Bir uşağın dünyasına səyahət
Bir
Çin atalar sözündə deyilir:
"Övladınız ovcunuzda tutduğunuz quş kimidir, bərk
sıxsanız ölə bilər, boş buraxsanız,
uçub gedər". Bir də "Əgər bir gün
yolunuzu itirsəniz, bir uşağın gözlərinin
içinə baxın, - deyir Paulo Koelyo - Çünki bir
uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi
üç şey vardır: 1. Səbəbsiz yerə xoşbəxt
olmaq; 2. Hər zaman məşğul ola biləcək bir
şey tapmaq; 3. Əldə etmək istədiyi şey
üçün var gücüylə
çalışmaq".
Dünya ədəbiyyatı
uşaqların həyatı, onların cəmiyyətlə
münasibəti, uşaq tərbiyəsi ilə bağlı əsərlərlə
zəngindir. Ümumiyyətlə, dünyaya uşaqların
gözüylə baxmaq yazıçıdan əlavə
müşahidə və inandırıcılıq qabiliyyəti
tələb edir. Bunu isə hər yazıçıda
axtarmaq, əlbəttə, mümkün deyil.
Yazdıqlarını
yaşayan, yaşadıqlarını yazan
yazıçı...
Braziliyalı
yazıçı Joze Mauru di Vaskonselos məhz belə nasirlərdəndir.
Yarı yerli hindu, yarı portuqaliyalı çox yoxsul bir ailənin
övladı olan Vaskonselos hər iki tərəfin mədəniyyətini
daşıyırdı. Onun təhsilini davam etdirməsi
üçün maddi imkanı olmayan ailəsi
övladlarını Rio Qrande du Norte ştatının mərkəzi
Natal şəhərində yaşayan əmisinin yanına
göndərirlər. Olduqca qüvvətli xəyal
gücünə malik uşaq, gələcəyi ilə
bağlı müxtəlif fikirlərə düşür,
özünü ayrı-ayrı sahələrdə
sınayır. Məsələn, doqquz yaşında Potengi
çayında üzməyi öyrənən balaca, gələcəkdə
üzgüçülük üzrə dünya çempionu
olacağının xəyallarını qurur. Orta məktəbi
Natalda bitirdikdən sonra iki il tibb təhsili alsa da, daha
böyük xəyallar onu rahat buraxmırdı və o, təhsilini
yarımçıq qoyub xəyallarının ardınca Rio de
Janeyroya gedir. Burada boks məşqçiliyi, ofisiant, banan
satışı, balıqçı, müəllim və sair
kimi müxtəlif işlərdə çalışır. Əslində,
bu işlər hamısı gələcəkdə
yazıçı olacaq gəncin özünü axtarışı
idi. Bir-birindən tamam fərqlənən mühitlərdə
gördüyü, tanıdığı müxtəlif
insanlar onun xəyal dünyasını genişləndirməsinə
kömək olurdu. Şübhəsiz ki, bu işlər ona
ayrı bir həyat təcrübəsi qazandırırdı.
Çox güclü müşahidə qabiliyyəti olan gənc,
sonralar tanıdığı insanlar və gördüyü
hadisələri romanlarına mövzu etməyi
bacarmışdı. Bəlkə də elə buna görədir
ki, onun yazdıqlarının bir çoxu tənqidçilər
tərəfindən avtobioqrafik əsər olaraq səciyyələndirilir.
Çünki yazıçı hər əsərinə
özündən, həyatından nəsə qatmağı
bacarıb, təxəyyülünün məhsulu olan hadisələrdə
belə inandırıcılığını itirməyib.
Vaskonselos absurdluqların qələmində
inandırıcılıq qazandığı nadir
yazıçılardandır. Səbəb kimi müəllifin
hadisələrə adilikdən heç də fərqlənməyəcək
qədər sadə baxışı və personajlarının
da bu sadəlikdən kənar qalmamalarını göstərmək
olar. O, özü də əsərlərinin uğurunu sadəliyi
ilə əsaslandırırdı: "Mənim
oxucularımı cəzb edən mənim sadəliyim
olmalıdır. Mənim personajlarım hamısı əyalət
tərzində danışırlar".
