"Anlamaq dərdi"ni anlamaq dərdi
Azərbaycanın əksər klassik
maarifçi-ziyalıları xalqı, milləti qəflət
yuxusundan oyatmaq, millətə xidmət edən estetik
ideallarını gerçəkləşdirmək
üçün ədəbi yaradıcılığın
çoxçeşidli növlərindən yetərincə
istifadə etmişlər.
Bu mənada
Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd
Əmin Rəsulzadə, Rəsul Rza, İlyas Əfəndiyev və
başqa yaradıcı ziyalıları xatırlamaq kifayətdir.
Onlar haçansa yaradıcılığa, məsələn,
yazıçı kimi başlayır, daha sonra millətə
çatımlı dramaturgiyaya, publisistikaya, jurnalistikaya
keçidlər edir və qarşıya bir məqsəd
qoyurlar: yaradıcılığın hansı istiqamətində
olursa-olsun təki öz ideallarını cəmiyyətə
çatdıra bilsinlər. Müasir Azərbaycanın
yaradıcı ziyalılarının içərisində də
maarifçiliyin və maarifçilərimizin bu klassik ənənələrini
ustadcasına davam etdirən yaradıcı şəxsiyyətlərimiz
çoxdur. Bu sırada Anar və
Elçini ayrıca qeyd etmək gərəkdir. Hər
iki ziyalı yaradıcılığa yazıçı kimi
başlamış, az sonra publisist,
dramaturq, kino xadimi, tədqiqatçı kimi də millətə
misilsiz xidmət göstərmiş və göstərməkdədirlər.
Mən bu fikirləri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Cəlil Məmmədquluzadənin
150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamından
sonra bir daha düşündüm. Biz
jurnalistikamızın, mətbuatımızın,
satiramızın və satirik mətbuatımızın, nəsrimizin,
dramaturgiyamızın bu böyük korifeyini, necə tədqiq
etmişik, onun haqqında həqiqəti deyə bilmişikmi?
Bu suala "hə" cavabı verməkdə tərəddüd
etmək insafsızlıq olardı. Çünki Cəlil
Məmmədquluzadənin Abbas Zamanov, Əziz Şərif,
Əziz Mirəhmədov, Nazim Axundov, İsa Həbibbəyli və
başqa klassik və müasir tədqiqatçıları var
ki, onlar mümkün qədər bu böyük millət fədaisinin
yaradıcılığının xeyli tərəfini elmi
dövriyyəyə gətirmişlər. Mən
Cəlil Məmmədquluzadə
yaradıcılığını özünün polifonik -
çoxistiqamətli əsərləri ilə bizə təqdim
etmiş Anarın adını yuxarıdakı ustad tədqiqatçıların
sırasında xüsusi qeyd etmək istərdim. Çünki Anar C.Məmmədquluzadəni bu
gün də maraqla tamaşa etdiyimiz "Qəm pəncərəsi"
kimi fundamental bir filmdən tutmuş əsərlərinin
biblioqrafiyasına ön söz yazmağa qədər
böyük işlərlə geniş oxucu kütləsinə
tanıdıb. Amma bunlar sonranın
işidir, - Anar böyüyüb ustadlaşandan sonrakı illərin
işidir. Bəs lap cavan vaxtında nə etdi Anar Mirzə
Cəlil haqqında? Mən bu yerdə onun Mirzə Cəlilin
şah əsəri olan "Molla Nəsrəddin"
jurnalına sevgi dolu bir ürəklə qələmə
aldığı "Molla Nəsrəddin-66" əsərini
- sovetin qılıncının dalı-qabağı kəsən
bir vaxtda Azərbaycanda Mirzə Cəlil obrazının bir az
da artıq meydanda olduğunu göstərən bu əsərin
də barəsində danışmıram. Mən Anarın lap
cavan çağlarında - yenə də sovet-kommunist rejiminin
"hər şey gözəldir" prinsipi ilə
yazıb-yaratmağı tələb etdiyi ideoloji bir zamanda
yazdığı "Anlamaq dərdi" adlı kiçik həcmli,
böyük məzmunlu və böyük cəsarət
yükü daşıyan bir əsəri haqqında
danışmaq istərdim.
