün
günlərdə (bir-iki hal istisna olmaqla, o da avtobus dolu
olanda!) mən ayaq üstə qalmadım, oturdum. Avtobusda
ayaq üstə durmaq o zaman çətin məsələydi!
Bütün azərbaycanlılar, maşallah, qoçaq
adamlardı, xüsusilə ayaq üstə duranlar! Yol hərəkəti qaydalarına, xüsusilə də
işıqforlara çox bəsit yanaşırlar.
Dayanıb baxır, görür ki, maşın yoxdu,
keçir yolu!
Bu gün
qərara aldıq ki, məşhur Qız qalasına baxaq - onun
təsvirlərini açıqçalarda, fincanlarda, köynək
və digər əşyalarda görmüşdük... Əlbəttə, Qız qalası barədə xeyli
əfsanələr dolaşır, təbiidir. Əsas rəvayət də məqbul sayıla bilər,
nakam məhəbbət barədədir. Rəvayətlərdən
birinə görə, şah öz qızını sevmədiyi
bir adama ərə vermək istəyir, qız da
özünü qalanın başından dənizə
atır. Məğrur qız olub! Bizdə və
qonşularımızda da buna oxşar o qədər rəvayətlər
var ki!.. Əslində, azərbaycanlıların
özləri də məşhur Qız qalasının dəqiq
yaşını bilmirlər. Tarixi
çox qədimdir. Əvvəllər elə
bilirdilər ki, 12-ci əsrə aiddir, sonralar məlum olub ki,
yanlışdır, daha qədimdir. İndi
məlum olub ki, bu qala İslamdan əvvəlki eraya aiddir.
Və hesab edirlər ki, Qız qalası hətta
atəşpərəstlik dövrünə təsadüf
edir, axı Xəzər dənizinin suları onun
divarlarını yuyurmuş və qalanı da mayak kimi tikiblər.
Nə isə, hərə özünə maraqlı olanı
seçir... Qız qalasının rəmzi və sirli
tikintisinə həsr edilmiş hətta ilk Azərbaycan baleti də
var! Və bu gün də onun yan-yörəsində
sənət festivalları keçirilir.
Əyri pilləkənlərlə qalxmaq asan deyil, özü də uzunətəkli donda (əlbəttə, mən şərq qadınlarısayağı geyinmişdim!). Düzü, açıq danışsam, Azərbaycan qadınları geyimdə çox demokratikdir. Qızlar çox vaxt cins şalvarda və kedlərdə olur, bir qədər yaşca böyük qadınlar gözəl libaslar, yubkalar, dikdaban ayaqqabılar geyinirlər. Bir sözlə, çox yaraşıqlı geyimləri var! Mövzudan yayınmayaq, deməli, Qız qalasında əntiqə ekspozisiyalar gördük, bunlar hamısı azərbaycanlıların müxtəlif dövrlərdəki tarixindən, mədəniyyətindən, məişətindən və təbii ki, qalanın öz taleyindən danışır. İnteraktivlik çoxdur, sensor kitabları, holoqramlar da yetərincədir! Bakının o biri muzeylərində də belədir. Biz Qız qalasının hər mərtəbəsində ekspozisiyalarla tanış olandan sonra nəhayət, qalanın başına, açıq meydançaya çıxdıq. Ayağımızın altındakı şəhər necə də günəşli və mehriban görünür! Adam özünü heç atmaq istəmir! (Allah eləməsin!) Şəkil çəkirik və aşağı enirik. Sonra da macəralarımız başlayır!
Köhnə Bakıya gündüz də baxmaq istəyirik. Sirli-sehirli dalanlar. Açıq qapıların üstündə yad həyatın bər-bəzəkli fraqmentləri: xalçalar, qab-qacaqlar... Paltarları iplərdə sərib qurudurlar: rütubətli iqlimdə otağın içində qurutmaq olmur. Özümüz də buna əmin olduq. Dar küçə və dalanlarda o qədər sevimli pişiklər dolaşır ki! Bu kiçik çöl heyvanları gözümüzə xırda bəbirlər kimi görünür, gülürük. Görünür, burdakı pişiklərin cinsi belədir. Əlbəttə, özəl suvenir mağazalarından da yan keçmədik. Özüm üçün iri bir Şərq qolbağı aldım.
Çox keçmir ki, Azərbaycan gənclərinin daha çox olduğu yerə - Fontanlar meydanına çıxırıq. Burda dar şalvarda qəşəng bir qızcığaz heykəli də var. Bu da azad qız rəmzidir! Meydanda iri bir kafe - "Hard rock cafe" var, yaxşı pivə və qəlyənaltı verirlər, interyeri də yaraşıqlıdır. Bizə xidmət edən ofisiant qayğısız-qayğısız soruşur ki, hardan gəlmişik. Cavab alandan sonra emosiyalarına əsl fontan qatır:
- Minsk? Mən orda oxuyuram! Elə gözəl,
maraqlı şəhərdir ki! Orda özümü evdəki kimi hiss edirəm! İndi
akademik məzuniyyət götürmüşəm, mütləq
qayıdacam!
Kefimiz
kök, qarnımız tox otelə qayıdırıq, yolda
meyvə, rahat-hülqum və nar şərabı
alırıq - əntiqə şeydir! Nar şərabı
çox tünddür, əla dadı var, bir qədər kəmşirindir.
Otaqda televizoru açırıq, Azərbaycan
dilində multiplikasiya filminə baxırıq, gülməli
sarı pişik barədədir. Yadımızda qalan
Qarfildin atmacalarını özümüzçün tərcümə
edirik - bu da bizim improvizə olunmuş dil dərsimiz!
