"Sözümüz sözdür" təqdim edildi

 

 

Aprelin 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Gülnar Səmanın "Sözümüz sözdür" adlı publisistik məqalələrdən ibarət kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirdə tanınmış ziyalılar, qələm adamları, müəllifin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid deyib ki, Gülnar Səma çoxşaxəli fəaliyyətlə məşğuldur: "Biz onu tanıyanda o, magistraturanı bitirib sərhəd kəndlərinin birində müəllim işləyirdi. Sonra isə akademiyada doktorantura təhsilinə başladı və eyni zamanda, oranın işçisidir. Bu müddətdə biz Yazıçılar Birliyi olaraq, Gülnar Səma ilə sıx yaradıcılıq əməkdaşlığına başladıq. O, ilk olaraq türkiyəli şair Mehmet Nuri Barmaqsızın kitabını dilimizə uyğunlaşdırdı. Ondan sonra "aybKitab" layihəsində "Gül" adlı şeirlər kitabı çap olundu. Gülnar Səma savadlı, zəhmətkeş, çalışqan gəncdir".

Tədbirin aparıcı, şair Yusif Nəğməkar Gülnar Səmanın həm bir şair, həm publisist, həm də tədqiqatçı kimi hərtərəfli fəaliyyətindən söz açıb, onun yaradıcılığında vətən, millət, milli təəssübkeşlik ideyalarına sadiqliyini xüsusi vurğulayıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə Vəliyeva "Sözümüz sözdür" kitabı haqqında geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, "Sözümüz sözdür" kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir.

Kitabın "Ön söz yerinə" başlıqlı hissəsində Xalq yazıçısı Elçin Əfəndiyevin "Söz azadlığı tənqidimizə nə verib?" adlı məqaləsindən sitat verilib. Sitatda müəllifin Gülnar Səmanın "Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış" məqaləsini ədəbi prosesin öyrənilməsi yönümündə atılmış uğurlu addım hesab etməsi, onun elmi-publisistik fəaliyyətini yüksək qiymətləndirməsi qeyd olunub.

Əlirza Xələfli, Vüqar Əhməd, İradə Əlili, Balayar Sadiq, Əkbər Qoşalı, İbrahim İlyaslı, Nəcibə İlkin, Kəmaləddin Qədim, Gülbəniz Babayeva, Kənan Hacı, Afət Viləşsoy, Saqif Qaratorpaq, Qulu Əlioğlu, Samirə Kərimova, Leyla Namazova, Fuad Cəfərli, Mənsur Həsənzadə, Comərd Qaya və digər söz adamları, həmçinin, qardaşı Tural Qasımlı müəllifi yeni kitabı münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən Gülnar Səma ona göstərilən diqqətə görə, başda AYB rəhbərliyi və kitabın çapını gerçəkləşdirən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası olmaqla, dəstək gördüyü hər kəsə, çıxışçılara və iştirakçılara öz təşəkkürünü bildirib, kitabını qonaqlar üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 24 aprel.- S.13.