"Latın sükutu"ndakı səslər
və rənglər
Səslərin sözlərə, sözlərin
cümlələrə çevrilməsi
yeni tarixin başlanması, sivilzasiyaların
növbəti önəmli
mərhələyə keçməsi,
bəşəriyyətin sənət
gözünün açılması,
insan amilinin və təhtəlşüurunun
özünü təsdiq
zamanının gəlib
yetişməsi üçün
ən vacib başlanğıc oldu.
Təbiətdəki mütləq harmoniya elementi olaraq səslər zaman-zaman bəzi şeyləri yerbəyer etdi. Xüsusən də insan - tanrı modelinin yaranmasında dil faktorunu meydana gətirdi. İnsanların bir coğrafiyadan
kənarlaşması, dillərin
və mədəniyyətlərin
yaranması məhz homosapiensin özünü
müstəqil ifadəsiylə
başlanğıc götürdü.
İnsanların fərqli coğrafiyalarda
fərqli mədəniyyətlərə
sahiblənməsi sənət
konteksində özgələşməni
və çeşidliliyi
ön plana çəkdi.
Şərq insanı üçün
səslər ritmlərə,
bu ritmlər isə sənətə çevrildi - poeziyadan söhbət gedir.
Əslində, poeziya nümunələrinə
bütün ölkələrin
ən qədim ədəbiyyatlarında rast
gəlirik. Mifoloji elementlərin təsviri
bəsdir ki, biz rahatlıqla bunu deyə bilək. Şərqdə isə bu ənənə, bu ədəbi hadisə köhnəlmədi və
öz yerini digər janrlara asanlıqla vermədi.
Şərq şeiri yeni
çağlara təslim
olmaq istəmədi.
Şərq insanı özünü
poetik simvollarla ifadə etməyi sevir. Məsələn, dünyanın ən
gözəl sevgi dastanları Şərqdə
olub. Şərq insanı üçün
duymaq, hiss etmək şeirlə başlayıb.
Şeir səs hadisədi. Bu günün dünyasında
ədəbiyyatın çiynində
daşıdığı yükləri
şeirlərə aid edib
onların ruhunu bu qədər tünd rənglərlə
bəzəmək istəməzdim.
Ona görə, şeiri ədəbiyyat deyil, səs hadisəsi kimi təqdim edib, məhz bu ifadədən yola başlayıram.
Bu baxımdan Fuad Cəfərlinin "Latın
sükutu"nda yeni bir səs eşidə
bilərik: Fuada xas.
Öncə oradan başlamaq lazımdır ki, Fuad Cəfərlinin özünə məxsus lüğəti var. Onun şeirlərindəki sözlər
içindəki səsləri
ifadə etməkdən
başqa, həm də digər şairlərə bənzəməyən
metaforalarla seçilir. Bu da şeirlərdəki mənaların fərqli yozumlarına səbəb olur. Yəni şeirlər polifonikdir.
Oxucunun fərdi müşahidəsinə
buraxılır. Bu xarakter
şairin oxucularının
az olacağına
işarədir. Şeirlər tamamilə populizmdən uzaq, qeyri-kütləvi və oxucusu ilə intellektual yadlıq yarada biləcək səviyyədədir. Simvolistik və süjetli
olması isə epik çalarları artırır ki, bu da ənənəvi
şeirə bağlı
oxucunu şairdən uzaq sala bilər.
Bir sözlə, şeirlər
sənət konteksində
daha yüksək etapdadır, nəinki şair-oxucu əlaqəsində.
Hətta
demək olar ki, Fuad Cəfərli
üçün, ümumiyyətlə,
oxucunun nə oxuyacağı maraqlı deyil. Seçdiyi sözlərin təcrübəli
oxucunu təəccübləndirməsinə
baxmayaraq, həm də onu eyni
situasiyaları fərqli
dillə düşünməyə
vadar edir. Bu, onun orijinallığıdır.
"Latın sükutu" toplusu ilk bu səciyyəvi xüsusiyyətinə görə
bənzərsizdir. Sənətin kütlə üçün
yox, elə sənət üçün
olduğunun tərəfindədir.
Fuad Cəfərli
ifadə etmək istədiyi mətləbi poetik yox, epik
rənglərlə verə
bilir. Buradan da şeirlərin
təkcə poeziya nümunəsi yox, həm də nəsr nümunəsi olduğu arqumentinə rahatlıqla keçə bilirəm.
