"Xalq qəzeti" - 100, Telman Heydərov
- 80
Əslində, bu sətirləri müasir mətbuatımızın ağsaqqal nümayəndələrindən biri, qocaman jurnalist, əsl qəzetçi, həyatı və fəaliyyəti jurnalistika dərsliklərinə düşməli olan mütəxəssis, bizim indi çalışdığımız kollektivə mükəmməl bir sədaqət nümayiş etdirmiş Telman Heydərovun 80 illiyi münasibətilə qələmə almaq istəyirdim. Amma özümə də məlum olmayan səbəblər üzündən, onun adını heç zaman "Xalq qəzeti" sözündən ayrı yaza bilmirəm. Üstəlik, bu iki yubileyin bir yazı ilə qeyd edilməsinə ehtiyac da var. Çünki Telman müəllimin 80 yaşı tamam olandan - 15 may 2019-cu il - cəmi üç ay yarım sonra - 29 avqust 2019-cu il - qəzetimizin də 100 yaşı tamam olacaq.
Elə qəzetimizin 100 yaşı barədə demək istədiklərimi də hörmətli oxuculara məhz Telman Heydərovun qələmindən çıxan sətirlərlə təqdim etmək istəyirəm. Telman müəllimin 2009-cu il iyulun 2-də qəzetimizdə verilmiş "Xalqa xidmət amalı" adlı məqaləsində oxuyuruq: "Xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev "Xalq qəzeti"nin fəaliyyətinə həmişə yüksək qiymət vermişdir. Ulu öndər 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra ictimaiyyət qarşısında ilk çıxışını bu qəzetin 50 illik yubileyinin təntənəli mərasimində etmişdir. Respublikaya rəhbərlik etdiyi dövrdə məruzə və çıxışlarında dəfələrlə qəzetin fəaliyyətini yüksək dəyərləndirmişdir. "Xalq qəzeti"nin 75 illiyinə göndərdiyi məktubda isə yazmışdır: "Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qazanmasından sonra da "Xalq qəzeti" respublikamızın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır.
"Xalq qəzeti"nin elə dövrləri olmuşdur ki, həftədə altı dəfə - hər gün 500 mindən çox tirajla çıxmışdır. Bu o deməkdir ki, hər bir Azərbaycan ailəsi onu oxuya bilib, onun haqq səsini eşidib, o istiqamətdə tərbiyələnib. Qəzetin mövzu rəngarəngliyi həmişə diqqəti cəlb edib. Qabaqcıl ictimai fikrin, milli tərəqqi ideyasının təbliğinə, xalqımızın azadlıq arzularına, milli şüurun, mədəniyyətin formalaşmasına böyük təsiri olan yazılar oxucuları cəmiyyətdə baş verən hadisələrə açıq gözlə baxmağa sövq edib. Həmin yazıların ritorikadan uzaq, aydın və səlis dildə, məsələlərin qoyuluşu və şərhi baxımdan yüksək qəzetçilik mədəniyyəti səviyyəsində hazırlanmasında müxtəlif vaxtlarda bu qəzetdə çalışmış öz dövrünün görkəmli jurnalistlərinin və publisistlərinin əməyi çox olmuşdur.
Kimdir onlar? Ruhulla Axundov, Həbib Cəbiyev, Ağababa Yusifzadə, Böyükağa Talıblı, Əli Vəliyev, Rza Quliyev, Xasay Vəzirov, İsrafil Nəzərov, Ağababa Rzayev, Rəşid Mahmudov, Cəmil Əlibəyov və bir çox başqaları bu qəzetin redaktoru olmuşlar. Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədəli Sidqi, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov, Zülfəli İbrahimov, Cəlil Xəlilov kimi təcrübəli qələm sahibləri bu qəzetdə əməkdaşlıq etmişlər. Görkəmli fırça ustaları Əzim Əzimzadə və Hüseyn Əliyev uzun illər onun rəssamı olmuşlar. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əhməd Cəmil bir çox şeirlərini ilk dəfə "Xalq qəzeti"ndə dərc etdirmişlər. Mirzə İbrahimov, Süleyman Rəhimov, Əvəz Sadıq qəzetin sifarişi ilə oçerklər yazmışlar".
Mən isə Telman Heydərovun sətirlərinə əlavə olaraq qeyd edim ki, "Xalq qəzeti" əvvəllər partiya orqanı olsa da, 1988-ci ildə başlanan xalq hərəkatını, erməni həyasızlıqlarına qarşı aparılan mübarizəni, xalqımızın qurtuluş əzmini, Böyük Qurtuluşun nəticələrini, bərpa və inkişaf proseslərini, 2003-cü ilin oktyabrından sonrakı tərəqqi və inkişaf tendensiyalarını, ölkədəki bütün ictimai-siyasi və iqtisadi islahatları məhz xalqın mövqeyindən, milli dövlətçilik mənafelərindən təbliğ etməyi bacarmışdır. 2016-cı ilin Aprel döyüşləri, 2017-ci ilin yanvarından Cocuq Mərcanlıda başlanan bərpa prosesi zamanı və ya ölkəmizdə ənənə şəklini almış beynəlxalq tədbirlərin keçirildiyi günlərdə "Xalq qəzeti" daim mətbuatımızın önündə olmuşdur.
