Eldəniz Zeynalov paradoksu  

 

 

 

Deyilənə görə, onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Dostu Abdulla Şaiqgildə olanda eşidir ki, qonşuluqda bir uşaq dünyaya gəldi. Sevincək deyir: "Bu uşağın adını mən qoyuram. Aybənizimiz var, Gülbənizimiz var, qoy bu uşaq da olsun Eldəniz".

Beləcə Eldəniz Zeynalov - gələcəyin heç kimə bənzəməyən duzlu-məzəli aktyoru bu keşməşkeşli dünyaya kimin, kimin - dahi Səməd Vurğunun "yazdığı" vizit vəsiqəsi ilə qədəm qoyur.

Yaxşı igid dayısına oxşayar - deyiblər. Eldəniz Zeynalov da 64 illik ömür yolu yaradıcılığı ilə xalqın bu inamının boş yerdən yaranmadığını bir daha təsdiqlədi. Lakin bir "amma" ilə. Çünki onun dayısı - Azərbaycan teatr sənətinin qüdrətli aktyorlarından olan Həsənağa Salayev romantik aktyor məktəbinin korifeylərindən idi. Eldəniz isə Azərbaycan gəncinin, kişisinin lətifə yaratmaq, lətifəni anlamaq, zarafat etməyi bacarmaq istedadının estetikasını kinomuza gətirən, həyatı ekrana, ekranı isə həyata yaxınlaşdırmağı bacaran realist, hətta bir az da irəli gedib demək istərdim ki, naturalist oldu.

Mən tələbə olanda hər səhər Universitetə o vaxtkı "9 Yanvar bağının yanından keçib gedir, elə o yola da qayıdırdım bu həndəvərdə diqqətimi ən çox çəkən Eldəniz Zeynalovun - bir vaxtlar yalnız ekranlardan tanıdığım, əlçatmaz hesab etdiyim, indi isə ya ayaq üstə dayanıb siqaret çəkə-çəkə kimləsə söhbət edən, yaxud oradakı məşhur çayxanada oturub duzlu söhbətləri ilə admlara xoş anlar yaşadan bu maraqlı, koloritli adamın sadəliyi, özü ilə başqaları arasında heç bir fərq qoymaması, əksinə, onların içində əriyib yox olmaq istəyi, ən başlıcası isə bunu özünə yaraşdırmayan bəzilərindən fərqli olaraq bu sadəlikdən, adilikdən ləzzət alması idi. Eldəniz Zeynalov üçün "qərdeşim", "anam-bacım" deyə müraciət etdiyi tərəf müqabllərinin sosial statusunun, yaşının heç bir əhəmiyyəti yox idi. O, rastlaşdığı təsadüfi bir adamdan təklif olunan siqareti almağı, onunla ayaqüstü olsa hal-əhval tutmağı özünə ayıb bilmirdi, hər səhər yaşadığı mənzilin üstündəki uşaq bağçasına tələsən körpə uşaqlarla da zarafatlaşmağa macal tapırdı məncə, onun bənzərsizliyi, təkrarsızlığı, ən başlıcası isə bu gün tamarzı qaldığımız səmimiyyəti elə bunda idi.

Eldəniz Zeynalovun qəribə, bu gün bir çox aktyorların bir qədər başqa şəkildə yamsıladıqları danışıq tərzi, köklü bakılılara xas ləhcəsi vardı. Bir sözü, ifadəni tez-tez ikinci dəfə təkrar demək, nitqinə qəribə bir ahəng verən tələskənlik onun təkcə özünə yox, yaratdığı obrazlara da xas olan keyfiyyətlər idi. Amma bu o demək deyildi ki, rol oynayanda Eldənizin fərqli ahəngdə, diksiyada danışmağa gücü çatmırdı. Yox, qətiyyən belə deyildi. Sadəcə olaraq Eldəniz reallıqla sənət arasındakı sərhədləri sözün yaxşı mənasında dağıtmağı, sənəti gerçəkliyə, gerçəkliyi isə sənətə qovuşdurmağı bacaran aktyor idi. O, yaratdığı obrazların ardınca getmirdi, əksinə, onları öz ardınca aparırdı məncə, onun kino sənətimizdəki ən mühün xidmətlərindən biri bu idi.

