Aydın Amanov: "Dövlətimiz neft-qaz
sahəsində çox düzgün siyasət
yürüdür"
Nə yalan deyim, onunla müsahibəyə gedəndə
qarşımda işləməkdən yorğun
düşmüş, uzun illər əllərinə
bulaşan neft qədər qaraqabaq bir qocayla
qarşılaşacağımı
düşünürdüm. Çünki
müsahibimin bu yaxınlarda yetmiş yaşı tamam olacaq və
o, ömrünün çox böyük hissəsini ölkəmiz
üçün ən lazımlı və bir o qədər də
çətin sahəyə - neft-qaz sektoruna həsr edib.
Bioqrafiyası
ilə tanış olanda
gördüyüm uzun əmək yolu mənə bunu
düşünməyə əsas verirdi. Ancaq nə qədər
yanıldığımı elə içəri girər-girməz
soldakı, qapısı açıq otaqdan boylanan ağ saçlı, nurani simalı, dinc və
enerjili adamı görəndə anladım. Hələ
öz-özümə: "Mənə yanlış məlumat
verilib, onun 70 yaşı yoxdur" - da dedim. Amma özü idi
- 70 yaşlı, neft-qaz sektorunda tanınmış
simalarından biri, "Tərəqqi" medallı Aydın
Amanov! Söhbətimizin mövzusu isə onun həyat
yolu idi. Hələ suallarıma keçmədən
Aydın müəllim qısa tanışlıq
üçün danışmağa başlayır:
Hacıbəyov...
Rəsulzadə...
Tağıyev...
Amanov...
- 1949-cu
ildə Salyan rayonunun Qaraçala qəsəbəsində
anadan olmuşam. Orada sakinlərin 99 faizi ruslar
idi. Cəmi bir faiz azərbaycanlı bizim
ailəmiz idi. Anam aptek müdiri idi.
Babam dahi Üzeyir Hacıbəyovla birgə Konservatoriyada
işləyib.
Məhəmməd Əmin Rəsulzadəylə dost olublar.
Çətin dövrlərdə o da həbs olunub, 10 il həbsdə yatıb. Repressiya
zamanında isə yenidən barəsində həbs qərarı
çıxıb, sonra necə olubsa, adı siyahıdan
çıxarılıb. Əgər ikinci
dəfə həbs olunsaydı, onda güllələnməyə
gedəcəkdi.
Ana babam isə Zeynalabdin Tağıyevin yanında
mühasib işləyib, çox zəngin insan olub,
bakılı olublar. Ancaq o çətin zamanlarda həbs olunub
sürgünə göndərildi. Ailəsi
də Bakıdan uzaqlaşdırılırdı. Anam Tibb İnstitutunu bitirəndə təyinatını
Salyana vermişdilər. Orada da atamla
qarşılaşıb evlənmişdilər.
Hər ikisi çox bilikli, təhsilli,
dövrünün nüfuzlu şəxsiyyətləri olublar. Onlardan bizə
qalan da məhz bu adları, elmə, biliyə, mədəniyyətə,
yaradıcılığa olan həvəs və sevgidir.
Səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilimi
axşam fəhlə gənclər məktəbində davam
etdirdim. Axşam məktəbində oxuya-oxuya işləməyə
başladım. Ondan əvvəl isə 7-ci sinifdən
pambıq yığmışam, ot
toplamışam. 15 yaşımdan sovxozda elektrik
montyoru və maşın hesablama mərkəzində operator
kimi çalışdım, evlərə işıq çəkirdim.
1969-cu ildə Azərbaycan Neft və Kimya
İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil oldum.
Burada da oxuya-oxuya gecə növbəsində
işləyirdim, müxtəlif yerlərdə kirayə
qalırdım. Həmin institutun neft və
qaz quyularının qazılması üzrə tam kursunu
1974-cü ildə bitirdim. İnstitutu
bitirdikdən sonra Salyan rayonuna köçdüm. Səbəb isə valideynlərimin tək olması
idi. Müharibə dövrü idi deyə
Tümendən, Belarusdan təcrübə təklifləri gəldi,
lakin mən ailəmə üstünlük verdim, getmədim.
"Qazmaçı
ol..."
-
Qaraçalada tatar qonşularımız vardı - Nabiulin. O,
bizdən beş-altı yaş böyük idi. Neftçi
oldu. Biz hər axşam görürdük ki, əlində
çamadan, sırıqlı paltarda gəlir. Bu da bizim xoşumuza gəlirdi, onun gördüyü
işə marağımız yaranırdı.
Akademik Elmira Ramazanovanın həyat yoldaşı Mənsur
Əhmədov mənim gəncliyimdə Şirvanda baş
mühəndis işləyirdi. Mən hələ
universitetə girməmişdim. Futbolla məşğul
olurdum. Bir dəfə söhbətlərimizin birində
o, mənə dedi ki, get, neftçi ol. Azərbaycana
neftçilər lazımdır. Özü
də qazmaçı. Çünki əsl
neftçilər elə qazmaçılardır. Onlar sırf quyuyla məşğuldurlar. Ona görə də mən rəhmətlik Mənsur
müəllimin məsləhətilə bu sahəni
seçdim.
