Və Notr-Dam yandı...
Ötən gün Paris Notr-Dam kilsəsi yandı. Kilsənin
ən uca nöqtəsindən başlayan
yanğın 9 saat çəkdi və tüstüsü - xəbəri
hər yana
yayıldı...
Bir az dərinə
gedək. Deməli, Avropanın mərkəzində,
dünyanın texnika ilə ibtidailiyə meydan oxuduğu zamanda, sürət əsrində, balaca bir küçüyün
də məsuliyyətinin
daşındığı, hər daşın öpüb göz üstünə qoyulduğu
bir vaxtda yüz-yüz illərdir, nələrdən-nələrdən keçmiş - ən azı iki dünya
müharibəsi ötüşdürmüş
abidə yanıb heç oldu. Yəni doğrudanmı dünya Notr-Dam de Parini qorumaq, yanğını zamanında söndürmək
gücündə deyil?!
Stanislavski demiş - İNANMIRAM! Yəni real baxanda inanmıram. Dərinə
gedəndə, ya da ayaqları yerdən azacıq üzəndə, kiçicik
bir qanad çalıb yanğına
- hadisəyə doğru
qalxanda çox şeylər aydın olur. Aydın olur ki, həyat, zaman heç də yer qanunları ilə idarə edilmir. Və yerdəkilər o gözəgörünməz qanunları,
yazılmamış qaydaları
unudanda yuxarıdakılar
onları silkələməli
olurlar. Dünya ruhsuzlaşa-ruhsuzlaşa gedir, zaman müqəddəs
nə varsa, hamısından imtina edir, hər şey maddi şəkil, hətta eybəcər forma alır.
Və yuxarıdakılar baxıb
deyirlər - neynirsiz ki, kilsəni?! Əlbəttə,
mən bütün
real səbəblərin fərqindəyəm
və heç bir şəkildə Dərvişin Parisi partlatmasına inana bilmərəm... Amma dəqiq bilirəm
ki, burda mistika da olmamış
deyil. Və bu hadisənin
haqqında düşündürən
həm də Parisin illərdir formalaşan obrazı, xarakteridir.
Qəribədir, Notr-Damın
yandığını biləndə hər şeydən əvvəl
Hüqo yada düşdü və Hüqodan
başlayan siyahı Nazım Hikmətdən,
Mirzə Fətəli Axundzadədən, Əbdürrəhim bəy
Haqverdiyevdən keçib bu
günə gəldi. Sosial şəbəkələrə...
Mopasanın nifrət etdiyi Eyfel
indi azadlıq simvoluna,
sevgi abidəsinə çevrilib.
Sadəcə, internet məkanında "Eyfel" sözünü
axtarışa vermək kifayətdir ki, əl-ələ
tutmuş sevgililərin cəngində olan "dəmir-metal konstruksiyanı"
görəsən. Bu qəribə ifadə
ilə Eyfeli aşağılamaq niyyətim
yoxdur. Sadəcə, sevgi
və əl-ələ tutmaq varsa, bütün gözəlliklər
və abidələr dəmir-metal konstruksiyaya
dönür. Amma insafən
deyək ki, bu sevgililərə
qucaq açan və onlarda azadlıq ovqatını yaradan
Parisdir axı... Hə, ona
görə də Mirzə Fətəlinin oxumaq
- buxovlardan azad olmaq və nişanlısına incə örpəklər
gətirmək istəyən Şahbazı Parisə can atırdı... Hələ Əbdürrəhim
bəy Haqverdiyevin qəhrəmanı Parisin kafeşantanlarının, ordakı
madam-madmuazellərin həsrətiylə alışıb
yanır, göz yaşı içində
xatirələrini danışırdı və dostu Şamil birdən oxumağa başlayırdı: "Mənimçün
elə bura da
yaxşıdır, bura da
gözəldir... Ya gərək sevəsən,
ya da seviləsən. Sevgi olan yerdə həyat da gözəldir..." Bu,
sadədən sadə ifadələrdə dərin həyat həqiqətləri
var... Hə, dünya
sevgisizləşirsə, hər yer, hər
şey mənasını itirir,
hətta Paris Notr-Dam
kilsəsi də. Ona görə
yuxarıdakılar baxıb deyirlər - neynirsiz
ki, kilsəni?! Bir vaxt ən ülvi, ən
incə hisslərin məkanına çevrilmiş
abidə yandı və bunu simvol kimi qəbul edəndə
adamın ürəyi partlamağa gəlir.
Axı, Hüqo nəhəngliyində sənətkarın
buranı məkan seçməsi təsadüf ola bilməzdi. Hər şeyin müqəddəs olduğu
yerdə qozbel Kvazimodo
da sevə və gözəl Esmeraldo uğrunda
mübarizə apara bilər... İndi isə Notr-Dam
yandı və mən Nazım Hikməti düşünüb
sənətin öncəgörüm
"bacarığına" heyrət edirəm:
PƏRVİN
525-ci qəzet.- 2019.- 17 aprel.- S.7.