Şeirlərin bir çoxsu esse təəssüratı
yaradır. "Adəm
sağ olsaydı...",
"Qara pianoda cavanlaşmaq", "Əslində,
ədalət Roma..." və
bir neçə bu qəlibdə şeirlər var ki, daha çox,
esse kimi qavranılır. Bu şeirlərin alt qatındakı
məna yükü şeirin (və ya essenin) səsində
ağırlıq yaradır
və nə qədər şair poetik olmağa çalışsa da, bu, alınmır.
Şair "heç vaxt ölməyəcək adamlar"ın
arzusundadır. Bu arzu
özünü çılpaq
şəkildə kitabın
sonlarında daha aydın göstərir.
...izsiz-soraqsız adamlar doğulur,
heç vaxt ölməyəcək adamlar...
Və ya "Damımız bulud" şeiri bütövlükdə
bu anlayışa cavab verir. Şeirin misralarından
eşidirik ki, insanlar artıq günəşi, küləyi
duya, sevə bilmir, ağlaya bilmir, göy üzü onlardan çox uzaqdadır.
Həm də torpağın üzərində əbədi
yaşamağa məhkumdurlar.
Sosial problemlərin
incə simvolları var şeirlərdə. Sənətin,
ədəbiyyatın hələ
də xilas yolu olduğuna kəmgüman yanaşma Fuadı narahat edir:
"bircə sən
inanırdın mənim
şair olacağıma..."
"ümidlər anama bənzəyir,
gecələr üzümə qapı açar,
səhərlər dualarla yola salar. "
Və ya
"mən işığa həsrət bir kənd gecəsi"
Yenidən Qərb və Şərq poeziyasının fərqinə qayıtmalıyam. Yuxarıdakı misralar bunu tələb etdi.
Yaşanmışlığın təsviri və kimyası. Şərq şeiri sadəcə baxmağı və onu sarsıdan amilləri təsvir etməyi bacarır. Qərb şeiri isə hadisə yerində özünü xəfiyyə kimi aparır. Mövcud durumun ən xırda detallarını öyrənməyə çalışır. Süjet qurur.
Fuad Cəfərlinin şeirlərində hər ikisi var. Gözümüzdən gizlənməyə çalışan mətn arxası süjet və bizi şairin orijinal səsiylə ovsunlamağa çalışan poeziya.
Şair müxalifliyi, etiraz, yeri gələndə üsyan, ədalətsizliyə, irqçiliyə, müharibələrə hirs, üzüntü, şairin obyektivindəki döyüş kadrları bizi də onun qədər narahat etməyə başlayır. Sosiallığın fərdi təhtəlşüura vurduğu ən sarsıdıcı zərbələri görmək olur Fuadda. Bir cümləsi bəsdir ki, onun nə qədər narazı, eyni zamanda, tanıdığı hadisələrinin təəccüblü olmayan tərəflərini bizə də göstərsin:
"Sevincləri qısa olan şəhərdə
xəyal qurmazlar"
Bu misra alınıb! İstər bədii həlli olsun, istər məna yükü olsun, hər şey yerindədir. Və bu misradan yola çıxıb şairin ümumişlək olmayan səsini yenidən eşidə və arzularını dinləyə bilərik.
"cəftə və ya kilid
olan yerdə qapıdan
küsməzlər..."
Eyni səs,
eşitdiniz?
Şəkil detalları, tarix (bəzən məqsədli
şəkildə təhrif
olunması - anoxronizm),
çətir, qaranlıq,
Günəş şeirlərin
əsas ədviyyatlarıdı.
"Utanmağa uzaqlardan deyil,
Özümdən başladım..."
Pessimist görünməsinə baxmayaraq,
kifayət qədər
realist detal olan "Bir ataya muştuluq"
şeiri fərdin özünü aşması
prosesi haqqında ən yaxşı şeirlərdən ola bilər. "Hekayəm"də, "Bakıda gecə olmaq"da, "Saman çöpü"ndə də
eyni mövzu və təsvirlərdir.
Müxtəlif dövrlərdə Azərbaycan
şeirində fərqli səslər eşidilib,
sözün fərqli rəngləri görünüb. Məncə, ən yeni ədəbiyyatmızda Fuad
Cəfərli imzası ilə də bu səsləri
duya, belə rəngləri sezə bilərik.
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 20 aprel.- S.14.