"Alim qadın - Böyük ana akademik Zərifə
Əliyeva"
GÖRKƏMLİ
OFTALMOLOQ ALİMİN ANADAN OLMASININ 96 İLLİYİ
MİLLİ ELMLƏR AKADEMİYASINDA QEYD EDİLİB
Ötən
gün AMEA-da görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 96-cı
ildönümünə həsr olunan "Alim qadın -
Böyük ana akademik Zərifə Əliyeva" adlı tədbir
keçirilib.
AMEA-nın
Qadınlar Şurasının təşkilatçılığı
ilə gerçəkləşən tədbiri giriş
sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
açıb. O, oftalmologiya elminə böyük töhfələr
vermiş akademik Zərifə xanım Əliyevanın zəngin
elmi irsindən və fəaliyyətinin müxtəlif
dövrlərindən söz açıb. Bildirib ki,
Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində
dünyaya göz açan Zərifə xanım mənalı
ömür yolu keçib. O, görkəmli ictimai və
dövlət xadimi, xalqımızın böyük oğlu Əziz
Əliyevin ailəsində dünyaya göz açıb və
atasının ömür yolu Zərifə xanım
üçün əsl həyat məktəbi olub.
"Akademik
Zərifə Əliyevanın alim kimi qazandığı
böyük uğurlar Azərbaycan tibb elminin tarixində
ayrıca bir mərhələ təşkil edir" - deyən
AMEA-nın vitse-prezidenti onun həyat yolunun hər bir Azərbaycan
vətəndaşı, alimi və həkimi üçün
mənəviyyat dərsi, kamillik məktəbi olduğunu
vurğulayıb. Qeyd edib ki, əmək fəaliyyətinə
1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə
İnstitutunda elmi işçi kimi başlayan görkəmli
alim bütün ömrünü oftalmologiyaya həsr edib,
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü seçilib.
İ.Həbibbəyli
bildirib ki, akademik Zərifə Əliyeva peşə
patologiyası problemləri ilə yanaşı,
oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar
aparıb. Görkəmli alimin 200-dək elmi işi, 14
monoqrafiyası, 12 səmərələşdirici təklifi bu
gün də aktuallığını qoruyub saxlayır.
Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə
yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti
ilə onu əhatə edən insanların rəğbətini
və məhəbbətini qazanıb.
Zərifə
xanımın həm də görkəmli ictimai xadim
olduğunu diqqətə çatdıran İ.Həbibbəyli
onun keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin
üzvü, həmçinin, Ümumittifaq "Bilik" Cəmiyyəti
İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti
Rəyasət Heyətinin üzvü olduğunu, "Əməkdar
elm xadimi" fəxri adına layiq
görüldüyünü bildirib.
AMEA-nın
vitse-prezidenti vurğulayıb ki, Z.Əliyeva Azərbaycana
İlham Əliyev kimi prezident bəxş edən bir ana olaraq hər
zaman tarixdə qalacaq. Ölkəmizin sürətli
inkişafı, dünyadakı nüfuzu, möhtəşəm
uğurları ilə fəxr edərkən, Azərbaycan
prezidentinin bilik və bacarığının, qətiyyət
və müdrikliyinin təməlində ulu öndər Heydər
Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə
xanımın da təsirini görürük. Akademik Z.Əliyevanın
işıqlı obrazı heç zaman ürəklərdən
silinməyəcək.
Sonra
İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz
Axundova çıxış edərək bildirib ki, Zərifə
Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın
akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi
kadrların yetişdirilməsində böyük xidmətlər
göstərib. Onun inkişaf etdirdiyi elm sahəsinin
davamçıları bu gün də alimin irsindən
faydalanırlar.
AMEA-nın
Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə
çıxışında qeyd edib ki, Zərifə xanım Əliyevanın
tibbin müxtəlif sahələri üzrə
apardığı tədqiqatları, qazandığı
nailiyyətləri, fundamental əsərləri Azərbaycan
tibb elminin parlaq səhifələrini təşkil edir. Onun
elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda
oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
R.Mirzəzadə vurğulayıb ki, Zərifə xanım
müasir, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, bütün mənalı
ömrünü Vətəninin və xalqının tərəqqisinə
həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər
Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli
dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə
doğulan Zərifə Əliyeva çox qayğıkeş
ana olub və ölkəmizə layiqli övladlar yetişdirib.
