"Hardasan, balıqçı?"    

 

 

Fikrət Qocaya

 

Aprel ayını həm də ona görə səbirsizliklə gözləyirəm ki, münasib havalarda tilovlarımı götürüb dəniz sahilində gecələməyə - balıq tutmağa gedim. Hamıya bəlli olmasa da, balıqçılar yaxşı bilir ki, Xəzərin Abşeron sahillərində tilovla balıq ovu aprelin əvvəllərində başlayıb, mayın axırlarında da sona varır. Daha doğrusu, dəniz suyu sahillərdə isinəndə, balıq dərinə, sərin sulara çəkilir. Fikrət müəllim, təbii ki, bunları həvəskar balıqçı kimi sən də bilirsən, amma sən bilmirsən ki, bu günlərdə sənin küçədə necə şax yeridiyini kənardan müşahidə eləyəndən sonra qərara almışam ki, əvvəllər olduğu kimi, yenə də balığa birlikdə gedək. Daha doğrusu, səni dənizə aparım ki, heç olmasa, suya əl qarmağı ("udoçka") atmaqla keçmiş günlərə qayıdasan... O zamanlar deyirdin ki, əl qarmağa ilə balıq tutmaq daha maraqlıdır və qocalanda keçəcəksən əl qarmağına. Xatirimdədir, estakadanın üstündən tilovlarımızı dənizə atandan sonra, pendir-çörəklə şam eləyəndə dedin; "İndi biz dünyanın ən xoşbəxt insanlarıyıq, gərək bu günlərin qədrini bilək". Əslində, biz o günlərin qədrini bilirdik və ona görə də tilovla balıq ovuna hər həftə gəlirdik. Özü də dənizdə - estakadanın üstündə gecələmək şərtilə, rus demişkən, "naçovkayla".

O zaman da dəniz neftçilərinin iş yeri olan estakadaya giriş yasaqdı, amma nəzarətçi adamını tanıyırdı, əl tutub görüşəndən sonra deyirdi: "Keçin, amma mən sizi görməmişəm". Ya da söyləyirdi ki, böyük şairə hörmət borcumuzdur. Yadında varsa, belə məqamların birində giriş qapısında boynubükük dayanmış orta- yaşlı kişi dedi: "Mən də şeir yazıram". Nəzarətçi nə söyləsə yaxşıdır: "Əşi, onda sən də keç".

Bu söhbəti estakada göyərtələrində gecələdiyimiz gecələrdə tez-tez yada salırdıq. Bu, o zaman idi ki, estakadaların giriş qapılarında mülki insanlar dayanırdı və sanki onlara qeyri-rəsmi anlatmışdılar ki, adamların xətrinə dəyməyin, qoyun dolansınlar. Bu, o illər idi ki, Qorbaçovun "yenidənqurması" bəzi yerlərdə boy göstərsə də, hələ insanlar arasında uçurum yarada bilməmişdi, necə deyərlər, təbəqələşmə getməmişdi.

Nə isə, mətləbdən uzaqlaşmayım, axı məqsədim səni, sadəcə, dörd divar arasından çıxartmaq yox, həm də münasib bir yerdə dənizə qarmaq atmağın üçün şərait yaratmaq, səni yəqin ki, özlədiyin sahillərə qovuşdurmaqdı.

Beləcə, fikirləşdim ki, o münasib yeri müəyyən edəndən sonra məqsədimi bildirərəm. Beləliklə, günəşli bir yaz günündə gəldim Xəzərin Qaradağ ərazisinə - birbaşa dənizin içərisinə beş-altı yüz metr çıxıntısı olan Dördüncü dambaya. Niyə, məhz, Dördüncü dambaya? Çünki buralar sənin ən çox sevdiyin sahil zolağı idi. Bir tərəfi qamışlıq, bir səmti liman yaratmaq üçün ləpədəyənə tökülmüş iri qaya parçaları. Təbii ki, bu limana daha gəmilər yan almırdı, bu ərazi bütünlüklə bizim kimi balıqçıların ixtiyarında idi və kimsə bizim burada balıq tutmağımızın fərqində deyildi. Hətta, sən hərdən o dambaya öz maşınınla, mənsiz də gedirdin. Yəqin ki, bunun da başlıca səbəbi o idi ki, buralar balıqlı ərazi sayılmasa da, burada qələbəlik də olmurdu və hətta, beş-altı tilov ("spininq") atmağa da yer tapa bilirdin, balıq tuta bilməsən də. Amma, bir dəfə yaxşı yadımdadır, 1986-cı il aprel ayının 30-da, iki saat ərzində bu dambada otuzdan artıq kiloluq kütümlər tutdun. Bu, görünməyən bir hadisə idi. Səninlə yanaşı tilov atsa da, heç nə tuta bilməyən balıqçı yoldaşın əvvəl öz tilovuna baxırdı, sonra sənin bir qədər səliqəsiz hazırlanmış tilovlarına baxırdı və gəlib mənə astadan gileylənirdi: "Ara, belə də haqsızlıq olar?"

