Teleradioda söz və musiqinin vəhdəti: böyük sənətkarların gözü ilə...

 

Azərbaycanda müasir dövrdə televiziyanın özü bir incəsənət növü kimi inkişaf etməkdədir. Dövlət dəstəyinin fonunda bu inkişafı aydın şəkildə görmək mümkündür.

 

Bu gün televiziya sistemi mürəkkəb bir şəbəkəni xatırladır. Televiziya bütün digər missiyaları ilə bərabər, auditoriyanı maarifləndirərək, müəyyən dünyagörüşü və estetik zövq formalaşdırır. Bu vəzifənin yerinə yetirilməsində musiqi, bədii ədəbiyyat, teatr, kino kimi incəsənət növləri nə qədər əhəmiyyət kəsb edirsə, həmin sahəyə dair televiziya proqramları da o qədər iş görməkdədir. Dünya televiziya məkanı - xüsusilə demokratik ölkələrin telekanalları qeyd etdiyimiz incəsənət növlərinin  estetik dəyərlərdən əlavə, həm də demokratik dəyərlərin formalaşmasına xidmət etməsini nəzərə alaraq fəaliyyətlərində bunlara ayrıca diqqət yetirilir.

Xalqımızın musiqi sənətini dünyaya tanıtdıranlardan olan böyük bəstəkar Fikrət Əmirov hələ 1971-ci ildə "Kommunist" qəzetində dərc etdirdiyi "İfaçılıq və tələbkarlıq" sərlövhəli məqaləsində Azərbaycan professional musiqisinin - incəsənətin bu parlaq janrlarının təbliğindən narazı qaldığını bildirir və televiziyanın bu sahədə fəaliyyəti ətrafında məsləhətlərini verir. Bu məqalədə televiziyamızın formalaşma dövründə incəsənətə dair verilişlər ətrafında maraqlı fikirlər var:

"Azərbaycan radio və televiziyasının xoru 30 ilə yaxındır ki, yaranıb. Şübhəsiz, televiziya xeyli vaxtdır ki, Azərbaycan   xor musiqisinin yeganə təbliğatçısı olmuş və dinləyicilərimizin rəğbətini qazanmışdır. Bu iki kollektivin inkişafı üçün onların işində biz bəzi məsələləri gərək aydınlaşdıraq. Kapella - akademik üslub, mürəkkəb, polifonik, klassik və müasir əsərlərin əsas ifaçısı olmalıdır. Radionun xoru isə əsasən xalq musiqisinin yenidən, ehtiyatla, məhəbbətlə işlənmiş nümunələrini, bəstəkarlarımızın bu səpkidə yazdıqları əsərləri ifa etsə, öz profilini, məncə, düzgün müəyyənləşdirmiş olar. Beləliklə, akademik profili Azərbaycan kapellası ilə bu kollektiv bir-birini bir növ tamamlayar.

Radio və televiziya xoru kollektivinin tərkibində sənətkarlıq səviyyəsi, səs qabiliyyəti bir-birinə uyğun gəlməyən ifaçılar az deyil və bu, ifada da pərakəndəlik yaradır, vahid bir ahəngin saxlanmasında çətinlik törədir. Bu, acı olsa da, həqiqətdir.

Xalq çalğı alətləri orkestrinə, 30 ildən artıqdır ki, hörmətli bəstəkarımız Səid Rüstəmov başçılıq edir. Kollektivin fəaliyyətində son zamanlar yaranmış bir canlanmanı görməmək olmaz. Nəhayət, pult arxasına cavan bir dirijor qalxdı. Özü də mənim fikrimcə, istedadlı bir dirijor: Nəriman Əzimov.

Bu kollektivin ifa xəritəsi, təəssüf ki, yalnız radio və televiziya binasıdır. Qəribədir, belə orijinal tərkibli, not sistemli Milli orkestri nəyə görə qardaş respublikaların xalqlarına və hətta deyərdim ki,  dünya xalqlarına tanıtdırmaq üçün təşəbbüs göstərmirik?"

