Natəvan Dəmirçioğlu: "Ədəbiyyat
müstəvisində hər kəs özü boyda
görünür"
Natəvan
Dəmirçioğlu maraqlı yazıçı,
tanınmış publisistdir. Filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi var. Azərbaycan Beynəlxalq
Radiosunun şöbə müdiridir. Hal-hazırda Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsində dərs
deyir. Media üzrə ekspertdir. "Qılınc və Qələm",
"İlin qadın yazıçısı" kimi
mükafatlar alıb.
Natəvan
xanım 1963-cü ildə Qazax rayonunda anadan olub. "Bir ovuc
torpaq" adlı ilk hekayəsi 20 yaşı olarkən dərc
olunub. Sonrakı illər bir neçə hekayə və pyes
yazıb. 1997-ci ildə "Üç nöqtə", 98-də
isə "Səbət" povestləri "Azərbaycan"
jurnalında işıq üzü görüb. Keçən
əsrin sonunda Heydər Əliyevin sərəncamı ilə
Prezident təqaüdünə layiq görülüb. Ədəbi
ictimaiyyətdə "Yetim" povesti Natəvan Dəmirçioğlu
imzasını daha geniş tanıtdırıb. Mütəxəssislər
Natəvan xanımın "Birinci kitab"ını ədəbi
hadisə kimi qiymətləndirirlər. Bir neçə dillərdə
və müxtəlif ölkələrdə çap olunan Natəvan
Dəmirçioğlu ikinci dəfə ölkə
başçısı İlham Əliyevin imzası ilə
Prezident təqaüdünə layiq görülüb. Bir
neçə yaradıcılıq birliyinin üzvü olan Natəvan
xanım dəfələrlə fəxri fərmanlarla və
diplomlarla təltif olunub.
- Natəvan
xanım, adınızda kişiyə məxsusluq var, elə
publisist yazılarınızda, hekayələrinizdə də
bunu hiss etmək olur - kişi qələminin məntiqi,
gücü var. Hardandır bu kişilik sizdə?
- İlk
dəfədir ki, mənə belə sual verilir. Mən
qadında sevilməli olan xüsusiyyətlərə
üstünlük verirəm. Məsələn, "filankəs
kişi kimi qadındır" ifadəsindən xoşum gəlmir.
Bir dəfə Rüstəm Kamal da demişdi ki, sənin hekayələrində
kişi yazıçısına məxsus olan keyfiyyət var.
Telefon zəng
çalır. Natəvan xanım açan kimi bildirir ki,
müsahibə verirəm, sonra danışarıq. Tez dilləndim
ki, ay Natəvan xanım, səs yazanı dayandırım, danışın,
bəlkə kiminsə vacib sözü var. Onun cavabı isə
belə oldu: yox, qızımdır, səsindən bildim ki, hər
şey qaydasındadır, sadəcə hal-əhval tutmaq
üçün zəng edib. Artıq 30 ildir ki, səslə
işləyirəm. Səsdən təyin edə bilirəm hər
vəziyyəti, özümün həmin adama lazımlıq
dərəcəmi. Hə, davam edək - deyib, Natəvan
xanım sualımı cavablandırmağa davam edir. "Hər
bir insan mənsub olduğu xalqdan, millətdən kimlərinsə
ruhunu daşıyır. Mən bilmirəm kimin ruhunu
daşıyıram, ancaq təxmin edirəm ki, böyük
kişi ruhudur daşıdığım. İkinci tərəfdən,
mən anamı 12 yaşımda itirmişəm. Atam
saxlayıb bizi. Kişi tərbiyəsi görmüşəm.
Yəqin ki, bütün bunlarla əlaqəlidir, mənim
kişi xakterinə bələdliyim, yazılarımdakı
kişi ruhu.
- Qazax ədəbi
mühiti, belə demək olarsa, Qazax ədəbiyyatı sizi
qane edirmi?
-
Heç bir mənada mən ədəbiyyatı bölgələrə
bölmürəm. Amma bu da qaçılmazdır, təbiət
hadisəsidir ki, insanlar bölgələrə ayrılır.