Yadımdadır, hələ Günəş batmasa da, balıq gətirən Cənub küləyi səngiməsə də, sən öz yerini də, qalan xərçəngini də verdin Vartana və ərklə mənə dedin:

- Gedək.

Mən iki litrlik termosumuzu, selofan torbadakı azuqəmizi göstərib soruşdum;

- Bəyəm, gecələməyə gəlməmişik?

- Nə gecələmək, canım, balığa gəlmişdik, onu da tutduq, çıxıb gedək də işıqgözü.

Hər şeyi başa düşdüm, evdən qaçan qardaşımın evə tələsməsinə nə səbəb ola bilərdi? Sən tutduğun balıqları, səni yola salanlara, həmişə olduğu kimi arxanca su atanlara göstərmək istəyirdin. Axı, hələ belə şey olmamışdı.

Sadoku (balıq torbasını) sudan çıxardanda mənim tutduğum balıqlara da ötəri nəzər saldın və:

- Sən də az tutmamısan, - dedin, - gedək.

O axşam evə qayıdanda, balıqla dolu sadoklarını görəndə səndən nə xəbər alıblar, bilmirəm, amma məndən soruşdular ki, kilosunu neçədən aldın?

... Ovqatın xoş idi, yolda dedin ki, ekologiya naziri olanda o dambada və eləcə də digər münasib sahillərdə həvəskar balıqçıların qarmaqla balıq tutması üçün dənizə yüz, iki yüz metr uzunluğunda balıqçı estakadaları atdıracaqsan ki, onlar pullarını ödəyib rahatca balıq tuta bilsinlər. Hiss etdim ki, ciddi deyirsən, amma mən ərklə zarafat etdim:

- Qiyməti ucuz eləyərsən...

Bəli, qağa, elə günlər yaşadıq, amma indi məni o dambaya buraxmadılar. Rəsmi geyim-keçimli mühafizə xidməti əməkdaşlarının cavabları da rəsmi oldu: "Qanun yol vermir!" Bu minvalla, İkinci, Üçüncü, hətta "sajzavod" dediyimiz, şəhərə yaxın olduğu üçün daha çox gedib-gəldiyimiz Birinci dambaya da yol tapa bilmədim və nəhayət, Mayak deyilən qayalıq ərazidə qarşımda dayanmış mühafizə dəstəsi əməkdaşından soruşdum:

- Bəs, indi bu şəhərdə yaşayan həvəskar balıqçılar balıq tutmaq üçün hara gedirlər?

O, yəqin ki, mənim saç-saqqalıma hörmət eləyib bir qədər ətraflı cavab verdi:

- Ağsaqqal, bir ucu Bibiheybət, bir ucu Səngəçal, Ələt, sahil boyu nəzarətdədir, qarmaq atmağa yer tapa bilməyəcəksən, o ki qaldı bir zamanlar buralara gələn balıqçılara, onlar 91-ci Kilometrə, Şirvan kanalına gedirlər.

Əlbəttə, Salyan camaatının adına Bala Kür dedikləri Şirvan kanalı bizim üçün yad yer deyil, bir zamanlar oralarda da baxtımızı sınamışıq, amma indi o yerlərə getmək yaşımıza uyğun deyil; əvvala ona görə ki, ilin bu fəslində oralar tünlük olur, ikincisi də uzaqdı...