Müəllif - yəni Fikrət Əmirov xüsusilə televiziyanın yayım imkanlarını nəzərə alaraq davam edir: "Digər ziyalılarımız da televiziyanın bu mövzularda verilişlərini diqqətdə saxlayırdı. Respublikamızda iki estrada kollektivi var: biri dövlət estrada orkestri, o biri Azərbaycan radio və televiziyasının estrada ansamblıdır. Biz istərdik ki, estrada kollektivləri, hər şeydən qabaq Azərbaycan estrada musiqisinin təbliğatçıları olsunlar. Təəssüf ki, onlar Azərbaycan musiqisi adına ifa etdikləri əsəri bəzən elə kökə salırlar ki, bilmirsən: Azərbaycan, yoxsa əcnəbi musiqisidir.

... Axır vaxtlarda yeni profili, özünəməxsus ahəngi, repertuarı, ifaçılıq xüsusiyyəti və s. məziyyətləri olan xalq çalğı alətləri tərkibli ansambllar da yaranmışdır. Qocaman musiqiçimiz Əhməd Bakıxanovun, istedadlı tarzən Əhsən Dadaşovun rəhbərlik etdikləri ansamblları nəzərdə tuturam.

Azərbaycan radio və televiziyasının bu iki çalğı alətləri ansamblı və bu profildə yaranacaq hər hansı ansambl tərkibini artırmaq həvəsinə düşməməlidir. Çalışmalıdır ki, xalq musiqisinin fotoşəklini çəkməsin, onun üzərində bir zərgər kimi incə yaradıcılıq işi aparsın. Onların repertuarlarını, əsasən, xalqımızın musiqi miniatürlərini müasir dinləyicilərin zövqünü oxşaya biləcək bir bəstəkar qələmi ilə cilalamaq lazımdır. Əlbəttə, bu heç də musiqi folkloru əsərlərinin orijinallığını təhrif hesabına yox, ehtiyatla bərpa etmək, tamamlamaq hesabına olmalıdır".

Bu mənada Xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı Rəsul Rzanın da bir məqaləsində də ciddi münasibət öz əksini tapır. Şair özünün "Adamları böyük mədəniyyətə qovuşdurmaq lazımdır" adlı məqaləsində yazırdı:

"Bakı televiziyasında adətən belə olur: rubrikalar var - "Beş dəqiqə poeziya", "On dəqiqə poeziya". "Ekran işıqlanır və biz cərgə ilə əyləşmiş bir neçə adamı görürük. Onlardan biri deyir ki, burada filan-filan şairlər toplaşıb və öz şerlərini oxumaq üçün sözü onlardan birinə veririk. Sonra növbə ilə ikincisi, üçüncüsü şeirlərini oxuyur. Bəzən veriliş çox darıxdırıcı olur. Çünki bütün şeirlər bir-birinə bənzəyir. Gözünü yumsan, adama elə gəlir ki, onların hamısını bir nəfər yazmışdır". Şair daha sonra, haqlı olaraq, zəif poetik düşüncəni də günahlandırır və həm də televiziyaya məsləhət verir: "...Burada, əlbəttə, poeziya da günahkardır. Ancaq bizim poeziyaya bələd ola-ola maraqlı və bir-birinə bənzəməyən adamlar tapmaq olar. Televiziyada seçmə bacarığı xeyli dərəcədə verilişin müvəffəqiyyətini, yaxud uğursuzluğunu müəyyən edir". R.Rzanın qeyd olunan fikirləri bu gün üçün də çox müasir səslənir və incəsənət proqramları elə indinin özündə də bu tövsiyələrə diqqət yetirməlidir: "Və mən bir məsələdə də əminəm: hər şeir televiziya üçün deyil. Kitabda şeiri bir dəfə, iki dəfə, üç dəfə oxuya bilərəm, ayrıca bir sətirə diqqət yetirə bilərəm, təzədən başlanğıca qayıda bilərəm. Şeirin ətrafında düşüncəyə dalmağa, onu anlamağa və hər sətri qiymətləndirməyə mənim imkanım var. Televizordan isə bu, bir dəfə olur. Deməli, şeirlər mənasına və ifadə tərzinə görə anlaşıqlı olmalıdır. Mən demirəm ki, onlar mənasına və ifadə tərzinə görə anlaşıqlı olmalıdır. Mən demirəm ki, onlar primitiv yazılmalıdır, bilirsiniz ki, bu sözdən və onunla bağlı nə varsa hamısından zəhləm gedir. Lakin şeir mənaca daha şəffaf, məzmunca aydın olmalıdır. Axı, televiziya ani əks-əlaqədən məhrumdur. Televiziya tamaşaçısı poeziya gecələrində olduğu kimi öz suallarını da sizə birbaşa verə bilmir".

