EVƏ
GƏLƏN VƏ EVDƏN GEDƏN YOL
Kəndin
qırağındakı evin
dalında
Bir yol var idi,
Qayıdanda - eniş,
Gedəndə - yoxuş.
Evin bacasında işıq yanırdı,
O işıq qoymurdu səhər açınca
Eniş yol dikləşib yoxuşa dönsün.
Səhər həmin eniş yoxuş olurdu axşama qədər.
QƏRİBƏ İSTƏK
Eh, neçə zamandı elə evdəyəm,
Canım
çox darıxır,
Ürəyim dəlir.
Bu gün küçələrə
baş çəkəcəyəm,
Qənşərimə ilkin çıxan adama
"Salam əleyküm" deməyim gəlir.
MƏHDUDİYYƏT
İÇİNDƏ AZADLIQ
Addımlarımı
Yavaşıtmaq, yeyinlətmək
İxtiyarımda olmasa belə,
Əllərimi cibimə qoyub
Fit çala-çala
Gedə bilərəm.
İLK BAHARIN HİYLƏSİ
Bağına zoğallar, əriklər
əkib
Cavanlıq çağında aldanmış
qarı,
Düşünür, aldada bilməsin təki
Mart asan süyülən bu ağacları...
MİN BİRİNCİ
TÖVSİYƏ
Olan alt-üst olur lap bircə anda,
Maraqlı həmişə işin dalıdır.
Yaşamaq istəyən eyni
zamanda
Suya və atəşə oxşamalıdır.
TƏHLÜKƏLİ FİKİR
Uçaqda qəflətən peyda
olan terrorçu kimi
Bir fikir cücərdi başımda
indi.
Ya başqa tərəfə yönəldəcəkdir,
Ya da lap əvvələ qaytaracaqdır
Bu fikir məni.
YATARAQ YATMAMAQ VƏ YA YATMAYARAQ YATMAQ
Dedim, yatırsanmı?
Dedi, yatıram.
Dedim, yatırsansa,
Söhbətimiz necə baş tutur bizim?
Mən elə yatmaram ki, sənin ilə
Danışa bilməyəm, - dedi, - əzizim.
SEVGİMİZİN TƏRCÜMEYİ-HALI
Hər şeyin tərcümeyi-halı
var,
O cümlədən məhəbbətin
də.
Bizim sevgimiz inişil həyətə
Əkdiyimiz ağaclardan da kiçikdir,
Bildir tavanda pərvazlanan
Qaranquşlardan da.
Bizim eşqimizin tərcümey-halı
İki sözə sığır:
Görüşdük. Sevişdik.
HARDAN TAPDIN
Söylə hardan tapdın gənclik çağımı,
İyirmi yaşımı necə aradın?
İxtiyar sinnimin
Harasına yamayım
Mən indi bunu?
ÇƏKƏNİ QALDI
Samaqon içildi, çəkəni
qaldı,
Siqaret kül oldu, çəkəni qaldı.
Tək bircə dərd qalıb öz dərdliyində,
Keçmir ki, deyəsən, çəkəni qaldı.
SON SALAM
Külək sızladırdı könül
tarını,
Dayanıb baxırdım boşluğa
sarı.
Yola sürtə-sürtə pustallarını
O yandan gəlirdi qos-qoca qarı.
Özü kimi əldən
düşmüşdü donu,
Beləcə o qarı gəldi də keçdi.
Sonuncu salamı qalmışdı
onun
Salamını mənə verdi də keçdi.
VARİS
Təbiyyət gözəlləşdikcə
İnsanlar özəlləşdirdilər
Yarpaq-yarpaq
Ləpirlərimiz düşən döşləri.
Amma evinizdəki sənsizlik,
Qapı-bacanızdakı səssizlik
Lazım
olmadı
Əliarayışlı insanlara.
Yeganə varisiyəm bütün bunların.
YERALTI YOL ƏHVALATI
Ayaqda gələrkən metroda indi
Qızların üzündən işıq
içirdim.
Qəflətən bir nəfər
pəzəvəng girdi,
Durduğum yerdəcə xeyli kiçildim.