Amma bir zamanlar bir-iki balıq tutmağa ümid olanda, uzaq yollar bizi qorxutmurdu: hətta, Mingəçevir barajına da gedib çıxırdıq. Xatirində varsa, bir dəfə bizi şəhərin baş arxitektoru qarşıladı və birlikdə Kürün axmazlarından birinə qarmaq atmağa getdik. Biz sapı adicə qarğı, "məktəbli" qarmaqlarımızla xeyli şahmayı, külmə ("vobla") tutsaq da, o, bahalı spininqləri ilə heç nə ovlaya bilmədi və elə oradaca şahmayıları çubuq şişlərə çəkəndən sonra süfrə açanda bu vəzifəli adama zarafat elədim:

- Yeyin, Vaqif müəllim, - dedim, - bir də kim bilir, biz haçan Mingəçevirə gələcəyik... - Yeri gəlmişkən, çox şeylər unudulsa da, bu söhbət hələ də diridir. Heç bilmirəm, nəyə görə? Məni qınama, hərdən mənə elə gəlir ki, o illərin mehribançılığına səbəb proletar anlayışı idi...

Mingəçevirə növbəti səfərlərimizdən birində cavanlıq dostun, şair Vaqif Səmədoğlu da bizə qoşuldu. Deyəsən, şəhərdə darıxırdı, ona görə. 

Yadımdadır, Mingəçevirdə dostların bizi motorlu qayıqla, adına Ayı körfəzi deyilən qamışlı, cilli, yulğunlu, söyüdlü bir vadiyə apardılar. O sahildən ən çox yadımda qalan Vaqifin ilk balıqları tutarkən necə sevinməsidir. Şəhərdəki görkəmindən əsər-əlamət qalmamışdı.

Sonradan o, əsl balıqçı oldu; necə deyərlər, biz yalan olduq, o gerçək. Hətta, eşitdim ki, özünə rezin qayıq, moped alıb. Onun necə bir balıqçı olduğunu mən sonralar Yurmalada, Lelupe çayının sahilində, yazıçıların yaradıcılıq evində gördüm. O, mənə tilov hazırlamaq üçün lazım olan bir neçə ilgək vurmaq qaydasını öyrədəndən sonra da Aşıq Abbas Tufarqanlıdan şeirlər oxumağa başladı və mənə elə gəldi ki, Tufarqanlının bütün yaradıcılığı onun əzbərindədir. Düzü, o vaxtacan ağlıma da gəlməzdi ki, yalnız formaca yox, məzmunca da çağdaş ənənələri izləyən bu şairimiz aşıq şeirini belə dərindən bilər və aşıq şeirinə belə içdən bağlı olar.

Yadımdadır, onu da Xəzərin problemləri, həvəskar balıqçıların qayğıları düşündürürdü, amma heç bilmədim, deputat seçiləndən sonra mötəbər kürsülərdən bu barədə öz sözünü dedi, ya yox?

Dördüncü dambadan naümid dönəndən sonra qərara aldım ki, Səngəçala gedim, estakadaya buraxmasalar da, sahildən qarmaq atmağa uyğun bir yer tapım. Amma elə birinci "Alaqapıda" anladım ki, nahaq gəlmişəm.

Səngəçaldan qayıdanda Sahil qəsəbəsinə çatana qədər, sahil boyu cərgələnmiş, masmavi dəniz sularını insanlardan "gizləmiş" hasarlara, imarətlərə bir də tamaşa elədim... Axı, bu necə baş verdi? Axı, bunlar gecəqondu deyil. Yadımdadır, ümumiyytlə, çölçülüyə və balıqçılığa böyük marağı olan İshaq müəllim (tərcüməçi İshaq İbrahimov) deyirdi ki, balıq tutmaq üçün şərait yaradılsa, bu ərazi dünyanın bütün həvəskar balıqçılarını burada cəmləyər. İndi fiklirləşirəm ki, İshaq müəllim nə qədər haqlı imiş. Bu gün yaxın, uzaq ərəb ölkələrindən Muğanın, Şirvanın. Milin turaclı, qırqovullu çöllüklərinə quş ovuna gəlirlərsə, bu sahildə bir dəfə bir kiloluq kütüm tutan avropalı burdan yan keçərmi? Avropada və eləcə də yaxın qonşumuz Rusiyada, insanların hər üç nəfərindən biri balıqçıdı, özü də külmə (vobla), xulbalıq (bıçok), qumlucadan (pesçanka) ötrü sino gedən balıqçı. Halbuki bizlər, o balıq növləri qarmağımıza düşəndə təzədən qaytarıb dənizə atırıq. Amma bunu özümüzdən başqa kim bilir?