Şairin bu fikirləri həm elmi mahiyyət daşıyır, həm də televiziya peşəkarlığına aiddir:

"... Şeiri şeir xətrinə oxumaq mənasızdır. Poetik rubrikaları adlarla yükləmək o qədər də məsləhət deyil. Ən yaxşısı bu dəfə bir şairə, gələn dəfə başqasına imkan vermək lazımdır. Axı, televiziyanın vaxt imkanı genişdir. Belə proqramlar vacibdir. Tutaq ki, bu ay biz Nazim Hikmət haqqında veriliş verməyə hazırlaşırıq. Lakin şeirlərin oxunuşundan əvvəl, qoy onun poeziyasını sevənlərdən birisi qısaca (yaxud lap geniş) danışsın ki, o nəyə görə bu şairin şeirlərini sevib, şeirlərin nə kimi xüsusiyyəti var, nəyə görə bu şeirlər ildən-ilə daha gur və nikbin səslənir. Əgər o, şeirlər haqqında ümumi şəkildə yox, özü başa düşdüyü kimi danışarsa, bu, adamlara sonra artistlərin, yaxud şair-tərcüməçilərin oxunuşunda həmin şeirləri "kəşf" etməyə köməklik edər". Bu fikirlərdən sonra R.Rza televiziya barədə nəzəri fikirlər söyləyir:

"Mənə elə gəlir ki, televiziya verilişlərinin vəzifəsi zövqü axsayan kütlənin arxasınca getmək yox, onun bu zövqünü tədricən inkişaf etdirib qaldırmaqdan ibarətdir. Bu iş vaxt, səbr tələb edir, qəfil addım, əksinə, adamları ekrandan uzaqlaşdıra bilər. Bütün istiqamətlər, silsilələr, rubrikalar üzrə verilişlərlə tamaşaçının səviyyəsini artırmaq lazımdır. Bədii verilişlər hazırlanarkən bu prinsipə daim əməl olunmalıdır. Ancaq hərdən əyləncəli proqramlara baxanda düşünürsən, necə də bayağılığa aparır. Əgər birdən televiziyaya getsəniz, sizə o saat deyəcəklər ki, bu populyar verilişdir, filan qədər məktub almışıq. Lakin məktubları yazan adamların özlərini də böyük mədəniyyətə qovuşdurmaq lazımdır".

Görkəmli dirijor Niyazi incəsənət proqramlarının sənətkarlıq məsələsinə toxunan "Verilişi yaxşı edən müəllifdir" sərlövhəli məqaləsində yazırdı: "Musiqinin yayılma radiusu çox genişdir. İnsanı onunla qovuşduran əsas vasitələrdən biri də radiodur. Mən respublika radiosunun bu istiqamətdəki fəaliyyətinin bəzi cəhətləri üzərində dayanmaq istəyirəm.