1963-cü ildə ustad Adil İskəndərov gənc Eldənizi "Əhməd haradadır" filmində rəngsaz Əhməd roluna dəvət edəndə yəqin ki, onun bu qabiliyyətini nəzərə almışdı tələbəsi müəlliminin etimadını artıqlaması ilə doğrultdu. Həddən artıq qısqanc nişanlısının şıltaqlığından bezən, onu gah nəvazişlə, gah da ərkyana atmacalarla ovundurmğa çalışan bu gəncin iştirak etdiyi epizodlar filmdə təbii auranın yaranmasında az rol oynamırdı. Lakin ən əsası Əhmədin sadəliyi, səmimiyyəti idi. Obrazın yozumunda Eldənizin üz tutduğu əsas istinad nöqtəsi - səmimiyyət növbəti filmində onu ən böyük yaradıcılıq uğuruna qovuşdurdu. O, özünün "şah" rolunu 31 yaşında çəkildiyi bu filmdə - "Bir cənub şəhərində" filmində oynadı.

Mən vaxtilə çinovniklərin, senzuranın qəzəbinə tuş gələn bu filmin məziyyətlərini 50 illik zaman məsafəsindən daha aydın görürəm. Bu film cəmiyyətin, insanın qəsdinə dayanan çox vaxt əlacsızlıqdan, yaxud fərqinə varmadan "mentalitet" sözü ilə pərdələdiyimiz, "zərərsizləşdirməyə" çalışdığımız komplekslərin, yasaqların, tabuların əsl mahiyyətini, bu normalara təslim olan insanların ruhi-psixoloji sarsıntılarını göstərməklə yanaşı, həm sovet əxlaqının riyakar, antihumanist xislətini açan mükəmməl bir sənət hadisəsi idi. İnsanlarin bütün ömrü boyu onlara təklif olunan rolu oynamağa, daxilən əzab çəkə-çəkə yaşamağa məhkum edildiyi cəmiyyətin əxlaqi-sosial ziddiyyətlərini o dövrdə nəinki Azərbaycan, heç sovet kinosunda da bu film qədər dərindən faş edən ekran əsərləri tapmaq çətindir. Filmdəki Eldəniz Zeynalov - Həsən Məmmədov tandemi isə kinomuza yeni tipli 2 qəhrəman - bu yasaqlara tabe olmaq istəməyən, daxili azadlığa can atan Tofiq Murad obrazlarını gətirdi, kino sənətimizdə yeni bir mərhələnin əsasını qoydu.