Anar bu əsəri 1967-ci ildə 29 yaşında
yazıb. Onda mən Universitetin üçüncü kursunda
oxuyurdum və essenin filologiya-jurnalistika fakültəsində
doğurduğu rezonansı indiki kimi xatırlayıram. Bu, əsl ədəbi hadisə idi. Onun hadisəliliyi Mirzə Cəlillə bağlı
həqiqətləri, ona ideoloji basqıları, sovet
dövrünün milliliyə, milli düşüncəyə
qənim kəsilməsindən doğan acı bir həyatın
olduğu kimi təqdimindən, heç nədən qorxub
çəkinməyən bir publisist qələminin cəsarətindən
doğurdu. Mirzə Cəlilin həyat və
yaradıcılığına bütöv bir ömür və
elmi yanaşma həsr etmiş və etməkdə olan akademik
İsa Həbbibəyli yazır: "Cəlil Məmmədquluzadənin
bir şəxsiyyət və qüdrətli sənətkar kimi
tədqiqi və təbliğində xalq
yazıçısı Anarın mühüm xidmətləri
ayrıca qeyd edilməyə layiqdir. Anarın
"Sizi deyib gəlmişəm" pyesi, "Qəm pəncərəsi"
filmi, böyük demokrat ədibin keşməkeşli həyatının
və yaradıcılığının geniş ictimaiyyətə
çatdırılmasında mühüm rol
oynamışdır. Məhz Anarın təşəbbüsü
ilə Cəlil Məmmədquluzadənin əsərləri
İldəniz Qurvulanın və Aysun Dəmirəz
Günerinin çevirməsində Türkiyə türkcəsində
kitab halında nəşr edilmişdir. Hələ
1967-ci ildə (kursiv mənimdir - C.M) yazılmış
"Anlamaq dərdi" essesi mükəmməl bədii
publisist yönü ilə yanaşı, dəyərli elmi mənbə
kimi də mühüm əhəmiyyəti kəsb edir".
Akademikin bu sətirlərindəki fikirlərinin öz qiyməti
var, amma indiki anda məni daha çox "Anlamaq dərdi"nin yazılma tarixi maraqlandırır: 1967. Əlbəttə, burada yaşın o qədər də
fərqi yoxdur. XIX əsrin klassik rus
yazıçılarının bəzilərinin ən
yaxşı əsərləri 25-30 yaş arasında
yazılmışdır. Mənim üçün 1967 rəqəmi
sovet ideologiyasının "N.Xruşşovdan sonra
qalmış az-çox demokratiya havası ilə əlaqədardır.
Sovet dövrünün ən qəddar tiranı
olan İ.Stalinin ölümündən sonra hakimiyyətə
gələn Nikita Xruşşov ittifaqda demokratik bir ab-hava
yaratmaq istədi. Lakin o dövrün siyasi
şahidlərindən biri, sonralar jurnalist kimi məşhurlaşan
İ.Burlatskinin belə bir fikri də doğrudur ki,
"N.Xruşşov uçurumu iki addıma tullanmaq istədi".
Özünü də, yaratmaq istədiyi demokratiya
ideyasını da bada verdi. 1964-cü
ildən N.Xruşşovun hakimiyyətdən
uzaqlaşdırılması ilə sovet idelogiyası yenidən
sərt senzuraya qayıtdı. Amma o dövrün
"altmışıncılar" adlandırılan
yazıçı və şairləri, o sıradan Anar 1950-ci
illərin sonu,1960-cı illərin
demokratiya "qalıqlarından" məharətlə və
cəsarətlə istifadə etdi. "Anlamaq dərdi"
sovet dövlət siyasətinin demokratik dövründən
yenidən diktatura dövrünə keçid mərhələsinin
məhsuludur.
Anar bir yazıçı, bir sənətkar kimi həmişə
cəsarət simvolu olub. Onun hər bir əsəri dövrün
senzura qadağalarını keçə bilən problemləri
qoyur. Zaman oldu ki, ədəbi tənqid
Anarı qorumaq xətrinə onun kəskin qrotesk formatında qələmə
aldığı "Yaxşı padışahın
nağılı" əsərinin üstündən qəsdən
sükutla keçdi. "Şəhərin
yay günləri" pyesində Anar lirik-psixoloji, lirik-satirik
üslubda senzura qadağalarını ötüb keçə
bildi və s.
Amma mən yenə də "Anlamaq dərdi"nə
qayıdıram. Bu əsər Cəlil Məmmədquluzadəşünaslara
bir həqiqət işığı oldu. Bu
həqiqət işığı əslində, klassikadan gəlirdi.
