İlbər Ortaylı ilə tarix kimi
qarışıq gün...
Türkiyəli tarixçi alim, professor İlbər
Ortaylını mən də sizin kimi əvvəlcə
zövqünə, intellektinə güvəndiyim insanların
söhbətlərindən, sonra məqalələrindən,
sonra televiziya verilişlərində və internet
kanallarındakı çıxışlarından
tanımışam.
Onun
türklüyə, türkçülüyə, ümumi
Qafqaz tarixinə və bu tarixin içərisində yer alan (və əlbəttə ki, bir azərbaycanlı
kimi ən çox diqqətimi çəkən) Azərbaycana
olan özünəməxsus münasibəti mənim də
marağıma səbəb olmuşdu. Heç
unutmadığım fikirlərindən biri isə belədir:
"Gördünüz ki, oxuduğunuz kitab sizi inandıra
bilmir, bağlayıb atın kənara. Hər
kitaba inanmayın, xüsusən də tarix kitablarına".
Bir ay öncədən onun Azərbaycana gələcəyini
eşidəndə həyəcanlanmışdım. Bütün
dünyanın heyranlıqla dinlədiyi, kitablarını əl-əl
gəzdirdiyi alimi canlı görmək, hələ qismət
olsa, kitab imzalatdıra bilmək şansının yarana biləcəyinə
isə sevinmişdim. Ətrafımdakı
və sosial şəbəkədəki ajotajı
müşahidə edəndə bu həyəcanı və
sevinci yaşayan tək insan olmadığımın fərqinə
vardım. Xüsusən, gənclər
çox canfəşanlıq göstərir, onun yolunu
böyük səbrsizliklə gözləyirdilər. Hə,
dünyaca məşhur alim gəlirdi!
Gənclərin
sevgisi...
Nəhayət,
gəldi! Hələ də paytaxtımızda
qonaqdır.
Oxucularıyla ilk görüşü Heydər Əliyev
Mərkəzində keçirildi. Həmin
görüşdə iştirak etmədim. Səhəri gün Bakı Kitab Mərkəzində
növbəti görüşü və imza mərasimi
keçiriləcəkdi. Mən də orda
olacaqdım. Amma öncə ilk
görüş haqqındakı təəssüratlarla
maraqlanırdıq. Görüşün əsk-sədası,
heyf ki, heç də ürəkaçıcı olmadı.
İştirak edənlərin dediyinə görə, alim
öncələrdə də dəfələrlə
danışdıqlarını, az qala,
hamımızın əzbərinə çevrildiyi mülahizələrini
yenə də təkrarlayıb, Qafqaz tarixindən ümumi
şəkildə bəhs edib. Bəlkə də,
burda professorun günahı yoxdur, qoyulan mövzu elə
imiş, ancaq yenə də görüş
iştirakçılarının dediyinə görə, hoca
heç suallara da doğru-düzgün cavab vermək istəmir,
sanki danışmağa ərinirmiş. Necə
deyərlər, mən də deyənlərin
yalançısıyam. Bəlkə, kimlərsə
razı qalmışdır, bəlkə də, narazı.
Baxır kim hansı xəyallar və ümidlərlə
bu görüşə hazırlaşırmış. Amma fakt odur ki, dünyaca məşhur alim burdadır
və gəncliyimiz onu bu dərəcədə sevir.
Gəncliyin onu nə qədər sevdiyini öz gözlərimizlə
aprelin 15-i Bakı Kitab Mərkəzində də
gördük.
Başlayaq elə ən əvvəldən...
Türkiyənin
Azərbaycandakı səfirliyinin dəstəyi, "Türkiyə
və Azərbaycan İş Adamları və Sənayeçilər"
İctimai Birliyinin (TÜİB) təşkilatçılığı
ilə Azərbaycana dəvət olunan görkəmli türkiyəli
tarixçi alim, professor İlbər Ortaylı ilə
görüşün həyəcanı hələ
günün birinci yarısı, redaksiyadan
başlamışdı. Qəzetimizin baş
redaktoru Rəşad Məcid görüşlə
bağlı geniş reportaj yazmağı
tapşırmışdı. Görüşün saat
18:30-da olacağını bilsək də, Rəşad müəllim
bir neçə dəfə xatırlatmaq ehtiyacı
duymuşdu: "Vaxtından əvvəl gedin, orda adam çox olacaq, nəinki oturmağa yer
tapmaq, heç içəri də keçə bilməyəcəksiz.
Siz ən yaxşısı bir saat qabaqdan orda
olun artıq".