Son illər hər dəfə maşınla bu ərazidən keçəndə yadıma rəhmətlik İshaq müəllimin bir lətifəsi düşür. Deyəsən, o da bu lətifəni Arkadi Raykinin dilindən eşitmişdi: məşhur aktyor şərti tərəf-müqabilinə deyir ki, mən sənin başını kəsərəm. O da cavab verir ki, sənin də başını hökumət kəsər. O da cavab verir ki, mən sənin başını Qafqazda kəsərəm... Belə, qağa, bu durğunluq illərinin lətifəsi olsa da, yenə də hərdən yada düşür.

Balıqçılıq üçün son dərəcə yararlı o dəniz sahillərinin zəbti ilə bağlı o tikililər barədə, yadında varsa, parlamentdə də nidalar eşidildi. Amma sonra məlum oldu ki, bu, deputatların bir-birinin bostanına daş atması üçün təyin olunmuş bir müstəvidir. Çünki o nidalardan və əks-sədalardan sonra heç nə dəyişmədi, əksinə, yeni hasarlar meydana gəldi.

Neçə illər öncə Trabzondan Rizəyə avtobusla gedərkən, yol boyu fikirləşirdim ki, dəniz sahilinin əzəli təbiətini gizləmək yox, bax beləcə qabartmaq lazımdı.

İshaq müəllimdən söz düşmüşkən, yadında olar yəqin, bir çiskinli payız günündə, bizi şəxsi əlaqələri hesabına bir yedək gəmisi ilə Xəzərin yaxın adalarından birinə aparmışdı. Daha doğrusu, bir yerdə ova getmişdik.

Adada dəniz neftçilərinin onlarca izi qalmışdı ki, onlardan biri də paslanmış zəncirləri ilə diqqət çəkən, köhnə maşın şinləri ilə dövrələnmiş limandı. Gəmiçi altı yerlik kayutu və mətbəxi olan bu yaxtanı limanda zəncirləyəndən sonra kifayət qədər yaşıl örtüyü də olan bu ərazidə dovşan da ovladıq, qaşqaldaq da vurduq, balıq da tutduq.

Yadımdadır, ovçu söhbətləri çözələnəndə, İshaq müəllim dedi ki, yaxın gələcəkdə bu adanı kimsə alacaq, burda balıqçılar üçün koteclər tikdirəcək, dənizin içərilərinə yüz, iki yüz metr uzunluğunda asma körpülər atdıracaq və o zaman sən yəqin ki, hər həftə öz katerinlə bu adaya gələcəksən.

İndi hərdən fikirləşirəm ki, İshaq müəllimin nəzərdə tutduğu o yaxın gələcəyə nə qədər qalıb, görəsən?

Yadımdadır, o zaman rus gəmiçi bizə bir xəritə açıb göstərdi və məlum oldu ki, Xəzərin Abşeron ətrafında yüzlərlə belə ada var və çoxusuna hələ insan ayağı dəyməyib. Düşünürəm, doğrudanmı o adalar bizi yox, başqalarını gözləyir? Görəsən, bu adalar niyə iş adamlarının ağlına gəlmir? Axı, bu gün turizmdə olan qazanca hər yerdə həsəd aparırlar. Qardaş Türkiyənin iqtisadiyyatını tarazda saxlayan turizm deyilmi?

Nə isə, mətləbdən uzaqlaşmayım, "alaqapıdakı" nəzarətçilərdən biri tanış çıxmışdı, amma onun da qüdrəti məsləhət verməyə çatdı:

- Gedin Zirəyə, Türkana, indi qarmaqla balıq tutanlar oralara gedirlər, ancaq oralarda dənizə spininq atmaq mümkündür.

Məsələ ondadır ki, mən keçən ilin payızında tilov atmaq üçün o ərazilərə getmişdim və oralarda da dəniz sahillərini - birbaşa ləpədöyəni "ağuşuna" almış villalar görmüşdüm, amma kəsdirmişdim ki, hələ buralarda balıq tutmağa bəs deyincə yer var. Türkan, Zirə anşlaqında on kilometrlərlə uzanan sahil boyunun harasından istəyirsən, qarmaq ata bilərsən. Amma buralarda dənizin sahil yaxası çox dayazdı, iri balıqlar isə məlumdur ki, dayaza gəlmirlər, demək suya girməlisən, su sinənə çıxınca getməlisən və yalnız bundan sonra spininqini atmalısan. Özü də 120-150 metrdən uzağa ata bilirsənsə... Bu şərtlərlə anlaşmaq isə hələ keçən payız kəsdirdim ki, bizlik deyil. Balıqçılar üçün dənizə asma körpülər atmağı isə, yeni yaranmış Həvəskar balıqçılar birliyi yəqin ki, bacarmaz. Çünki Ovçular ittifaqının nəzdində yaradılmış bu qurum kim bilir bunun üçün neçə qapı döyməlidir?