Amma bu gəlişi Anar tərpətdi və
yenidən bizə xatırlatdı. O, böyük Mirzə
Cəlilin dahi Mirzə Fətəli Axundzadə barədə
dediyi bir fikri bu essedə yada saldı. Cəlil Məmmədquluzadə
Mirzə Fətəli haqqında essesini belə
başlayır: "Mirzə Fətəli Axundov barəsində
ya çox yazmaq lazımdır, ya heç yazmamaq. Mirzə Fətəli Axundov barəsində ya
yaxşı yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır". Bu tövsiyələr
Mirzə Cəlilin özünə də aiddir. Ancaq bu iki tövsiyəyə
üçüncüsünü də əlavə etmək gərəkdir.
"Mirzə Cəlil Məmmədquluzadə barəsində
ya həqiqəti yazmaq lazımdır, ya da heç yazmamaq
lazımdır". Anar Mirzə Cəlilin Mirzə Fətəli
haqqında dediyi sözlərə özünün
üçüncü əlavəsini C.Məmmədquluzadə
haqqında bütün əsərlərində və ələlxüsus
"Anlamaq dərdi"ində bir and kimi qəbul etmiş və
bu böyük millət fədaisi haqqında yalnız həqiqəti
yazmışdır. Mən həqiqətlərin
ən ağır çətinliklərini elə əsərin
özündə olduğu kimi, bu yazının sonuna
saxlayıram. Çünki Anarın o
ağır senzura şəraitində qələmə
aldığı o həqiqətlər Mirzə Cəlilin
bütöv taleyinin qismətidir.
Anarın
essesi belə başlayır: "Yüz il bundan qabaq Azərbaycan
torpağında, qədim Naxçıvanda Mirzə Cəlil Məmmədquluzadə
(Molla Nəsrəddin) dünyaya gəldi". Bu
anda vacib bir məqamı nabələd oxucuya çatdırmaq
lazım gəlir. Uzun müddət C.Məmmədquluzadənin
doğum tarixi 1866-cı il hesab
edilmişdir. Lakin Mirzə Cəlilin həyat və
yaradıcılığının ən müasir və ən
mükəmməl tədqiqatçısı akademik İsa Həbibbəyli
bu tarixin səhv olduğunu və ədibin 1869-cu ildə
doğulduğunu təkzibedilməz faktlarla sübuta
yetirmişdir.
Hər
halda o vaxtın çox cavan bir yazıçısı
"Anlamaq dərdi"ni ədibin 100
illiyinə həsr etmişdir. Yenə
xatırladım ki, mən onda universitetin
üçüncü kurs tələbəsi idim və bir tələbə
kimi bu esse mənə çox güclü təsir etmişdi.
Əlbəttə, Anar çox dərin savad
sahibidir və bu essedən də hiss olunur ki, C.Məmmədquluzadə
haqqında o zamana qədərki bütün
araşdırmalara bələd olmuşdur. Bəs haqqında
xeyli sayda tədqiqatın mövcud olduğu bir zamanda Anarı
belə bir əsərə məcbur edən nə idi? Bu
sualın cavabı "Anlamaq dərdi"nin əsas kontekstini
təşkil edir: 1. Anar bir sənətkar kimi publisistikanın
daha geniş oxucu kütləsinə təsir etdiyini
yaxşı bilir; 2. Bu əsərdə indiyə qədərki
tədqiqatlarda özünü cüzi şəkildə
göstərən Mirzə Cəlil ağrılarını
olduğu kimi gündəmə gətirmək, millətə
bildirmək ki, Cəlil Məmmədquluzadə ona xidmət
yollarında hansı baryerləri keçməli olmuşdur.
A-4 formatında cəmi 20 natamam səhifəlik əsərdə
Anar Cəlil Məmmədquluzadə dünyasının
bütöv bir mənzərəsini yaratmışdır. O zaman lap cavan
çağlarımızda bu əsərin bizə təsir
gücü onun Mirzə Cəlil ustadlığı səviyyəsindəki
duyğulu bədii-publisistik ruhu oldu. Əlbəttə,
ömür keçir, gün keçir və bəzən adam keçib gedən o cavan
çağında ona təsir etmiş əsərlərə
bir də qayıdır. Mən Mirzə Cəlilin 150 illiyinin
keçirilməsi ilə bağlı Prezident sərəncamından dərhal
sonra bu böyük ədibin barəsindəki əsərləri
bir də xatırlayanda
cavanlığımda oxuduğum, sonralar tələbələrimə
publisistika nümunəsi kimi dəfələrlə misal
çəkdiyim bu əsəri bir daha yenidən vərəqlədim
və qəribə hisslər keçirdim. "Anlamaq dərdi"ni yenidən oxuyanda klassik rus rəssamı
İvan İvanoviç Şişkinin "Roşşa" əsərini
xatırladım. Evimizdə uzun zamandan bəri
divardan asdığım və ilk baxışdan çox sadə
görünən bu rəsm əsərinə hər dəfə
diqqətlə baxanda mütləq nəsə yeni bir detal
görürsən və bu mənzərəyə yenidən
heyran olursan. Bu barədə bir ədəbiyyatda
deyildiyi kimi "adi mənzərinin mürəkkəb
anlamı səni yenidən özünə cəlb edir".
