Uzaq və yaxın Meksika
(Əvvəli ötən şənbə sayımızda)
Şəhərin böyük ərazisini tutan məşhur Çapultepek parkı öyünülən digər
nümunələrlə yanaşı,
meksikalıların yadelli
işğalçılara qarşı
barışmaz mübarizəsinin
digər tarixi izlərini də qoruyub saxlayır.
İndi Tarix muzeyinin yerləşdiyi bina köhnə saray olmaqla, bağın içərisindəki uca təpədə ispan vitse-kralının iqamətgahı imiş. "Çapultepek" sözü hinduların dilində "cırcırama qayası" deməkdir. Lakin burada vətənin müdafiəsi yolunda şəhid olmuş gənc meksikalılar öz qəhrəmanlıqları ilə onu bir növ "qartal qayasına" çevirmişlər. Qayanın zirvəsində köhnə qala qalmışdır. 1847-ci ildə burada Meksika vətənpərvərləri ilə ölkəyə müdaxilə etmiş amerikan qoşunları arasında döyüşlər getmişdir. Bağdakı təpənin aşağısında hərbi məktəbin kadetlərinə - şəhərin düşmənə tabe olmasına müqavimət göstərən bu axırıncı müdafiəçilərinə heykəl qoyulmuşdur. Onlar əsir düşməkdənsə, ölüm variantını seçmiş və özlərini qalanın divarlarından aşağı atmışdılar. 15-17 yaşlı gənclərdən ibarət xırda bir qrup şəhəri işğalçılardan qoruya bilməzdi. Lakin onlar öz həyatları hesabına millətin şərəfini və ləyaqətini xilas etdilər. Altı mərmərdən yonulmuş məşəl və əlləri üstündə oğlunu tutmuş Vətən-Ananın təsviri, bu obraz dahi Mikelancelonun "Pyeta"sını yada salır, Meksikanın milli faciəsi ilə yanaşı, ABŞ-ın bu ölkəyə olan təcavüzünü xatırladır. Məhz həmin dövrlərdə Birləşmiş Ştatlar Meksikanın nəhəng ərazilərini özünə anneksiya etmişdi. Altı kadet həlak olsa da, onların yandırdıqları məşəl sönməmiş, meksikalılar üçün şimal qonşusunun təhlükəsinə qarşı daim ayıq olmaq çağırışının simvoluna çevrilmişdir. Meksikalılar həm də kimlə qonşu olduqlarını heç vaxt yaddan çıxarmırlar. Onlar öz səmimiyyətlərinə uyğun olaraq deyirlər ki, bu da bizim taleyimizdir ki, Birləşmiş Ştatlarla çox yaxınıq, Allahdan isə çox uzağıq.
Şəhərin ən geniş və ən məşhur küçəsi Paseo-de-la-Reformadır, bu ad ona Meksikanın milli qəhrəmanı, 1861-72-ci illərdə ölkənin prezidenti olmuş Benito Xuares hökumətinin proqressiv reformalarının (islahatlarının) şərəfinə verilmişdir. Küçə Parisin Yelisey çöllərinə bənzəyir və on kilometrlərlə uzanır. Burada ölkənin başlıca abidəsi olan 45 metr hündürlüyündəki İstiqlaliyyət sütunu ucalır. Prospekt Çapultepek parkını kəsib keçir, parkın mərkəzindəki köhnə sarayda isə Tarix muzeyi yerləşir. Muzey Meksika xalqının milli-azadlıq uğrundakı mübarizəsini geniş əks etdirir.
Paseo-de-la-Reforma
ilə İnsurxentes küçələri kəsişir. İnsurxentes küçəsindən sonra
kübar sakinlərin yaşadığı, varlı
villalarla və bağlarla, yaşıllıqlarla
fərqlənən "Zona
Rosa" - "Qızılgül zonası" yerləşir.
Bu rayon sakitliyi və gözəlliyi ilə şəhərin digər hissələrindən
fərqlənir.
Paseo-de-la-Reforma
prospektindən şimalda
isə dünyanın
məşhur filosoflarının
və yazıçılarının
adını daşıyan
küçələr yerləşir. Bu məkan dahilərin adını daşımaqla,
bir daha onları minnətdarlıq
hissləri ilə xatırlamağa məcbur
edir. Dekart, Viktor
Hüqo, Tolstoy küçələri
ilə addımladıqca,
bəşəriyyətin fəxr
etdiyi şəxslərə
ehtiram bəsləyən
meksikalılara bir daha xoş münasibət
izhar etmək istəyirsən.
Çapultepek parkı həm də ən böyük və ən məşhur muzeylər ərazisi olması ilə müqayisə sığmayan
bir məkandır. Digər böyük
park olan Alemedanın yerində isə asteklərin dövründə
bazar olmuşdu. Sonralar, ispan inkviziyasının tüğyan etdiyi vaxtlarda burada yeretikləri (dinsizləri)
camaatın gözü
qarşısında yandırırdılar.
Ona görə də meydan Plasa-del-Kamadero (Yandırılma meydanı) adlanırmış.
Çapultepek parkında yerləşən
məşhur Meksika antropoloji muzeyinin özünə və eksponatlarına biz heyranlıqla
tamaşa etdik. Muzeyin layihəsi
1964-cü ildə tutulmuşdur,
bir etnoqrafik elmi institut kimi
bu, bəlkə də, dünyada özünə bərabər
olan ikinci bir nümunəni tanımır. Muzey hindu xalqlarının
başına gələn
faciələri hərtərəfli
açıb göstərir.