... Hər bazar günü radio dalğalarında Tofiq Quliyevin çox tanış bir melodiyası səslənir. Şövkət Ələkbərovanın səsi dinləyiciləri səmimi görüşlərə çağırır. Beləcə, dinləyicilərimiz, musiqisevərlərimiz sevimli verilişlərin, o cümlədən, "Axşam görüşləri"nin efir səfərini səbirsizliklə gözləyirlər. Bəzən deyirlər ki, ekran, televiziya bizim günlərdə radionu üstələyib. Lakin "Axşam görüşləri" kimi faydalı verilişlərin gözəl nümunəsi sübut edir ki, bu fikirlə qətiyyən barışmaq olmaz. İndi dinləyici, tamaşaçı daha tələbkardır, onun intellekt səviyyəsi durmadan artır. Əgər bu səviyyəyə cavab verən və belə dinləyiciləri öz ardınca aparmağı bacaran proqramlar olarsa, şübhəsiz ki, onların öz sabit dinləyiciləri və pərəstişkarları da yaranacaqdır. "Axşam görüşləri" verilişinin indiki populyarlığı və dinləyici rəğbəti də təsadüfi deyil".

Müəllif öz məqaləsində aparıcı məsələsinə də toxunur və bu barədə nümunə gətirərək fikirlərini belə əsaslandırır:

"Bu, ilk növbədə verilişin daimi müəllifi və aparıcısı Rafael Hüseynovun gərgin fəaliyyəti, fədakar axtarışları, həmişə orijinal ifadə vasitələri tapması ilə bağlıdır. Verilişi yaxşı edən müəllifdir. Başqa verilişlərə də qonaq olmuş ayrı-ayrı sənətkarlar Rafael Hüseynovla müsahib olanda sanki başqalaşırlar, daha söhbətcil olurlar, daha maraqlı təfərrüatlardan bəhs edirlər. Çünki qarşılarında istedadlı, həssas, musiqimizin problemlərini və tarixini dərindən bilən bir şəxsiyyətin olması onlara əhəmiyyətli təsir göstərir və daha yaxşı açılmalarına, sözün əsl mənasında ürəklərini boşaltmalarına meydan açır". Diqqət yetirsək görərik ki, böyük musiqi korifeyinin aparıcı haqqındakı bu fikirləri həmişə müasirdir. O, daha sonra yazır:

"Axşam görüşləri" hər həftə, deyərdim ki, milyonlarla dinləyicini müxtəlif ifaçılarla görüşdürür. Bəs verilişin "qonaqları" kimlərdir. Əlbəttə, siyahı çox böyükdür. Məsələn, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi - XIII-XVI yüzillikdə professional Azərbaycan musiqisinin korifeyləri; Azərbaycanda xanəndəlik sənətinin inkişafında hədsiz xidmətlər göstərmiş Cabbar Qaryağdıoğlu, Mirzə Məhəmmədhəsən Şirvani, səsi vala köçürülmüş ilk qadın müğənnimiz Mirzə Güllər, həmçinin, böyük ustadlar - Şəkili Ələsgər, Segah İslam..."

Əlbəttə, böyük Niyazi bu mətndə incəsənətə dair radio proqramlarını təhlil edir. Ancaq onun elektron informasiya vasitəsində musiqi sənətinin təqdimatı, klassikaya məhəbbəti və başqa bu kimi keyfiyyətlər televiziya incəsənət proqramlarının da bu sahədəki mövzunu zənginləşdirməyə xidmət etməkdədir. Ona görə də böyük sənətkar öz yazısında belə bir sual qoyur:

"Soruşula bilər: bu gün, musiqimiz dünya şöhrəti qazandığı bir vaxtda, xalq musiqi mədəniyyətimizin uzaq keçmişdəki və yaxud hətta dünənki elçilərini bir daha xatırlamağa ehtiyac varmı? Var və böyük bir ehtiyac var. Niyə? Ən əvvəl ona görə ki, əslində, bugünkü uğurlarımızın kökü, özülü məhz o keçmiş sənətkarların böyük sənət sevgisi və məharəti ilə qoyulub. Onların ömür tərzində və sənət yolunda bugünkü ifaçıların öyrənməli olduqları nöqtələr, sirlər çoxdur. O keçmiş sənətkarların bir qisminin səsi, nəğməsi qulaqlarda, dillərdə qalıb, sonralar isə vallarda həkk olub. "Axşam görüşləri" bax, bu istiqamətdə nəcib iş görür.

