Vətən də bir səcdə yeridir...

 

 

 

Poeziya bədii fikrin poetik vəsfi kimi xarakterizə edilir. Fikri-prosesi də (bir təfərrüat olaraq) şeirdə xarakterizə etmək yaradıcı şəxsdən (əsas olaraq) bir neçə amilə diqqət yetirməyi vacib bilir: Janrı fərqli müstəvidə ictimai çalara bükmək. eyni məntiqə fərqli zaman məğzləri hopdurmaq, qabarıq meyllərə fəlsəfi ovqat verən cəmiyyət reallığında mənəvi kriteriyalar çözmək və s.

 

Zənnimizcə, qələm sahibinin bu proseslərə dürüst yanaşması (onun) janra hərtərəfli bələd olması anlamına gəlir. Heç şübhəsiz, zəkasında yurd səcdəli təfərrüatlar cilalanan Nəzakət xanımın şeirdə zaman kəsb etmək bacarığı onun janr vizuallığına könül isidə bilməsi ehtimalı ilə sonuclanır. Bu əhatəli zəminə onun 2018-ci ildə "Araz" nəşriyyatında işıq üzü görmüş "Yurd dediyim bu torpaq" kitabında da rast gəlmək mümkündür. Kitab (özünün sistem ardıcıllığı ilə) şeirlərarası janr kateqoriyalarına zəruri səmt verə bilir, janr məntiqi üzrə qabarıq metodoloji (bir) əhatə yaradır. Buradakı şeirlərdə parametrik çarpazlaşma eyni məzmunda cərəyan etsə də, hadisə və proseslərə müəllif baxışı fərqlidir. Və kitabda toplanmış şeirlərin mental cizgiləri dövrün, mühitin, tarixin və zamanın oxşar-fərqli tərzləridir.

 

Açığı, "Yurd dediyim bu torpaq" kitabdakı şeirlərin süjet xətti vahid bir mənbədən ovqat əxz edir: müəllif Vətəni, yurd acılarını ən şirin hayqırtıya çevirən sevgini (daxildə) bir təlatüm sanır, zahirdə ictimai zəmin kimi xarakterizə edir. Bəlkə də bu baxımdan, adıçəkilən kitabda oxucu yaddaşına nüfuz edə biləcək xoşovqat bir missiya var və bu missiya özündə (ənənəçi ruha sirayət edən) fərqli-qabarıq meyllər əks etdirir.

 

Kitab "Şəhid zirvəsi" poeması ilə start götürür. Bu poemada yurda səcdəlik haqqı, talesizlik və ağrı-acı faktları (zaman mərhələləri üzrə) geniş müstəvilidir; həm də (zahirən) bənzər ovqatlar müəllif fikrini müxtəlif ictimai proseslərlə əhatələyir...

Elə bil səngərtək qazılıb sinəm,

Qəlbimdə duyğular barıt qoxulu.

Uğrunda ölməyə hazıram, Vətən,

Hər misram döyüşən bir əsgər yolu...

Bəlli ki, poemada mübarizə əzmi (bir motiv kimi) sərxoş sevdaları sistemdən çıxarır, cəmiyyət reallığı ənənəçi ruhda təcəlla edir, müəllifin yurd eyhamındakı sistemsiz eşq ictimai meyllərə əhatəli baxış sərgiləyir və bu, faktiki olaraq dürüst ictimai mənaya gerçək zəmin verir. Bu çalar ən çox da "Kəsərdən düşübdü qeyrət qılıncı, Sonuncu ümidin solur nəfəsi..." eyhamı ilə oblast tapır. Yəni necə ki, eşq bir sevgi çaları kimi gerçək həyatda özünə yer tapa bilmir, eləcə də mümkün təzahürlərdə yurd yanğıları kəskin xarakterlər kimi acı girdaba tuşdur. Müəllifin "Uğrunda ölməyə hazıram, Vətən, Hər misram döyüşən bir əsgər yolu..." məntiqindəki inandırıcı fakt (elə) onun özünün könül çırpıntıları və şair qəlbinin döyüşkən ruhlu olmasıdır.

 

Başqa bir tərzdə, müəllif hər misrasını bir əsgər yolu kimi mənalandırır, ruha sirayət edən bənzətmə verir. Lakin (təəssüf ki,) belə halda, ictimai motivaisyada həyat proqramı tərtib etmək ya çox çətin olur, ya da heç olmur. Yəni sonuncu ümidin nəfəsi kəsildisə, yurd acıları mübarizlik yox, biganəlik xofu yaradır... Biz müəllifin eyhamındakı aşkar təlatümləri aydın sezirik.

Dərdinə qısılıb çəkir içini,

Bu yalçın qayalar, mamırlı daşlar.

Torpağın, ağacın, otun içindən

Həmişə bir həsrət cığırı başlar...

