Müdrikliyin Çingiz
Hüseynov zirvəsi
Bu yazını yazmaq
üçün bu tarixi xeyli müddətdir
gözləyirdim. Nəhayət, aprelin 20-si günü
yaxınlaşır və
böyük hörmət
bəslədiyim məşhur
azərbaycanlı yazıçı,
ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycanın
Əməkdar incəsənət
xadimi Çingiz Hüseynovu təbrik etmək bir dost kimi yenə
də mənə qismət olur. Özü də mənim üçün xüsusi
önəm daşıyan
90 illik yubileyi ərəfəsində.
Düz
on il əvvəl "Çingiz Hüseynov ömrü: Azərbaycanlı
və yazıçı
adına layiq 80 il" adlı bir məqalə
yazmışdım. Məqalə "525-ci qəzet"də və bir sıra saytlarda
dərc olunmuşdu.
Həmin
məqaləmdə Çingiz
Hüseynovu qocaman yazıçı adlandırmışdım.
Məqaləmi cap etməmişdən
əvvəl Çingiz müəllimə
zəng edib bir yazı yazdığımı
bildirmişdim. Yadımdadır, yazını
oxuyandan sonra mənə telefonda dedi ki: "Bizim bir yaxşı
deyimimiz var, səksən-doxsan, bir gün varsan, bir gün yoxsan!
İnşallah 90 illiyimdə zəngləşərik,
onda qocaman sözüylə razılaşacağam,
təki sağlıq olsun". İndi həmin gün
gəlib çatdı.
Artıq bir neçə gündən
sonra - aprelin 20-də o vaxt "qocaman yazıçı" adlandırdığım
Çingiz Hüseynovun
90 yaşı tamam olur. Peyğəmbərcəsinə
dediyi sözün üstündə durdu Çingiz müəllim! Bu gün bu böyük, istedadlı, millətin mənəvi pasportu olacaq ağsaqqal və ustad yazıçımızın
90 illik yubileyində sözümü deməyi
özümə mənəvi
borc bilirəm.
1980-ci ildə Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunda
oxuyurdum. Hələ gənclik cağlarımda
Bakıda oxuduğum illərdə bir çoxları kimi Çingiz müəllimin
- belə bir yazıçımızın Moskvada
yaşadığını eşitmişdim, amma onu görmək, onunla şəxsən
tanış olmaq heç ağlıma da gəlməzdi. O vaxt ağlıma belə gəlməzdi ki, Azərbaycanın bir ucqar rayonunda
- Kəlbəcərdə doğulub
böyüyən bir gəncə dünyaya hökmranlıq edən Moskva kimi təlatümlü
bir şəhərdə
bu nəhəng
yazıçıyla görüşmək,
sonralar dostlaşmaq nəsib olacaq.
Tanışlığımız elə 80-ci ildə də baş tutdu. Elə ilk tanışlığımızdan
Çingiz müəllimi
özümə çox
doğma, bir ağsaqqal, böyük qardaş, tələbkar müəllim, əsl
dost saymışam.
İlk vaxtlarda mənə elə gəlirdi ki, ümumiyyətlə, Çingiz
adlı insanlar əfsanəvi ola
bilər, əlçatmaz
ola bilər, onlarla təmasda olmaq, yaxınlıq etmək müşkül işdir. Amma ilk tanışlıqdan Çingiz müəllimə
qanım yaman qaynadı. İllər
ötüşdükcə doğmalaşdıq, həmdərd,
həmfikir olduq, aramızda 25 il
yaş fərqi olmasına baxmayaraq, yaxın dost olduq. İllər keçdikcə, artıq kumirim oldu Çingiz
müəllim. Onun bu qədər sadəliyi, haqsızlığa qarşı
qətiyyətli mübarizəsi,
haqqın, ədalətin,
düzgünlüyün tərəfində
olması məni valeh elədi. Həmişə deyirəm, mən
Çingiz müəllimlə
söhbət edəndə
elə bilirəm ki, müdrik bir aqsaqqalla söhbət edirəm, o söhbətlərin təsirində
çıxmaq heç
də asan olmur. Çingiz müəllimlə tanışlığımız
çox uğurlu bir vaxta, çox
uğurlu bir günə təsadüf etmişdi. Həmin gün Moskvada V.Mayakovski adına dram teatrında Sumqayıt Dövlət Dram Teatrının
şair Nəriman Həsənzadənin Nəriman
Nərimanovun həyatına
həsr etdiyi "Nəriman" poeması əsasında hazırladığı
"Qoy bütün Şərq bilsin" tamaşası nümayiş
olunmuşdu.
