Nəsimiyə həsr olunan
bədii qiraət müsabiqəsi yekunlaşıb
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) mütəfəkkir
şair İmadəddin
Nəsiminin 650 illik yubileyinə həsr olunan “Hüsnü-cəmal,
əqli kamal” adlı ali
məktəblərarası bədii qiraət müsabiqəsi yekunlaşıb.
ADMİU-dan bildirilib ki, iki aya
yaxındır davam edən müsabiqənin birinci mükafatını
Əməkdar artist, universitetin
“Səhnə danışığı”
kafedrasının dosenti,
tanınmış bədii
qiraət ustası Ağalar Bayramovun IV kurs “dram rejissoru” ixtisası üzrə təhsil alan tələbəsi Ümid
Abbaszadə (Ümüd
Abbad Nihani) və Bakı Ali Neft Məktəbinin tələbəsi Nilüfər
Əsgərzadə qazanıb.
İkinci yerə Əməkdar artist, ADMU-nun “Səhnə
danışığı” kafedrasının dosenti Mahirə Yaqubovanın IV kurs “teatr və
kino aktyoru” ixtisası üzrə təhsil alan
tələbəsi Novruz
Şahverdiyev və Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) tələbəsi İlham
Quliyev layiq görülüblər.
Müsabiqənin üçüncü mükafatı Ağalar Bayramovun I kurs “teatr və kino
aktyoru” ixtisası üzrə təhsl alan tələbəsi
Sabirə Abdullayevaya və Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar
Rəfiyevə təqdim
olunub. Nadir Rzazadə
(Bakı Dövlət
Universiteti), Namiq Hüseynov (Fövqəladə
Hallar Nazirliyinin Akademiyası), Fərid Bağırov və Əbülfəz İsgəndərov
(ADMİU) müsabiqənin həvəsləndirici mükafatlarına
layiq görülüblər.
Bakı Ali Neft Məktəbinin tələbəsi
Səbinə Əliverdiyevaya
rus dilində, Azərbaycan Dillər Universitetinin tələbələri
Kəmalə Həsənovaya
və Kənan Abdullayevə isə ingilis dilində ifaya görə xüsusi nominasiya üzrə mükafat təqdim edilib.
ADMİU-nun
rektoru, professor Ceyran Mahmudova qalibləri təbrik edərək deyib: “Üç həftə ərzində Nəsimi poeziyası ilə yaşayırdıq. Üç həftə
idi ki, beynimizdə
Nəsiminin misraları
dolaşırdı. Mənim həyatımda
bu müsabiqə çox əlamətdar oldu. Təəssüf
ki, zaman öz sürətini itiləşdirib və biz
getdikcə mütaliəyə
daha az
vaxt ayırırıq.
Bu günlərdə isə tələbələrimizi
dinləyərkən yenidən
Nəsimi poeziyası ilə təmasda olduq. Şəxsən mən bu günləri heç vaxt unutmayacağam. Çox xoş idi ki, Azərbaycanın
bir çox ali məktəbləri
dəvətimizi qəbul
edərək müsabiqədə
fəal iştirak etdi. Həmin ali məktəblərin
rəhbərlərinə, müəllimlərinə,
bir sözlə, gəncləri bu müsabiqəyə hazırlayan
hər kəsə universitetimiz adından öz dərin minnətdarlığımı bildirəm. Təbii ki, bizim universitetdə çalışan
müəllimlərə, bu
müsabiqənin həyata
keçirilməsində əməyi
keçən hamıya
təşəkkürümü bildirirəm. Yəqin mənimlə
razılaşarsınız ki, bu günə
görə o zəhmətə
dəyərdi”.
Sonra professor Ceyran
Mahmudova müsabiqənin
qaliblərinə və
laureatlarına diplom və pul mükafatı
təqdim edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov
ADMİU-nun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
1973-cü ildə “Nəsimi”
bədii filmi çəkilib, paytaxtın
rayonlarından birinə
mütəfəkkir şairin
adı verilib, onun xatirəsini əbədiləşdirmək məqsədilə
heykəli qoyulub.
Elmar Qasımov “Nəsimi ili”ndə ADMİU-nun bu cür təşəbbüs
irəli sürdüyünü
yüksək dəyərləndirib
və qalibləri təbrik edib.
Sevincini qəzetimizlə bölüşən
iki mükafatçının
müəllimi A.Bayramov
Tələbələrinin istedadına
və hazırlığına
hər zaman güvəndiyini deyən müəllim, bu uğurda onların Nəsimi sevgisinin payını da vurğulayıb. Deyib ki, bu günlərdə
mükafatçılar “Lider”
televiziyasının “Nəsimi
ili” ilə bağlı keçirdiyi tədbirdə və mayın axırında Quba rayon İcra Hakimiyyətinin başçısı
Ziyəddin Əliyevin
təşəbbüsü ilə keçiriləcək
Nəsimi poeziya gecəsində də iştirak edəcəklər.
Sonra tədbir
bədii hissə ilə davam edib. Qala konsertdə ADMİU-nun musiqi sənəti fakültəsinin müəllim
və tələbələri,
müsabiqənin laureatları
çıxış ediblər.
Universitetin tələbələri Nəsiminin sözləri əsasında E.Sabitoğlunun
“Eylədi”, “Nəsimi”
bədii filmindən Tofiq Quliyevin “Söylədi yox, yox” və Süleyman
Ələsgərovun “Neylərəm”
mahnılarını ifa
ediblər. Xalq artisti Gülyanaq Məmmədova və
ADMİU “SABAH” qruplarının aktyor sənəti ixtisası üzrə III kurs tələbəsi Mirsənan Kazımovun ifasında “Segah təsnifi”, muğam sənəti kafedrasının
müdiri, Xalq artisti Teyyub Aslanovun tələbələri
ilə birlikdə ifa etdiyi “Qafil,
oyan” kompozisiyası, həmçinin laureatların
səsləndirdikləri Nəsimi
qəzəlləri tamaşaçılar
tərəfindən maraqla
qarşılanıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 24 aprel.- S.14.