Tariximizə Lətif Hüseynzadə
baxışının dəyəri və önəmi
Tarixin
müxtəlif dövrlərində olduğu kimi, 1918-1920-ci
illərdə də Naxçıvan əhalisi erməni quldur
dəstələrinin hücumlarına məruz qalıb,
amma məğlub olaraq fərar
ediblər.
1999-cu
ilin 4 fevralında, hələ o dövrdə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi
haqqında verdiyi xüsusi fərmanında
Naxçıvanın qədim və müasir tarixinin, mədəniyyətinin,
onun qəhrəmanlıq ənənələrinin,
böyük şəxsiyyətlərinin dərindən və
ətraflı öyrənilməsini bir vəzifə olaraq
qarşımıza qoymuşdur. Bu fərman sayəsində
vaxtilə sovet dövründə, kommunist rejimində
yazılmasına və deyilməsinə imkan verilməyən,
daim xalqdan gizli saxlanılan sənədlərin, tarixi hadisələrin
və xatirələrin yazılıb geniş xalq kütləsinə
çatdırılmasına əlverişli imkan yaranıb.
Məlum bir həqiqətdir ki, "Böyük Ermənistan"
yaratmaq ideyasını gerçəkləşdirmək
üçün ermənilər 1918-1920-ci illərdə Azərbaycanın
başqa bölgələrində olduğu kimi,
Naxçıvanda da türk-müsəlman əhalisini
qırıb yox etmək cəhdi ilə qanlı cinayətlər
törətmişlər.
Naxçıvanda
yaşayıb, boya-başa çatmış 1903-cü il
doğumlu, bir çox hadisələri öz gözləri görmüş,
şahidi və iştirakçısı olmuş Lətif Hüseynzadə 1930-cu ildə
Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsindən məzun olmuş, uzun illər İrəvanda,
Naxçıvanda, Bakıda
müəllimlik etmiş, "Əməkdar müəllim",
dosent adına layiq görülmüş, Türkiyə-Azərbaycan
dostluq əlaqələrinin möhkəmlənməsində türk ordusunun, Şərq cəbhə
komandiri general Kazım Qarabəkir Paşanın qəhrəmanlıq
şücaətlərinin təbliği sahəsində xidmətlərinə
görə Türkiyənin "Türk Kara Küvvetleri
Komutanlığı" ordeni ilə təltif olunmuş, 106
il mənalı həyat sürmüş, tariximiz, ədəbiyyatımız,
mədəniyyətimizə dair dəyərli kitablar, memuarlar,
xatirələr yazmışdı.
Ulu öndərimiz Heydər Əliyev Lətif Hüseynzadənin elm, maarif və
pedaqoji fəaliyyət sahəsində göstərdiyi xidmətlərini
yüksək qiymətləndirmiş, ilk dəfə olaraq müəllimə verilən Vətənin ən yüksək ordeni -
"İstiqlal" ordeni ilə
onu təltif etmiş və
demişdi: "Lətif Hüseynzadə özü bir
tarixdir"!
Lətif
Hüseynzadənin "Araz şahiddir. Türk ordu generalı Kazım
Qarabəkir Paşa Naxçıvanda" adlı kitabınn təkrar nəşri (2018, ADPU nəşriyyatı.
Elmi redaktoru və ön sözün müəllifi
akademik İsmayıl Hacıyev,
rəyçi akademik İsa Həbibbəyli
və redaktor prof. Rüfət Hüseynzadə) yaddaşımızı, keçmişi bir
daha canlandırdı. Lətif
Hüseyznadə kitabında gözləri ilə
gördüyü, şahidi olduğu o dövrün
acısını, qanlı hadisələrini bu kitabda qələmə
alıb və özünü Kazım Qarabəkir
Paşanın əsgəri olması ilə fəxr edərək,
onun qəhrəmanlıq şücaətlərini,
Naxçıvanın taleyində oynadığı rolu əks
etdirib.
