"Əsir düşərgəsi": ən yanıqlı fəryad kimi

 

 

 

Redaksiyadayam. Qəzetin şənbə sayı üçün yazı hazırlamalıyam. Mövzumu da bilirəm, nəyi necə yazacağımı da.

 

Gözlərimə yığılmış, ordan qopub yanağımla qovuşmaq üçün bircə qırpımı gözləyən yaşları uda-uda, dəqiqələrdir, komputerimdə açdığım boş səhifəyə baxıram. Onsuz da cəmi 235 səhifəlik kitabı günlərdən bəri necə ağrıyla, əzabla oxuduğumu bir Allah bildi, bir mən, bir də göz yaşlarımın iz saldığı o kitab... Bilirdim belə olacağını, bilirdim. Ona görə "tez oxuyub bitirəcəyəm" fikrilə aldığım kitabı, neçə vaxtdı, guya görməzliyə vururdum. Şəxsi kitabxanamda ən öndə olan o ağ-mavi üz qapağından hər dəfə, öz yəqinimdə, gözlərimi elə ustalıqla yayındırırdım ki...

Oxumağa qorxduğum çox az sayda kitablardan biri oldu Vüsalə Məmmədovanın "Əsir düşərgəsi". Hələ bir dəfə sosial şəbəkədə müəllifin özünə də yazmışdım bu barədə.Yazmışdım ki, kitabınızı oxumağa cəsarətim çatmır... Çünki kitabda toplanan hekayələrlə illər öncədən, Lent.az-da yayımlanan "Əsir düşərgəsi" layihəsindən tanış idim. O qədər olub ki, bu hekayələri oxuduğum yerdə hönkürtü üzündən yarımçıq qoymuşam...

Kitab, ya da Vüsalə xanımın uzun zamandır apardığı layihə barədə məlumatı olanlar artıq bildilər ki, söhbət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətlərdən bəhs edən hekayələrdən gedir. Müəllifin bu layihədən olan "Cəhənnəmdə böyük çığırtı" adlı birinci kitabındakı kimi, burada da hekayətlər əsir və girovların öz dilindən qələmə alınıb. Kitabda cəmi doqquz hekayə toplanıb ("Alça ağacının altındakı məzar", "Qarın qanatdığı yaddaş", "Ölümə alışmalıyıq", "Burada saat lazım olmur", "Əcələ iməkləmək", "De ki, atam tez qayıdacaq", "125 gündə qocalmaq", "Qızımı görmədiniz?", "Ən kədərli vidalaşma"). Bu hekayələr təxminən otuz insanın, otuz girovun taleyini, yaşadığı faciəni əhatə edir. Bir çox faktlar geniş ictimaiyyətə ilk dəfə çatdırılır.

Müharibə uşaqları 

Doqquz hekayənin hər birində müharibə uşaqlarını görürük. Sevdiyi kəndinə, doğma evinə qayıtmağın sevinci bircə güllə ilə qursağında qalan 8 yaşlı Nicat, ermənilərin guya sağaltmaq adıyla qolunu ömürlük şikəst qoyduğu 2 yaşlı Şövqi, anasını əsirlikdə itirən, düşmən zərbəsindən ömürlük gözləri tutulan yaş yarımlıq Nurlanə, əmisinə, atasına verilən bütün işgəncələri öz gözləriylə görən altı yaşlı Sirac, öldüsü, qaldısı heç zaman bilinməyən, adı hələ də itgin 21 uşağın yer aldığı siyahıda olan Şahnaz, Məzahir, Arzu, Ramil, Babək, Gülnaz, Elmidar, Habil, İlhamə və başqaları müharibənin ən böyük vəhşiliklərini yaşamış körpələrin cəmi bir hissəsidir. O hissə ki, elə təkcə onların qorxularını oxumaq müharibəyə olan nifrətin min qat çoxalmasına, düşmənə qəzəbin damarlarına od vurub yandırmasına səbəb olur: “Zatən biz - müharibə uşaqları heç birimiz böyümədik. Uşaq da ola bilmədik... Buna görə də Şövqinin sol qolu mənim üçün müharibə uşağının simvoludur... Bizim hamımızın - kiminin içində, kiminin də dışında böyüməyən bir hissəmiz var..." 

Əsirlikdə ana olmaq...

Müharibədə uşaq olmaq çətindir. Bəlkə də ən arzuolunmazdır. Bəs ana olmaq? Müəllifin dili ilə desək, müharibələrin mövcud olduğu dünyada ana olmaq nəyə gərəkdir axı...

Yazıda əsir analara xüsusi hissə ayırmağımın əsas səbəbi Səma Kərimova ("Qızımı görmədiniz?"), Bəsti Abbasova ("Ölümə alışmalıyıq"), Gülcamal Quliyeva, Nərgiz ("Ən kədərli vidalaşma") və onların fonunda öz canını unudub, balasının həyatının hayına düşən bütün analardır. Hərəsinin öz ağrısı, hərəsinin öz kədəri, hərəsinin öz faciəsi...