Dünyada ikinci piramidalar ölkəsi olan Meksika və
öz heroqlif əlifbasını icad etmiş onun hindu xalqı
böyük inkişaf
yolu keçsə də, özünə qarşı olan amansız sınaqlardan çıxmağı, azad
olmağı o vaxtlar bacarmamışdır.
Muzeyin yerləşdiyi
məkan da yaxşı seçilmişdir,
Paseo-de-la-Reforma ilə Mahatma Qandi küçəsinin arasındakı
zonada, parkın içində yerləşmişdir. Burada Kolumbdan əvvəlki Meksika irsinin mühüm arxeoloji və antropoloji artefaktları nümayiş
etdirilir, bunların arasında isə daha məşhur olanı Günəş Daşı (və ya hindu
təqvimi daşı)
və Astek Ksoçipilli heykəlidir.
Muzeyin tikintisi,
arxitekturası da çox uğurludur. Həyətində eksponat zalları, iri gölməçə
və bir kvadrat şəkilli sütunun üstündə
"çətir" adlanan
talvar vardır. Muzey 23 eksponat otağından ibarət olmaqla, 8 hektar sahəni tutur.
Muzeyin kolleksiyasındakı Günəş
Daşı hindu
sivilizasiyasından yadigardır,
daşın özü
isə cəngəllikldən
tapılmışdır. Eksponatlar
Şimal, Qərb, Mayya, Meksika körfəzi, Oaksasa, Mexiko, Toltek və Teotiuakan dövrlərinə məxsus
olmaqla sinifləşdirilmişdir.
Birinci mərtəbədə Meksikanın
ispan müstəmləkəçiliyindən
əvvəlki yerli amerikanların mədəniyyəti
nümayiş etdirilir.
Muzeyə gələn qonaqlar dünyanın digər böyük mədəniyyətlərinə
də diqqət verirlər. Sonrakı eksponatlar qədim
İran, Yunanıstan,
Çin, Misir, Rusiya və İspaniyadan danışır.
Ümumiyyətlə, eksponatlarının bolluğuna görə bu, dünya səviyyəsində olan bir muzey hesab
olunur. Zallar İspaniyadan əvvəlki
Meksikaya həsr olunmuşdur, ən uca səviyyədəki zalda isə Meksikanın qədim insanlarının törəmələrinin
bugünkü həyatından
bəhs edilir. Müasir mədəniyyətlər qədim
sivilizasiyaların birbaşa
üstündə yerləşir.
Geniş
muzey adamın ilk gəlişindən özünə
götürdükləri, absorbsiya
etmələri ilə
müqayisədə də
çox şey təklif edir.
Teotiuakan zalında amerikanların
ilk və güclü
dövlətlərini ifadə
edən modellər və obyektlər nümayiş etdirilir. Sonra Tolteklər
gəlir və orada Tula məbədi göstərilir.
Asteklərin Meksikasına həsr olunmuş zalda məşhur Günəş
Daşını görürsən,
burada həmçinin,
astek ilahilərinin panteonunda digər gözəl heykəllər
göstərilir. Sonrakı zalda Oaksaka və Meksika körfəzi sivilizasiyalarının
irsi nümayiş etdirilir. Olmek başının oyulduğu 20 tonluq iri daş da
buradadır.
Həyətdəki nəhəng sütun fəvvarəsi "çətir"
kimi tanınır və bu, təbiətlə
əlaqəni xatırladır.
Muzeydə mühüm ikonalar hesab olunan mayya
və astek dövrlərinə xüsusi
diqqət verilir. Hər iki xalq böyük
və inkişaf etmiş sivilizasiyalar yaratmış, çox sayda hindu
xalqlarını böyük
imperiyada birləşdirmişdilər.
Mexiko təkcə
arxitektura nümunələri
və muzeyləri ilə məşhur deyildir, şəhərdən
azacıq kənardakı
meşədə təbiətin
yaratdığı, möcüzəni
andıran gözəl
bir mənzərə ilə rastlaşırsan, cazibədarlığına görə
o heç də insanın yaratdığı
muzeylərdən geri qalmır. Meşədəki ağacların üstü
ağlasığmayan sayda
açıq qəhvəyi
rəngdəki monarx kəpənəkləri ilə
doludur, onların miqdarı bəlkə də göydəki ulduzların miriadlarından
da çoxdur, yazda meyvə ağaclarındakı çiçək
çətiri belə
heç də bu cür nəhayətsiz
qaydada gur olmur. Kəpənəklər üzüm salxımlarını
andırırlar. Meksikada da
gecə dağlardan əsən küləkdən
qorunmaq üçün
onlar bir-birinin üstünə qonub salxım əmələ gətirirlər. Gecə
növündən fərqli
olaraq onlar çox fəaldırlar, çəkisi 1 qramdan az olan bu həşəratlar incə qanadları hesabına uzun məsafələrə uçurlar.
Onlar Kanadadan buraya uçub gəlmək, qış vətənini tapmaq üçün 3
min mil məsafəni qət
edirlər, yeganə kəpənəklərdir ki,
quşlar kimi ildə iki dəfə
miqrasiya edirlər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 20 aprel.- S.22.