Lətif
Hüseynzadə öz xatirələrində belə yazır:
"1918-ci il mart ayının əvvələrində
Naxçıvan camaatı əziz Novruz bayramını şən
keçirmək həvəsi ilə
hazırlaşdıqları bir zamanda ermənilər şəhərin
Şahab, Əlixanlı, Zaviyə məhəllələrini
top atəşinə tutdular. Yaşadığımız
Sarvanlar məhəlləsini və bu məhəlləyə
yaxın Gomayi, Dizə, Xoşulu məhəllələrinə
od vurub yandırdılar... Əgər
türk ordusu, Kazım Qarabəkir Paşanın ordusu
Naxçıvana köməyə gəlməsəydi, bu vilayətdə
bir nəfər türk-müsəlman qalmayacaqdı. Bütün bunlar mənim gözlərimin
qarşısında olmuşdur".
Bu kitabda tarixi
faktlar o qədər dəqiq və müfəssəl şərh
edilib ki, hər bir tarixçi ondan xeyli faydalana bilər.
Kazım Qara Bəkir
Paşa ilə
Hüseyn Cavidin dostluğu
elə aydın və parlaq təsvir olunmuşdur ki və yeri
gəldikcə şeir, bədii
parça nümunələrindən
məharətlə elə istifadə edilmişdir ki, hər
bir ədəbiyyatçı üçün də çox
maraqlı və dəyərli bir mənbə ola bilər. Həmiçinin,
kitabda vuruşmalar,
döyüş səhnələri, hərbi
strategiyalar və siyasi anlaşmalar yerli-yerində tam dəqiqliklə
verildiyindən, siyasət adamları üçün də, hərbi xadimlər
üçün də çox maraqlı və qiymətli mənbə ola bilər.
Lətif Hüseynzadə hadisələri, döyüş
meydanlarını öz gözləri
ilə görməsi və özünün də bir
çoxunda iştirak etməsi,
həmçinin, dahi şairimiz Hüseyn Cavidin
şagirdi olması, Kazım Qara Bəkir Paşanın əsgəri
olması, hadisələri
daha yaxından izləməsi,
özünün də jurnalist
qələminə sahib
olması xatirələrinin daha
canlı və aydın, daha zəngin və məlumatlı
olmasına yol açıb. Bu cəhətdən kitabı oxuduqca sanki
özünü bu hadisələrin içində hiss edirsən, sanki hadisələrin
iştirakçısına
çevrilirsən. Elə
bu səbəbdən də bu kitab əsasında, dəyərli
bir mənbə kimi buna istinad edilərək profesor Adil Babayev
pyes, yazıçı-müəllim, pedaqoq, məktəb direktoru Səadət İskəndər
"Qarsa gedən yol" adlı
roman, yazıçı Güllü Məmmədova
"Qarabəkir əfsanəsi" adlı sənədli roman
yazmışdır.
Azərbaycanda Demokratik Cümhuriyyət
yarananda Kalbalı Xan Naxçıvaniski Kəngərli
Naxçıvanda yenicə yaradılmış "Milli komitə"nin təşkil etdiyi orduya baş komandan təyin
olunur. Lətif müəllim bu ordunun yaradılmasını təfsilatı
ilə elə çox
dəqiq təsvir edir və hətta ordu
quruculuğunda çeçen zabiti Böyük Xanın bu
orduya top, silah-sürsatla
yardım etməsini nadir bir fakt kimi qeyd edir.
Ermənilərin
daşnak birləşmələrindən yardım alaraq
Naxçıvanı daim narahat etdiyini qeyd edən Lətif
Hüseynzadə göstərir ki, Naxçıvan ordusu onlara
güc gələn kimi, ermənilər tez aman diləyir, təslim
olurdular. Amma yenidən qüvvə toplayan ermənilər
öz quldurluqlarından əl çəkmirdilər.
Kitabdan oxuyuruq ki, 1918-ci ilin iyun ayının əvvəllərində
Andranik 15 minlik quldur dəstəsi ilə qəflətən
Naxçıvan ərazisinə soxulmuşdu. Onlar ilk
addımlarında 700 evlik Culfanın Yaycı kəndinin əhalisini
qılınc, xəncər və süngü ilə qətl
edərək Araz çayına tökmüşdülər.