Çingiz müəllimin xatirini həm də müəllimim kimi əziz tutmuşam. Bizə uşaqlıq
illərimizdən həmişə
müəllimlərimizi sevməyi
aşılayırdılar. Biz də qulağımızda
sırğa eləmişdik
ki, valideynlərdən
sonra müəllimlər
gəlir. İnsanın yetişməsində, tərbiyəsində,
biliyə yiyələnməsində,
bir insan kimi formalaşmasında müəllimlərin rolu əvəzsizdir. Düz
3 il aspiranturada
oxuyanda Ç.Hüseynov
mənə dərs deyib, elmi rəhbərim
olub. Mənə qayğı göstərib,
diqqət yetirib.
Şeirlərimə dərin maraq
bəsləyib, yaradıcılığımla
bağlı rus və Azərbaycan dillərində məqalələr
yazıb, "Nəsib
Nəbioğlunun qoşmalarının
vurğunuyam"- deyib.
Mənim o illərdən bəri tanıdığım, əsərlərinə, kitablarına, bütövlükdə bütün yaradıcılığına, şəxsiyyətinə dərin rəğbət bəslədiyim yazıçı Çingiz Hüseynovun hər bir əsərini ədəbi hadisə hesab etmişəm. Əminiklə deyə bilərəm, Çingiz Hüseynov müasir nəsrimizdə ancaq özü olan yazıçıdır. Çingiz müəllim olduqca sadə, gülərüz, səmimi, güclü iradəyə malik, ən əsası, özünə hörmət qazanmağı bacaran insandır. Həyatı o qədər zəngin, yaradıcılığı o qədər çoxşaxəlidir ki, onun haqda yazdıqların nəinki bir məqaləyə, bir kitaba da sığmaz. Əsas odur ki, o, bizim qürur mənbəyimizdir, orijinal, bənzərsiz Azərbaycan yazıçısıdır, ilahidən bənzərsiz fitri istedad yiyəsidir. Onun əsərlərini oxumaq çox çətindir, mətnaltı mənaları olduqca dərindir, fəlsəfidir. Onun "Qələmin yuxuları" adlı silsilə yazılarında bu mürəkkəblik daha da aydın görünür. Bir dəfə Çingiz müəllimdən soruşdum ki, bir az yumşaq, sadə yazsanız nə olar? Cavab verdi ki, mənim heç bir təqsirim yoxdur, günahkar qələmdir, bu yuxuları görən qələm. Bəli, müdrik yazıçının özünün günahkar saydığı bu qələmdən çıxan "Mənim bacım", "Əriyən heykəl", "Çətin yoxuş", "Novruzgülü" "Adını demədi" "Küncdəki ev", "Məhəmməd, Məmməd, Məmiş", "Adalar", "Bakı", "Şərq süjetləri", "Zərurilik", "Fətəli Fəthi" "Ailə sirləri", "İgra direktoriyası", "Doktor N", "Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı" kimi forma və məzmunca ziddiyyətli dramatik süjetli əsərləri ona böyük şöhrət gətirib. Ç.Hüseynovun hər biri ədəbi hadisə sayılan əsərləri hər kəsin oxuyub dərk edə biləcəyi adi əsərlər deyil. "Yazıçı ədalətli olmalı, həqiqəti yazmalı, mədaxlıqdan uzaq olmalıdır" - deyən ustad yazıçının bütün ədəbi və sənət təriflərinə layiq əsərləri, xüsusilə ədəbiyyatın hardasa dalana dirəndiyi indiki zamanda, gənclərə, yeniyetmələrə ədəbiyyatı sevdirmək baxımından örnək sayıla bilər.
Ç.Hüseynovun ilk əsəri 1955-ci ildə "Bakinski raboçi" qəzetində çap olunub. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb. Əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. O, uzun illər (səhv eləmirəmsə 17 il) SSRİ Yazıçılar İttifaqının Milli Ədəbiyyatlar Komissiyasında çalışıb. Düz 25 il SSRİ Yazıçılar İttifaqının partiya təşkilatının sədri olub. O dövrdə bu çox məsul bir vəzifə idi. Bundan əlavə, Ç.Hüseynov M.Ə.Sabir, C.Məmmədquluzadə, S.Vurğun və başqa bir sıra Azərbaycan yazıçı və şairlərin yaradıcılığından bəhs edən bir çox elmi məqalələrin müəllifidir. Onun rəhbərliyiylə 40 nəfərdən çox insan elmlər namizədi və elmlər doktoru dərəcələri alıb.