Eldəniz Zeynlov zahirən bivec, avara adam təsiri bağışlayan Tofiqin sonda vulkan kimi püskürən daxili etirazını, məhəllə timsalında modelləşdirilən cəmiyyətə qarşı başladığı üsyanı hətta həmin tandemin digər tərəfindən - kino sahəsində nisbətən daha çox təcrübəsi olan Həsən Məmmədovdan da daha təsirli, daha yaşarı oynayır, reallığın bu 2 həssas insanı çıxılmazlıq məngənəsində sıxdığı situasiyaların dramatizmini özünün təbii temperamenti, ifadəli baxışları ilə tamaşaçılara çatdıra bilirdi. O, Tofiqin təqdimində yenə də  özünün sınanılmış üsuluna - qəhrəmanının səmimiyyətinə istinad edir, elə buna görə də tamaşaçı onun üst qatda hətta bir az gülməli təsir bağışlayan aqibətini daxilən yaşayır, ona acıyır, hərəkətlərinə haqq qazandırır. Lakin ən maraqlısı budur ki, aktyor öz təbii stixiyasından irəli gələn yumoru da unutmur. "Tofiqin canı üçün buraxmaram", "Klyanus ya malçik", "Buna bax alə, ubit menya xoçet" kimi replikalar onun fərdi keyfiyyətlərindən soraq verirsə, Muradla söhbət etdiyi səhnədə dediyi sözlər ("Sən məni mütləq vurmalısan. Amma elə yerimdən vur ki, ölməyim də"), üzünün cizgiləri, gözlərinin dibinə çökmüş ağrı, fnal səhnəsində isə köynəyini cıraraq "Vur, nə gözləyirsən, vur" deyə hayqırması Tofiqi - zahirən qeyri-ciddi, bivec adam təsiri bağışlayan bu gənci yalnız ürəyinin hökmü ilə hərəkət edən, daxili azadlığa can atan və əsərin digər personajlarından fərqli olaraq buna nail olan əsl qəhrəman səviyyəsinə qaldırır. Onun Tofiqi kinomuzda ilk (və bəlkə də hələ ki yeganə) obrazdır ki, hətta ölümdən belə qorxmayaraq, steorotip məhəllə, ailə etiketlərinin qapalı orbitindən çıxmağa çalışır,  bəzi məqamlarda gülməli, bəzi məqanlarda isə faciəvi, dramatik vəziyyətlərə düşsə də, bunu bacarır. O, məhlənin hər qarışından qan iyi gələn güşəsi ilə arvadı ilə qol-qola addımlamağa cəsarət edən ilk kişi kimi hamıya nümunə göstərir və sübut edir ki, burada qeyri-əxlaqi heçyoxdur, əksinə, hamını təəccübləndirən bu davranış jesti məhlədə - qapalı məkanda "əxlaq  təəssübkeşi" rolunu oynayıb kənarda qız-gəlinə söz atanların, sataşanların riyakarlığından qat-qat əxlaqidir. 

Kino tədqiqatçılarından xahiş edirəm, bu faktı unutmasınlar.

Gözləmək olardı ki, bu filmdən sonra rejissorlar Eldənizi rahat buraxmayacaqlar, onun üstündə, necə deyərlər, dava salacaqlar. Təəssüf ki, belə olmadı və onun kino yaradıcılığında 2-ci dərəcəli, epizodik rollar "mərhələsi" başladı. "Yeddi oğul..."da kəndli, "Bizim Cəbiş müəllim"də alverçi, "O qızı tapın"da Səyavuş, "Babamızın babasının babası" filmində həkim, "Bəyin oğurlanması"nda inspektor, "Yol əhvalatı"nda şikayətçi... Amma Eldəniz Zeynalov bu kiçik rollarda da yaratdığı obrazların koloriti ilə tamaşaçıların qəlbinə yol tapdı, özünün bənzərsizliyini təsdiqlədi.

Lakin kimin ağlına gələrdi ki, bu zarafatcıl, uşaq kimi səmimi aktyor bir gün mənim (və yəqin ki, çoxlarının) hələ də izahını tapmadığı bir paradoksun müəllifi olacaq, hər şeyin heç də həmişə göründüyü kimi olmaması barədə bir pritça yaradacaq? Siz filmlərdən, televiziya tamaşalarında guya ovcumuzun içi kimi tanıdığımız Eldəniz Zeynalovu Dezdemonanı boğmaq ərəfəsində məşhur monoloqunu söyləyən Otello rolunda təsəvvür edirsinizmi? Mən o səhnəni görmüşəm və bilmirəm neçə il əvvəl televiziya ilə nümayiş olunan bu səhnəni görməyənləri onun həqiqiliyinə necə inandırım. Yox, bu, qətiyyən zarafat, parodiya deyildi. Gülüş ustalarının faciə qəhrəmanlarını oynamağa uyarsızlığını göstərməyə də xidmət etmirdi bu səhnə. Amma boynuma alıram, məni  Otellonun - o qısqanc mavrın səhnə təcəssümü haqqında tamam fərqli ölçülərlə fikirləşməyə cövq edən nə isə qəribə bir sehr vardı o səhnədə.

Bu, kökündə qəribə, izaholunmaz bir sirr dayanan paradoks idi - Eldəniz Zeynalov paradoksu.

O paradoksun izahını hamımızın sevimlisi Eldəniz Zeynalov özü ilə apardı.

Ruhun şad olsun, Eldəniz müəllim! Yerin yaman görünür.

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 17 aprel.- S.22.