Etiraf edim ki, "Anlamaq dərdi" yeni
oxunuşda, bu ahıl yaşımda mənə daha çox təsir
etdi.
Esse Mirzə
Cəlilin "Molla Nəsrəddin" ideyasını
gerçəkləşdirmək düşüncələri
ilə başlayır, bu jurnalın mövzu aləmi, onun
müəllifləri, Molla Nəsrəddin ədəbi məktəbinin
necə formalaşması, ögey yerdə-Tiflisdə yerləşən
bu redaksiyaya, onun əməkdaşlarına senzuranın, tənqid
obyektlərinin basqıları, bütün bunlarla belə
jurnalın tezliklə məşhurlaşması - Hindistandan Mərakeşə,
Dağıstandan Orta Asiyaya qədər təsir göstərməsi
qələmə alınır. Bütöv bir
aləmə öz tematikasını car çəkən bu
jurnala inananlar, etibar edənlər çoxalırdı. "Məhz elə buna görə də ondan
qorxurdular və buna görə də jurnalın müxtəlif
növlü ölümcül düşmənləri
vardı. Çar məmurları da ona nifrət
bəsləyirdi, mömin müsəlmanlar da, zənginlər
də, "gül-bülbül" şairləri də.
Tiflis general-qubernatoru dəfələrlə
jurnalı qadağan etmişdi. İran
hökuməti gömrük məntəqələrində
jurnalı yandırırdı. Bir şəxs
Mirzə Cəlili öldürsə, o şəxsin cəzasız
olması barəsində fitva verilmişdi". Mən indi bu həqiqətləri yenidən oxuyuram və
bu gün də Mirzə Cəlilə hədyan oxumaqda davam edən,
internetdə məşhur olmaq kimi bəsit bir məqsəd
güdənləri xatırlayıram. Mənə
elə gəlir ki, "Anlamaq dərdi" bu mənada hələ
də milli dərd kimi yaşamaqdadır. Anlamaq, həqiqətən
də bəziləri üçün çətin məsələdir...
Mən bu
yerdə Anarın bu gün üçün də çox
aktual görünən aşağıdakı sətirlərini
yazıya köçürürəm: "Jurnalın
düşmənləri arasında başqa növ adamlar da - əhli-qələmlər
də var idi. Əgər Kəlküttə və Tehranda,
Bakıda və Qazanda, Ufada və Peterburqda, Krımda və
Türkiyədə çıxan qəzetlərin səhifələrində
"Molla Nəsrəddin"in tənqidi ədəb-ərkan
dairəsində idisə, ucuz bulvar qəzetlərində
böyük yazıçıya föhş və böhtan,
küçə söyüşləri yağdıran
cızmaqaraçılar da çömçə
bulayırdı. "Səda" qəzeti onu
milləti təhqir etməkdə günahlandırırdı.
Ümumiyyətlə, ömür boyu Mirzə Cəlil
belə "millət qeyrəti çəkənlərdən"
çox təhqirlər eşidib. Həmin
millət qəhrəmanları öz "milli qeyrətlərini"
çox əlverişli bir şəkildə gizli polisə
yazdığı donoslarla
uyğunlaşdırırdılar".
Anarın bu fikirləri, bu həqiqətləri, əslində,
elə birbaşa əsərin qələmə
alındığı dövrü də, Mirzə Cəlilə
sovet ideoloji hücumunun hələ heç də səngimədiyi
60-cı illər dövrünün də sifətinə sillə
təsiri bağışlayırdı. Belə fikirlərə
görəydi ki, Anarın min bir əziyyətlə nəşr
etdiyi milli qeyrət, milli-mənəvi dəyərlər
sisteminin, obyektiv publisist sözünün qibləgahı olan "Qobustan"
toplusuna hücumlar təşkil edirdilər. Bu jurnalın təkcə
adındakı "toplu" leksemini dilimizə gətirdiyinə
görə "dil fədailəri" ona hücumları səngitmirdilər...