O ki qaldı 80 illiyini qeyd etdiyimiz Telman Heydərova, mən onun haqqında hələ 50 il qabaq, rayonumuzun Hacallı kənd orta məktəbinin 9-cu sinifində oxuduğum zaman eşitmişdim. Ədəbiyyat müəllimimiz demişdi ki, məktəbimizin məzunu Telman Heydərov (O, məktəbimizin direktoru Əziz Heydərovun oğlu idi), müxtəlif illərdə burada oxumuş Əşrəf Hacıyev və Rafiq Ələkbərov tanınmış jurnalist kimi üzümüzü ağ ediblər. Sonralar həmin üç nəfərin hamısı Əməkdar fəxri adına layiq görülmüşdülər. Sovet dövründə bu, çox çətin məsələ idi.
İş elə gətirdi ki,1996-cı ilin fevralından etibarən əlli il əvvəl adını eşitdiyim oğlanla (2019-cu ildən əlli il əvvəl) eyni kollektivdə və hətta, eyni şöbədə çalışmalı oldum. 55 ildən çox cəmi bir kollektivdə çalışan, bilavasitə ulu öndərin rəhbərlik etdiyi Büro iclasında şöbə müdiri vəzifəsinə təyin edilən Telman Heydərov sözün həqiqi mənasında nüfuzlu jurnalist və çoxsaylı sınaqlardan çıxmış qəzetçi idi. Ona partiya və hökumət də inanırdı, kollektiv rəhbərliyi də. Belə olmasaydı 45 ilə qədər, yeddi baş redaktorun dövründə "Kommunist" - "Xalq qəzeti" kimi məsuliyyətli mətbuat vasitəsində şöbə müdiri vəzifəsində çalışmazdı.
Ona ölkənin ictimai siyasi həyatındakı ziyalılar da, yaradıcı insanlar da, mətbuat təmsilçiləri də daim hörmət və ehtiramla yanaşırlar. Yadımdadır, Bakıda "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyi münasibətilə keçirilən tədbirdə akademik Budaq Budaqovdan müsahibə götürmüşdüm. Budaq müəllim sonda məndən bir xahiş etmişdi: "Xahiş edirəm bu yazını Telman Heydərov oxumadan qəzetə verməyin!" Bu qəbildən olan xahişləri akademik Yaqub Mahmudov, professor Səfiyar Musayev və digər tanınmış şəxslərdən də eşitmişdim. Yəni onlar bilirdilər ki, hansısa yazını Telman Heydərov oxuyubsa, orada qəzetçiliyə və ya mövcud siyasi kursa yad olan bir söz belə gedə bilməz.
Yadımdadır. Telman Heydərov 2012-ci ildə "Geriyə boylananda" adlı 230 səhifəlik mükəmməl bir xatirə kitabı ərsəyə gətirmişdi. Oradakı səhifələrin hər biri oxucu üçün maraqlı olsa da, kitabın redaktoru, əməkdaşımız İlham Abbasovun qələmə aldığı "Ön söz"ün sərlövhəsi daha çox məqamlardan xəbər verirdi: "Ağsaqqal ləyaqəti".
Yeri gəlmişkən, həmin ifadəni kitabın hazırlanmasından iki il sonra, Telman müəllim öz ərizəsi ilə işdən getmək istəyəndə ərizənin üstünü yazmağı üç ay ləngitmiş baş redaktorumuz Həsən Həsənovdan da eşitmişdik: "Telman Heydərov həqiqətən ləyaqətli ağsaqqal, hörmətlə yanaşılmalı ziyalımızdır".
Bəzi həmkarlarımızın Telman Heydərov barədə söylədiyi elə fikirlər var ki, onlar heç zaman yadımdan çıxmır. Məsələn, Telman müəllimin işdən çıxmasından il yarım, iki il sonra redaksiyaya təqdim etdiyim siyasi məzmunlu materialı oxuyan növbətçi redaktor Əlipənah Bayramov demişdi: "Sağ ol, İttifaq, Telman müəllimin üslubunu "yaxşı oğurlamısan".
Baş redaktorun birinci müavini Qüdrət Piriyev: "Telman müəllimi lap çoxdan tanıdığıma görə deyə bilərəm ki, o, qəzetin və qəzetçiliyin bütün sirlərini bilir".
Zərifə Bəşirqızı: "Mən Telman müəllim barədə hər söhbətimi "Yaxşı insan haqqında ballada" adlandıra bilərəm".
Reklam və elanlar şöbəmizin müdiri Ruslan Rəfizadə: "O, mənim 1977-ci ildə "Kommunist"də verilən ilk yazımın redaktoru, sonra isə on illər boyu sözünü eşitdiyim ağsaqqal olmuşdur". Rəfiqə Əsgərova: "Telman müəllimin işə gəlməyini, bizimlə salamlaşmağını, mehriban çöhrəsini hər gün görmək istəyirəm. Allaha şükür ki, cavan oğlan kimi sağlamdır, nə üçün işə gəlmir?"
Və sonda professor Əsədulla Qurbanovdan bir sual: "O, artıq beş ildir ki, öz ərizəsi ilə işdən gedib. Ancaq bu il mart ayında "Xalq qəzeti"ndə olarkən gördüm ki, redaksiyanın üçüncü mərtəbəsındə, 6-cı otağın qapısında hələ də "Telman Heydərov" yazılmış lövhə qalır. Bilmədim bu, kollektivin ona olan ehtiramının göstəricisidir, yoxsa onun kollektivdə qazandığı hörmətin?"
Beləliklə, 100 yaşına
hazırlaşdığımız "Xalq qəzeti"nə
uğurlar, oxucu rəğbəti, Telman Heydərova isə can
sağlığı, ağsaqqallıqdan əskik
olmamağı arzulayırıq!
İttifaq
MİRZƏBƏYLİ
525-ci qəzet.- 2019.- 24 aprel.- S.23.