Barmaqların rəqsi
"... dirijor Niyazidir".
Diktor bu
iki sözü deyən kimi mənim savadsız, televizor
adlı bu sehirli qutuya həmişə biganə olan, təbiətən
qaradinməz nənəmin eyni açılırdı, əlində
yağı da daşsaydı, başını qaldırıb
ekrana baxırdı və bu anlarda mən
açıq-aydın görürdüm ki, arvadın sifəti
işıqlanır, gözləri durulur və mənim nənəm
bircə anın içində dönüb olur dünyanın
ən mehriban, ən kövrək nənəsi.
Bir dəfə
özümü saxlaya bilmədim, soruşdum ki, ay nənə, sən
o çalınanlardan, o kişinin hərəkətlərindən
nə başa düşürsən ki, çiçəyin
belə çırtlayır, dönüb olursan ayrı adam? Nənəm
hələ də hikmətinə heyran qaldığım belə
bir cavab verdi: "Balası, heç
özüm də bilmirəm, bildiyim budur ki, o kişi əl-qolunu
atanda, barmaqlarını oynadanda elə bil həmin barmaqlardan
qulağıma tanış səslər süzülür,
ruhum dincəlir. Bir də görmürsən əlində
zurna-balaban tutmuş o kişiləri özünə necə
ram edir bu balacaboy kişi? Hamısının
gözü onun barmqlarındadır. Kişi belə olar
ey..."
Bu, mənim
savadsız, adlarını çoxlarının elə indinin
özündə də bilmədiyi nəfəs alətlərini
"zurna-balaban" adlandıran nənəmin musiqi
yaradıcılığında ən elitar peşəyə -
dirijorluq peşəsinə verdiyi sadəlövh "fəlsəfi"
yozum idi və aradan 50 ilə yaxın vaxt keçəndən
sonra da mən baxıb görürəm ki, bu yozum sadəlövh
olduğu qədər də maraqlı, orijinal bir yozumdur. Nənəm
şüuraltı şəkildə, bəsirər
gözü ilə dirijorluq sənətini yeni bir səviyyəyə
qaldıran Niyazi dühasının aktyorluq, rəngkarlıq,
xoreoqrafiya sənətləti ilə bağlı yalnız
gözləri ilə yox, həz də ürəkləri ilə
görməyi bacaranların duya biləcəkləri
ilişkiləri incələmişdi, bu sənətin mahiyyətini
bəsit şəkildə də olsa sərrast ifadə
etmişdi.
Bu yozumun gözəlliyinin başqa bir tərəfi isə
dirijorluğu elitarlıq zirvəsindən mənim nənəm
kimi başqa nənələrin də başa düşəcəkləri
bir müstəviyə gətirib hamıya sevdirməyi bacaran
Niyazinin böyüklüyü ilə bağlı idi.
Niyazi doğrudan da sıradan bir dirijor deyildi,
dirijorluğu estetik hadisəyə, zövq mənbəyinə,
çalınan əsəri isə gözönü obraza, təsvirə
çevirən dahi idi.
Mən bu
yazıda maestronun ömür yolu, aldığı
mükafatlar, gəzdiyi ölkələr, həyat verdiyi əsərlər
barədə uzun-uzadı yazmaq fikrində deyiləm - internet
saytlarında, vikipediyada bunlar barədə kifayət qədər
məlumat var. Amma Niyazinin bu gün də diri olan xarizması, barmaqlarının
sehri, Azərbaycan xalqının ruhunu musiqi obrazları ilə
yaşatmaq işinə əvəzsiz töhfələri barədə
zənnimcə, hələ axıra qədər deyilməyənlərdən
nə isə qoparmağa dəyər.