Balası Nurlanə ilə birgə əsir düşən Səma özünün qadınlıq qüruruna, ana adına ləkə düşməməsi, "əsir qadın" adını üstünə almamaq üçün saç sancağıyla damarlarını kəsib intihar edir. Əlbəttə, özü ana olan bədbəxt gəlin həm də bir ananın qızı idi. Anası Sevda Kərimova əsirlik görməsə də, ondan betər faciəni yaşamağa məcbur oldu. Bala dağı ömürlük onu öz cəngində əsir saxladı.

Gülcamal Quliyeva... Mənfur düşmənə əsir düşərkən səkkiz aylıq hamilə idi. Amma erməni faşistləri hamilə qadına belə rəhm etmir, onu da digər əsirlər kimi döyür, təhqir edirdilər.

"... Gülcamal doğuş sancılarını çəkərkən bu ağrıların dünyada ən dəhşətli ağrı olduğunu hesab edirdi. Amma indi başa düşürdü ki, doğum evini övladsız tərk etməyin verdiyi əzab daha məşəqqətli, daha dözülməzdir..."

Yox, onun övladı ölməmişdi, əlindən də almamışdılar. Ancaq düşmən nə etmişdisə, uşaq ömürlük şikəst qalmışdı, dərd-sərini isə tapan olmadı. Beləcə, əsir düşərgəsində doğulan Arzu cəmi 10 il yaşaya bildi, əlbəttə, buna yaşamaq demək mümkün idisə...

Nərgiz... Namusunu və uşaqlarını düşməndən qorumaq üçün heç gözünü qırpmadan iki oğlu ilə birgə özünü qayadan atan bu qadın təsadüf nəticəsində sağ qala bilir və məşəqqətli yollardan, ağır sınaqlardan keçə-keçə əsir düşməkdən, ölməkdən qurtulur.

Nərgiz kimi, Səma kimi, Gülcamal kimi taleyinə müharibə yazılmış qadınlar heç də az deyildi. O qadınlar ki, yanlarındakı yol yoldaşları öləndə onlara həsədlə baxırdılar. Ölmək üçün yollar axtarırdılar. Kimi bunu bacarır, kimi isə...

"Hamısını eyni aqibət gözləsə də..."

"Əsir düşərgəsi" Qarabağ müharibəsinin ən gizlin məqamları ilə dolu bir əsərdir. Müharibə deyəndə daha çox atəş, gülləbaran, ölüm, ən yaxşı halda əlillik gözümüzün qabağına gəlir. Yəqin çox azımız əsirliyi yada salırıq. Ancaq bəlkə də müharibənin ən dəhşətli faciəsi əsirlikdir. Qanını içməyə hazır olan düşmənlə eyni havanı udmaq, öz torpağında, ata-baba yurdunda onun hər cür işgəncəsinə, təhqirlərinə dözmək aldığın fiziki zərbələrdən ən ağırıdır. Bunu öyrədir bu kitab. Hekayələrin birində Ağdamın yandırılmasını təsvir edən qəhrəman deyir: "Ağdam elə yanırdı ki, şəhərdə istidən nəfəs almaq mümkün deyildi..." Bu cümləni oxuyanda, heç görmədiyim o şəhəri xarabaya çevirən alovu düz boğazımda hiss etmişdim. Sanki udqunsam, bütün bədənimi yandırıb kül edəcəkdi... Əslində, bu cümlə o əsir aqibətlilərin hər günü, hər anı idi. Ağdamda daş-kəsək, ev yanırdısa, insanların damarlarındakı qanı, sinələrindəki ürəyi, heysiyyəti, duyğuları yanırdı. O yanğının alovu isə illər keçsə də, sönəcək kimi görünmür.

Müharibə qurbanlarının hamısını eyni aqibət gözləyir: ölüm. Kimisi elə hərb meydanında, kimisi evində, kimisi də əsirlikdə ölür.  Aqibət eyni, ölümlər isə fərqlidir. Heç tanımadığın, döyülməkdən, işgəncələrdən sonra canındakı ağrının hayına düşüb adını belə soruşmadığın kamera yoldaşınla maraqlanırsan, eyni döşəmədə, bəzən kürəyini söykəyib yatdığın insanın kimliyini bilmirsən, heç bilmək də istəmirsən. Bircə onu bilirsən ki, o da əsirdir. Sənin kimi, burada və digər kameralarda zarıltılarını, iniltilərini eşitdiyin başqaları kimi... Əsirlik həm də tanımadığın, naməlum insanlarla yan-yana ölümü gözləməkmiş, bu kitabda öyrəndim.