1942-ci ildə
nəşr edilən "Cır banan" adlı ilk əsəri ona məşhurluğun
qapılarını açır. Əsərlərinin əsas
mövzusu hinduların həyatı olan müəllif
1943-cü ildə bütün ölkəni gəzərək
müxtəlif yerli hindu qəbilələriylə
tanış olur, dostlarıyla birlikdə onların xəritələrini
hazırlayır.
1953-cü
ildə digər məşhur əsəri,
"Qırmızı Tutuquşu", 1962-ci "Rozinya" əsərlərini
yazan Vaskonselosa dünya şöhrətini 1968-ci ildə qələmə
aldığı avtobioqrafik "Şirin portağal
ağacı" romanı gətirir.
Müəllif
on iki günə yazdığı bu romanı iyirmi ildən
çox idi ki, ürəyində
daşıdığını deyirdi.
Xəyalpərəst
Zeze həyat yolunun əvvəlində...
Onun,
çap olunduğu ildən bəri təkcə Braziliyada 150 dəfədən
çox nəşr olunan, 2 milyondan çox satılan, 24 dilə
çevrilən "Şirin portağal ağacı" əsəri
məhz yuxarıda söz açdığımız kimi
uşaqların həyatından bəhs edir. Əsərin
baş qəhrəmanı 5 yaşlı Zezenin həyata və
insanlara baxışı, kövrək, həssas qəlbi, hər
şeyə özünəxas yanaşma tərzi oxucunu dərin-dərin
düşünməyə vadar edir. Bir balacanın dilindən
yazılan əsər illərdən bəri təkcə
uşaqların deyil, böyüklərin də sevimli
romanına çevrilməyi bacarıb.
Avtobioqrafik
səciyyə daşıyan əsərdə müəllifin
öz həyatından izlər aydın şəkildə
görünür. Yazıçı, bu həqiqəti gizləmək
ehtiyacı duymur, elə balaca qəhrəmanını da
öz soyadı ilə təqdim edir: Zeze Vaskonselos.
Zeze
kasıb bir ailənin dəcəl övladıdır.
Balacanın dəcəlliyi o həddədir ki, ona məhəllədə
"şeytanın oğlu" deyirlər. Amma bununla belə,
Zeze oxumağı təkbaşına öyrənəcək qədər
ağıllı, hər gün müəlliminə
çiçək aparacaq qədər qəlbi sevgiylə, mərhəmətlə
dolu, qeyri-adi xəyal gücünə malik, kövrək bir
uşaqdır. Hələ erkən məktəbə
yazılan uşaq buranı və müəllimini o qədər
sevir ki, çöldəki dəcəlliyindən əsər-əlamət
qalmır. Sanki ikili həyat yaşayır: məktəbdə
sakit, çalışqan, ağıllı şagird,
çöldə isə od-alovdur.
Ailəsi
məhəllədən köçmək məcburiyyətində
qalarkən çox üzülən Zeze təzə evlərindəki
şirin portağal fidanını özünə dost
seçir. Minquinho adını qoyduğu (şən
vaxtlarında Xururuka) fidanıyla sirr yoldaşı olan balaca
gördüyü, bildiyi, yaşadığı hər
şeyi və xəyallarını onunla
bölüşür. Zezenin əsl uşaq siması, həssas
qəlbi, insanların iztirablarını dərindən hiss etməyi
və dostluğa sədaqəti də ən çox bu
söhbətlərdə ortaya çıxır. Onun
paklığı bir uşaq paklığından da qat-qat
artıqdır.
Zezenin əsas
problemi ailəsidir. O, dəcəllikləri ucbatından ailəsi,
xüsusən atası və böyük bacısı tərəfindən
bərk döyülür. Hətta bir dəfə bu cür
döyülmə nəticəsində uzun müddət evdə
yatmalı olur.