Niyazi
dühasının kökündə heç şübhəsiz
ki, gen amili, Allahın Hacıbəyovlar nəslindən əsirgəmədiyi
fitri istedad dayanırdı: o da əmisi dahi Üzeyir bəy
kimi anadan yalnız əhalinin sayını artıran növbəti
bir uşaq kimi yox, həm də böyüdükcə səslərin
dilini bilən, səsləri bir-birinə hörüb səs
çələngi - musiqi yaratmağı, ona ruh, can verməyi
bacaran fenomen kimi doğulmuşdu. Düzdür, çəlimsizliyi,
arıq vücudu ilk gənclik illərində ağır
atletika ilə məşğul olub, bir sıra uğurlar
qazanan Niyaziyə sonralar əməlli-başlı
başağrısı oldu: ağır xəstəliyə
tutuldu, ağ ciyərinin bir tayını itirdi, üstəlik,
fəhm, qeyri-adi istedad sarıdan səxavətini ondan əsirgəməyən
Tanrı eynən əmisi kimi ona da övlad payı qismət
eləmədi və bu fakt çox-çox sonralar - o vaxtlar
ki, Niyazi artıq həyatda yox idi, canı qəqdər sevdiyi
Həcər xanımı tək-tənha qoymuşdu - Niyazinin
müəllifi də, dirijoru da özü olduğu
ömür simfoniyasının çox üzücü
akkordlarına çevrildi. Amma Niyazi qeyri-adi
xarizması, fövqəladə istedadı sayəsində
yaddaşlarda əlindəki sehirli çubuqla möcüzələr
yaradan sehrbaz-dahi kimi qaldı.
Bir dəfə
iş yoldaşım və həmkarım Sevinc xanım
Quliyeva ilə Niyazi haqqında söhbət edirdik və o, mənə
çox qəribə bir əhvalat danışdı. Dedi ki,
uşaq olanda hər dəfə Niyazini televizorda görəndə
qorxub ağlayırmış (?). Təəccüblə
səbəbini soruşdum. Onun cavabı: "Elə ki, əlində
çubuq qeyri-adi hərəkətlər edən Niyazini, onun
gərgin sifətini görürdüm, "Bir qalanın
sirri" filmidəki sehrbaz - tilsimli çubuğu ilə
adamları daşa döndərən Göygöz Kosa gəlib
dururdu gözlərimin qabağında. Ondan isə
yaman qorxurdum".
Uşaq
psixikasının hələ qəbul etməyə hazır
olmadığı informasiyaya dözümsüzlüyünün
bariz ifadəsi olan bu qəribə olay Niyazi sənətinin
uşaq duyumunun prizmasından
keçərək mistikləşən, mifləşən
sehrindən soraq vermirmi?
O
qızcığazın təsəvvüründə
Niyazinin min bir tilsim bilən,
adamları daşa döndərən sehrkara oxşaması
heç şübhəsiz ki, Niyazinin əllərinin,
barmaqlarının sehri ilə bağlı idi və mən
maestronun əlindəki o çubuğun hərəkətləri,
barmaqlarının qeyri-adi rəqsi ilə dünyanın
böyük konsert salonlarında musiqini təkcə eşitməyi
yox, həm də görməyi bacaran neçə-neçə
insanı canlı heykələ döndərdiyinə qətiyyən
şübhə etmirəm.
Niyazi qeyri-adi auraya, tükənməz enerjiyə, bəzilərinin
kobudluqla səhv saldıları zahiri sərtliyinə rəğmən
həssas, kövrək ürəyə malik insan idi. Dirijor pultu arxasına keçəndə
isə bu arıq, balacaboy kişi səmanın
ənginliklərindən yerə enib öz əzəmətinə,
vüqarına sığınan qartala bənzəyirdi,
içinin bütün enerjisi onun gözlərinə, əllərinə,
barmaqlarına axır, insani sövq-təbii öz cazibəsinə
salan bir aura yaradırdı. O, bəlkə də dünyada 4-5
dirijordan biri idi ki, yozumunu verdiyi əsərə təkcə
idarə elədiyi, nizama saldığı səslərin dili
ilə yox, həm də rəngdən rəngə düşən
sifətinin cizgiləri, gözlərinin ifadəsi,
qaşlarının tərpənişi, ən
başlıcası isə barmaqlarının qeyri-adi rəqsi
ilə can verirdi. Belə anları həssas kameranın
gözü ilə lentlərin yaddaşına
köçürüb montajsız-filansız nümayiş
etdirsən belə, bu "səssiz" musiqini eşitmək
və görmək nümkün idi, çünki Niyazi
musiqini plastikanın dili ilə rəsm etməyi, dirijorluğu
isə yeni estetik hadisəyə - hansısa bir mətləbi,
hekayəti danışan subyektin monoloquna çevirməyi
bacarırdı.
