Milli Kitabxanada yeni sərgi

 

 

Azərbaycan Milli Kitabxanasında "18 aprel - tarixi abidələrin mühafizəsi günüdür" adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə Azərbaycan və müxtəlif dünya dillərində 300-ə yaxın ədəbiyyat nümayiş olunur.

Sərgini ziyarət edənlərə bildirilib ki, tarixi abidələrin mühafizəsi günü UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Hər bir ölkənin tarixi qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu cəhətdən ölkəmizin bəxti gətirmişdir. Qobustan, İstisu qayaüstü təsvirləri, Əlincə, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə-Xatun, Şah Abbas məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Şirvanşahlar, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndir.

Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz - Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. UNESCO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib.

2002-ci ildə respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunub. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarixi-memarlıq kompleksi UNESCO-nun "Dünya mədəniyyəti irsi" siyahısına daxil edilib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 19 aprel.- S.9.