Tədbirdə
millət vəkili, siyasi elmlər doktoru, dosent Qənirə
Paşayeva da çıxış edərək görkəmli
oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı fikirlərini
bölüşüb. Bildirib ki, Azərbaycan ziyalı
qadınının ən gözəl simalarından olan Zərifə
xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik
və xeyirxahlıq kimi üç böyük xüsusiyyət
cəmləşib. Görkəmli dövlət və elm xadimi
Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti
şərəflə daşıyan Zərifə xanım, həm
də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə
fərqlənib, oftalmologiya tarixinə adını
qızıl hərflərlə yazdırıb. Q.Paşayeva bu
kimi tədbirlərin keçirilməsinin Zərifə
xanımın zəngin elmi fəaliyyətinin gənc alimlərə
çatdırılması baxımından əhəmiyyətli
olduğunu söyləyib. Bildirib ki, böyük alimin illər
öncə söylədiyi "Həkim xəstənin
ağrılarını öz ağrıları kimi
yaşamalıdır" fikri bu gün də olduqca
aktualdır. Z.Əliyeva həqiqi alim kimi bütün çətinliklərdən
keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti,
dərin biliyi və dünya görüşü sayəsində
mühüm elmi nailiyyətlərə imza atmışdır.
O, həmçinin, Zərifə xanım Əliyevanın
gözün zədələnməsinin öyrənilməsi və
profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə
görə SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.Averbax adına mükafatına layiq
görüldüyünü diqqətə
çatdırıb. Qeyd edib ki, Zərifə xanım
keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın
alim idi.
AMEA-nın
vitse-prezidenti, akademik İradə Hüseynova insanlara nur bəxş
edən, qayğıkeşliyi, nəcibliyi ilə
könüllərdə özünə əbədi yer qazanan
Zərifə xanım Əliyevanın tibb elminin ən uca pillələrinə
yüksəldiyini, nümunəvi bir həyat yolu keçdiyini
vurğulayıb. Qeyd edib ki, fədakar alim və
qayğıkeş insan Zərifə xanım Əliyeva
dünyada ilk dəfə olaraq görmə orqanının
peşə patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaradıb və praktik olaraq elm aləmində
yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını
qoyub.
Daha sonra
çıxış edən AMEA-nın A.İ.Qarayev adına
Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova
oftalmoloq-alimin həyatının böyük bir hissəsinin
Fiziologiya İnstitutu ilə bağlı olduğunu söyləyib.
Qeyd edib ki, 1979-cu ildə Zərifə Əliyevanın təklifi
ilə AMEA Fiziologiya İnstitutunda Görmə orqanının
fiziologiyası və peşə patologiyası problem
laboratoriyası yaradılıb, həmin laboratoriyada az
intensivli zərərli istehsal amillərinin görmə
orqanına fizioloji, klinik, funksional, histoloji təsir mexanizmlərinin
öyrənilməsi üzrə multidissiplinar
araşdırmalar aparılıb. Bu elmi tədqiqatların nəticəsində
Z. Əliyeva bir neçə monoqrafiya, o cümlədən,
bütün dünyada qəbul edilmiş "Şin
istehsalında gözün peşə patologiyası",
"Xroniki yod intoksikasiyası ilə bağlı
oftalmologiya" və "Yod sənayesində gözün
peşə xəstəliklərinin profilaktikası"
monoqrafiyalarını çap etdirib.
Tədbirdə
"Modern inkişaf və ailə" cəmiyyətinin sədri,
Nəsimi rayon Ağbirçəklər cəmiyyətinin sədri,
YAP Respublika Qadınlar Şurası İdarə Heyətinin
üzvü Zərifə Quliyeva çıxış edərək
görkəmli alimlə bağlı xatirələrdən
danışıb. O, Zərifə xanım Əliyevanın
elmin çətin yollarında inamla irəliləyərək
uca zirvələrə yüksəldiyini, çox məsuliyyətli,
ibrətamiz, nümunəvi həyat yaşadığını
diqqətə çatdırıb.
Sonda
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
doktorantı Pənah Hacıyev oftalmoloq-alim Zərifə Əliyevaya
həsr olunan "Ana" şeirini səsləndirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 24 aprel.- S.9.