"Fastfood"
münasibətlər...
Xoşbəxt olduğu təpədən-dırnağa
qədər sezilirdi. Çöhrəsi gül bağçasına
dönmüşdü. Qollarını iki tərəfə açıb
boynumu qucaqlayaraq,
"mən aşiq oldum" dedi. Nəfəsimi dərmədən kimə, nə vaxt, harada suallarını
ard-arda düzdüm.
“Feysbukda” cavabını
verdikdən sonra baxışlarını sağa-sola
qaçırdığını hiss edib, əlavə heç nə soruşmadım.
Üstündən üç gün keçdi. Uzaqdan gəlişini seyr
edəndə adamın
gözünə diyirlənən
sevgi yumağı kimi görünürdü.
Qollarını iki tərəfə açıb,
boynuma atıldı,
"mən nişanlanıram"
dedi. Bu dəfə
təəccüblə, kimlə,
necə, nə vaxt suallarını verdim. Məlum oldu ki, bir
neçə gün əvvəl sosial şəbəkədə tanış olduğu
şəxslə həyatını
birləşdirmək yönündə
ilk addımı atır.
Aradan bir həftə keçdi. Gözləri günəş kimi
işım-işım işıldayırdı.
Qollarını iki tərəfə açdı,
var gücü ilə məni sinəsinə sıxdı,
"toyumdur, hazırlaş"
dedi. Gözümü bir yerdə
durmaq bilməyən bəbəklərinə zillədim,
yenə əlavə nəsə demədim, təbriklə kifayətləndim.
Bir neçə gün keçdi, işıq surəti ilə davam edən münasibət evliliyə
çevrildi. Bir ay ötdü,
yenə uzaqdan gəldiyini gördüm.
Bu dəfə qanadı qırıq quşdan fərqlənmirdi.
Nəşəsi qaçmış, parlaqlığı getmiş,
xoşbəxtliyi buxarlanmış,
şuxluğu itmiş,
ruhu tükənmiş,
ağlamaqdan gözləri
qan çanağına
dönmüşdü. Çarəsiz addımlarla,
gözündən yaş
süzülə-süzülə, qollarında tonlarla yük varmış kimi güclə qaldırıb, boynuma sarıldı və "boşanırıq" dedi.
Necə,
niyə, nə danışırsan suallarını
təkrarladım. Saatlarla
susmadı, danışdı,
danışdı, danışdı...
Əslində, ortada elə
də tutarlı səbəb yox idi. Birdən ağlamağa başladı,
"bu sevgi belə bitməməli idi, bu boyda
eşqi məhv elədi" dedi. Çaşğınlıqdan gözüm
az qalırdı
hədəqəsindən çıxsın.
Eşq, hansı eşq, axı, sənin üçün eşqin böyüklüyü hansı
ölçü vahidi
ilə müəyyən
edilir? İllərlə vaxt tələb
edən işi bir ayın içərisinə
necə sığdırmaq
mümkündür? Enerji xərcləmədən,
əmək vermədən,
əziyyətini çəkmədən,
əzabına dözmədən
sevgimi olar? Axı, bir münasibətə
"nə yoğurdum,
nə yapdım, hazırca kökə tapdım" prinsipi ilə yanaşmaq olmaz. Sonra dedi ki, bir-birilərini
"dostluqdan" siliblər.
Hətta
"qara siyahı"ya
atıblar. İşə
bir bax! Buna
bir göz qırpımında yaşanan
münasibət deyirlər.
Duyğuların belə surətlə istehlak edilməyi adamın qanını dondurur. Bu cür münasibətlər eyni ilə "fastfood" yeməyə bənzəyir.
Həmin
qidalar da belədir, əvvəl-əvvəl
görüntüsü gözlərimizi
oxşayır, sonra qoxusu bizi valeh
edib, özünə çəkir. Dərhal əldə
edir, ala-yarımçıq
çeynəyib uduruq.