Ç.Hüseynov 1961-ci illərin əvvəlindən gündəlik yazmağa başlayıb və 50 ilə yaxın bir müddətdən sonra - 2009-cu ilin yayında həmin gündəliklər əsasında Moskvada "Ötən günlərin görüşünə" ("Minuvşee navstreçu") adlı xatirə kitabını nəşr etdirib. Bu memuarda 1449 adamın adı çəkilir. Müxtəlif tale yaşamış çox adamdan bəhs edən səhifələr var. Bu siyahıda təkcə şair və yazıçıların deyil, məşhur ictimai və dövlət xadimləri, jurnalistlər, tanınmış alimlər, hökumət adamları, rəssamlar, maarifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimlərinin adları var. Xatirələri oxuyanda mənə aydın oldu ki, bu sayda insanların adlarının qeyd edilməsi heç də asan məsələ deyilmiş. Bunun üçün gərək dərin yaddaşın, gözəl hafizən, zəngin dünyagörüşün olsun. Mən qürur hissi ilə deyirəm ki, orada adı çəkilən adamlardan biri də mənəm. Çingiz Hüseynovun xatirələr kitabına düşmək o qədər də asan deyil. Çingiz Hüseynovun xatirələri sovet dövrünün ictimai-siyasi-ədəbi həyatında baş verən hadisələri yaxından öyrənməyimizə imkan yaradır.
... 2017-ci il sentyabr ayının 12-də Moskva Beynəlxalq Kitab Yarmarkasında Çingiz Hüseynovun yeni çapdan çıxmış, Məhəmməd peyğəmbərin həyatından rus dilində yazdığı "Muxammed" kitabının təqdimatı idi. Kitab "Görkəmli adamların həyatı" seriyasından, "Molodaya qvardiya" nəşriyyatında nəfis tərtibatla çap olunmuşdu. Bir gün əvvəl Çingiz müəllimin dəvətiylə mən də oraya getdim. Eşidəndə ki, təqdimat mərasimində Çingiz Hüseynovun çıxışı olacaq, etiraf edim ki, qeyri-ixtiyarı olaraq böyük sevinc hissi keçirdim, kövrəldim. Düşündüm, İlahi, xalqımıza nə böyük qələm sahibi bəxş eləmisən. Çingiz müəllimin çıxışı zamanı adam əlindən tərpənmək olmurdu. Hamı acgözlüklə Çingiz müəllimi dinləyirdi.
Yazının sonunda bir kəlbəcərli kimi bir məqamı da qeyd etmək istəyirəm. Aşıq Şəmşirin ilk şeirlərini də rus dilinə məhz Çingiz Hüseynov tərcümə eləyib. 1960-cı ildə Pavel Qriqoryeviç Antokolskinin təklifi ilə aşığın qoşmaları, Azərbaycanda qısqanclıqla qarşılanacağından ehtiyat edərək, Q.Asanin təxəllüsüylə "Azərbaycan poeziya antalogiyası"nda çap olunub. Bu haqda Çingiz müəllim xatirələrində geniş yazıb. Mən də Aşıq Şəmşirin yaradıcılığıyla bağlı Moskvada rus dilində dərc olunan bir məqaləmdə bu haqda ətraflı yazmışam.
Əziz, Çingiz müəllim! Doğum gününüz, 90 yaşınız mübarək! Sizi səmimi qəlbdən təbrik edirəm. Belə götürəndə, 90 yaş yaxşı ömürdür. Biz hələ sənin 100 yaşını da qeyd edərik, inşallah! Sözsüz ki, bir nəhəng yazıçı kimi hələ bizə deyəcəkləriniz var. Azərbaycan ədəbiyyatı sizin kimi təcrübəli söz adamından çox faydalanmalıdır.
90 illik yubileyinizə də ən yaxşı hədiyyə yaxın vaxtda yeni əsərlərinizin nəşri olardı. Özü də sıradan yox, adınıza layiq - Çingiz Hüseynov adına layiq əsər!
Bir daha 90 illik yubileyiniz münasibəti ilə Siz təbrik edirəm!
Moskva
aprel 2019
Nəsib NƏBİOĞLU
525-ci qəzet.- 2019.- 19 aprel.- S.14.