525 yaşlı Füzuli... Və Anarın
kədəri...
Füzulinin
525 yaşı tamam olurmuş... Məni şair
haqqında yenidən düşünməyə və
yazmağa vadar edən həm də bu rəqəmdi,
şübhəsiz. Axı hər vaxt qismət
olmayan işdir ki, dahi sənətkar sənin üçün
sənət simvoluna çevrilmiş rəqəmə -
yaşa çatsın.
Ona görə bu xəbəri eşidən kimi sevimli
şairimin simvolik rəqəmə yetişməsini öz
üsulumla, bildiyim, anladığım şəkildə qeyd
etmək qərarına gəldim. Və elə bugünlərdə
professor Cahangir Məmmədlinin "Anlamaq dərdi"ni
anlamaq dərdi" məqaləsi işıq üzü
gördü. Müəllimim 150 yaşlı Mirzə Cəlili
çağdaş gəncliyə Anarın 50 il qabaq
yazdığı "Anlamaq dərdi" essesi vasitəsiylə
öyrədirdi. Əslində, məqalənin də,
Cahangir müəllimin ideyasının da kökləri dərindir.
Anarın Mirzə Cəlilə sevgisi və o illərdə
bu esseni yazması təsadüf olmadığı kimi, Cahangir
müəllimin də məhz bu məqamda mövzuya, dahi ədibin
yubileyinə bu tərəfdən yanaşması elə-belə
deyil. Məsələ burasındadır
ki, Anar zaman-zaman ən müxtəlif sənətkarların
şəxsiyyətinin və
yaradıcılığının üzərinə gur
işıq salıb yazıları ilə, filmləri ilə
isə iri planda göstərib onları, tanıdıb və
şablon yanaşmaları dağıdıb. Əslində, biz nə qədər "Sovet
dövrü" ifadəsi altında qəlizliyi, məhdudiyyətləri
ümumiləşdirsək də, məncə, hansısa sənətkarı
(söhbət əsl sənətkardan, gerçək sənətdən
gedir) anlamaq bütün zamanlarda sadə məsələ
deyil. Və söhbət Füzuli kimi dahidən
- türk poeziyası sütunlarından birindən gedirsə,
bu çətinlik xeyli artır. Beləliklə, o
dövrdə açıq mübarizə simvolu olan Mirzə Cəlil
haqqında "Anlamaq dərdi" yazmaq böyük cəsarət
tələb edirdisə, zahirən eşq şairi olan
Füzuli barəsində "Şairin kədəri"
essesini qələmə almaq da sadə məsələ
deyildi. Ona görə Füzulinin 525 yaşını müəllimim
Cahangir Məmmədlinin üsulu ilə, ustadım Anarın
"Şairin kədəri" essesinə müraciətlə
qeyd etmək istədim.
Füzulidən və "Şairin kədəri"ndən
danışmazdan öncə deməliyəm ki, Anarın sayəsində
bir çox qəlizləri anlamaq sadə olub məndən
ötəri.
İki dili bilmək yetər ki, (Azərbaycanca və
rusca yazılarını oxumaq üçün) Anarın təqdimatında
ən qəliz sənət həqiqətləri taybatay
açılsın üzünə. "Kitabi-Dədə
Qorqud"un qədim dili çətin gəlirsə,
"Dədə Qorqud dünyası"nı diqqətlə
oxu, bu dastanın nə qədər BİZİMKİ
olduğunu anlayacaqsan. Bəs Üzeyir bəyin
doğmadan doğma musiqisi necə, hansı baryerləri
aşıb gəlib bu günümüzə, təsəvvür
etmirsən, eləmi?! Yerini rahat elə və
"Üzeyir ömrü" filminə diqqətlə bax.
Səttar Bəhlulzadənin Abşeron kimi sərt
rənglərinin içərisində gizlənənləri
görə bilmirsən?! "Bu, Səttar
Bəhlulzadədir" filmini axtar google-da, çox şeylər
aydın olacaq. Siyahını o qədər
uzada bilərəm ki, qəzet səhifəsi dolar və
Füzulinin 525 yaşı gələn nömrəyə qalar.
Hə, deməyim odur ki, Anarın təqdimatında
bir çox sənət nümunələrini və sənətkarları
ayrı yöndən, başqa cür öyrənmək
mümkündür. Təxminən mənimlə
yaşıd olan "Şairin kədəri" essesi də Füzulini
tamam fərqli izah, şərh edir.
Anarın bu cür şərti olaraq "portret"
adlandıra biləcəyimiz yazılarının məndən
ötrü başlıca üstünlüyü qəhrəmanını
canlı, dipdiri göstərməsidir. Füzuli, Mirzə Cəlil,
Üzeyir bəy, Şah İsmayıl Xətai, Nazım Hikmət,
Rəsul Rza canlı adamlardı, sənətkar
"plakatı" deyillər. Füzuli
hansısa əsrlərin o tayında qalmış əmmaməli
qoca deyil Anardan ötrü, müasirimizdir, bu günün
adamıdır və çox aktual ideyaları olan qələm
əhlidir. Bu mənada "Şairin kədəri"
essesi müasir insanla Füzulini xeyli
doğmalaşdırır.