Keçən payız Zirədə, Türkanda olduğumu eloğluma anladanda isə o:

- Onda get Bilgəhə, - dedi.

Mən güləndə təəccübləndi. Çünki mənim Bilgəhdən gəldiyimi bilmirdi.

Səndən nə gizlədim, qağa, mənim son illər balıq tutmaq, necə deyərlər, azarımı öldürmək üçün gedib-gəldiyim yer Bilgəh qayalıqlarıdı. Daha doğrusu, Buzovnadan başlanan qaya silsiləsinin Bilgəhdə qurtaran yeridi. Eni üç metrədi. Qayalığın kilometrlərlə uzanan və əvvəllər balıqçıların istifadəsində olan silsiləsi hasara alınıb və bu hasarın içində hər deyəndə canlı görünməsə də, ərazi keşikçi qüllələrindən qorunur. Kim bu qayalıqlara sahiblənibsə, nə deyə bilərik, sağlığına qismət, amma mənə elə gəlir ki, o üçcə metrə qayalığı da balıqçılara çox görəcəklər. Çünki ətrafda buldozerlər görünür, təpələri düzəldirlər. 

Əvvəllər mənə elə gəlirdi ki, otuz-qırx balıqçının toplaşdığı bu qayanın üstündən dənizə spininq, qarmaq atmaq olmaz, amma sən demə, bu da mumkün imiş; ta ki, ürəkdə "darısqallıq" olmasın. Bu yerə-bu qaya parçasının üstünə öz evi kimi gəlib-gedənlərin, demək olar ki, hamısı bir-birini tanıyır. Əksəriyyəti mənim kimi yaşlı insanlardı. Mənə bir çoxunun adı bəlli olmasa da, hamısının ayamasinı bilirəm. Son iki ildə burda iki dəfə kiloluq kütüm, bir dəfə də kiloyarımlıq kefal tutmuşam. Əsasən, külmə (vobla), xulbalıq (bıçok), qumluca (pesçanka) və hərdən də şahmayı (yəni şah balığı) düşür qarmağa. Artıq bir-birini tanıyan, dostlaşan bu balıqçılar aprel ayında burada əməlli-başlı görüşüb öpüşürlər. Dünən mən o məkanda idim. Məni də ayama ilə dindirənlər oldu: "Hardasan, balıqçı?" Onlardan biri isə əllərini göyə açdı:

- Çox şükür, - dedi, - çox şükür...

Başa düşdüm, demək istəyirdi ki, sən də bizim kimi yaza çıxmısan.

Bir başqası soruşdu:

- Bu il neçənci gəlişindi?

- Üçüncü.

- "Lenin"i görməmisən?

"Lenin" bu məkana öz evi kimi gəlib-gedən qoca balıqçıların ən zirəyidi. Tilovları da həmişə sahmanda, heç kimdən də heç nə əsirgəməz, tilovu dolaşana dərhal gəlib kömək əli uzadar, balıq tuta bilməyənlərə balıq təklif eləyər. Amma mənə elə gəlir ki, bu insani xüsusiyyətlərinə görə ona "Lenin" demirlər, məsələ ondadır ki, o, zahirən Leninlə birüz almadı və hərdən fikirləşirəm ki, indi Lenin haqqında kino çəkən olsa, onu seçsələr, qrimə-filana ehtiyac olmaz.

- Yox, "Lenin"i görməmişəm, - dedim.

- Yəqin öldü, yəqin qışdan çıxa bilmədi, yoxsa "Lenin" ola, belə havada balığa gəlməyə?

Yadımdadır, keçən yaz da balığa gəlməyən balıqçıların fatihəsini belə vermişdik öz aramızda.

Elə bu arada həmsöhbətim əllərini bir-birinə sürtüb qışqırdı:

- Alə, "Lenin" gəlir!

Mən də sevincək arxaya çöndüm; bəli, "Lenin" idi, bir qədər qocalsa da, müəmmalı təbəssümü dəyişməmişdi.

İndi, qardaşım, bilmirəm günü sabah, ya birisi gün səni bu üç arşınlıq qayalığa - bu balıqçıların arasına aparım, ya yox?..

 

Məmməd ORUC

 

525-ci qəzet.- 2019.- 24 aprel.- S.18-19.