Son dövrlərdə sanki məqsədli şəkildə
Qazax ədəbi mühitinə qarşı kompleks yaranıb.
Bəzi adamlar elə bilir ki, Qazaxdan filan qələm adamı
olmasaydı, o, daha çox məşhurlaşardı, daha
ciddi yazar hesab olunardı. Məncə, Qazax ədəbi
mühitinin nümayəndələrini gözü
götürməyən adamlar çoxdur. Ədəbiyyat yeganə
sahədir ki, bu ərazidə heç kim heç kimin yerini
tutmur, tuta da bilməz. Ədəbiyyat müstəvisində
hamıya yer var və burada hər kəs özü boyda
görünür. Səməd Vurğunun dövründə
ona paxıllıq edən çox yazarlar var idi. Elə bilirdilər
ki, onların inkişafına Səməd Vurğun mane olur. O
adamlar Səməd Vurğun öləndən sonra 30 il
yaşadılar, ancaq Səməd Vurğun ola bilmədilər.
Bu gün məni öz timsalımda Qazaxdan olan yazarlar məsələsi
qane edir. Əlimdən gələni edirəm. Günün 25
saatını işləyirəm. Düzdür, əsərlərdən
sonra - "Səbət"dən, "Yetim"dən sonra səhhətimdə
problemlər yarandı. Ancaq şükür ki, hər şey
qaydasına düşdü.
Elə bu
vaxt qapı açıldı, orta yaşlı bir xanım
çay gətirdi. Müsahibəni dayandırıb çay
içməyə başladıq. Otağın küncündə
narahat görünən kitablar diqqətimi çəkdi. Hər
yan kitab idi. Hətta gödəkçəmi paltar
dolabından götürəndə gördüm ki, bura kitabla
doludur. Soruşdum ki, ay Natəvan xanım, bu kitabları niyə
incidirsiz? Sualım yerində idi. Natəvan xanımın dərdi
təzələndi. Birnəfəsə cavab verdi:
"Oğul, kitablar mənim ürəyimin yarasıdır.
İllərlə kirayə evdə qorumuşam onları.
İndi də evimizdə yer azdır, kitablarımı
yığmağa ayrıca otağım yoxdur. İşdə,
atamgildə, bacımgildə, evdə qutularda saxlayıram
onları".
Açığı,
mən elə bilirdim ki, jurnalistlər binasında Natəvan
xanıma da ev verilib. Çünki buna onun jurnalist təhsili,
30 illik professional jurnalist xidməti, jurnalistikadan dissertasiya
yazması, jurnalistikadan dərs deməsi və nəhayət,
jurnalistika üzrə ekspert olması əsas verir. Üstəlik,
xanım yazar məhdud mənzil şəraitində
yaşayır. Kiçik bir zarafat edirəm: Yazacam ki, Natəvan
Dəmirçioğluna ev vermirsiz, verməyin, amma onun
kitablarına bir ev verin... Çayımızı bitirəndən
sonra müsahibəmizə davam etdik.
-
Güney Azərbaycanda milli mədəniyyətimizin
inkişafına təsir edə bilirikmi?
- Bu, mənim
dissertasiya mövzumdur: "Güney Azərbaycanda milli mədəniyyətin
inkişafında Azərbaycan Beynəlxalq radiosunun rolu".
Adından da məlum olduğu kimi, mövzu Güney Azərbaycan
məsələsini gündəmə gətirir. Bu isə
müstəqil Azərbaycan dövlətinin siyasəti ilə
üst-üstə düşür. Çünki Azərbaycan
dövləti azərbaycançılıq ideologiyasına
önəm verir, dünyaya səpələnmiş
altmış milyonluq Azərbaycan türkünün vahid,
müstəqil vətəni kimi öz üzərinə
böyük tarixi missiya götürür. Deyilənə
görə, bu elmi işdə çox mühüm məsələlərə
aydınlıq gətirilib. Güney Azərbaycanda
özünüdərk, milli mənsubiyyətini bilmək,
milli mədəniyyətinə sahiblik ciddi məsələlərdir.