Araz bu qanlı cinayətlərə şahiddir.
Andranikin
qoşunu Nehrəm kəndini mühasirəyə alıb kəndi
top atəşinə tutmuşdusa da, kəndə girə bilməmiş,
amma kənd ətrafinda obalara hücum edərək oradakı
qadın, uşaq və çobanlanı vəhşicəsinə
öldürmüşdülər. Andranik
Naxçıvanın türk-müsəlman əhalisini
qırıb, şəhəri işğal etmək
üçün ciddi hərəkətə keçmişdi.
Əhali soyqırım qarşısında, vətən
erməni işğalı təhlükəsində idi.
Bu zaman 1918-ci ilin iyul ayının
7-də şanlı Türk ordusu Naxçıvanı erməni
işğalından xilas etmək üçün zəfər
marşı ilə şəhərə daxil oldu. Naxçıvan əhalisi türk ordusunu
böyük məhəbbətlə qarşıladı.
Məlum olur ki, Mustafa Kamal Atatürk Naxçıvana
xüsusi diqqət və qayğı göstərmiş, bu
diyarı "Türk qapısı" adlandırmış,
Kazım Qarabəkir Paşa isə
buranı "Şərq qapısı"
adlandırmışdır. Əsərdə Kazım Qarabəkir
Paşanın təşəbbüsü ilə
"Naxçıvan Araz-türk cümhuriyyəti"nin təşkilindən və o zaman
Naxçıvanda yaşayan böyük şairimiz Hüseyn
Cavidlə Kazım Qarabəkir Paşa arasındakı dostluq əlaqələrindən,
Naxçıvanın gələcək taleyi üçün
bu dostluq əlaqələrinin böyük əhəmiyyətindən
bəhs olunur. Burada bir sıra maraqlı faktlar, hadisələr
verilmişdir ki, bunlar tarixşünaslığımız,
cavidşünaslıq və habelə Kazım Qarabəkir
Paşanın həyat və döyüş fəaliyyətinin
indiyə qədər öyrənilməmiş cəhətlərini
öyrənmək baxımından həm Türkiyə oxucusu,
həm də Azərbaycan oxucusu üçün oduqca əhəmiyyətlidir.
Lətif Hüseynzadə Hüseyn Cavid barədə məlumat
verərkən öz müəlliminə olan dərin
hörmət və məhəbbətini səmimi sözlərlə
təsvir edir. Kazım
Qarabəkir Paşanın özü də Cavid Əfəndiyə
ustad kimi yanaşmışdır. Əsərdən bəlli
olur ki, Türkiyənin Naxçıvana ordu göndərməsində
Kazım Qarabəkir Paşanın cani-dildən çarpışmasında
hadisələrin bizim xeyrimizə istiqamətlənməsində
Hüseyn Cavidin xüsusən onun Paşa ilə dost
olması böyük rol
oynayıb.
Türk ordusunun Naxçıvandan getməsi ərəfəsində Rüşdiyyə məktəbində Kazım Qarabəkir Paşa ilə vida görüşü keçirilmişdi. Lətif Hüseynzadə xatirələrində qeyd edir ki, bu görüşdə Kazım Qarabəkir Paşa "Naxçıvan xatirələrini" nümayiş etdirərkən burada çəkdiyi rəsmləri göstərdi və "Çocuklara öyüdlərim" adlı əsərinin bir əlyazma nüsxəsini Cavid əfəndiyə hədiyyə olaraq verdi. Sonra üzərində Şərur, Naxçıvan, Culfa, Ordubad bölgələrində "Erməni məzalimi" adlı yazdığı kitabın əlyazmasını göstərərək dedi: "Bən bu xatirələrimdə bu bölgələrdə ermənilərin fənalıqlarını, öldürdükləri insanların sayını, yakdıqları köylərin miqdarını toplayıb yazmışam. Bunu Türkiyədə çap etdirib bütün dünyaya yayacağam". Sonralar Cavid əfəndi 1921-ci ildə "Çocuklara öyüdlərim" əsərini Bakıda nəşr etdirdi.