Düzü, bunu əvvəldən düşünsəm
də, o qədər də tez getmək fikrim yox idi. Amma Rəşad
müəllimin sözlərindən sonra həyəcanım
daha da artdı. Doğru deyir, birdən yer
tapmasam? Ona görə də redaksiyadan lap
tez çıxıb Bakı Kitab Mərkəzinin yolunu tutdum.
Mən ora çatanda hələ vaxta bir saatdan da
artıq qalırdı. Bəlkə də bu vaxta kimi yeganə
görüş idi ki, nəinki gecikmək, hətta vaxtdan da
xeyli tez gəlmişdim. Amma
görünür, məndən də çox tələsənlər
varmış.
Qapıdan içəri girərkən
gördüyüm mənzərə bir anlıq ayaq
saxlamağıma səbəb oldu. Geniş,
işıqlı mərkəzin boş sahəsi, daha
doğrusu, ikinci mərtəbəyə qalxan pilləkanların
aşağısı artıq adamla dolu idi. Hamı kassaya yaxınlaşıb alimin ilk dəfədir
Azərbaycan dilində çap olunan "Türklərin
qızıl dövrü" kitabını alıb pilləkanın
aşağısında yerini tuturdu. İçəri
qısa nəzər salandan sonra mən də kitab alıb
gözləməyə başladım. Adətimdir,
çox insan olan yerdə ətrafa elə də baxmamağa
çalışıram. Ona görə
burada tanışların da olacağını bilsəm də,
başımı qaldırıb kiməsə baxmağa həvəsim
yox idi. Aram-aram əlimdəki kitabı vərəqləyirdim.
Kitab mərkəzi isə heç zaman görmədiyi
izdihama qucaq açmaqda davam edirdi. İnsanların
sayı çoxaldıqca nisbətən kiçik salon daha da
havasızlaşır, hər kəs pilləkana daha yaxın
olmaq üçün bir-birini itələyirdi. Bir daha ürəyimdə "ax, növbə mədəniyyəti"
deyə düşündüm.
Tarixçi
ilə görüşə bilməyən tarix tələbələri
Pilləkanın
ayrı-ayrı pillələrində dayanan nəzarətçilər
İlbər hocanın kitabını yuxarı qaldırıb
tez-tez elan edirdilər: "Dostlar, bu kitabın hər biri bir
giriş biletidir. Bunu almayan yuxarı
buraxılmayacaq". Bayaq da qeyd etdiyim kimi,
mən onsuz da içəri girər-girməz kitabı
almışdım. Amma həm mediada, həm də sosial
şəbəkədə elanı yerləşdirərkən,
bir nüans xüsusi vurğulanmışdı: "İlbər
Ortaylı ilə görüş pulsuzdur!" Çoxu tələbə
olan bu gənclər məhz bir az da bunun həvəsinə
sevimli tarixçilərinin görüşünə gəlmişdilər.
Dediyimiz kimi, İlbər hocanı dinləməyə gələnlərin
əksəriyyəti gənclər idi. Orta və
yaşlı nəslin "kitab oxumurlar, elmə maraq göstərmirlər,
zayları çıxıb" dedikləri o gənclər.
Onların çoxu isə tarix fakültəsinin
tələbələri idi. Tələbənin
aldığı təqaüd hər kəsə məlumdur.
Onların hər deyəndə kitab almağa
imkanları olmur. Əvvəlcədən
bu "möhtəşəm şərt" elan
olunmadığından hazırlıqsız gələnlər
də vardı. Deməli, İlbər
Ortaylını ən çox dinləməli olan tarix
fakültəsi tələbələri gəldiyi kimi də
geri qayıtmağa məcbur idilər.
"Qafqaz
bizim üçün bir tarixdir"
Bu ətrafda söhbəti çox uzatmağa gərək
yoxdur.
Keçək görüşə...
Ayaqüstündəki uzun gözləmələrdən
sonra nəhayət, alqış sədaları altında
İlbər Ortaylı göründü. Üzündən həm
yorğun, həm də bu "kalabalık"dan məmnun
görünən hoca onun üçün ayrılmış
kresloda yerini rahatladıqdan sonra Bakı Kitab Mərkəzinin
direktoru, yazıçı Günel Anarqızı mikrofon
qarşısına keçdi. İnsanların,
xüsusən gənclərin elmə, kitaba, alimə bu qədər
maraq göstərməyindən məmnunluq duyduğunu deyən
Günel xanım, "Tarixlə üz-üzə" layihəsi
çərçivəsində keçirilən bu
görüşü gənclərin, tarix həvəskarlarının
şansı kimi dəyərləndirdi.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral həm qonağı, həm də gəncləri
salamladı.