Yazıçı dövrün sənətkara təsirindən
və sənətkarın zamanı yönləndirməsindən
danışıb Füzulinin XVI əsrdəki izlərini
vurğulayır. Və mən oxuduqca düşünürəm məgər
beş əsrdən çox zaman keçsə
də, nə isə dəyişibmi?! Əslində,
Anar bu esse ilə - həm şairdən gətirdiyi nümunələr,
həm də öz şərhləri ilə sıradan
çıxmayan bəlalara və dəyişilməyən dəyərlərə
diqqət çəkir.
"Böyük sələfləri Nəsimi və Xətai
kimi Füzuli də, yalnız şair deyildi, həm də
mütəfəkkir idi. Bir mütəfəkkir kimi Nəsimini daha artıq fəlsəfi
mətləblər, təsəvvüf konsepsiyası,
hürufilik təlimi düşündürürdüsə, Xətai
şiəlik ideyalarına, siyasi problemlərə meyl göstərirdisə,
Füzulini daha artıq məşğul edən ədəbiyyat
nəzəriyyəsi, poetik dil məsələləri
idi..."
Anarın
essesindən gətirdiyim parçada Füzuli sələfləri
ilə müqayisə olunur və şairin sirri, köhnəlməməsinin
səbəbi açılır əslində; "Zira ki
elmsiz şeir əsası yox divar olur və əsassız divar
qayətdə bietibar olur"... Zamanla, yaşadıqca hisslərlə
ağılın, sənətlə elmin vəhdətinin
sarsılmaz olduğunu anlayır adam. Və çox bəsit söyləsək, Füzuli
elə buna görə təptəzədir həmişə.
Anarın qeyd etdiyi kimi "poetik dil" ilə "ədəbiyyat
nəzəriyyəsini" vəhdətdə "təqdim
etdiyi" üçün. Şair özü
axtarışlarını, "ənənə və
müasirlik" problemini farsca divanının dibaçəsində
etiraf etmişdi. Yazırdı ki, ondan əvvəlki
şairlər "hər gözəl ibarəni, incə məzmunu
elə gözəl istifadə etmişlər ki, geriyə
heç nə qalmamışdır". Bəli, Füzuli "elə
zamanlar olmuşdur ki, gecəni sübhə qədər
oyaqlıq zəhərini dadmışdır", "söz
almazı ilə məna gövhərini deşmişdir",
yeni poetik tərz, ifadə yazmışdı. Amma bu dəfə də "belə
məzmun anlaşıqlı deyil" söylənəndə
yazdığı gözündən
düşmüşdü. O zamanlar "Nə qəribə
haldır,söylənmiş söz əvvəlcədən
söylənmişdir deyə, söylənməmiş söz
də əvvəlcədən söylənməmişdir deyə
yazılmır" demişdi.Bu gün əlinə qələm
alan və öz üslubunu tapmağa, yolunu cızmağa
çalışan hər yazıçı Füzulinin bu
"problemini" bölüşər. Elə
ona görə də dahi, əlçatmaz,
ucalığından enməyən böyük sənətkarın
etirafı onu bizlərlə yaxınlaşdırır. Anar şairi tanıtmaq üçün bu nümunələri
də boşuna gətirmir. Həmçinin, Füzulinin
"Salam verdim, rüşvət deyildir deyə
almadılar" ideyası vasitəsiylə ictimai-siyasi xadim
xarakterini də qabardır:
"Bu
ölməz kəlamla dövrünün bürokratik sistemini
damğalayan şair rüşvət bəlasının nə
qədər dəhşətli bir fəlakət olduğunu
müxtəlif səpkilərdə göstərir. "Şikayətnamə"də müəllif
ovqat məmurlarının
özbaşınalığını ifşa etməklə
bunun səbəblərini də açır..."
Beləliklə
Anar, daha çox romantik, aşiqanə əsərləriylə
sevilən şairin nə qədər müasir səslənsə
də, vətəndaş mövqeyini göstərmiş olur.
Və şairin əbədi ideyasını bircə beytlə əsaslandırır:
Cənnəti
almaq olmaz ağça ilə,
Girmək
olmaz behiştə rüşvət ilə...
Amma bütün hallarda "Məcnundan füzun
aşiqlik istedadı" olan şair sevgini, eşqi necə
yazmasıyla, daha doğrusu, hansı ucalığa
qaldırması ilə qeyri-adidir, üstündür, dahidir. Anar şairin
dil məsələsinə münasibətini, türkcə
yazmasını anlatmaq üçün nümünə gətirir.