Müharibə hamının canını almır. Ən yaxşı halda necəsə qurtulur, nəfəs almağa davam edirsən. Amma yaşayırsanmı, yaşaya bilirsənmi, bunu o qurbanlardan başqa heç kim dəqiq bilə bilməz. Özləri isə ya susur, ya da o qanlı günlərdə itirdikləri doğmalarını xatırlayıb köks ötürərək, "bizi də müharibə öldürdü" deyirlər...

Kitabı oxuduqca hiss olunur ki, müəllif öz dürüstlüyünü və humanizmini də qoruyub saxlamağı bacarıb. Onun təqdimatında kinin, nifrətin duyğusuz, ruhsuz qoya bilmədiyi erməni də var: Bakı ermənisi Valeh. O, əsirlərə işgəncə verən ermənilər arasında deyil, azərbaycanlılarla eyni həbsxanada yatan məhkumdur. Bakı aşiqi, Azərbaycan sevgisi olan hər bir erməni orada azərbaycanlı əsirlərlə eyni aqibəti yaşayırdı. Çünki onlar düşmənə "satılmışdılar". Valeh öz millətinin vəhşiliyinə dözə bilmir, onlara nifrət edir. Onun tək arzusu aşiqi olduğu Bakıya yenidən qovuşmaqdır. Bu müharibənin qurbanlarından biridir o da. Ona görə də öz əsir yoldaşları bir-birini satdıqları halda Valeh qaçmaq istəyən iki azərbaycanlı əsirə şərait yaradır, onların qaçmağına göz yumub ələ vermir. 

Türkün türk dostu... Əsirlərin "qoruyucu mələyi"

Kitabda yazılanlar insanı hələ heç doğulmadığı, ya da qundaqda körpə olduğu o dəhşətli illərə elə sürətlə aparır ki, olduğun yer, tanıdığın insanlar, həyatdakı bütün gözəlliklər gözündə bircə anda heçə çevrilir. Və birdən səhifələrin arasından gözəlliyin hələ var olduğunu, insanlığın ölmədiyini sübut edən günəş doğur, gülümsəyir üzünə. Barmaqlarınla bərk-bərk tutduğun kitabı az qalırsan, gözündə, ordan da ürəyinin içində gizlədəsən.

"Əsir düşərgəsi"nin ilk günəşi 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına qoşularaq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakdır. Ondan çox-çox uzaqda baş verən döyüşlərə "Azərbaycan türkü tək deyil, onun bizim kimi qardaşları" var deyərək ailəsini, iki övladını atıb qatılan Atilla əsl qardaşlıq nümunəsidir. Və Atilla bu cəbhədə tək deyildi. Döyüşlərin birində əsir düşən Atillanın hekayəsi qanı bir qardaşlarımızın hamısının hekayəsinə bir nümunə idi, əslində.

Kitabın ikinci günəşi isə 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan əsirlərin məruz qaldığı işgəncələrə etirazını bildirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında "qoruyucu mələyimiz" adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçeldir. Əsirlərin hamısı onu çox sevir, sayğıyla xatırlayırlar. İllərlə əsirlikdə işgəncələr görən girovların həyatı məhz Pyer Reyçel və tibb bacısı Yelizavetanın fədakarlıqları sayəsində yüngülləşmişdi. Həqiqətən də bu dünyada nə pislik unudulur, nə də yaxşılıq... 

Qarabağı dolaşmaq...

Vüsalə Məmmədovanın ən azı 30 aylıq araşdırmaları nəticəsində araya-ərsəyə gələn "Əsir düşərgəsi" bir xalqın qan yaddaşının ən ağrılı və unudulmaz səhifələrindəndir. O yaddaş ki, künc-bucağında təkcə 90-cı illərin deyil, bütövlükdə əsirlərin faciələri qalaqlanıb. "Qarabağ haqqında həqiqətlər yazılmır, dilə gətirilmir" motivli iradların tez-tez dilə gətirildiyi zamanda həm bu iradlara cavab, həm də düşmənə, bütün yamanlıqlara vurulan sərt sillədir "Əsir düşərgəsi"! Bu cavabın və "sillə"nin hansı çətinliklərlə başa gəldiyini isə müəllifin "Ən kədərli vidalaşma" hekayəsində "görəsən, hansı qurbanın qalıqlarını tapdayıb ruhunu narahat edirəm" qorxusuyla bir küncə büzüşdüyü Murov səfərində, Kəlbəcərlə bağlı sitatında daha aydın görmək mümkündür: "Orada heç vaxt olmamışam. Amma kəlbəcərli girovların hekayəsini dinləyəndə gözlərinə baxmışam. Orada Kəlbəcərin ən xırda cığırı belə əks olunur. Onları duymaq üçün gözlərində Kəlbəcəri qarış-qarış dolaşmışam..."

Qarabağda heç olmamışam. Amma Vüsalə xanımın qələmində Qarabağı, əsir düşərgələrini qarış-qarış dolaşdım...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 20 aprel.- S.11.