"Anlamaq
dərdi" Mirzə Cəlilin həqiqətə, doğruya,
vicdanın səsinə sədaqətini belə təqdim edir:
Cəlil Məmmədquluzadə "çar hakimiyyəti
dövründə, müvəqqəti hökumət
dövründə, Müsavat hakimiyyəti illərində,
menşevik Gürcüstanında, İran Azərbaycanında
yaşamışdır və ömrü boyu bir kəlmə
belə olsun yalan söz söyləməmişdir. Kiməsə
xoş gəlmək, kiminsə könlünə yatmaq
üçün bircə kəlmə də...
O, acı
sözlər deyirdi, xoşagəlməz mətləblərdən
danışırdı. Və heç vaxt heç kimin
qılığına girməyə
çalışmırdı..."
Anar Mirzə
Cəlili günümüzə gətirən vicdan
meyarlarını belə təsvir edir: "Yüksək
yaradıcılıq, jurnalistlik, ictimai xadimlik ləyaqətini
Cəlil Məmməd-quluzadə qürurla, bütün
keşməkeşlərdən, yağlı vədlər və
kinli hədələr, anlayışsızlıq səhrası,
cəhalət zülməti, fanatizm, riyakarlıq,
yalançı vətənpərvərlik girdabı, müstəmləkəçilik
zorakılığı və neçə-neçə belə
burulğanlar, bataqlıqlar içindən keçirmişdir.
Və bizim bu günümüzə pak və ədəbi
bir vüqarla gəlmişdir". Bu
cümlədə Mirzə Cəlil ömrünün dəqiq
bir yol xəritəsi var. O yol xəritəsi ki, onu keçməyə,
o ömrü yaşamağa yalnız millət fədaisinin
gücü, cəsarəti, qeyrəti çatar.
Anar Mirzə Cəlilin əsərlərini təhlil edərkən
çox obyektiv, çox istedadlı və nəzəri cəhətdən
çox savadlı bir ədəbiyyatşünas-tənqidçi
kimi çıxış edir. Zaman-zaman bəsit
"şünasların" mübahisə obyekti olan
Danabaş kəndini onun müəllimlik etdiyi Nehrəmlə
eyniləşdirənlər üçün bir dərs olacaq
aşağıdakı sətirlərinə diqqət edək:
"Nehrəm kəndində müəllimlik edərkən,
1894-cü ildə, Mirzə Cəlil ilk nəsr əsəri
olan "Danabaş kəndinin əhvəlatları"
povestini yazır. Coğrafi xəritələrdə
- Danabaş adlı kənd yoxdur. Bu geniş
ünvanı hər hansı konkret bir yerə aid etmək istəyənlər
ədəbiyyatın ən ilkin şərtlərindən birini - bədii ümumiləşdirmə
şərtini unudurlar. Danabaş inqilabdan əvvəl
Azərbaycan kəndinin ümumiləşdirilmiş, bədii
cəhətdən kəskinləşdirilmiş
obrazıdır. Bu, hər hansı bir
Şərq kəndidir (kursiv mənimdir - C.M) və konkret
olaraq heç biri deyil".
Bu yerdə mən diqqəti müəllifin "Şərq
kəndi" ifadəsinə yönəltmək istərdim. Və Mirzə Cəlili
nöqsanları şişirtməkdə
günahlandıranlara müasir Şərqin öz
diyarını Avropanın diktəsi ilə zülm
meydanına çevirən "igidlərini",
"işidlərini" xatırlatmaq istərdim.
ABŞ-ın silah və dollar təminatı, fransız
Sarkozinin Qəddafiyə borclu olduğu 50 milyard dolları
qaytarmamaq məqsədilə onun ölümünə fitva
verməsini, dünyanın ən obyektiv televiziyası hesab
etdiyimiz Bİ-Bİ-Sİ-nin Qəddafi tərəfindən qətlə
yetirilmiş on min adamın diri-diri torpağa basdırılması ilə bağlı yalan
informasiyasını və bütün bunların Şərqi
viran qoymaq üçün güc dövlətlərinin əlində
bəhanə olması faktına göz yumması bu regionun hələ
də "danabaşlığına" sübut deyilmi?
İndilərdə Mirzə Cəlili plagiatlıqda
suçlayanlara Anar hələ 1967-ci ildə cavab vermişdi. O, "Danabaş kəndinin
əhvalatları"nı "mühitin
işıqsızlığı,
özbaşınalığı, tam "mənəm-mənəmliyi"
baxımından bu əsərin XX əsrin əvvəllərində
yaşayıb-yaratmış başqa bir
yazıçının - Frans Kafkanın "Məhkəmə
işi" romanıyla səsləşdiyini" qeyd edir və
yazır: "İnsan şəxsiyyətinin mənəvi
daş-qalaq edilməsi, ədalətsizliyin və
zorakılığın, zülmün və
özbaşınalığın ölçüsüz
miqyası, alçaldılmış və tapdanmış
insan üçün qövr edən yaraların
ağrısı, əzici quruluşun dəhşətli
ümumiliyi - hər iki əsərin mütaliəsi bu fikirləri,
duyğuları oyadır. Əlbəttə,
bunlar tamamilə bir-birinə oxşamayan əsərlərdir.