Orada soydaşlarımız fars mədəniyyəti
qarşısında öz mədəniyyətini tanımaq,
bilmək, yaşatmaq, təbliğ etmək kimi mühüm
tarixi vəzifə daşıyır. Toplumu millətə,
xalqa çevirən amillər dil ilə bərabər, milli
iradə, milli-mənəvi dəyərlər sisteminin
olması və tarixi keçmişə sahiblikdir. Güneydə
doğulub, böyüyən nəsillərin şüurunun
altyapısında bu məsələlər diri
olmalıdır. Tarixdən çox sayda sübutlar gətirmək
olar ki, əgər xalq, millət müəyyən zaman kəsimində
bu və ya digər imperiyanın təzyiqi altında
yaşamışsa, vaxtı gələndə, siyasi şərait
yetişəndə o imperiya buxovlarından azad ola bilir. Milli mədəniyyətin
unudulması, könüllü dəyişmə və ya
yabançı dəblərə uyma - assimilyasiya toplumu
kültür imperializminin buxovuna salır və sonradan xilas
çətin olur. O səbəbdən də milli-mənəvi
dəyərləri, mənəviyyat yatırımı:
öncə dili, tarixi, folkloru, ədəbiyyatı, musiqini,
geyim və davranış özəlliklərini, mətbəxini
qorumaq gərək. Güney Azərbaycanda azərbaycan- dilli mətbu
orqanlar yox səviyyədədir. Olanlar da bizim mədəniyyəti
fars mədəniyyətinin içərisində əritməyə
çalışır. İranda 45 milyonluq Azərbaycan
xalqının öz dilində məktəbi, ali təhsil
ocaqları, mətbu orqanı, radio, televiziya kanalı yoxdur. Bəzən
Azərbaycan dilində veriliş açırlar və dili elə
təqdim edirlər ki, bu, 70 faiz farslaşmış Azərbaycan
dilidir. Sadə vətəndaşlar, aşıq sənəti
və folklor dəyərlərimiz dilimizi qoruyub saxlayır. Biz
mədəniyyətimizi onlara çatdırmaqla onlara dəstək
olmuş, ümid vermiş olarıq.
Natəvan
xanım İran siyasətinin az qala qurbanına çevrilən
45 milyonluq Güney azərbaycanlılardan elə siyasi söhbətlər
edirdi ki, bir anlığa özümü dövlət əhəmiyyətli
diplomotik danışıqlar aparılan siyasi konfransda hiss
etdim. Görünür, Natəvan xanım ciddi qələm
sahibi olaraq hər yerdə öz vətəndaş
mövqeyini ortaya qoymaqdan çəkinməyən, milli
kimliyini unutmayan həm də bir siyasətçidir.
Çünki o, siyasi cəhətdən elə məqamlara
toxundu ki, şəxsən mən Milli Məclisdə Güney
Azərbaycan haqqında belə məntiqli, içdən
danışan millət vəkili tanımıram. Ümumiyyətlə,
Natəvan Dəmirçioğlu publisist yazılarında da,
hekayələrində də içdən
danışmağı bacaran yazıçıdır.
- Natəvan
xanım, bütün kitablarınız xaricdə çap
olunub. Azərbaycanda oxucunuz yoxdur?
- Mənim
çap olunmamış xeyli materialım var. Mən ac deyiləm
çap olunmağa. Çap olunan əsərlərim məni
qane edir. Əsərlərimə görə xeyli zənglər
gəlir, internet üzərindən yazırlar, fikirlərini
bildirirlər, başqa əsərlərimi istəyirlər.
Yeni romanımdan bəzi parçalar dərc etdirirəm. O saat
münasibət bildirirlər. Romanı tam şəkildə
oxumağa tələsdiklərini söyləyirlər. Yəni
kifayət qədər oxucularım var. Ölkə nəşriyyatları
ilə də danışıqlar aparırıq. Yəqin ki, əsərlərimi
təkrar nəşr etdirəcəm. Ardınca romanı
bitirib, ayrıca kitab halında dərc etdirmək istəyim
var.