Həmin an özümüzü
xoşbəxt hiss edirik.
Bir qədər sonra canımıza vəlvələ
dolur. Partlamaya düşürük. Münasibətlər də belədir.
Gözümüzə cazibədar görünür.
Hərəkətə keçir, ələ
alır, niyyətlərimizi
həyata keçiririk.
Geriyə isə uzunmüddətli
kədər, göz yaşı, təklik və xəyal qırıqlığı qalır.
Günümüzdə yaşanan "fastfood"a
bənzər münasibətlərin
bu cür aclıq duyğusundan elə də fərqi yoxdur. Qısa vədəli
həyəcan peşmançılığın
sarayına açılan
qapının açarıdır.
O kilidi çözdükdən
sonra heç nə əvvəlki kimi olmur. Sən
isə həqiqətin
fərqinə varanda az qalırsan
başını daşdan
götürüb divara,
divardan çevirib dəmirə çırpasan.
Axı, hansı sendviç bir gün əvvəldən ədvaların içində
saxlanıb, ertəsi gün yağda qızardılan, isti vurduqca özünə çəkdiyi qarışığın
qoxusunu aləmə yayan, incəliklə hazırlanan şam işığının aydınlatdığı
masada yeyilən
ətin dadını verə bilər? Mümkün deyil!
Çünki bunlardan biri aclığı yatındırır,
digərinə isə
əmək, diqqət,
sevgi sərf edilir. Səbəb nə olursa
olsun, yaşanan surətli münasibətlər
bir müddət sonra sadəcə bədəni deyil, ruhu da yorur.
Get-gedə ayaqüstü
qidalara alışdığımız
kimi o cür münasibətlərə də
öyrəşirik. Bir-birimizi yoxlayırıq,
uyğun gəlmiriksə,
digərinə keçirik.
Çoxumuzun ruhu bu cür "yeniliklərə"
açıqdır. Ürəyimiz sıxılanda yenidən yapışır, köhnəyə
yadırğayırıq. Bədbəxtçilik isə bunu
normal qəbul etməyimizdədir.
Qane olmuruq, gözümüz doymur, ruhumuz tətmin olmur. Gözləntilərimizin nə olduğunu
bilmirik. Həvəsin adını eşq qoyuruq. Onunla göyün yeddinci
qatına qalxmağı
planlaşdırırıq. Heç fəzaya çatmağa macal tapmamış yerə çırpılırıq.
Bir neçə dəqiqə
ərzində "dərin
eşq"ə fərman
verir, saniyələr içində boynunu vura bilirik. Bir aydan sonra bir-birimizə
düşmən kəsilirik.
Küçədə görsək, üzümüzü
çevririk. Yad
insanlar kimi bir-birimizin yanından ötüb keçirik!
Texnologiya insanın həyatını asanlaşdırmaq üçündür var. Amma biz bu "asan"lığın ağını çıxartdıq. "Mesaj qutusunda" başlayıb, "qara siyahı"da yekunlaşdırdıq. Dünyaya, sevgiyə, dostluğa baxışımız dəyişdi. Elə həddə çatmışıq ki, münasibətləri düzgün idarə etməkdə belə acizik. Yaralamadan, qanatmadan, əzab vermədən davam edə bilmirik. Həm özümüzü dəyərdən salırıq, həm qarşıdakını qiymətsiz hiss etdiririk. Tez başlayıb, tələsik bitiririk. Nə dad anlayırıq, nə ləzzət duya bilirik. Bircə o an qane olmaq istəyirik. Sonra partlamaya düşürük.
Yeri gəlmişkən, boşanma prosesinin
üstündən bir neçə həftə
keçdikdən sonra sevincək halda gəlib boynuma
atıldı, möhkəm qucaqladı. Tanış mənzərə
idi, hiss edirdim, yenə "aşiq"
olmuşdu.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 20 aprel.- S.14.