Hərdən
fikirləşirsən: Niyazi öz sənəti ilə simfonik
konsertlərdə orkestr-dirijor monoloqunun təşkilində
islahat aparmaq, onu yenidən başqa prinsiplə təşkil etmək
zərurətini gündəliyə gətirmiş novatordur. Məhz Niyazi sübut etdi ki, əsəri təkcə
səsləndirmək yox, həm də dinləyicilərə
çatdırmaq məsuliyyətini və missiyasını
daşıyan dirijorun zalda əyləşənlərlə
oppozisiyada - arxası onlara tərəf dayanması səhv, həm
də ədalətsizlikdir, dinləyici həm də
tamaşaçıdırsa, onların gözlərini not
kağızlarına və dirijorun əllərinə
dikmiş ifaçıları yox, məhz gözlərini zillədikləri obyekti ön planda görməsi
daha vacibdir. İfaçı kağız
üzərindəki notu səsə çevirir və bununla da
öz missiyasını başa çatdırır. Bu səsləri plastikaya, vizual qavrayış
predmetinə çevirən dirijorun jestləri, mimikası,
barmaqlarının rəqsi isə bəlkə də
ifaçılardan çox, dinləyicilər
üçün önəmlidir. Əgər polifonik dilə
malik simfonik əsərləri rahat qavramağın əsas
şərti dirijor faktı ilə bağlıdırsa - bu barədə
düşünməyə, "orkestr-dirijor" dialoqunda "orkestr
- üzü dirijora, dirijor isə üzü orkestrə və
dinləyicilərə"
prinsipi ilə qurulan yeni mizan haqqında düşünmək
düzgün olmazmı?
Nə isə, mənim bu "kəşfimi" mütəxəssislərin
müzakirəsinə buraxıb qayıdaq əsas mətləbə.
Niyazi çox tələbkar, maksimalist insan idi. Miyanəlik, yola vermək onun sənət fəlsəfəsinə yad idi. Bir çox əsərlərinin ilk təfsirçisi Niyazi olan Arif Məlikov mənimlə söhbətlərini birində belə bir əhvalat danışmışdı: "Tələbə idim, ilk simfonik əsərimi yazmışdım. Not kağızlarını götürüb getdim maestronun hüzuruna. Qapını döyüb kabinetinə daxil oldum. Niyazi soruşdu ki, kimsən, nə lazımdır? Dedim, tələbəyəm, əsər yazmışam, istəyirəm siz çalasanız. Çox sərt tərzdə dedi: "Mən tələbə əsərini çalmıram". Dedim, bağışlayın maestro və çevrilib çıxmaq istədim. İki addım atmışdım ki, arxadan məni səslədi: "Dayan!" Nə ixtiyarım vardı ki, dayanmayım. Notları istədi: "Ver görüm, nə yazmısan". Notları aldı və nəzərdən keçirməyə başladı. Mən dərhal gözlərimi onun əllərinə zillədim. Çünki eşitmişdim ki, maestro əsərin notlarına baxanda onun reaksiyasını, verdiyi qiyməti ilk növbədə əlləri, barmaqları bildirir. Bir az keçdi, gördüm sol əli hərəkətə gəldi, sonra barmaqları başladı yavaş-yavaş rəqs etməyə. Bildim ki, artıq əsəri ürəyində çalır. Nəhayət, maestro başını qaldırdı, gülər gözlərini üzümə zilləyib dedi: "Təbrik edirəm. Mən bu əsəri çalacam".
Niyazi belə Niyazi idi.
Məncə, ustadın xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan mədəniyyətində simfonik musiqi təfəkkürünün hüdudlarının genişlənməsinə onun həm dirijor, həm də bəstəkar kimi verdiyi əvəzsiz töhfələrdir. O, Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, A.Məlikov kimi korifeylərin kağız üzərində yalnız notlar kimi doğulan əsərlərinin nəfəs alaraq cana gəlməsində, dünyanın ən nüfuzlu konsert salonlarında "Bravo" sədaları ilə alqışlanaraq xalqımıza başucalığı gətirməsində elə o müəlliflərin özü qədər mühüm rol oynayan şəxsiyyət idi. "Koroğlu", "Məhəbbət əfsanəsi", "Yeddi gözəl" baletləri, "Şur", "Kürd-Ovşarı" simfonik muğamları, "Karvan" simfonik lövhəsi və adlarını sadalamağa çətinlik çəkdiyim neçə-neçə başqa əsərlər ilk dəfə məhz onun yozumunda səslənmiş, bu şedevrlərin sonrakı ifalarında etalonluq kriteriyasına çevrilmişdir. İllər keçir, bu əsərlər başqa dirijorların təfsirində yenə də ifa olunur, amma heç kim Niyazinin yozum texnikası və fəlsəfəsinin təsirindən kənara çıxa bilmir. Zirvə bir dəfə fəth olunur axı.