-"Kəlağayı"
hekayəsəni niyə yazmısız?
- Qazaxda
Hacı Mahmud Əfəndi baba pirinə getmişdim. O piri sovet
dövründə dağıdılmaqdan Səməd
Vurğun saxlatdırıb. Anbar kimi istifadə olunan piri Mədəniyyət
Nazirliyində tarixi abidə kimi qeydiyyata saldırıb və
nəticədə piri dağıtmayıblar. O vaxt Səməd
Vurğun deputat imiş, sözü keçirmiş. O pirin
divarlarında Qazi Bürhanəddinin, Mir Həmzə Seyid
Nigarinin, Veysəl Qaraninin və başqa övliya-yazarların
deyimləri həkk olunub. Pir müqəddəs ocaq olmaqla bərabər,
Nəqşibəndilik təriqətinin tarixi abidəsidir.
Sonradan Ulu Öndər Heydər Əliyev həmin piri təmir
elətdirib. O pirdə olanda bir qadın mənə kəlağayı
bağışladı. Qadın Hacı Mahmud Əfəndi nəslindəndir
və pirdə xidmət edirdi. Əslində, kəlağayıları
pirə girəndə bağlamalı, çıxanda təhvil
verməliydik. Amma kəlağayı mənə çox
yaraşmışdı deyə qadın onu mənə
bağışladı. Sonra da bütün bunlar hekayəyə
çevrildi. O hekayədə əsas fikir odur ki,
özünün sahib olduğun dəyərləri
yaşadıb, inkişaf etdirməyi bacarmalısan, əks
halda başqaları ona sahib çıxacaqlar, sən
unudulacaqsan. Kürəsəlləşən dünyada ancaq
öz milli dəyərlərinlə seçilə və
sayıla bilərsən.
- Əsəd
Cahangirdən tutmuş Zəlimxan Yaquba qədər çox
adam sizin haqqınızda yazı yazıb. Bu yazılardan ən
çox bəyəndiyiniz hansı olub?
-Mənim
haqqımda bu günə qədər yazı yazan hər kəsə,
sözsüz ki, öz təşəkkürlərimi
çatdırıram. Dünyasını dəyişənlərin
ruhuna, yaşayanların özünə minnətdaram. Zəlimxan
Yaqub kimi bir qələm sahibinin mənim haqqımda yazı
yazıb, "525-ci qəzet"də çap etdirməsi məni
çox sevindirmişdi. Haqqımda yazılan bütün
yazılara şad olmuşam. Amma əgər dürüst cavab
vermək gərəkirsə, ən çox mənim
yaradıcılığım haqqında Əsəd Cahangirin
yazdığı monoqrafiyaya ümidim çoxdur. Əsəd
müəllim sağ olsun, işi avand olsun.
Natavan xanımın sözü bitib-tükənmir, həyat müşahidələri məntiqi olaraq bir-biri ilə sıx bağlıdır. Məsələn, mən ona "Kəlağayı" hekayəsindən sual verəndə o, söhbətə Səməd Vurğundan başlayır. Çünki "Kəlağayı" hekayəsi pir ziyarətindən sonra yazılıb, o pir dağıdılanda isə Səməd Vurğun qoymayıb. Yəni əlaqələndirib bir sualıma min bir cavab verməyi bacaran Natəvan Dəmirçioğlunun ilhamı, sözü dağ çayı kimi gur, səsli-küylüdür. Azərbaycan qadın yazarları arasında Natəvan Dəmirçioğlu ön sıralarda yer alan yazıçılardandır. Onun hekayələri bəşəriliyə kodlaşıb. Həmişə buludlardan yuxarıda söhbət edir. Obrazlarının içinə girib daxili aləmlərini yazmağı bacarır. Hansı obrazdan yazırsa, o olur.
BakuPost.az
Elşad
BARAT
525-ci qəzet.- 2019.- 24 aprel.- S.21.