Ərəbcə yazmasını
yaşadığı yerlə, türkcə əsərlərini
aid olduğu millətə sadiqliyi ilə bağlayır və
yazır ki, Füzulinin farsca yazmaq fikri bəlkə heç
yoxmuş. Və şairin farsca yazmasının səbəbini
divanın dibaçəsindən gətirdiyi parça ilə
izah edir:
"Bir gün bir məktəbə yolum düşdü. Orada farsnəsilli, pəriüzlü bir sərv-qamət gördüm. Bir neçə beyt oxumağımı istədi. Mən də ərəbcə, türkcə şeirlərimdən bir neçə beyt oxudum. Dedi ki bunlar mənim dilimdə yazılmayıbdır, karıma gəlməz. Mənə farsca ciyər yandıran qəzəllər oxumalısan... Bu söz məni utandırdı, könlümə bir atəş düşdü ki, indiyəcən yığmış olduğum xırmanlara od vurub yandırdı və xəyalımın otağını farsca qəzəl söyləmək məhəbbətinin şamı ilə işıqlandırdı. Bir neçə gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri divanını tərtib etdim..."
Anar bu cümlələri belə şərh edir ki, şairin farsca yazması şəxsi hissləriylə, fars gözəlinə jestlə bağlıdırsa, türkcə əsərləri ictimai, tarixi və ədəbi mülahizələriylə əsaslandırılır. Mənim üçünsə bu etirafın başqa mənası var. Fikrimcə, Füzulini yalnız "İlahi eşq", "Allaha məhəbbət" motivləriylə yozanlara ən yaxşı cavab məhz bu nümunədir. Xatırlayıram ki, bir neçə il öncə Füzulinin "Canım, gözüm, əfəndim" mürəbbesini qadına yazılmış sevgi şeiri kimi yozanda klassik ədəbiyyatı çox yaxşı bilən dostlarım şərhlərimlə razılaşmadıqlarını, şairin Allaha, sultana sevgidən danışdığını demişdilər. Bəs "Sənin tək nazəninə nazənin işlər münasibdir" misrası da Allaha, sultana aiddir? - deyə soruşanda cavab almamışdım. Amma bir çox başqa Füzulişünasların da şərhlərində qadın faktorunun inkar edildiyini görüb pessimistləşmişdim. Sufi eşqi tərənnüm edən poeziyanın və Füzulinin də bu cərəyana aidliyinin əleyhinə deyiləm. Amma bütün eşqlər insandan başlanır və zənnimcə, Füzulinin də şeirlərində bütün İlahiliklər insandan keçdiyi üçün Yuxarılara çata və bizləri, sadə yer adamlarını təsirləndirə bilir. Və bu mənada Füzulinin özünün fars gözəlinin bir sözü ilə divan yazdığını etiraf etməsi məndən ötrü son dərəcə vacibdir. Bir də yalnız böyük insan, qeyri-adi kişi qadın az istəyəndə ÇOXundan keçər, özünü fəda etməyə, ürəyini verməyə hazır olar. Və bu mənada sadəcə qəzəl istəyən qadına şairin divan yazması onun şəxsiyyətini, əsl kişi xarakterini göstərir. Və məhz bu fakt sənətkara inamı möhkəmləndirir.
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
- misraları da, bütün başqa sevgi kəlamları da ona görə, söylədiyim inama görə təsirlidir.
Yazımın əvvəlində Anarın Füzulini müasirimiz kimi şərh etdiyini vurğuladım. "Şairin kədəri" essesindən kiçik bir nümunə ilə bu fikrimi dəqiqləşdirmək istərdim. Anar Məcnunun "dəliliyini" sadəcə Leyliyə aşiq olmuş və sevgisinə çatmayan adamın bəlası kimi yozmur, zaman və zəmanə tərəfindən başa düşülməyən gəncin ağrısı kimi şərh edir:
"Məcnunun dövranla barışmaması, zamana etirazı, mühitlə uyuşmaması və faciəvi aqibəti N.Vəzirovun, Ə.Haqverdiyevin bəxtsiz cavanlarının da müsibətidir. Mirzə Fətəlinin Hacı Nurusunun da, Cəfər Cabbarlının Aydınının da bir suyu Məcnuna çəkir. Füzulinin "zülmət içrə bir nur" deyə təqdim etidiyi Qeysi - Məcnun, "dəli" deyə damğalayanların xələfləri - XX əsrin işıqlı insanını - İskəndəri - Kefli İskəndər deyib lənətlədilər".
Əslində, bu gətirdiyim nümunə
yalnız "şərhsiz" adı altında təqdim
edilməlidir. Amma mən kiçik bir əlavə etmək istərdim.
Füzulidən xeyli əsrlər sonra Anarın qələmə
aldığı ən sevilən əsərinin "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanının təkcə
epiqrafları yox, ağrısı da, problemi də "şairin kədərini"
ifadə edir. Və yuxarıdakı siyahını uzadıb
Anarın qəhrəmanlarını - Zauru, Təhminəni əlavə
etmək olar. Sənət bütün zamanlarda
bu problemlərə müraciət edəcəksə, deməli
Füzuli də həmişə müasir olacaq və
Anarın "Şairin kədəri" essesinin qəhrəmanı,
525 yaşlı Füzuli çağdaş sənət məbədi
saydığım "525-ci qəzet"in yazarı kimi
doğma, yaxın olacaq...
PƏRVİN
525-ci qəzet.- 2019.- 24 aprel.- S.17.