Biz beş gün ərzində maksimum emosiya almağa çalışdıq. Hərdən ayaqlarımız ağrıyırdı, başımız od tutub yanırdı - neyləmək olar! Özümüz üçün o qədər yaxşı şeylər kəşf elədik ki! Bura gəlməmişdən qabaq birlikdə mütləq bir proqram tərtib eləmişdik - Xalça muzeyində hökmən olacağıq! Axı bu möhtəşəm sənətin incə ilməli xallarının tarixi barədə bilməmək günahdır! Bu naxışlardan müasir dizaynerlər zinət əşyalarında indi də istifadə edirlər. Muzeyin binası bürmələnmiş iri naxışlı bir xalçaya bənzəyir. Burda Azərbaycanın bütün bölgələrindən olan xalçaların dolğun ekspozisiyası nümayiş etdirilir, müasir və qədim xalçaların hazırlanması texnologiyaları barədə təfərrüatlı məlumatlar verilir. Muzeyə gələn tamaşaçılar qarşısında əməksevər qızlar əyləşib - xalça toxuyurlar. Xarici turistlər telefonları ilə onları çəkir... Denis zarafatla deyir: "Bu sənin üçün ayı öldürmək deyil e! Gərək səbrin olsun!" Razılaşmamaq mümkün də deyil, burda qadının zəhmətinin misli yoxdur! Görün nə gözəl naxışlar alınır! Muzeyin sonuncu mərtəbəsində müasir xalçalar nümayiş etdirilir. Portretli, peyzajlı, hətta sürrealist rəsmli xalçalar! Təəssüf ki, baqajın ağır olacağı qorxusundan bu xalçalardan birini ala bilmədik! Bəlkə növbəti dəfə gedəndə aldıq!
Ədəbiyyat muzeyi də xoş təəssürat yaradır. Buranın əməkdaşları təhsilli və geniş dünyagörüşlü olmaları ilə fərqlənirlər. Bələdçi mənim ədəbi jurnalda işlədiyimi öyrəndikdən sonra səmimiyyətlə Belarus ədəbiyyatının tarixi ilə maraqlanır. Və özü də çox məharətlə Füzuli, Nizami, Vaqif, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı... və daha kimlərdən danışır. Mütəfəkkir şair Nəsiminin acınacaqlı taleyindən, əqidəsinə görə diri-diri dərisinin soyulmasından söhbət açır. Aleksandr Düma ilə şəxsi tanışlığı olan ensiklopedik bilikli Azərbaycan yazıçısı Natəvandan, Stalin repressiyasının qurbanlarından danışır... Biz muzeydən xoş təəssürat və düşüncələrlə ayrılırıq.
Modern, müasir üslubda tikilmiş Heydər Əliyev Mərkəzini ziyarət edirik. Bu Mərkəzdə düz yarm gün "asılıb" qalırıq. Hər bir mərtəbənin sərgisini diqqətlə seyr edirik. Muzey interaktivdir, burda mədəniyyətin ənənəvi predmetlərinin ekspozisiyası zəngindir, Azərbaycan musiqi alətlərinin səsinə qulaq asmaq, "mini Bakı"nın bütün komplekslərini - məşhur binaların kiçildilmiş modellərini görmək olar. Mərkəzdə müntəzəm olaraq təşkil olunan sərgilərdə nümayiş etdirilən müasir rəssamların maraqlı əsərlərindən ayrıca danışmaq lazımdır. Bizə Corc Kondonun yaradıcılığı ilə tanış olmaq xoşbəxtliyi nəsib oldu. Bu sənətkar xalq mədəniyyətindən, müasir cəmiyyətlərin stereotiplərindən və miflərdən istifadə edərək təsirli "həftəbecərlər" yaradan müəllifdir. O, müasir cəmiyyətin qüsurlarını kəskin şəkildə, estrada və kino ulduzlarının, sərxoşların, ruhi xəstələrin... rəsmlərini çəkib göstərir. Əlbəttə, bu əsərlərdən aldığımız emosiyalar müxtəlif idi, lakin son dərəcə maraqlı gəldi bizə!
Azərbaycan haqqında danışarkən onun mətbəxinin təsvirindən yan keçmək olarmı?! "Yeddi gözəl" restoranı bizi demək olar ki, hər dəfə qonaqpərvərliklə qarşılayırdı. Koloritli interyeri və heyrətedici zərif təamları ilə yadda qaldı. Sac içi badımcanlarıyla, qoyun və toyuq ətindən kabablar, müxtəlif cür salatlar, qarpız mürəbbəsi... daha nələr! Burda da ofisiant sarıdan bəxtimiz gətirir. Nərmənazik gülümsər qızın nənəsi belarusdur. Yenə Vətən yada düşür! Və ətirli çay süfrəsi arxasında söhbətlər qızışır, saatlar yel kimi uçur. Burda, yumorsuz-filansız, məxsusi çay dəstgahı var - sonra özünü quş kimi yüngül hiss edirsən, təzələnirsən... Özümüz üçün bir neçə çay paketi aldıq, indi Belarusda həm özümüz, həm də dostlarımız, doğmalarımız bu çaydan içib xoşhallanırıq.
Uçuş zolağı qarşısında dayanıb son dəfə gözəl Bakının ətrini içimizə çəkirik, düşünürəm ki, bəzən günəş lap dərinin altına da girə bilir... Bu isti duyğuları içinə doldurmaqla, elə bil, özün də başlayırsan işıq saçmağa. Və maraqlıdır ki, sən bu günəşli isti sevgini yer kürəsinin hər hansı bir nöqtəsinə də bəxş edə bilərsən. Siz də sınayın bunu!
Yuliya ALEYÇENKO
Belarusda çıxan "Polımya"ədəbi jurnalının məsul katibi, şair
Tərcümə etdi: Kamran NƏZİRLİ
525-ci qəzet.- 2019.- 13 aprel.- S.8.