Və nəhayət, Niyazinin xalq musiqisinə olan məhəbbəti, bu əsasda yarardığı əsərlər - "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası, bir-birindən gözəl vokal partiyalar, xalq mahnılarımızın orkest işləmələri...
Məgər "Qaragilə"ni, "Xumar oldum"u orkestr üçün işləyib dilindən, irqindən asılı olmayaraq hamının qəbul edəcəyi bir dildə dünyaya tanıtmaq dahilik deyilmi?
Onun "Rast"ı isə ayrı aləmdir. Niyazi bu möhtəşəm əsər üzərində yarpaq kimi əsirdi, onu təkmilləşdirib əzəmətli səs abidəsinə çevirmək üçün işləməkdən yorulmurdu. Bu əsərdə nələr yoxdur? - "Rast" muğamının fəlsəfi hikmətləri, "Əlində sazın, qurbanım", "Xumar oldum" mahnılarının şux ovqatı, gözəl rənglərin, "Mirzəyi" rəqsinin incə çalarları və mən ustadın ruhuna bağışldığım bu yazını məhz həmin möhtəşəm əsərlə - "Rast" simfonik muğamı ilə bağlı bir xatirə ilə tamamlanaq istəyirəm.
"Rast" ruhuma hopub onun bir parçasına çevriləndə çox gənc idim - 18 yaşım vardı (indiki gənclər təəccübləndilər yəqin). Hər gün azı 2 dəfə bu əsərin valını oxutdurub dinləməsəydim, elə bil nəfəsim çatmırdı. Əsgərliyə getməyim bu rituala son qoydu və mən təxminən il yarım uzaq Rusiya çöllərində "Rast"ı öz ürəyimdə ifa edə-edə yaşadım. Amma bir gecə - inanın buna - o möhtəşəm əsərin konsert salonunda heç vaxt izləmədiyim ifasını yuxuda gördüm (!). Elə bil mən orda idim - barmaqları ilə növbəti şedevrini yaradan Niyazinin yanında. Və səhərisi gün dostuma məktub yazıb xahiş etdim ki, o valı evimizdən götürüb mənə göndərsin. Təxminən 2 həftə sonra bağlamanı aldım. Amma valı oxutdurmaq üçün bizim o qədər də böyük olmayan hərbi hissədəki (əlahiddə bölük) yeganə imkan yeri - hər səhər yerbəyerində komandirin əmrindən sonra SSRİ-nin himnini səsləndirmək üçün köhnə bir valoxudanın qoyulduğu kiçik otaq starşınadan başqa bütün şəxsi heyətin üzünə bağlı idi. Mən isə "Rast"ın burada - rusların, gürcülərin... ermənilərin xidmət etdiyi bu qəsəbədə səslənməsi üçün alışıb yanırdım. Nəhayət, bir yol tapdım, bunun nə ilə nəticələnə biləcəyinin fərqinə varmadan gecə pəncərədən o otağa daxil olub himn yazılmış valı öz valımla dəyişdirdim... Səhər yerbəyerində komandir "SSRİ-nin hava sərhədlərini qorumaq üçün döyüş növbəsinə BAŞLA" əmrini verib əlini papağına apardı. Hamımız farağat vəziyyəti aldıq və SSRİ-nin himni əvəzinə "Rast"ın möhtəşəm sədaları yaxınlıqdakı səsucaldandan həmin o kiçik qəsəbənin səmasına yayıldı.
Sonrasını özünüz təsəvvür edin...
Mənim sonrakı aqibətim isə ayrı bir söhbətin mövzusudur.
İntiqamımı belə aldım və cəzamı çəkmək üçün salındığım kartof saxlanılan buz kimi soyuq anbarda qətiyyən üşümürdüm, çünki "qardaş" xalqların nümayəndələrindən ibarət şəxsi heyətin bir neçə saniyə də olsa "Rast"ın sədaları altında farağat dayanmasına nail olmuşdum və bunun sevinci mənə bəs idi.
Aradan 40 il keçib, amma hərdən mənə
elə gəlir ki, "Rast"ın o möhtəşəm
sədaları hələ də orada səslənir...
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 24 aprel.- S.22