Bir çox müğənnilərlə "Axşam görüşləri"ndə aparılan söhbətlər orijinallığı, şablondan uzaqlığı, təbiiliyi və səmimiliyi ilə dinləyicini razı salır. Bu söhbətlərə qulaq asanlar sənətkarların daxili aləmini, xarakterlərini, ifaçılıq üslubunu bütün incəliyi ilə öyrənə bilirlər".

Bu mətndə bir-birinin ardınca elə məsələlər önə çəkilir ki, onların hamısı incəsənətin təqdimi prosesində televiziyaya kömək edər:

"Azərbaycan musiqisində nəzəri cəlb edən ən mühüm məsələlərdən biri mahnı problemidir. Mahnı dilimizin güzgüsüdür. Dilimizin gözəlliklərini, zərifliklərini bariz şəkildə nümayiş etdirən bir natürmortdur. Mahnı həyat yollarında bələdçimiz, sirdaşımız, həyan və sevincimizdir. Xalq mahnılarına diqqət edin. Görün, üç-dörd dəqiqəlik bir əsərdə, məhdud çərçivə içərisində nə qədər dolğun obrazlar yaradılıb. Nə qədər dramatik hadisələr təsvir edilib. "Qaçaq Nəbi" mahnısını yada salın. Ömrü boyu ədalətsizliyə, haqsızlığa qarşı mübarizə aparmış mətin xalq qəhrəmanının şərəfli, çətin, əzablarla dolu həyatı bir nəğmə içində nə qədər mükəmməl, nə qədər həssaslıqla vəsf edilib! Yaxud yada salın dramatizm dolu, böyük bir hekayətin süjeti ola biləcək "Apardı sellər Saranı" mahnısını.

Bəzən bir bəstəkarın 300, 400, 500 mahnısı olduğunu eşidirəm. Əlbəttə, o qədər yazmaq olar. Ancaq bunlar, adətən yaşamayan, ömürsüz mahnılardır. Mahnı yazmaq çətin, çox çətin işdir. Gərgin zəhmət, xüsusi istedad tələb edən mahnı yaradıcılığına yüngül münasibət acınacaqlı nəticələr doğurur. Məncə, biz mahnı sahəsində öz mübariz rolumuzu son vaxtlar bir qədər unutmuşuq. Nəticədə az ömürlü, ucuz, mənasız, bir-birinə bənzəyən mahnılar xeyli artıb.

Musiqimiz milli, mədəni, mənəvi sərvətimizdir. Onun təbliği yolunda ardıcıl fəaliyyət göstərmək, saflığına, yad təsirlərdən qorunmasına çalışmaq hamımızın borcudur. Arzu edirəm ki, Azərbaycan radiosunun "Axşam görüşləri" verilişinin bu sahədəki işi də yeni tələblər səviyyəsində qurulsun, onun efir ömrü uzun və uğurlu olsun!"

Göründüyü kimi, radio və  televiziyada incəsənət proqramları elə formalaşmışdır ki, artıq ziyalı sözü hansısa bir proqram - indiki halda "Axşam görüşləri" kimi bu gün də tamaşaçıların yaxşı yadında qalan bir veriliş haqqında xeyli fikir söyləyir.

Televiziya və radionun bir elektron informasiya vasitəsi kimi cəmiyyətə güclü təsiri bu media vasitəsinin formalaşma prosesi keçirdiyi ilkin çağlardan günümüzə qədər etiraf edilməkdədir. Bu təsir bir sıra veriliş və proqramlarda daha qabarıq şəkildə əks olunmaqdadır. Öz təsdiqini tapmış elmi həqiqət budur ki, televiziya verilişləri insanların mənəviyyatına həm də ona görə güclü təsir edə bilir ki, o, incəsənətin bütün formalarından və imkanlarından istifadə edir.

Beləliklə, artıq incəsənət proqramları formalaşdıqca onunla bağlı ictimai rəy, ədəbi-bədii tənqid, elmi yanaşma kimi məqamlara diqqət də artmağa başlayır.

 

 

 

Fəxriyyə LİLPAR İSAYEVA

faxriyyaisayeva@gmail.com

 

525-ci qəzet.- 2019.- 24 aprel.- S.16;19.