Frans Kafkanın qəliz modernist nəsri və Cəlil
Məmmədquluzadənin aydın, ənənəvi - realist təhkiyə
üsulunu zahiri nişanələrə görə
tutuşdurmaq mənasız işdir. Bu əsərlərin
daha dərin bir oxşarlığı var - insan mənliyi
üçün nigarançılıq. Amma
bu nigarançılıqdan çıxarılan nəticələr
də müxtəlifdir, yazıçıları
ayrı-ayrı səmtlərə aparır. Bu əsərlərin fəlsəfi konsepsiyası,
müəlliflərin dünyagörüşü daban-dabana ziddir.
Kafkaya görə - bunu dönə-dönə
qeyd ediblər - zülm, şər əbədi və əzəlidir,
insan varlığı mənasız və puçdur, insan
daima və həmişəlik tənhadır, yalqızdır,
onun fəryadları, imdada çağırışları hər
zaman cavabsız qalacaqdır. Cəlil Məmmədquluzadəyə
görə şər, yamanlıq - konkretdir, onların real
daşıyıcıları, mücəssəmələri,
səbəbləri var və bu səbəblər ictimai
quruluşla, ideologiyayla, sinfi münasibətlərlə
bağlıdır. Məmmədhəsən
əminin Kərbəla arzuları puçdur, ona görə
ki, bu arzular real tarixi dövrün şəraitindən
doğan avamlıq, cəhalət bəhrələridir. Zeynəbin tənhalığı, köməksizliyi,
fəryadlarının cavabsızlığı müsəlman
əxlaq qanunlarından, şəriət ehkamlarından - yəni
yenə də konkret həyatı, ictimai, dini - ideoloji
münasibətlərdən doğur. Və ünvanı
konkret olaraq göstərilən yamanlıq, şər daimi, əbədi
dünyayla yaşıd, binədən gəlmə ola bilməz. O, dəf ediləsidir və edilməlidir".
O
vaxtın cavan Anarının hər iki əsərə bu
baxışı və müqayisə tərzi heyrətamiz dərəcədə
elmidir, məntiqidir, ədalətlidir, milli yaradıcı
şəxsə namuslu münasibət nümunəsidir.
İndi kim özünə nə pay
götürür götürsün...
Bu əsərdə çox böyük polemika mədəniyyəti
var. Müəllifin aşağıdakı fikirləri bəzi
ədəbiyyatşünasların "Ölülər"i
M.Qoqolun "Müfəttiş"i ilə birbaşa
müqayisəsi ilə, birincinin ikincidən iqtibas olunması
ilə əlaqədardır. Burada polemika mədəniyyətinə
diqqət edək: "Bəzən "Ölülər"i
Qoqolun məşhur "Müfəttiş" komediyasıyla
müqayisə edirlər. Müqayisə
ümumi ideya - vətəndaşlıq pafosu baxımından
edildikdə, ona şübhəsiz, haqq qazandırmaq olar.
Amma süjetin zahiri əlamətləri baxımından bu
müqayisə o qədər də dəqiq deyil, hər iki
pyesin fərqi yalnız onda deyil ki, "Ölülər"də
müsbət personajlar da var. Əsas fərq, məncə,
ondadır ki, "Müfəttiş"də Xlestakov hadisələrin
passiv iştirakçısıdır, ona təlqin olunan rolu
istər-istəməz oynamalı olur, "Ölülər"də
isə Şeyx Nəsrullah hadisələri özü yönəldir,
vəziyyəti özü yaradır. Mirzə Cəlil
dəhşətlə görür və göstərir:
baxın, belə bir Şeyx Nəsrullahın fikri-zikri şəhvət
olmayıb, başqa, daha da təhlükəli ictimai-siyasi səmtlərdə
fəaliyyət göstərsəydi, insanlıq nə hala
düşərdi?!"