Məktəbdə vida görüşündən sonra şəhər camaatı, Kazım Qarabəkir Paşa, bir çox əsgər və zabitlər, Cavid əfəndi o zaman "Sultaniyyə" adlanan indiki "Böyük bağ"da döyüşlərdə həlak olmuş türk əskərlərinin məzarlarını ziyarətə-vida görüşünə getdilər. Müəllimimiz türk dünyasının böyük şairi Cavid əfəndi şəhidlərin ruhuna fatihə oxuduqdan sonra dedi: Şəhidlər tanrı aşiqləri ərlər-ərənlərdir, millət vətən fədailəri qəhrəmanlardır. Şəhidlər ölməz, onlar əbədiyyətə qovuşarlar. Sonra bir şeirini dedi:
"Vətən eşqinə can nişan edən ərlər
Əbədi bir həyat içində gülər"
Sonra Kazım Qarabəkir Paşa məzar önünə keçərək şəhidlərin ruhuna fatihə oxuduqdan sonra məzarın başdaşı yanında diz çökdü. Paşa gözləri yaşarmış halda ayağa qalxdı. Əskərlər vida xatirəsi olaraq 12 yaylım atəşi açdılar.
Kazım Qarabəkir Paşanın ordusu Naxçıvanı tərk edərək Təbrizi də xarici nüdaxiləçilərdən azad etməyə getdikdə daşnaq erməni birləşmələri xarici havadarları ilə birlikdə Naxçıvanı və hətta Şərqi Anadolunu bölmək və işğal etmək cəhdlərinə başladılar.
Belə bir vəziyyətdə Türkiyə Böyük Millət Məclisi öz nümayəndələrini Moskvaya göndərərək sülh yolu ilə həm Rusiya, həm də Ermənistanla münasibətləri tənzimləməyə çalışdı. Lakin Ermənistan imperialist dövlətlərin Türkiyəni parçalamaq siyasətini fürsət sayaraq Türkiyənin bir sıra bölgələrini işğal etməyə cəhd göstərdi. 1920-ci il sentyabrın 24-də türk ordusu əks hücuma keçərək Sariqamışı, Qarsı, Gümrünü (Aleksanropol) və bir sıra başqa əraziləri geri qaytardı. 1920-ci il noyabrın 18-də türk komandanlığı daşnakların xahişini nəzərə alaraq atəşi dayandırdı. Türk tərəfinin irəli sürdüyü şərtləri ermənilər qəbul etdikdən sonra noyabrın 25-də Gümrüdə türk və erməni nümayəndələri arasında danışıqlar başlandı. 18 maddədən ibarət bu müqavilənin 2-ci və 12-ci maddələrində Naxçıvanın Azərbaycanın tərkibində Muxtar Respublika olması göstərilir.
Xalqımızın böyük oğlu Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında danışarkən belə demişdir: "... Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli Paşamız Kazım Qarabəkir Paşanın imzası vardır".
Bu müqavilədə və daha sonra 1921-ci ilin 16 martında Moskvada imzalanmış "Dostluq və qardaşlıq haqqında" RSFSR və Türkiyə müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində olması göstərilmiş, sərhədləri müəyyənləşdirilmiş, təhlükəsizliyinə Türkiyə höküməti təminat vermiş və hər hansı bir dövlətin Naxçıvana təcavüzü zamanı türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq təsbit edilmişdir.
Naxçıvanın statusunun beynəlxalq
müqavilələrdə əks olunması istər o
dövrdə və istərsə də indiki dövrdə
böyük siyasi əhəmiyyət kəsb edir. Bu kitab
keçmişimizin bir parçasını öyrənmək,
günümüzün hadisələrini düzgün qiymətləndirmək
baxımından həm Azərbaycan, həm də Türkiyə
oxucusu üçün dəyərli bir vəsaitdir.
Şəhla
ASLAN
525-ci qəzet.- 2019.- 20 aprel.- S.18.