Bu yerdə
söhbətimizə Aydın müəllimin bayaqdan kənardan
bizi maraqla dinləyən həyat yoldaşı Sənubər
xanım da qoşulur:
- Necə
ki, özü sevdi bu sahəni, oğlumuza da sevdirdi. Oğlum da neftçidir.
Aydın
müəllim: "O da qazmaçılığı
qurtarıb..."
"Mühəndis
alicənab adam olmalıdır..."
- İnstitutda oxuya-oxuya bizi başqa-başqa şəhərlərə
təcrübəyə aparırdılar. Mən iki il
Belarusda təcrübədə oldum. Bizə
professor Azad Mirzəcanzadə dərs deyirdi. O, bizə təkcə
auditoriyada keçdiyi fənni deyil, həyatı öyrədirdi.
Hər birimizə xüsusi diqqət
ayırırdı.
Bir dəfə səhərisi onun imtahanı olacaqdı,
mən axşam kinoya getmişdim. Təsadüfən
onunla üz-üzə gəldik. Artıq
gizlənməyə yer yox idi. Səhər imtahana gəldim,
bileti çəkəndə dedi:
- Dayan. Dünən sən harda idin?
Daha yalan danışmağın yeri yox idi. Dedim ki, kinoda. Dedi:
-
Hansı kino?
Kinonun
adını dedim. Kinodan sual verdi, cavab
verdim. Dedi ki, mühəndis hərtərəfli
olmalıdır. Ədəbiyyatı da, mədəniyyəti
də, kinonu da, memarlığı da bilməlidir. Bacardığın qədər oxu. Bilmədiyin şeyləri gəl soruş.
Mühəndis alicənab adam
olmalıdır.
Sonra mənə
fərqli sahələrdən suallar verdi və
qiymətimi yazdı. O, bizə həmişə deyirdi ki, qazma
kanalizasiyadan sonra ikinci yerdir, siz istismara keçin. Biz isə keçmədik. Ona
görə deyirdi ki, quyu işi çox çətindir, təhlükəlidir,
bircə səhv hər şeyi məhv edə bilər.
"Həyat
yoldaşım məni belə görəndə gözləri
dolurdu"
- Ali təhsilli
gənc mütəxəssis kimi Kürsəngi Qazma İşləri
İdarəsində işə başladım. Orada
qazmaçı, texnoloq, baş texnoloq və baş mühəndis
vəzifələrində işlədim. İş
rejimim çox ağır idi. Gecəm-gündüzüm
olmurdu. Təzə evli vaxtlarım və körpə
uşağım olarkən, yaxşı xatırlayıram,
işin çoxluğundan beş gecə
evə gələ bilmədim. Həyat
yoldaşım məni belə yorğun görəndə
gözləri dolurdu. Lakin o bilirdi ki, belə
olacaq, çünki mühəndislə ailə qurmuşdu.
Sənubər
xanım həmin çətin günlərin ən yaxın
şahidi və Aydın müəllimin həyatına yol
yoldaşlığı etmiş biri kimi o zamanları həm
kövrək, həm də qürur hissiylə
xatırlayır: "Uzun illər biz də sanki onunla birgə
neft-qaz sahəsində işləmişik" - deyir.
Zirvəyə
doğru pillə-pillə
- 1974-1981-ci illər ərzində mühəndis işlədiyim müddətdə Kürsəngi Qazma idarəsində 80-100 min metr qazma işləri aparırdıq. İldə 28-30 quyu ortaya çıxarırdıq. Həftədə iki gün evə gedirdim, qalan günləri isə işdə olurdum. Məni tez-tez çöldə qazma işlərinə göndərirdilər. Axırda dözmədim və etiraz etdim ki, mən fəhlə deyiləm, mühəndisəm. Bundan sonra mühəndis vəzifəmdə çalışdım. Bir quyuda fontan vurdu və mən orda böyük işlər gördüm. Bu işləri yaxşı bildiyimi gördülər və mənə "Azneft"də çalışmaq təklif olundu. 1987-ci ilə kimi burada işlədim. 100-ə yaxın qazma briqadası var idi. Kürsəngi, Carlı, İmişli, Abşeron, Siyəzən, Neftçala quyularında çalışdım. 1987-ci ildə Nazirlər Kabinetinin Neft emalı və neft kimyası şöbəsində işə dəvət olundum. Orada işlədiyim beş il müddətində Saatlı-İmişli-Beyləqan, Oğuz-Şəki-Qax, Zaqatala-Balakən, Yevlax, Şəmkir-Gədəbəy və digər istiqamətlərdə 400 kilometrdən çox qaz kəmərlərinin çəkilişinə nəzarət etdim.
