Yusif Seyidov təkrarsızlığı
GÖRKƏMLİ DİLÇİ ALİMİMİZİN 90 İLLİYİNƏ
Bütöv bir dilçi alimlər nəslinin ustadı sayılan Yusif Seyidov Azərbaycan
dilinin görkəmli tədqiqatçılarından idi.
O, morfologiya, söz birləşmələri problemləri
ilə məşğul
olub və öz sözünü müstəsna səviyyədə
deyib. Misilsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə fərqli
bir nəfəs gətirib. Hər bir alimin elmi fəaliyyətinin ana xətti olur. Həmin istiqamət tədqiqatçını
daha çox düşündürür, zəngin
axtarışlarla məşğul
edir. O, "Nəsimi
və onun dili" haqqında kitabında Azərbaycan dilinin inkişafı tarixində Nəsiminin rolunu müəyyən etməyə çalışıb.
Nəsimi dilini klassik
şeir dilimizin başlanğıc nümunələrindən
biri kimi araşdırıb.
Özünün də qeyd etdiyi kimi: "Əsər üzərində
işlərkən hərdən
Nəsimin fikir dünyasına daxil olmaq arzusunda olurdum. Bunun üçün təkcə Nəsiminin şeirlərini dəfələrlə,
həm də düşünə-düşünə oxumaqla kifayətlənmirdim".
Yusif Seyidov həyatını dilçilik
elminin, Azərbaycan təhsilinin inkişafına
həsr etmişdi. Onun zəngin
elmi yaradıcılığı
vardır.
Dilimizin hərtərəfli inkişafı
hər şeydən əvvəl onun elmi cəhətdən dərindən tədqiqini
tələb edir. Azərbaycan dilinin
elmi məsələləri
içərisində qrammatika
məsələləri xüsusi
yer tutur. Professor Yusif Seyidov
apardığı tədqiqatlar
sahəsində kifayət
qədər maraqlı
nəticələr əldə
etmişdi. Yusif müəllimin
mühazirələri dərin
elmi əsaslara malik idi, eyni
zamanda, mühazirələrində
güclü emosiya özünü göstərirdi.
Tələbə vaxtı bizə mühazirələrini yazdırarkən
söyləyirdi ki, bunlar gələcəkdə
kitab formasında çap olunacaq. Bu gün minlərlə tələbə Yusif müəllimin həmin kitablarından faydalanır.
O, həm də orta məktəb dərsliklərinin əsas
müəlliflərindəndi. Y.Seyidovun
"Seçilmiş əsərləri"
on cilddə çap olunub. Bu kitablar
alimin gərgin əməyinin nəticəsidir.
Y.Seyidov haqqında xatirələr,
yaddaşdakı xoş
anlar çoxdur. O, gözəl
dilçi-alim, ədəbiyyatşünas,
publisist olmaqla yanaşı, həm də fərqli müəllim idi. Uzun illər Bakı Dövlət Universitetində
"Azərbaycan dili və onun tədrisi
metodikası" kafedrasının
müdiri vəzifəsində
çalışmışdı.
Bütün varlığı ilə
universitetlə bağlı
olan, onun tədris həyatı ilə nəfəs alan Yusif
Seyidov dilçilik elminin inkişafında çox işlər gördü. Allah ona bir insan kimi
çox şey vermişdi: insanlıq, təmiz ürək, xeyirxahlıq və başqa müsbət xüsusiyyətlər. Ona
görə də Azərbaycan
ictimaiyyəti onu təkcə bir müəllim kimi yox, həm də
bir şəxsiyyət
kimi qəbul edir və sevirdi.
Y.Seyidov" Azərbaycan dilinin qrammatikası" kitabının
müəllifi idi. Həmin əsər
elmi və sadə bir dildə
yazılıb. Morfoloji kateqoriyaları
o, sistem şəklində
tədqiq edib.
Azərbaycan dilində söz birləşmələri məsələsi
Y.Seyidovu bütün yaradıcılığı boyu
məşğul etmişdi. Hər bir
elm sahəsində olduğu
kimi, söz birləşmələrinin hərtərəfli
və düzgün izahı üçün onların təsnif edərək qruplaşdırılması
mühüm əhəmiyyətə
malikdir. Söz birləşmələri
müxtəlif xüsusiyyətləri
ilə, müxtəlif
formalarda özünü
göstərir. Buna görə də söz birləşmələrinə
müxtəlif cəhətdən
yanaşmaq, qruplaşdırmaq
və izah etmək Yusif Seyidovun tədqiqatlarında
aparıcı yeri tutur.
Yusif Seyidov hər şeydən əvvəl dilə, sözə bir şair, yazıçı
gözü ilə baxır, həm də sözdən bir müəllim kimi bəhs edirdi. O, Azərbaycan ədəbiyyatı
tarixini çox yaxşı bilirdi.
Professor ədəbiyyat tarixini
vərəqləyir, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əli Tudə və Cabir Novruz yaradıcılığına
öz münasibətini
bildirirdi.
Y.Seyidov "Şairin dərdi" adlı kitabını Azərbaycanın qüdrətli
şairi Səməd Vurğuna həsr edib. Dahi şairi "Azərbaycan
poeziyasının sərkərdəsi"
adlandırıb.
Y.Seyidov bu kitabı S.Vurğunu tanımaq, onu qiymətləndirmək
baxımından çox
şey deyir.
Yusif müəllimin
90 illik yubileyi tələbəlik illərimi
yadıma saldı. Bəli, indi
dönüb o illəri
xəyalımdan keçirəndə
deyirəm, nə yaxşı ki, Yusif Seyidov kimi
müəllimimiz olub.
Yusif müəllim işıqlı
bir şəxsiyyət
idi. Onu hər zaman
minnətdarlıqla xatırlayırıq.
O, mənim düşüncələrimdə,
hafizəmdə daha çox müəllim kimi qalıb. Çünki təkcə auditoriyaya
girib dərs aparması ilə deyil, bütün varlığı ilə müəllim idi. Onun əsərlərində belə
müəllim nəfəsi,
müəllim kəlamı,
müəllim təlimi
var. Təbiətən sakit,
mülayim və qayğıkeş idi.
İnsanlara, tələbələrinə səmimi münasibət bəslərdi. Tələbələrinin şəxsi keyfiyyətinə,
savadına, intizamına
xüsusi diqqət göstərərdi. Onun həyat
yolu və yaradıcılığı böyük
bir məktəbdir.
Y.Seyidovun publisistikaya güclü meyli çoxşaxəli fəaliyyətinin əsas
cəhətlərindəndir. Onun publisistikası
elmi yaradıcılığını
tamamlayırdı.
Görkəmli alimimiz elə bir Yusif Seyidov
ömrü yaşayıb
ki, nəsillər daima ondan nümunə
götürəcək.
90 illik yubileyində
mərhum alim, unudulmaz şəxsiyyət
Yusif Seyidovu bir daha ehtiramla
anır, ruhuna rəhmət diləyirəm.
Təranə ŞÜKÜRLÜ
Filologiya üzrə fəlsəfə
doktoru, dosent, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
şöbə müdiri
525-ci qəzet.- 2019.- 19 aprel.- S.10.