Doğrusu, ağılsız sevdalara tuşolma mübarizə deyil (ola da bilməz), bu mənada müəllif poema boyu hadisələri obrazlar əhatəsində sistemli dəyişikliyə məruz qoyur və oxucunu nəticə çıxarmaq cəhdi ilə üz-üzə buraxır. Elə "Torpağın, ağacın, otun içindən Həmişə bir həsrət cığırı başlar..." işarə kodu da bu cəhdə diqqət yönəldir. Belə deyək, müəllif "torpağın, ağacın, otun içindən başlanan həsrət cığırı" içində torpaq ətri olan hər kəsin Vətənə sarı yönəlmək sevdasıdır...

 

Əslində, müəllif poemada mübarizə hissini bir labirint kimi əxz edir, obrazların ictimai israrında zaman meyllərindən bir qədər kənar hisslər qabardır; yəni əsl məntiqdə mübarizlik yanğısı özünün çılğın xarakterini saxlasa da, həyat axarı münasib zəminə yüklənə bilmədiyi üçün talesizlik sevgi çaları kimi yox, giley, təəssüf kimi ovqat tapır. Belə deyək, müəllif torpaqlarımızın hələ də işğalda olması səbəbindən poema boyu oxucuya (bütün səmtlərdə) "bir həsrət cığırı" göstərir... Anlayışlı oxucu onun eyhamındakı yönü, səmti aydın görür, qulağına dolan səsin hənirində təlatümə gəlir.

Bu səslə durulur Vətən suları,

Bu səsdən ər oğlu bir Mən görünür.

B u səs gündoğanım, günbatanımdır,

Bu səsdən bir böyük Vətən görünür...

Nəzakət xanımın poemadakı fikir zəhmi, eyham ağrısı yalnız öz məqsədlərini düşünənlərə sərt (bir) mesajdır; oxucu müəllifin içində çırpınan hayqırtıları aşkar sezsə də, sabaha dikilən nəzərlərdə bir süstlük görür.

 

Ancaq nə etməli; Vətən yanğılarına su çiləyən obrazların düşdüyü mühit də eynidir, xarakterlər yanğısı da, fərqli olan sivilizasiyalı tərzlərə sabahkı olacaqlar kimi önəm verə bilməməkdir. O mənada ki, baxdığımız bütün səmtlərdə "...böyük bir Vətən görünür", fəqət kor bəbəklər Vətən əvəzinə şəxsi maraqlar, mal, mülk görür... Təbii ki, (bütövlükdə) "Şəhid zirvəsi" poemasının əsas təsir manevrləri bu əhatələrə səmt (və məna) verir.

 

Kitabdakı şeirlərin süjet xəttində də bir uyğunluq sezirik; yəni əksər şeirdə tale zəminləri mübarizə cəhdləri kimi diqqət çəkir, ancaq müəllif eyhamındakı təəssüf müxtəlif səmtlərə fikir ötürür:

Pəncərəm açılır qəbristanlığa,

Gördüyüm mənzərə gözümə batır.

Məəttəl qalıram uca Tanrıya,

Alimi cahillə yanaşı yatır...

 

***

 

Nə deyim mən sənə, amansız dünya,

Neynirəm, seçilmir qaradan ağım.

Həsrətin əlində ruhum göynəyir,

Tək sənə yetməyir hayım, harayım...

 

***

 

Dözməkdən bezmişəm, ruhum ağrıyır,

Həzrəti İsatək sanki dardayam.

Bəxtim yatan yeri tapdım, oturdum,

O vaxtdan bu vaxta hələ ordayam...

 

Tarix, bəlli ki, ictimai dönəmdə bir zaman intervalıdır - hadisələrin yayılma, başvermə və təsiretmə arealıdır. Bu ictimai müstəvidə şəxsiyyət fərd olaraq aşkar-izhardır, lakin fərdin həyata mütabiqliyi zaman gerçəklərinə təsiretmədə mümkün qədər qeyri-aktivdir. Buna qismən mühit zəmin yaradırsa, qismən də siyasi manevrlər təkan verir. Heç şübhəsiz, "Yurd dediyim bu torpaq" kitabında da ictimai dönəm qabarıqdır. Kitab əslində, tarixin zaman gerçəklərinə müdaxiləsidir və bu, müəllifin ədəbi-ictimai dərketməsi və vətəndaşlıq yanğısı fonunda qabarır. Min illər əvvəlki həyatın bu gün eyni - oxşar tərzdə təkrarlanması təəssüf doğurmaya bilmir. Son hədd dözmək sevdasıdır; bəxtin yatan yerini tapıb orada var-gəl etməkdir...

Yaman narahatdır ruhun, bilirəm,

Durur qisas günün hələ, şəhidim.

Torpaq qan içində, düşmən əlində,

Dağın göz dağıdır elə, şəhidim...