Daha sonra "Azəriqaz" İstehsalat Birliyində baş direktorun müavini işlədim. "Azəriqaz" Dövlət Şirkəti yarandı, 1992-ci ilin noyabrından məni ora birinci müavin göndərdilər. 1997-ci ildə Səhmdar Cəmiyyət yarandı, 2006-cı ilə kimi orada baş texnoloq işlədim. 2006-cı ildə heyət yarandı və mən bu heyətin baş mühəndisi oldum. 2009-cu ildə "Azəriqaz" yenə əvvəlki tərkibə qayıtdı. 2011-ci ildə Qaz İxrac Yüksək təzyiqli boru kəmərləri Qaz Əməliyyat idarəsinə keçdi, adı isə Qaz İxrac İdarəsi oldu və ora müavin olaraq getdim. 2018-ci ilə kimi işlədim, hazırda isə təqaüddəyəm.
"Rəhbər öz işçisini təhqir edə bilməz..."
- Rəhbər vəzifədə çalışmaq çox çətindir. Əgər sən o pilləyə fəhləlikdən gəlmisənsə, çətinlik görmüsənsə, onda fəhləni də, işçini də yaxşı başa düşəcəksən, onlarla insan kimi davranmağı biləcəksən. Yox, əgər sən işi, istiqaməti bilmədən, hardansa, gəlib vəzifəyə təyin olunmusansa, onda heç zaman işçini anlaya bilməzsən. Möhtərəm Prezidentimizin də hər zaman məmurlara əsas tapşırığı budur ki, insanlarla, işçilərlə yaxşı davranın, onları incitməyin. Rəhbər vəzifədə oturmaq işçilərlə pis davranmaq səlahiyyəti vermir. Bunun üçün xarakterin, insanlığın yerində olmalıdır.
Mən rəhbər işdə işləyəndə otağımda yuxarı başda oturmurdum. Şikayətçilərlə bir stol arxasında oturur, dinləyir və onlarla birgə gedib məsələni yerində araşdırırdım. "Azəriqaz"da işləyəndə bir işçim vardı. Bilirdim, o, hər zaman mənə pislik etməyə çalışırdı. Mən isə əksinə, ona yaxşılığımdan qalmırdım. Hətta onun torpaq alıb ev tikdirməsinə də kömək etmişdim. Sonra gəlib məndən soruşdu ki, müəllim, mən sizə bu qədər pislik edirəm, siz mənə niyə yaxşılıq edirsiz? Dedim, bax, elə bu sözünə görə.
Mənə çox zaman deyirdilər ki, sən mübahisə edənsən. Deyirdim ki, mən mübahisə etmirəm, haqqın, doğrunun tərəfini tuturam. Bunu da bəziləri sevmir, qəbul etmirlər. Bəziləri sözün düzünü deməyə qorxur.
Bu yerlərə mən lap bünövrədən gəlib çıxmışam. Bu sektorun hər sahəsində işləmişəm. Ən çətini qazma işi idi ki, mən ordan işə başlamışam.
"Neftimiz daim olacaq..."
- Neft-qaz sahəsi hər zaman çətin və əhəmiyyətli sahə olub. İqtisadiyyatımız bilavasitə bu sahələrdən asılıdır. Əvvəllər quyunu 5 metr qazırdılar, daha sonra 500 metr. Hazırda isə 8-9 min metrlik quyular qazılır. Son illərdə həyəcan təbili çalınır ki, Azərbaycanda neft bitir. Əslində isə belə deyil. Bizim neft ehtiyatımızın hələ cəmi yarı hissəsi çıxarılıb, qalanı isə qalıb. Torpağımız zəngindir. Məsələn, deyək ki, Amerikada 90 və ya 95 faiz nefti çıxarırlar. Bizdə isə hələ neft çoxdur. Mən bunu deyə bilərəm ki, neftimiz daim olacaq. Sadəcə onu yeni texnologiyalar ilə çıxarmaq lazımdır.
O vaxtı quyu sırf neft üçün
qazılırdı. Qaz isə heç kimi
maraqlandırmırdı. İndi isə neftlə qaz paralel əhəmiyyətdədir.
Son zamanlar qaz xüsusilə mühümdür. Hazırda
respublikanın 96 faizi qazlaşdırılıb. Hər sahədə
qazdan istifadə edilir. Dövlətimiz neft-qaz sahəsində
çox düzgün siyasət yürüdür. Zəngin qaz
yataqlarımız var. Haralarda olduqları da bilinir. Hazır
quyular da var. Sadəcə bərpa olunmalıdır.
"Gənclər
ümid vəd edirlər..."
- Bu sahəyə
gənclərin marağı çox güclüdür. İşlədiyim müddətdə gənclər
vardı ki, soruşurdular, öyrənirdilər, təcrübəli
mütəxəssislərin biliklərindən yararlanmağa
çalışırdılar. Bu gün də
məni axtarır, soruşurlar. Gənclərimiz,
onların bu sahəyə marağı, sevgisi ümid vəd
edir. Əgər onlar diqqətli olsalar,
yaxşı mütəxəssis kimi yetişsələr,
dünyanın yeni texnologiyalarını öyrənsələr,
qaza da, neftə də sahib çıxmağı bacaracaqlar.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 19 aprel.- S.11.