"Ölülər"i
təhlildə daha bir polemika mədəniyyəti: "İsgəndəri
müsbət qəhrəman adlandırmaq çətindir. Onun bütün mayası inkardan yoğrulub. O,
atasının mühitini qəbul etmir, Şeyx Nəsrullahın
iç üzünü görür. O, hər şeyi
anlayır, hiddətlənir, ittiham edir, amma fəaliyyət göstərmir,
içir. Butün ağıllı nitqlərinə
baxmayaraq, o, gücsüzdür, ona görə də tənhadır,
tənhadır, ona görə də gücsüzdür, ona
görə də təsəllisini yalnız sərxoşluqda
tapır. İsgəndərin
içkibazlığını taktiki vasitə hesab edənlər,
yəni İsgəndərin dediklərini deyə bilmək
üçün özünü bir növ Hamletvari dəliliyə
vurmuş adam kimi mənalandıranlar, zənnimcə,
yanılırlar, Yox, İsgəndərin kefliliyi -
ağrıdan, çıxılmazlığındandır,
gücsüzlükdən, dərddəndir, hiylədən, fənddən
deyil".
"Anlamaq dərdi". C.Məmmədquluzadənin
bütün yaradıcılığında estetik ideal səviyyəsinə
yüksələn anlamaq dərdi amalının bədii-publisistik
ifadəsidir.
"Anlamaq dərdi" təsdiq edir ki, C.Məmmədquluzadənin
yaradıcılıq dünyası, onun tematikası çox
genişdir. Bu tematika xalqın milli azadlıq problemindən tutmuş
millətin sivil xalqlar sırasına çıxmasına qədər
böyük bir sahəni əhatə edir. Bu
mənada müəllif onun bədii nəsrini, publisistikası
və dramaturgiyasını təhlilə çəkir. Bu böyük ədibin əsərlərində
özünü göstərən bir məsələni - bu
milləti ruslaşdırma siyasətini tənqid edən
nöqtələri cəsarətlə ortaya qoyur. Bu mənada
"Anamın kitabı" pyesinin müdafiə etdiyi milli dil
məsələsini, "Qurbanəli bəy" hekayəsindəki
"nökər mahiyyətli bəy obrazını", bu
obrazın rus zabitləri qarşısında quyruq
bulamasını "miskinlik və rəzalət"
adlandırır.
Anar Cəlil Məmmədquluzadə haqqında həqiqəti axıradək yazacağını essedə xüsusi vəd edir. Çünki o, yalnız həqiqəti yazan bir millət fədaisindən bəhs edir. Ona görə də sovet senzurasının təhlükəsi qarşısında belə Mirzə Cəlil haqqında həqiqətləri qələmə alır. "Həqiqət isə ondan ibarətdir ki, son illərində Cəlil Məmmədquluzadə təqiblər, anlaşılmazlıq şəraitində yaşayıb-yaratmışdı. Onun kimi söz sərrafını, yarımçıq yazıçılar dil pintiliyində təqsirləndirirdilər. Onun kimi təpədən-dırnağa vətənpərvər bir sənətkarı nöqsan cəhətləri şişirtməkdə günahlandırırdılar. "İnqilab və mədəniyyət" jurnalında N.Dubinski "qəribə bir faktı" qeyd edirdi: "Sovet Azərbaycanında liberal və azadxah "Molla Nəsrəddin" jurnalı çap olunur. Jurnalın nəşri üçün kifayət qədər pul buraxılır. Əslində isə bu jurnal yalnız onun redaktorunun orqanıdır. Zənn edirik ki, buna son qoyulacaqdır".
Mirzə Cəlilə hücumlar o qədər
artır ki, o özü "Molla Nəsrəddin"i nəşr
etməkdən əl çəkir və 1926-cı ildən
jurnal onun imzası olmadan çıxır. Anar yazır: "1931-ci ildə
"Molla Nəsrəddin"in nəşrinin 25 illiyi tamam
olur. Həmidə xanım soruşanda ki, neyçin bu yubiley
qeyd olunmur, Mirzə Cəlil belə cavab verir: "25 illiyi qeyd
etmək tezdir, Allah qoysa, 75 illiyini qeyd edərlər". Bu, kinayə idi".
Qəribədir,
mən indi, bu anda Anarın hələ 1967-ci ildə Mirzə
Cəlilin bu kinayəsinin sonralar necə bir həqiqətə
çevrildiyini həm də Allahın bir lütfü hesab
edirəm: Jurnalın 25 illiyini qəsdən unudan bir hakimiyyətin
əksinə olaraq müstəqil Azərbaycan 2006-cı ildə
onun 100 illiyini təntənə ilə qeyd etdi. 2016-cı
ildə bu yubiley qeydi yenidən gündəmə gəldi.