Bu eyhamda da yuxarıda bəhs etdiyimiz poemadakı hənirlər qabarıq-aşkardır. Şeir, demək istədiyimiz hər şeyi deyir. Fəqət hamı müəllifin "Nə qədər ağrın var, ağrınla varam" ricətindəki qaynarlıqda duruş tapmır və bu yadlıq yurda acı verir, içimizdə çabalayan Vətən ruhunu öldürür.

Gözüm arzu dolu körpülər salır,

Üzü Qarabağa gedən yollara.

Qəlbimdə sönməyən ümid əl edir,

Bizdən ayrı düşüb itən yollara...

 

***

 

Qarabağın yağıların tapdağı,

Meşələrin yalquzaqlar oylağı,

Yaman olduq yad dillərin qınağı,

Vətən, bizi bağışlama!

 

***

 

Ölümün gözünün içinə baxdım,

Ölümü hər anın özündə daddım...

Necə qəribədi, ölümdən qaçıb

Ölümə gedirəm hər gün bir addım.

Nümunə kimi verdiyimiz bu parçaların süjet xətti iç deşən ağrılardır. Bu ağrıların üst və alt qatlarında həyat, Vətən, yurd, el-oba, tale və bir qədər də israrçı zaman məğzləri, bütövlükdə bəşəriyyətin ürcah olduğu hazırkı dəhşətlər sıralanıb. Müəllif, bu ağrıya real zəmin kimi yanaşır, onu ruhun təqdisi hesab edir. Bu, onun ədəbi ovqatında fərqli dəyişilmələrlə səciyyələnir. Üstəlik, bu nümunələrin cəm olduğu şeirlərdə sabaha inam hissi də qabarıq sezilir; oxucu məyus olduğu səmtlərdən sıyrılır, ümid dolu vadilərə yol tapır və mübariz olmaq şanslarına sahib çıxır. Sonra da müəllifin "Necə qəribədi, ölümdən qaçıb Ölümə gedirəm hər gün bir addım" fikrinin məna çalarına inanır, özü ilə həyat arasındakı uzaqlığı görür. Məhz bu kimi meyarlarına görə kitabın insan-zamansızlıq faktları maraqlı quruluşdadır.

 

Kitabda (bütövlükdə) Vətən obrazı başadüşülən şəkildədir, müəllif acizlik əxz edən hayqırtılara aludə deyil, əksinə, fikri-hissiyyatla cilvələnən ruhi rahatlığı obraz daxilində poetik mənaya çəkir.

 

Ümumiyyətlə, kitabda müəllifin yaradıcı baxışı, ictimai israrı qabarıq, hadisə və proseslərə nəzarəti sistemli, məntiq və poetik israrı ictimaidir. Burada obrazlar fəlsəfi-gerçək məğzə israrçı zəmin kimi deyil, sistemli proyeksiya kimi nüfuz etdikləri üçün taledən gələn hənirlərə daha sürətli alışa bilirlər. Belə deyək, onların cəmiyyət tərzlərində həyat da, tale də, talesizlik və acıçəkmə də oxşar müstəvilidir. Açığı, obrazların bir çoxundakı əməksevərlik müsbət aura yarada bilir və müəllif onları həyat israrlarında mümkün gerçəklərə tuş salır. Sanki bu obrazların həyat-tale pərvanələri elə onların öz içlərində bərq vurur. Onlar bəlkə də hamıdan daha çox şərəfli ömrə sahib olmaq üçün cəhddədirlər.

 

Həmçinin, kitabın dil xüsusiyyətləri bizi mümkün əhatədə qane edir. Müəllifin oxucu münasibətinə bədii cəhəti kitabdakı şeirlərin oxunaqlı olmasına zəmin yaradır. Burada cəmiyyətin qismən real işə əks-real yanaşmaq məğzi də aşkarlığı ilə varid olur. Müəllif modernçi ənənədən sıyrılan xalq yazı üslubuna yaradıcı meyllər verir, bu zəminləri mümkün reallığa çəkə bilir. Bu mənada, (bəlkə də) kitab boyu Vətən yanğıları, yurd ağrı-acıları modern-israrçı baxışla sərgilənir.

 

Məhz bədii israra könül aça bilməsi səbəbindəndir ki, adıçəkilən kitab Nəzakət xanımın yaradıcılığında şah nöqtə mərtəbəsinə ucala bilib.

 

Heç bir şübhəmiz yoxdur ki, "Yurd dediyim bu torpaq" kitabı Nəzakət xanımın şair istedadının parlaq nümunəsidir. Bu kitab özündə bir səcdəlik haqqı tapan Vətən obrazıdır, insan taleyidir, bütövlükdə tapdaq altında inildəyən yurdlarımızın acı hayqırtısıdır. Bu hayqırtıya diqqət çəkə bildiyi üçün müəllifi (məxsusi) alqışlayırıq.

 

Hikmət MƏLİKZADƏ

 

525-ci qəzet.- 2019.- 17 aprel.- S.20