Gördüm, pəzəvəngin zəhmi var, həm də
Qara qanadlartək
qaşı çatmadı.
Yol boyu yenidən cəhd eləsəm də,
Ta həmin işığa boyum çatmadı.
ŞƏKİL
Şəklimi çəkdirdim, mat qaldı çəkən,
İlahi, şəkildə yox idim özüm.
Onun üzərinə həkk olunmuşdu
Ən sirli muradım, ən gizlin sözüm.
O sözü heç kəsə deyə bilmərəm,
Dilimə gələndə, bağlanır
çənəm.
Əgər biz üz-üzə gəlsək
bir kərə,
Xəlvət göstərərəm o şəkli
sənə.
UNUT
Unut həftələri,
Ayları
unut,
Unut fəsilləri,
unut illəri.
Görüşdüyümüz gün var,
Bir də ayrılacağımız
Gün var qabaqda.
***
İnsan
adətlərin, ənənələrin
Həm keşikçisidir, həm
də dustağı...
Və insan bağlıdır öz amalına,
Fırlanır, dolanır onun başına,
Hörüşdəki heyvan çüyün başına
dolandığıtək...
GÖYLƏRƏ
YAZILAN NƏĞMƏ
.
. Göylərə yazıldı
Quşun
cəh-cəhi,
Çatdı Allaha.
Torağay qayıtdı,
Amma nəğməsi
Qayıtmaz daha.
***
Günəşli havanı al günəş
deyil,
İnsan yaradır.
Hava nurlu olur, yağmursuz
olur
Səmaya dəyəndə eşqin
qanadı.
GÜNƏŞLİ VƏ
KÜLƏKLİ GÜN
Şəfəq sınır qarışqanın
Parıltılı kürəyində...
Niyyət
qalır,
Yön dəyişir
Günün tozlu küləyində...
GÜZGÜ VƏ QAFİYƏ
PROBLEMİ
Güzgü həm doludu, həm də ki boşdu,
Axşamın çaları güzgüdə
xoflu,
Pəncərədən isə baxanda xoşdu...
Tədarük qafiyəm qalıb,
qoy deyim:
Bu şeiri İmir
Məmmədli qoşdu.
Əlavə qafiyəm olmadı
deyə
Təkrarlayıram,
Güzgü həm doludu, həm də ki boşdu...
P.S.
Bu faktda coşqun bir şey olsaydı,
Deyərdim, qəflətən ürəyim
coşdu...
EVİMİZ
Atam elə yerdə ev tikmişdi
ki,
Üstündən keçirdi günəşin
yolu.
Belədə insanın duzu, çörəyi,
Suyu və şərabı işıqlı
olur.
Atam elə yerdə ev tikmişdi
ki,
Tavanında quşlar yuva salırdı.
Bizim pəncərəmiz gündüz
günəşi,
Gecələr hilalı yola salırdı.
Atam elə yerdə ev tikmişdi
ki,
Ətrafı qorusun şəfəq
qoşunlar,
Qapımızı daim tapa bilsinlər
Qonaqlar, qohumlar,
bir də qonşular.
KÖHNƏ EVİMİZİ SATANDA
Biz başqa kəndə köçəndə, atam
Köhnə evimizi qonşuya satdı.
Amma satılmadı evimizin tavanındakı
Qaranquşların şən civiltisi.
Yeni il sevinci,
Novruz bayramı
Satılmadı evlə birlikdə.
Taxta döşəməyə illərcə
düşən
İllərcə böyüyən ləpirlərimiz
Qaldı
evimizi alan
qonşuya
Havayı, peşkəş.
QƏRİBİN XƏYALI
Qürbətdə meydanı tam daralanda,
Qəribin yadına ölkəsi düşdü.
Elə bil həmin an
körpə uşağın
Üzünə ananın kölgəsi düşdü.
DƏYƏR
Daşı qoyacağın yer
bəllidirsə,
Daşımağa dəyər.
Bax, indi rahatca ölə
bilərəm,
Deyəndən sonra
Yaşamağa dəyər.
İmir MƏMMƏDLİ
525-ci qəzet.- 2019.- 20 aprel.- S.19.