Deyirlər:
"Hər kəs ata ola bilər, amma hər kəs
atalığı bacarmaz". Zezenin yoxsul, işsiz atası da
ata olmağı bacarmayanlardandır. Ona görə də
balaca qəhrəmanımız həmişə ata modelini ya
çöldə, ya da xəyallarında axtarmağa
çalışır. Onun özünə ilk seçdiyi ata
isə bir qəza nəticəsində tanış olduğu,
ona sevgi və qayğıyla yanaşan portuqaliyalı Manuel
Valadaresdir. Onunla tanışlıqdan sonra Zeze sevginin nə
olduğunu öyrənir və bu sevgiyə sarılır.
Onların bir-birinə olan bu doğmalığı insanlar
arasındakı sevginin bioloji yaxınlıqdan daha çox, mənəvi
duyğulardan asılı olduğunu bir daha sübut edir. Təəssüf
ki, bu dostluq, ata-oğul münasibəti də çox çəkmir.
Valadares bir qatar qəzasında dünyasını dəyişir.
Elə həmin günlərdə Zeze məhəllədə
yol salınmasına görə, tək dostu olan portağal
fidanının da kəsiləcəyini öyrənir.
Üst-üstə aldığı ağır xəbərlər
balaca Zezenin möhkəm xəstələnməyinə səbəb
olur. Ailəsinin və qonşularının səyinə
baxmayaraq, uşaq sağalmaq bilmir və bu müddətdə
fidanından başqa kimsəylə danışmır. Zamanla
xəstəliyi keçir, atası iş tapır, ailənin vəziyyəti
düzəlməyə doğru gedir, amma artıq Zezenin
uşaqlığı ən böyük zərbələrlə
ölmüşdü. "Sən başa düşməlisən
ki, bizim ürəyimiz sevdiyimiz hər şeyi içinə
sığdıracaq qədər böyük
olmalıdır" - deyən Zezenin o həssas qəlbi bir də
sağalacaqdımı?!
Qəlbindəki
günəşi oyat...
Bir
müddət sonra Zeze yenidən oxucularla
görüşür. Bu dəfə yazıçının
"Günəşi oyadaq" romanı onun uşaq macəralarına
həsr olunur. Romanda Zeze yeniyetməliyin astanasında və
yeniyetməlik dövründədir. İlk romandan
tanıdığımız xəyalpərəst qəhrəmanımızda
elə bir köklü dəyişiklik yoxdur. O, yenə də
qeyri-adi xəyallar qurur, özünə qapanır, özü
üçün yaratdığı dünyasında xoşbəxtliyi
kəşf etməyə çalışır.
Bu silsilə avtobioqrafik olduğundan, burada da müəllifin həyatından izlərə sıx-sıx rast gəlirik. Əsər ona təhsil verməyə gücləri çatmadığından Natalda olduqca varlı və bir az da soyuq ailəyə övladlıq verilən Zezenin ailədaxili münasibətlərini sorğulaması ilə başlayır. Artıq onun uşaqlığındakı şən, sevinc dolu qəlbindən əsər-əlamət yoxdur. Zeze ürəyində daha böyük ağrılar daşıyır, "yoxluq" kəlməsinə hər mənasıyla alışmağa çalışır. Ögey bacısı ilə heç cür yola getmir, analığı həddindən artıq vasvasıdır. Ailədə ona qarşı mülayim davranan atalığıdır ki, onu da Zeze özünə yaxın buraxa bilmir. Burada ən yaxşı yola getdiyi qulluqçudur.
11 yaşındakı Zeze şirin portağal ağacını unutmayıb, amma onun iztirabını nisbətən azaldan yeni dostu var: qurbağa Adam. Adam onun ürəyində yaşayır, bir növ iç səsi kimi ona hər şeydə yol göstərir, məsləhət verir, onu düzgün yetişməsi və qəlbinin kirlənməməsi üçün tərbiyələndirir. Yenə də dəcəlliyindən qalmayan Zezenin buradakı məktəb həyatı cəzalarla doludur. Məktəbdəki tək dostu Tarsisio Medeiros və ona adı ilə xitab etməyə icazə verən müəllimi Ata Fayolledir (Ata Felisiano). Onlar onu anlayır, xəyallarını doya-doya yaşamağına izn verir və ən əsası ona inanırlar.