O da gördüyü mənzərədən çox məmnun
idi.
Görünürdü ki, hər kəs bu izdihamın səbəbkarı
İlbər Ortaylının çıxışını
gözləyir. Nəhayət, söz ona verildi. Alim də bu diqqətə və sevgiyə görə
hər kəsə təşəkkür etdi. Türklərin tarixi keçmişi, bu tarixdə azərbaycanlıların
izi haqqında danışdı. Dedi ki, Qafqaz bizim
üçün bir tarixdir. Qısa şəkildə
Qafqazın keşməkeşli tarixini xatırlayan alim
bunları birbaşa şəkildə yaşamış, dəfələrlə
işğallara məruz qalsa da, heç zaman öz
türklüyündən zərrə də olsun itirməyən
Azərbaycanın Qafqazda hazırki mövqeyini
vurğuladı.
"Dünyada
eyni dili danışanlar eyni yerdə yaşamasalar da mənən,
ruhən birdirlər", - deyən professor İlbər
Ortaylı Azərbaycan və Türkiyə
qardaşlığını bir daha qürurla
xatırlatdı, burada özünü heç zaman yad hiss etmədiyini
dedi.
Qısa çıxışdan sonra növbə imza mərasiminə
çatdı.
Qonaq imza üçün ayrılmış
guşəyə keçərkən yenidən zalda bir xaos
yarandı. Hər kəs həmin guşəyə
tez çatmaq, alimin imzasını daha tez əldə etmək
üçün yarışa girmişdi sanki. Tünlüyə baxanda insan ora nə vaxtsa gedib
çata biləcəyinə ümidlərini itirirdi.
Tələsmədən qonaqlara göz yetirdim. "Türkiyə
və Azərbaycan İş Adamları və Sənayeçilər"
İctimai Birliyinin (TÜİB) sədri Hüseyn
Büyükfırat, millət vəkili Musa Qasımlı, Xalq
yazıçısı Anar da onların arasında idilər.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət
və tanıtma müşaviri İrfan Çiftçini hələ
tədbir başlamazdan görmüşdüm. Yaxınlaşdım,
salamlaşdıq. Ətrafındakılara
İlbər Ortaylının elmindən, dəyərindən bəhs
edirdi. Söhbətlərindən
az-çox mən də eşitdim. Onu dinlərkən
bir tərəfdən də İrfan bəyin həm Türkiyə,
həm də Azərbaycan mədəniyyəti, elmi, ədəbiyyatı
üçün gördüyü işləri yada salıb
necə də ürəklə, bitməyən enerjisi ilə
çalışdığını
düşünürdüm. O, hər iki xalqı eyni məhəbbətlə
sevən, mənim gördüyüm çox az
insanlardandır.
"Hocam, tarih de mi böyle karışık?"
İzdiham azalmaq yerinə daha da artırdı,
"üfüqdə" isə İlbər Ortaylı
görünmürdü. Görüşün belə qısa
çəkməsinə, türklər demiş "direk"
imza mərasiminə keçilməsinə
üzülmüşdüm, əslində. Ona verəcəyim suallar vardı. Urartululardan, Qafqazda İslam tarixindən, dilin ədəbiyyatdakı
"təzahüründən" və sair. Amma heç birini soruşa bilmədim. Ümid imzalı kitabına qalmışdı.
Jurnalist həmkarlarımla birgə
tünlüyün içərisində addım-addım irəliləyərək
düz bir saatdan sonra İlbər Ortaylıya
"ulaşa" bildik. O, tələsik kitaba imza atarkən,
adımı yazmasını xahiş etdim.
- İsmin ne?
- Şahanə.
Hər kəsin,
xüsusən, türklərin adımı eşidərkən
göstərdiyi ilk reaksiyanı tarixçi alim də "iki
daşın arasında" göstərmək imkanı
tapdı:
- Şahane? Ooo... güzel...
- Hocam,
tarih de mi böyle karışık?
-
Çok daha fazlası, kızım...
Bu qısa dialoqdan sonra imzalı kitabımı da
götürüb çıxışa doğru getdim. Bütün
çətinliklərinə, narazılıqlarımıza
baxmayaraq, gözəl və tarixi gün idi. Tarix qoxulu
gün...
Şübhəsiz ki, bu cür izdihamlı imza
günü bizim üçün ilk idi. İlklərdəki
çatışmazlıqlar isə təbiidir. Bütün
hallarda bizi belə bir əfsanəvi şəxslə
görüşdürdüklərinə görə təşkilatçılara
və Bakı Kitab Mərkəzinə təşəkkür
edirik!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 17 aprel.- S.9.