Və... indi, 2019-cu il yanvarın 17-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev "Cəlil Məmmədquluzadənin
150 illik yubileyinin qeyd edilməsi haqqında" xüsusi Sərəncam
imzaladı. Və o Sərəncamda belə bir həqiqət öz möhtəşəm əksini
tapdı: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının
yeni mərhələyə yüksəlməsində müstəsna
rol oynamış və bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir.
Vətəndaş yazıçının bədii
nailiyyətlərlə zəngin irsində azərbaycançılıq
məfkurəsi dövrünün ictimai-siyasi fikrinin
aparıcı amili kimi dolğun ifadəsini
tapmışdır. Sənətkar həyat
həqiqətlərini, ictimai mühiti hərtərəfli əks
etdirən və bədii-estetik dəyər
daşıyıcısına çevirən rəngarəng
obrazlar qaleriyası yaratmışdır. Ana dilinin
saflığı uğrunda daim mübarizə
aparmış Cəlil Məmmədquluzadə meydana gətirdiyi
qiymətli dram və nəsr əsərləri, parlaq
publisistika dərin humanist məzmuna malik olub, özündə
milli və ümumbəşəri dəyərlərin vəhdətini
ehtiva edir. Azərbaycanda və onun
hüdudlarından kənarda geniş yayılaraq milli
oyanışa, yeniləşmə hərəkatına yol
açan və azadlıq ideyalarının inkişafına
qüdrətli təsir göstərən "Molla Nəsrəddin"
jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur".
Bu
günü - Mirzə Cəlilin böyüklük
gücünün haçansa mütləq özünü
göstərəcəyini düz 52 il
bundan öncə onun ədəbi məktəbinin yorulmaz
davamçısı Anar da aydınca görürdü: "Mən
onun haqqında hörmətlə və ehtiramla, amma həm də
məhrəm, ilıq bir nəvazişlə düşünürəm.
Mən onun haqqında babam kimi, atam kimi,
qardaşım, oğlum, nəvəm kimi
düşünürəm. "Qardaşım,
oğlum, nəvəm" dediyim üçün məni
günahlandırmağa tələsməyin. Böyük yazıçılar bütün nəsillərinin
yaşıdıdırlar. Cəlil Məmmədquluzadə
babalarımızın, atalarımızın mənəvi
yaşıdı idi. Bizim nəsil də
ona öz yaşıdı kimi, bizim mənəvi problemlərimizə
cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm ki, bizim nəsil də gedəcək,
hamımız öləcəyik, amma o qalacaq və oğlumun
yaşıdı olacaqdır. Bütün
zamanların övladıdır o, hər nəslin yol
yaddaşıdır. Və bizdən sonra gələn
nəsillər onu yenidən kəşf edəcək, öz
yaşıdları, müasirləri kimi tanıyacaq və
övladlarına bəxş edib gedəcəklər.
Bütün bunlara görə mən Cəlil Məmmədquluzadənin
- keşməkeşli ömrünü anlamaq dərdi ilə
yaşamış bu böyük sənətkarımızın
xoşbəxt taleyinə sevinirəm".
Lap bu yaxınlarda Milli Elmlər Akademiyası
kitabxanasının möhtəşəm salonunda Filologiya elmləri
doktoru, professor Yeganə xanım İsmayılovanın
"Anarın Dədə Qorqud
yaradıcılığı" kitabının təqdimatı
keçirilirdi. Yeri gəlmişkən deyim ki, professor Yeganə
xanım İsmayılova Anar
yaradıcılığının bu istiqamətini ciddi elmi
üslubda çox maraqlı bir tədqiqata
çevirmişdir. Bu əsərdə də Anarın milli təəssübkeşlik
xarakteri yüksək ifadəsini tapmışdır. Təqdimatı akademik İsa Həbibbəyli
aparırdı. Mirzə Cəlil
yaradıcılığının ən müqtədir tədqiqatçısı
olan bu böyük alim giriş sözündə Anarın
"Anlamaq dərdi"ni Cəlil Məmmədquluzadəşünaslığın
"şah əsəri" kimi qiymətləndirdi. Və əgər Mirzə Cəlili axıradək tədqiq
etmiş, bu sahədə ən qaranlıq mətləblərə
aydınlıq gətirmiş, onu müasirlərimizə
bütöv təqdim etmiş bir alim bu esseni Cəlil Məmmədquluzadəşünaslığın
"şah əsəri" adlandırırsa, bizə ancaq
onu etiraf etmək, qəbul etmək qalır.
Cahangir
MƏMMƏDLİ
BDU
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 17 aprel.- S.14-15.