Xəyal demişkən, bu dəfə də Zeze özünə ata seçməyi bacarıb. Ancaq bu ata Valadares kimi yanındakı insan deyil, fransız müğənni və aktyor Maurisin xəyalındakı obrazıdır. Mauris də qurbağa Adam kimi ona əhəmiyyətli məsləhətlər verir, böyüklərdə gördüyü pisliklərə, aldığı cəzalara rəğmən qəlbindəki sevgini solmağa qoymur. Qurbağa Adamın dili ilə desək, Zeze hər ümidsiz zamanlarında günəşi oyandırmağa çalışır. Bu mənada onların bir dialoqu diqqət çəkicidir:
"- Tanrının günəşi bu qədər gözəldirsə, sən bir də o birini düşün.
- Hansı o biri, Adam? Mən çox böyük olan bircə bunu tanıyıram.
- Daha da böyük olan bir başqasından danışmaq istəyirəm. Ürəyimizdə doğulan günəşdən, ümidlərimizin günəşindən, arzularımızda oyatmaq üçün sinəmizdə oyatdığımız günəşdən.
- Adam, sən həm də şairsən, elə deyil?
- Yox. Sadəcə günəşin önəmini səndən öncə anladım..."
Zeze məhəbbəti, məhəbbətin gətirdiyi çətinlikləri, ağrıları, ayrılıqları ilk dəfə bu əsərdə dadır. O, böyüyüb dünyanı və sevgini öyrəndikcə öncə qurbağası Adam, sonra isə mənəvi atası Mauris gedirlər. Və Zeze onu yaralayan, amma bir o qədər də böyüdən ayrılıqlardan sonra həyatına təkbaşına davam etmək məcburiyyətindədir.
Mən böyüdüm, dünya!
Zezenin Vaskonselos yaradıcılığında "Şirin portağal ağacı" ilə başlayan yolu "Dəli-dolu" romanıyla bitir. Burada artıq o, 19-20 yaşlı gəncdir. Həyatında dəyişən tək şey xəyallarındakı obrazlarının olmamasıdır. Artıq o, real həyata adaptasiya olmaq, insanlarla, cəmiyyətlə normal ünsiyyət qurmaq, öz istək, arzu və düşüncələrinə sahib çıxmağı öyrənmək mərhələsindədir, gənc bir adam kimi qorxmazdır. Həyatın çətinlikləri, insanların tənələri onu qorxutmur. Sevdiyi Silviaya sahib çıxmağı, özünə ailəsinin köməyindən uzaqda yepyeni həyat qurmağı bacarır. Cəmi 85 səhifəlik roman bizə öncədən tanıdığımız Zezenin təkcə duyğusallığını və saflığını qoruduğunu göstərir. İngilis yazıçısı Menkisin dili ilə desək, uşaqlıq saflığını itirməyən Zeze artıq böyük insandır. Elə uşaqlığından yalan danışmağı, duyğularını gizləməyi sevməyən Zezeyə dünya təkcə bunu öyrədə bilməyib. O, yenə də dürüstlüyündə qalmaqdadır. Məsələ isə dünyanın və insanların bu xarakteri necə dəyərləndirməsidir.
Haqqında danışdığımız hər
üç roman sayəsində bir uşaq
gözümüzün qarşısında günbəgün,
ilbəil böyüdü və azad həyata atıldı.
Zezenin bəzən oxucunu güldürən, bəzən
ağladan, başdan sona qədər isə düşünməyə
məcbur edən macəraları təkcə uşaqlar
üçün deyil, böyüklər üçün də
çox əhəmiyyətli bir örnəkdir. Ona görə
də Joze Mauru di Vaskonselosun "Zezenin həyat silsiləsi"
adlandıra biləcəyimiz bu üç romanı, məncə,
illər uzunu ən yüksək dəyərini alıb və
almaqdadır. "Şirin portağal ağacı" Azərbaycan
dilində çap olunub. Ümid edirik ki, qısa zamanda digər
iki roman da ana dilimizə çevrilərək uşaqlarımızın
və böyüklərimizin kitabxanasında öz layiqli
yerini tutacaq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 24 aprel.- S.20.